Məhkəmə qərarları › İş №2-1(112)-5630/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5630/2024

22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5630/2024 22.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “VÖEN-in ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh vergi orqanının hərəkətlərinin qanunsuz hesab edilməsi və adına rəsmiləşdirilmiş ********** saylı VÖEN-in ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX-nin Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən ünvanlanmış 07 noyabr 2023-cü il tarixli **********914600 saylı məktuba əsasən iddiaçının adına ********** saylı VÖEN-in tərtib edilərək fiziki şəxs kimi qeydiyyata alınmışdır. Həmin məktubda aşağıdakılar qeyd edilmişdir: Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində aparılmış auditin nəticələrinə əsasən adlarına avtomotonəqliyyat vasitələri qeydiyyata alınmış fiziki şəxslər barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumata əsasən vergi orqanı tərəfindən aparılmış təhlillər zamanı vergi orqanında qeydiyyatda olmadığı müəyyən edilmişdir. Məlumat üçün bildirilmişdir ki, vergi qanunvericiliyinə əsasən, sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Bununla bağlı Vergi Məcəlləsinin 34.7.2-ci maddəsinə əsasən vergi uçotuna alınma təmin edilmişdir. İddiaçı qeyd edir ki, İddiaçı hal-hazırda hər hansı bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Yuxarıda qeyd edilən məlumatlardan da aydın olur ki, iddiaçı tərəfindən vergi orqanına VÖEN-in alınması və vergi ödəyicisi kimi qeydiyyata alınma barədə müraciəti mövcud olmamışdır. Vergi orqanı tərəfindən ünvanlanmış məktubda iddiaçının qeydiyyata alınmasının və VÖEN nömrəsinin iddiaçının adına rəsmiləşdirilməsinin səbəbi isə qeyd edilməmişdir. Belə ki, iddiaçı tərəfindən sahibkarlıq fəaliyyəti həyata keçirilmədiyindən və hər hansı bir vergi orqanına müraciət edilmədiyi üçün iddiaçı bu zamanadək vergi orqanının elektron kargüzarlıq internet portalına daxil olmamış və həmin VÖEN iddiaçı tərəfindən təhvil alınmamış və ya iddiaçıya verilməmişdir. Bu səbəbdən iddiaçı hesab edir ki, cavabdeh vergi orqanının hərəkətləri qanunsuz hesab edilərək ona məlumatı olmadan verilmiş VÖEN ləğv edilməlidir.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində aparılmış auditin nəticələrinə əsasən adlarına avtomotonəqliyyat vasitələri qeydiyyata alınmış fiziki şəxslər barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumata əsasən vergi orqanı tərəfindən aparılmış təhlillər zamanı vergi orqanında qeydiyyatda olmadığı müəyyən edilmişdir. Məlumat üçün bildirilir ki, vergi qanunvericiliyinə əsasən, sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Bununla bağlı Vergi Məcəlləsinin 34.7.2-ci maddəsinə əsasən vergi uçotuna alınması təmin edilmişdir.

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Hesablama X3 Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində aparılmış auditin nəticəsində adlarına qeydiyyata alınmış avtonəqliyyat vasitələrinin sayına əsasən kommersiya fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barədə zəruri tədbirlərin görülməsi haqqında xx.xx.2023-cü il tarixli 2-3/2-894/2023 nömrəli (AVİS: xx.xx.2023-cü il tarixli **********718700 nömrəli) məktubu Dövlət Vergi Xidmətinə daxil olmuşdur. Hesablama Palatasının məktubunda Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən təqdim edilmiş məlumatlara əsasən 2681 fiziki şəxsin adına 10 - 453 say intervalında avtonəqliyyat vasitəsinin qeydiyyata alındığı müəyyən edilsə də, onlardan 943 nəfərin vergi uçotunda olmadığı müəyyən edilmişdir. Qeyd olunan məlumatlar əsasında aparılmış araşdırma zamanı İddiaçı adında halhazırda 16 sayda avtonəqliyyat vasitəsinin qeydiyyatda olması ilə əlaqədar xx.xx.2023-cü il tarixli **********470600 nömrəli “Vergi ödəyicisinin uçota alınması barədə” bildirişxəbərdarlıq göndərilərək, 5 gün ərzində vergi uçotuna alınmaq üçün ərizənin təqdim olunması bildirilsə də, iddiaçı tərəfindən uçota alınmaq üçün müvafiq ərizə təqdim edilməmişdir. Bildirilir ki, Vergi Məcəlləsinin 16.1.2-ci maddəsinə əsasən vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Odur ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində aparılmış auditin nəticəsində adlarına qeydiyyata alınmış avtomotonəqliyyat vasitələrinin sayına əsasən kommersiya fəaliyyəti ilə məşğul olduqları ehtimal olunan fiziki şəxslər Vergi Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, iddiaçı xx.xx.2023-cü il tarixdə vergi orqanında uçota alınmış və fiziki şəxs İddiaçı (VÖEN: **********) vergi uçotuna alınması barədə xx.xx.2023-cü il tarixli **********914600 nömrəli bildiriş göndərilmişdir. Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə görə sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Həmin Məcəllənin 33.3-cü maddəsinə görə hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Həmin Məcəllənin 33.4-cü maddəsinə görə vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Eyni zamanda qeyd etmək istəyirik ki, 9 dekabr 2022-ci il tarixli № 677-VİQD Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunda qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 33.5-ci maddəsinə əsasən Bu Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır və 5 gün müddətində ona vergi uçotuna alınması barədə bildiriş göndərir. Göründüyü kimi, İddiaçı vergi orqanı tərəfindən uçota alınması tam qanunauyğun şəkildə həyata keçirilmişdir. İnzibati Prosessual Məcəlləsinin 33-cü maddəsinin tələblərinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Bu Məcəllənin 33.1 -ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin məcəllənin 35.1-ci maddəsinə əsasən həmin məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin məcəllənin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir.

5. Cavabdeh tərəfindən təqdim edilmiş İddiaçı mülkiyyətində olan nəqliyyat vasitələri barədə elektron sistemdən çıxarış iş materiallarına əlavə olunmuşdur.

6. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktuba əsasən İddiaçı adında qeydiyyat olan nəqliyyat vasitələri barədə DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasında mövcud olan məlumatlarn kompüter çıxarışı təqdim edilmişdir.

7. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir ki, AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 2-1(112)-5630/2024 saylı məktubda İddiaçı adında daha əvvəl olmuş avtomobillərin etibarnamələrinin, şəhadətnamələrin verilmə tarixləri qeyd edilmişdir. Belə ki, həmin tarixlərə nəzər yetirdikdə müəyyən etmək olur ki, İddiaçı xx.xx.1998-ci il ASİA MİKROAVTOBUS, xx.xx.2005-ci il VAZ 2106, xx.xx.2017-ci il FORD RANGER, xx.xx.2021-ci il X8 markalı avtomobilləri istifadə etmişdir və daha sonra həmin avtomobilləri etibarnamə əsasında fərqli şəxslərə vermişdir. Bu kimi hallar isə İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını sübuta yetirmir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxsin VÖEN qediyyatına alınması tamamilə qanunsuz və əsassızdır. Vergi orqan ilkin olaraq İddiaçı adına VÖEN açan zaman onun sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını sübuta yetirməli idi. Bu kimi hallar isə vergi orqanı tərəfindən sübuta yetirilməmişdir. Buradan da məlum olur ki, vergi orqanı “İnzibati İcraat haqqında” X1 Məcəllənin prosessual tələblərini pozmuşdur. Bu hal əgər vergi orqanı tərəfindən sübuta yetirilsə idi, o zaman Vergi Məcəlləsinə uyğun olaraq İddiaçı adına VÖEN açıla bilərdi. Lakin bu kimi hallar AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfində verilmiş sənəddən məlum olduğu kimi mövcud olmamışdır. Yəni İddiaçı hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır.

8. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, iddiaçının mülkiyyətində 16 (hazırda isə 8) nəqliyyat vasitəsinin olması əlaqədar fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu hesab olunaraq vergi ödəyicisi kimi məcburi vergi qeydiyyatına alınmışdır.

I. İddianın növü və mümkünlüyü

9. Məhkəmə hesab edir ki, vergi ödəyicisi kimi uçota alınması (qeydiyyatına) dair hərəkətləri qanunsuz hesab edilməsi və iddiaçının vergi ödəyicisi kimi uçotunun (qeydiyyatının) ləğv edilməsi müəyyən etmə və tanında növündə iddiadır.

10. İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) baxılır.

11. İddia mümkündür.

II. Məhkəmənin mövqeyi

12. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 13.2.37. Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.2. vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq; 33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. ... 33.4. Vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir... ...Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir.

13. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında xx.xx.2022ci il tarixli 677-VİQD nömrəli Qanunda qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 33.5-ci maddəsinə Bu Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır və 5 gün müddətində ona vergi uçotuna alınması barədə bildiriş göndərir.

14. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.

15. Hazırkı işin hallarına uyğun olaraq vergi uçotuna (məcburi) alınma inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan konkret məsələni nizama salmaq məqsədilə iddiaçı üçün hüquqi nəticələr yaratması mübahisəsizdir. İnzibati orqan tərəfindən həmin uçot hər hansı qərar qəbul edilmədən faktiki hərəkətlərlə həyata keçirilmişdir.

16. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 02 №-li qərardadda ifadə edilən mövqeyə əsasən:

37. İnzibati aktda həlledici olan iradə ifadəsinin mövcudluğudur, çünki hüquqi aktlar mütləq iradə ifadəsini əks etdirirlər. Faktiki xarakterli hərəkətlərdə isə hərəkətin iradi və ya qeyriiradi törədilməsindən asılı olmayaraq ona hüquqi dəyər verən hərəkətin özüdür.

50. Faktiki xarakterli hərəkətlər hər hansı konkret inzibati aktın icrasını təmin etmək üçün edilə biləcəyi kimi, həm də normativ-hüquqi aktla inzibati orqanın üzərinə qoyulmuş vəzifələrin icrasını təmin etmək üçün də edilə bilər. Normativ-hüquqi aktdan irəli gələn faktiki xarakterli hərəkətlərə münasibətdə isə diqqət edilməli olan məqam ondan ibarətdir ki, bu halda, normativ-hüquqi aktın konkret vəzifə müəyyən edən müddəasının icrasının təmin edilməsi üçün əlavə olaraq inzibati aktın qəbul edilməsi tələb olunur, yoxsa yox? Bu suala cavabın müəyyənləşdirilməsi isə normativ-hüquqi aktın vəzifə müəyyən edən normasının təhlilindən asılıdır. Belə təhlildən asılı olaraq bəzən belə bir inzibati aktın qəbul edilməsi qaçılmaz ola bilər, bəzən isə normativ-hüquqi aktın konkret vəzifə müəyyən edən norması aydın olduğundan və icrasının təmin edilməsi üçün əlavə inzibati aktın qəbul edilməsi tələb olunmadığından normaya istinadla birbaşa faktiki xarakterli hərəkətlər həyata keçirilə bilər.

17. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, cavabdeh tərəfindən təqdim edilmiş elektron sistemdən çıxarışa əsasən İddiaçı mülkiyyətində əvvəlki tarixə 16 nəqliyyat vasitəsinin olduğu, hazırki tarixə isə 8 nəqliyyat vasitəsinin olduğu müəyyən edilmişdir. Həmin nəqliyyat vasitələrini o, müxtəlif illərdə (X8 minik 2021-ci ildə, Ford Ranger minik 2017-ci ildə, Vaz2106 minik 2005-ci ildə, Asia mikroavtobus 1998-ci ildə, X6 yük sərnişin 2019-cu ildə, Vaz21214 minik 2008-ci ildə, Qaz2410 minik 1998-ci ildə) əldə etmişdir. Cavabdehin nümayəndəsi isə məhkəmə iclasında iştirak edərkən izahatında bildirmişdir ki, iddiaçının mülkiyyətində 16 (hazırda isə 8) nəqliyyat vasitəsinin olması əlaqədar fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu hesab olunaraq vergi ödəyicisi kimi məcburi vergi qeydiyyatına alınmışdır.

18. Məhkəmə qeyd edir ki, fiziki şəxsin vergi ödəyicisi kimi məcburi qeydiyyata alınması üçün əsas meyar məhz hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmasıdır. Vergi Məcəlləsində müəyyən edilmişdir ki, sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq vergi orqanında vergi ödəyicisi kimi uçota alınır.

19. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İX hissəsinə əsasən, «Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz». Həmin maddənin X hissəsinə əsasən, «Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər». Birbaşa qüvvədə olan həmin normalara əsasən, Konstitusiyanın 71-ci maddəsinin İX hissəsinin nəzərdə tutduğu şəxslərdən fərqli olaraq dövlət orqanları həmin orqanların vəzifəli şəxslərinin timsalında, yalnız o fəaliyyəti həyata keçirə və yalnız o hərəkətləri icra edə bilərlər ki (həm də müəyyən edilmiş qaydada və hüdudlarda), bunlar qanunda bilavasitə nəzərdə tutulmuş olsun.

20. Məhkəmə qeyd edir ki, eyni yanaşma normanın dövlət orqanı tərəfindən tətbiqi şərtlərinə də aiddir. Belə ki, normanın məzmunu və tətbiqi şərtləri öngürüləbilənlik meyarına uyğun gəlməlidir. Bu, “qanunun keyfiyyəti” konsepsiyasından irəli gəlir.

21. Belə ki, “Qanun” anlayışını təfsir edən X7 Məhkəməsi qərarlarında qeyd edir ki, həmin konsepsiyaya əsasən həyata keçirilən tədbir mütləq milli qanunvericilikdə öz əsasını tapmalıdır. Eyni zamanda, həmin məsələ qanunun keyfiyyətinə aiddir. Qanun hər bir şəxs üçün istifadə edilməsi mümkün olan, dəqiq və əvvəlcədən öngörünən olmalıdır (baxın, Rafiq Əliyev Azərbaycana qarşı no 45875/06, 06 dekabr 2011-ci il § 120 Spacek, s.r.o. Çexiyaya qarşı, no. 26449/95, 09 noyabr 1999-cu il, § 54 və yuxarıda qeyd edilən Baklanov Rusiyaya qarşı, no. 68443/01, 09 iyun 2005-ci il, § 40), Beyeler İtaliyaya qarşı (BP), no. 33202/96, § 109, İHAM 2000-İ).

22. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən dövlət qurumları tərəfindən mülkiyyətdən maneəsiz istifadə etmək hüququnun məhdudlaşdırılmasına birinci və ən vacib tələb həmin məhdudlaşdırmanın qanuni olmasıdır. İkinci bəndə əsasən Dövlətin milli qanunvericiliyə uyğun olaraq əmlakın istifadə edilməsinə nəzarətin həyata keçirilməsi hüququ tanınır. Eyni zamanda, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi prinsipi Konvensiyanın hər bir maddəsinə aiddir. Ümumi ictimai maraqlarla şəxsin fundamental hüquqlarının müdafiəsi vəzifəsi arasında ədalətli tarazlığın qorunması məsələsi yalnız müdaxilənin qanunilik və əsaslılıq tələblərinə uyğun olmasının müəyyənləşdirilməsindən sonra yaranır (baxın, digər qərarlarla yanaşı, Rafiq Əliyev Azərbaycana qarşı no 45875/06, 06 dekabr 2011-ci il § 119, Baklanov Rusiyaya qarşı, no. 68443/01, 09 iyun 2005-ci il, § 39 və Frizen Rusiyaya qarşı, no. 58254/00, 24 mart 2005-ci il, § 33).

23. Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir.

24. Məhkəmə hesab edir ki, şəxsin mülkiyyətində çox sayda nəqliyyat vasitəsinin olması (məsələn, şəxs maşın həvəskarı ola bilər) özlüyündə birmənalı olaraq fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu kimi qəbul edilə bilməz (qanunvericilikdə belə bir əsas müəyyən edilməmişdir). Belə ki sahibkarlıq fəaliyyətinin mövcud olması üçün fiziki şəxs əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən gəlir əldə etmiş olmalıdır.

25. Odur ki, vergi orqanı şəxsi vergi ödəyicisi kimi məcburi vergi uçotuna alarkən məhz qeyd edilən fəaliyyətin mövcudluğunu, yəni əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən gəlir götürməsini sübut etməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 99.3.3-cü maddəsinə əsasən əmlakın icarəyə verilməsindən gəlir qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aiddir.

26. Məhkəmə qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.

27. Məhkəmə qeyd edir ki, İddiaçı oğlu vergi ödəyicisi kimi məcburi vergi qeydiyyatına alınarkən onun mülkiyyətində olan nəqliyyat vasitələrinin təqdim edilməsindən, istifadə edilməsindən və ya həmin nəqliyyat vasitələri ilə xidmət göstərilməsindən gəlir əldə etmiş olması faktı cavabdeh vergi orqanı tərəfindən sübut edilməli idi. Lakin vergi orqanı tərəfindən bu halı (iddiaçının sahibkarlıq fəaliyyəti məşğul olması) təsdiqləyən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir.

28. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

29. Məhkəmə hesab edir ki, sübutetmə yükünün müəyyən edilməsində eyni qayda (müəyyən etmə və ya tanınmaya dair iddialara da aiddir.

30. Məhkəmə qeyd edir ki, şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olması faktı təsdiq edilmədən vergi orqanında vergi ödəyicisi kimi məcburi qeydiyyata alınması qanunvericilik normalarının məzmununa ziddir.

31. Məhkəmə nəzərə alır ki, vergi orqanı tərəfindən qanunun normasının qeyd olunan formada tətbiqi qanunun keyfiyyəti konsepsiyası baxımından onun öngörüləbilənlik meyarına uyğun gəlmir.

32. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin iddiaçının vergi ödəyicisi kimi qeydiyyata alınasında dair hərəkətləri qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

33. Odur ki, iddia təmin edilməlidir, İddiaçı vergi orqanı tərəfindən vergi ödəyicisi kimi uçota alınmasına (qeydiyyatına) dair hərəkətləri qanunsuz hesab edilməli və iddiaçının ********** dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə vergi ödəyicisi kimi uçotu ləğv edilməlidir.

34. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

35. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

36. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən vergi ödəyicisi kimi uçota alınmasına (qeydiyyatına) dair hərəkətləri qanunsuz hesab edilsin və iddiaçının ********** dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə vergi ödəyicisi kimi uçotu (qeydiyyatı) ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar