Məhkəmə qərarları › İş №2-1(112)-5632/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5632/2025

19.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5632/2025 19.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının və cavabdehin nümayəndəsinin iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “məlumat vərəqəsinin tərtib edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdehnə qarşı “imtiyazlı xidməti ilinin yenidən hesablanaraq əmək kitabçasına yazılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “imtiyazlı hesablama ilə xidmət illərini 20 il 11 ay 16 gün təşkil edilməsinə dair məlumat vərəqəsinin tərtib edilməsini cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1980-ci ildən xx.xx.1981-ci il tarixinədək Daxili İşlər Nazirliyinin tərkibində oları UİT-də xidmət etmiş və yenidən bundan sonra xx.xx.1984-cü ildən xx.xx.1986-cı il tarixinədək yenidən DİN-nin UİT-də xidmət etmişdir. xx.xx.1991-ci ildən xx.xx.1994-cü il tarixinə və xx.xx.1996-cı ildə ÇPA- da xx.xx.2005-ci il tarixinədək Xətai rayon Mühafizə idarəsində xidmət etmişdir. Xidmət dövründə döyüş əməliyyatında iştirak etmiş, hal-hazırda Daxili İşlər Nazirliyinin Vətən müharibəsi veteranıdır. Daxili İşlər Nazirliyində xidməti ilinin hesablanması ilə əlaqədar etdiyi müraciətinə dəfələrlə eyni cavabı verərək bildirilir ki, xidməti illəri təqvim hesablama ili 15 il 01,ay 12 gün, imtiyazlı hesablama ilə 18 il, 08 ay 12 gün təşkil edir ki, buda yanlış hesablamadır. Belə ki, xx.xx.1980-xx.xx.1981-ci il üzrə 9 ay 10); xx.xx.1984 -xx.xx.1986-cı il üzrə (1 il 10 ay 06 gün); 03.05.91- ci il xx.xx.1994-cü il (3 il 5 ay 21 gün); xx.xx.1996-cı il xx.xx.2005-ci il (9 il 06 ay 12 gün); həqiqi xidmət ilim 1981 1983-cü il (2 il) Qeyd edilən xidmət illəri ümumilikdə 14 il 09 ay, 06 gün təşkil edir və həqiqi hərbi xidməti ili 2 il olduğu halda 16 il 09 ay 06 gün olduğu halda sonuncu xidmət yeri Baş Mühafizə idarəsi tərəfindən 15 il 01 ay 12 gün kimi qeyd etmişdir ki bu yanlış hesablamadır. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Cavabdeh tərəfindən verilmiş imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 144-cu bəndinə əsasən xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanacək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər. xx.xx.2005-cı ıl tarixdə daxili işlər orqanlarından xaric olunarkən xidmət illəri təqvimi hesablama ilə 15 il, 01 ay, 12 gün, imtiyazlı hesablama ilə 18 il, 08 ay, 12 gün etdiyindən əmək pensiyası təminatı hüququ yaranmamışdır. Cavabdeh tərəfindən təqdim olunmuş sorğuya cavab məktubundan görünür ki, iddiaçı xx.xx.1981-xx.xx.1983-cü il tarixdə Silahlı Qüvvələrdə, xx.xx.1991-xx.xx.1992-ci il tarixdə Qaradağ Rayon Daxili İşlər Şöbəsinin milis nəfəri, xx.xx.1992-xx.xx.1992-ci il tarixdə Qaradağ Rayon Daxili İşlər Şöbəsinin polis-nəfəri sürücüsü, xx.xx.1992xx.xx.1994-cü il tarixdə Bakı ŞBPİ-nin Post-Patrul Xidmətinin Alayının polis nəfəri, xx.xx.1994-xx.xx.1994-cü il tarixdə Qaradağ Rayon Polis İdarəsinin polis nəfəri-sürücüsü, xx.xx.1996-xx.xx.1997-ci il tarixdə Bakı ŞBPİ-nin X3 polis nəfəri, xx.xx.1997-xx.xx.2005-ci il tarixdə Xətai Rayon Mühafizə Şöbəsinin polis nəfəri kimi xidmət etmişdir. Xidmət illəri təqvimi hesablama ilə 15 il, 01 ay, 12 gün, imtiyazlı hesablama ilə 18 il, 08 ay, 12 gün təşkil edir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.0.1. əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.4. xüsusi rütbəli şəxslər – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.5. təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; 22.4. Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın:

1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X2 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir.

2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. Məhkəmə araşdırma zamanı müəyyən etmişdir ki, iddiaçı müxtəlif dövrlərdə Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət etmişdir.İş materiallarından görünür ki, iddiaçı xx.xx.1994-cü il tarixdə Qaradağ Rayon Polis İdarəsində tutduğu vəzifədən xaric edilmiş, bundan sonra isə müəyyən müddət xidmət fəaliyyətindən kənarda qalmış və yalnız xx.xx.1996-cı il tarixdə yenidən Bakı Şəhər Baş Polis İdarəsinin Çevik Polis Alayında xidmətə qəbul olunmuşdur. İddiaçı hazırkı iddiasında həmin iki tarix arasında mövcud olmuş faktiki fasilə müddətinin xidmət illərə daxil edilməsini tələb edərək bildirir ki, bu müddət nəzərə alındığı halda onun imtiyazlı xidmət stajı 20 il 11 ay 16 gün təşkil edir və nəticə etibarilə onun barəsində pensiya təminatı məqsədilə məlumat vərəqəsinin tərtib olunması üçün hüquqi əsas yaranır. Cavabdeh orqan isə bununla razılaşmayaraq iddiaçının faktiki xidmət stajının 15 il 01 ay 12 gün, imtiyazlı hesablama ilə isə 18 il 08 ay 12 gün təşkil etdiyini göstərmiş və bu səbəbdən məlumat vərəqəsinin tərtib edilməsinin mümkün olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisənin mahiyyəti iddiaçının xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilədək olan dövrünün, yəni 1 il 06 ay müddətində mövcud olmuş faktiki fasilənin, xidmət illərinə daxil edilib-edilməməsi məsələsinin hüquqi qiymətləndirilməsindən asılıdır. Bu baxımdan məhkəmə mübahisəli hüquq münasibətlərini tənzimləyən normativ hüquqi aktların müddəalarını təhlil etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 152-ci bəndinə əsasən, bu Əsasnamənin 148-ci maddəsinə əsasən daxili işlər orqanlarında xidmətə bərpa edilən əməkdaşlara növbəti xüsusi rütbənin, eləcə də əlavələrin verilməsi və ya pensiyanın təyin edilməsi üçün xidmət illərinin hesablanması zamanı, daxili işlər orqanlarından xaric edildikləri gündən xidmətə bərpa olunma haqqında əmrin imza edildiyi günədək olan müddət fasiləsiz xidmət stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2004-cü il 22 iyul tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş, “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası”nın 2-ci hissəsinin 8-ci abzasına əsasən, fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün daxili işlər orqanları əməkdaşlarının xidmət illərinə “daxili işlər orqanlarından xaric edilmiş əməkdaş iki il ərzində yenidən xidmətə qəbul edilərsə, daxili işlər orqanlarında əvvəl xidmət etdiyi müddət” hesablanır. Məhkəmə qeyd edir ki, göstərilən hüquqi normalar öz mahiyyətinə görə iki fərqli anlayışı, “xidmətə bərpa” və “yenidən xidmətə qəbul” anlayışlarını bir-birindən fərqləndirir. Xidmətə bərpa institutu yalnız müvafiq inzibati və ya məhkəmə qərarı ilə əməkdaşın əvvəlki hüquqi vəziyyətinə qaytarılmasını nəzərdə tutur və bu halda əməkdaşın xaric edildiyi dövr də xidmət illərə daxil edilir. Lakin əməkdaşın daxili işlər orqanlarından xaric edildikdən sonra sonradan yeni inzibati akt əsasında yenidən xidmətə qəbul olunması hüquqi baxımdan xidmətə bərpa hesab edilmir və bu halda xaric edilmə ilə yeni qəbul arasında mövcud olmuş faktiki fasilə xidmət stajına daxil edilmir. İş materiallarından müəyyən olunur ki, iddiaçı daxili işlər orqanlarında xidmətə bərpa olunmamış, əksinə müəyyən müddət keçdikdən sonra yeni əmrlə yenidən xidmətə qəbul edilmişdir. Bu barədə verilmiş inzibati akt iddiaçı tərəfindən nə inzibati qaydada, nə də məhkəmə qaydasında mübahisələndirilməmişdir və həmin akt qüvvədə olan sənəd kimi hüquqi nəticələr doğurmaqdadır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilədək olan 1 il 06 ay müddətində iddiaçının daxili işlər orqanlarında faktiki xidmət fəaliyyəti mövcud olmamışdır və bu müddətin xidmət illərinə daxil edilməsi mümkün deyil. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Odur ki, iddia təmin edilməməlidir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Ali Məhkəmənin 2-1(102)-1007/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd edilir ki, “Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı cavabdehin 6 yanvar 2016-cı il tarixli əmri ilə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 10-cu bəndinə əsasən 10 yanvar 2016-cı il tarixdən daxili işlər orqanlarında xidmətdən xaric edilmiş, üç ildən sonra həmin İdarənin 28 yanvar 2019-cu il tarixli digər əmri ilə 30 yanvar 2019-cu il tarixdən “faktiki fasilə nəzərə alınmamaqla” daxili işlər orqanlarında xidmətə yenidən idarənin polis nəfəri vəzifəsinə qəbul edilmiş, “polis serjantı” xüsusi rütbəsi bərpa olunmuşdur. Göründüyü kimi, iddiaçı üç illik fasilədən sonra xidmətə bərpa olunmamış, yenidən xidmətə qəbul olunmuşdur.” İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar