Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5631/2021 30.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı və onun vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı (3-cü şəxs: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı təkrar doğum haqqında şəhadətnamənin verilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, O, xx.xx.1966-cı ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub. 1966-cı ildə ildə Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. X1 xx.xx.1932-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub, 1994-cü ildə Ermənistanda vəfat edib. X2 xx.xx.1930-cu ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub, 1995-ci ildə Ermənistanda vəfat edib. 1983-cü ildə Bakı şəhəri 268 saylı orta məktəbin 8-ci sinfini bitirib. Ondan sonra təhsilini davam etdirməmişdir. Bakı şəhəri Nərimanov RPİ (İcraiyyə Komitəsinin Daxili İşlər Şöbəsi) tərəfindən 1982-ci noyabr ayında SSRİ nümunəli pasportla təmin edilmişdir. 1989-cu ilə qədər ünvan 1 ünvanında yaşamış və həmin ünvanda da yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. 1985-ci ildə X8 ilə nikaha girmişdir, nikah Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydiyyata alınıb. Əri təxminən 10 il bundan əvvəl vəfat edib. 26 aprel 1989-cu ildə Bakı şəhərində qızı (X3) doğulub, qızının doğumu Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydiyyata alınıb. Qızı təxminən 8 il bundan əvvəl Bakı şəhərində xəstəlikdən vəfat edib. Onun dəfn edilməsi müalicə aldığı xəstəxana tərəfindən həyata keçirilib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlanması səbəbindən 1989-cu ilin sentyabr ayında Azərbaycanı tərk edərək qatar vasitəsi ilə Gürcüstanın Tbilisi şəhərinə, ordan da Ermənistana getmişdir. Bişkek Protokolu əsasında 12 may 1994-cü il tarixdə atəşkəs qüvvəyə mindikdən sonra xx.xx.1995-ci ildə qızı ilə birgə Azərbaycan Respublikasına qayıtmışdır. Azərbaycana qayıtmamışdan əvvəl doğum haqqında şəhadətnaməsini və pasportunu məhv etmişdir. Azərbaycana qayıtdıqdan sonra heç bir sənəd olmadan Azərbaycanda yaşayır. Hal-hazırda, ünvan 3 ünvanında yaşayır. Onun artıq 54 yaşı var. Lakin doğum faktını, şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi yoxdur. Bu səbəbdən də. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülüb. BMT QAK-ın Himayə sənədi əsasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınıb. 03 iyun 2020-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət edərək “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi"ni xahiş etmişdir. Doğum haqqında şəhadətnaməmin olmaması səbəbindən Dövlət Miqrasiya Xidməti “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətimin müəyyənləşdirililməsi" barədə icraat apara bilmədi. Şəxsiyyəti təsdiq edən sənədlə təmin olunmaq üçün ona doğum haqqında şəhadətnamə lazımdır. Belə ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməyi üçün onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmalıdır. Bunun üçün isə iddiaçı Dövlət Miqrasiya Xidmətinə doğum haqqında şəhadətnaməmi təqdim etməlidir ki, Dövlət Miqrasiya Xidməti onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi barədə icraat apara bilsin. Göründüyü kimi, doğum haqqında şəhadətnamə olmadığı üçün şəxsiyyəti təsdiq edən sənədlə təmin oluna bilmir. İddiaçının doğum faktı 1966-cı ildə Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydiyyata alındığı üçün 09 mart 2021 -ci il tarixdə Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə müraciət edərək “ondan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş Himayə sənədi və Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınmağını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında ona doğum haqqında təkrar şəhadətnamə ilə təmin etmələrini xahiş etmişdir. Nərimanov rayon Qeydiyyat Şöbəsi ona doğum haqqında təkrar şəhadətnamənin verilməsindən imtina etdi və bu barədə xx.xx.2021-ci il tarixli məktubla cavab verdi. Məhkəmənin 2-1(112)-5631/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti 3-cü şəxs qismində işə cəlb edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı münasibət məhkəməyə təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə cavabdeh və üçüncü şəxs məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli, 70 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 9.7-ci bəndinə əsasən şəxsiyyətini təsdiq edən heç bir sənəd təqdim edilmədiyindən ərizəsinin təmin edilməsinin mümkün olmadığı, şəxsiyyətini təsdiq edən sənədi təqdim etmədiyi üçün təkrar doğum haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı, aidiyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli 15/223 saylı arayışı, xx.xx.1966-cı il təvəllüdlü, BMT QAK-ın himayəsində olan İddiaçı (himayə sənədi № ***-*******3) ondan ötrü verilmişdir ki, o Dövlət Miqrasiya Xidməti tərəfindən 06 noyabr 2020-ci il tarixindən 31 may 2021-ci il tarixinədək ünvan 4 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. Məhkəmə sorğusu əsasında 29 oktyabr 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş İddiaçı doğumunun qeydə alınıb-alınmaması, qeydə alındığı halda doğum haqqında akt qeydindən çıxarışın surəti məhkəmə tərəfindən cavabdehdən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi 27 aprel 2021-ci il tarixli, 837 saylı məktubla doğum haqqında akt qeydinin surətini məhkəməyə təqdim etmişdir. Həmin akt qeydindən görünür ki, İddiaçı 29 oktyabr 1966-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 17 noyabr 1966-ci il tarixdə 3376 saylı nömrə ilə qeyd edilmişdir. Atası qrafasında X6, anası qrafasında X7 yazılmışdır. Göründüyü kimi, iddiaçının doğum qeydi mövcuddur və ona həmin qeyd əsasında təkrar şəhadətnamənin verilməsi mümkündür. Bununla belə iddiaçının şəxsiyyət vəsiqəsi olmadığı halda, cavabdeh doğum haqqında şəhadətnamənin təkrar verilməsindən məhz şəxsiyyət vəsiqəsinin təqdim edilməməsi əsası ilə imtina etmişdir. Halbuki, təkrar şəhadətnamələrin alınması haqqında maraqlı şəxslərin ərizəsinə şəxsiyyət vəsiqəsinin surətinin əlavə edilməli olduğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında qaydası»nda öz əksini tapmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında Qaydası»nın 9.3-cü bəndinə əsasən təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə aşağıdakılar göstərilməlidir: 9.3.1. ərizəçinin adı, soyadı və atasının adı; 9.3.2. ünvanı; 9.3.3. haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı; 9.3.4. təkrar tələb olunan şəhadətnamənin növü; 9.3.5. vətəndaşlıq vəziyyəti aktının qeydini aparan Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi, habelə aparılma tarixi və yerli barədə məlumatlar. Cavabdehin istinad etdiyi norma qeyd edilən Qaydanın 9.7-ci bəndində göstərilənlərlə bağlı olsa da, məhkəmə qeyd edir ki, həmin normada 16 yaşına çatmış şəxslərə aid doğum haqqında təkrar şəhadətnamələrinin həmin şəhadətnamənin aid olduğu şəxsə verilməsini qadağan etməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında Qaydası»nın 9.7-ci bəndinin 1-ci və 2-ci abzaslarına əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Valideynlik hüquqlarından məhrum edilmiş şəxslərə uşağın doğumu haqqında təkrar şəhadətnamələr verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bütün göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 29 oktyabr 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 17 noyabr 1966-ci il tarixdə 3376 sayla qeyd edilmiş İddiaçı şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. 29 oktyabr 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 17 noyabr 1966-ci il tarixdə 3376 sayla qeyd edilmiş İddiaçı şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-5631/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5631/2021
30.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver