Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5633/2021 21.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı “poçt şöbəsinin açılması” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ən çox əhalisi olan Afurca kəndində yeni poçt şöbəsinin açılmasının Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiya Nazirliyinin üzərinə vəzifə olaraq qoyulması, rayon daxilindəki ünvanlara gedən məktubların X1 göndərilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasında iştirak edən iddiaçı hazırki mübahisəyə inzibati məhkəmə icraatında baxılaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamış, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiya-Nazirliyinin tabeliyində olan “xxxx” MMC-nin 28.08.2016 tarixli 141 saylı əmrinə əsasən Afurca kəndi daxil olmaqla 10 kəndə xidmət göstərən Kunxırt poçt şöbəsi yalan məlumatlara əsaslanaraq bağlanmışdır. 5 ildir bu 10 kənddə yaşayan 10 şəhid, yüzlərlə qazi, veteran, zabit, əsgər ailələri daxil olmaqla 2976 nəfər - 500 dən çox ailə elektrik, qaz, internet, telefon, pul köçürmələri, məktub, teleqram, bağlama, hədiyyə göndərmək və almaq üçün hər ay 35-40km məsafədəki Quba şəhərindəki poçt şöbəsinə gəlmək üçün əziyyət çəkir, vaxt xərcləyir. Kunxır poçt şöbəsinin yerləşdiyi binada o vaxt və indi Güləzi kənd i.ə.d. üzrə icra nümayəndəliyi, Güləzi kənd bələdiyyəsi və yeni yaradılmış 11 saylı xüsusi təyinatlı yol istismar idarəsi yan-yana fəaliyyət göstərir. Quba-Qonaqkənd asfalt yolu və qaz xətti həmin binanın 10-15 metrliyindən keçir. Son 200 ildə Kunxırtda sürüşmə yoxdur. 2010-cu ildə Güləzi kəndində 5-6 evin dağılması ilə nəticələnən sürüşməyə görə kənddən 169 ailə qismən köçüb təxminən 650-700 nəfər.Köçən ailələrin də 15-20%-i hal-hazırda Güləzi kəndində qalıb, yaşayır. Kənddə l-İX siniflərin oxuduğu 9 illik məktəb var, qalan əhali ətraf 10 kəndlə birlikdə cəmi 2976 nəfərdir. Kunxırt poçtu 2012-ci ildə poçt müdiri Yeni Güləziyə köçdüyü üçün 4 il 50 km məsafədən "idarə olunub". Bu zaman poçtun rentabelli işləməsi mümkün deyil ki, bunun da günahkarı Quba poçt filialının rəhbərliyi və “xxxx" MMC-dir. Afurca kəndi daxil olmaqla ətraf 10 kəndə guya poçt xidməti göstərir. Qonankənd poçt şöbəsi kənddən 15-20 km, Qubadan 50 km məsafədə olduğuna görə yalnız gecikmiş məktubları gətirə bilir. Digər poçt xidmətlərindən 5 ildir məhrumdurlar. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmiş və etirazda bildirilmişdir ki, yeni poçt şöbəsinin açılması üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 12.04.2006-cı il tarixli 77 saylı əmrinin 1.2.3-cü bəndinə əsasən kənd və qəsəbələrdə əhalinin sayı 2000 nəfərdən yuxarı və həmin əmrin 1-ci bölməsinə əlavə və dəyişikliklərin edilməsi haqqında 15.01.2008-ci il tarixli 02 saylı əmrinin 1.2.2-ci bəndinə əsasən isə dağlıq və dağətəyi ərazilərdəki kəndlərdə əhalinin sayı isə 1000 nəfərdən yuxarı olmalıdır. Quba rayonunun Güləzi kənd İƏD üzrə nümayəndəliyinin rəsmi məlumatına əsasən Afurca kəndində əhalinin sayı 790 nəfərdir, bu da yeni poçt şöbəsinin açılması üçün mövcud normativlərin tələblərinə uyğun deyildir. Quba poçt filialının rəsmi məlumatına əsasən Güləzi İcra nümayəndəliyinin köhnə binasında, icarə yolu ilə sahəsi 9 kv.m olan bir otaqda, həmçinin 2012-ci ildə torpaq sürüşməsinin baş verdiyi ərazidə fəaliyyət göstərən Kunxırt poçt şöbəsi son 2013-2015-ci illər və 2016-cı ilin İ yarımilliyi ərzində zərərlə işləmişdir. Belə ki, 2013-cü il üzrə faktiki tarif gəliri (ƏDV ilə) 199,2 manat, istismar xərci 2272,0 manat, zərəri 2002,0 manat, 2014-cü il üzrə faktiki tarif gəliri (ƏDV ilə) 130,62 manat, istismar xərci 2272,0 manat, zərəri 2100 manat, 2015-ci il üzrə üzrə faktiki tarif gəliri (ƏDV ilə) 85,43 manat, istismar xərci 2272,0 manat, zərəri 2151,0 manat, 2016-cı ilin İ yarımilliyində faktiki tarif gəliri (ƏDV ilə) 29,22 manat, istismar xərci 1136,0 manat zərəri isə 1106,0 manat olmuşdur. Eyni zamanda Güləzi və Kunxırt kəndlərində yaşayan əhalinin çox hissəsi yeni Güləzi kəndinə köçürüldüyünə və Kunxırt poçt şöbəsinin həm zərərlə, həm də sürüşmə zonasında yerləşdiyinə görə sözügedən poçt şöbəsinin fəaliyyətinə xitam verilməsi haqqında Quba poçt filialının rəhbərliyi tərəfindən 03.08.2016-cı il tarixli 389 saylı məktubla "xxxx” MMC-yə rəsmi müraciət olunmuşdur. Bu baxımdan “xxxx” MMC tərəfindən müvafiq araşdırmalar aparılmış və 30.08.2016-cı il tarixli ***-**** saylı məktubla Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə rəsmi müraciət olunmuş və RYTN-nin 09.09.2016-cı il tarixli 3-14/10688 saylı məktubuna uyğun olaraq “xxxx” MMC-nin 28.09.2016-cı il tarixli 141 saylı əmrinə əsasən 03.10.2016-cı il tarixindən Quba poçt filialının Kunxırt poçt şöbəsinin fəaliyyətinə xitam verilmişdir. Bu səbəbdən Kunxırt poçt şöbəsinin xidmət ərazisində olan yeni Güləzi kəndi Aşağı Atuc poçt şöbəsinin xidmət ərazisinə, Dalaqo, Xanagahyolu, Xırt, Aydınkənd, Afurca, Firiq, Ruçuq və Atuc kəndləri isə Qonaqkənd poçt şöbəsinin xidmət ərazisinə verilmişdir. Hal-hazırda Afurca kənd əhalisinə Quba poçt filialının tabeliyində olan Qonaqkənd poçt şöbəsi tərəfindən poçt rabitəsi xidmətləri göstərilir. Qonaqkənd poçt şöbəsi 2020-ci il üzrə zərərlə işləmişdir. Belə ki, həmin il üzrə faktiki tarif gəliri (ƏDV ilə) 3490,0 manat, istismar xərci 7900,0 manat, zərəri isə 4820,0 manat olmuşdur. Həmçinin 2020-ci il ərzində Afurca kəndinə 139 ədəd sifarişlixəbərnaməli məktub daxil olmuşdur ki, onlardan 47 ədədi iddiaçıya, 2021-ci ilin İ rübü ərzində isə həmin kəndə 26 ədəd sifarişli-xəbərnaməli məktub daxil olmuşdur ki, onlardan 11 ədədi iddiaçıya təqdim olunmuşdur. Güləzi kənd İƏD üzrə nümayəndəliyinin rəsmi məlumatına əsasən 1-ci Qarabağ müharibəsi dövründə Afurca kəndinin 8 nəfər şəhidi və 3 nəfər qazisi, 2-ci Qarabağ müharibəsi dövründə isə nümayəndəliyin Xırt kəndinin 1 nəfər şəhidi olmuşdur və həmin şəhidin ailəsi yeni Güləzi yaşayış massivində yaşayır. Həmçinin İddiaçı Afurca kəndində yaşadığı ev qəzalı vəziyyətdə olduğundan yeni Güləzi yaşayış massivində müvafiq qaydada mənzillə təmin edilmişdir. Beləliklə qeyd olunanlardan və işin hallarından məlum olur ki, Quba rayonunun Afurca kəndində yeni poçt şöbəsinin açılması məqsədəuyğun hesab edilmədiyindən iddia tələbinin rədd edilməsi xahiş olunmuşdur. Beləliklə, iddia ərizəsindən müəyyən olunur ki, iddiaçı hazırki tələbində Quba rayonunun Afurca kəndində poçt şöbəsinin açılması vəzifəsinin cavabdeh Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin üzərinə qoyulmasını mübahisələndirir. Tələbini onunla əsaslandırır ki, kəndin 2976 nəfər əhalisi elektrik, qaz, internet, telefon, pul köçürmələri, məktub, teleqram, bağlama və s. göndərmək və almaq üçün Quba şəhərindəki poçt şöbəsinə gəlmək məcburiyyətində qalır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd) Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, hazırkı iddia tələbinə məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Plenum Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanıla bilər. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. Dolayısı ilə inzibati orqanın inzibati aktından, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən şikayət hüququ maddi hüquq normasında təsbit olunur, özünün sonrakı inkişafını isə inzibati icraatda tapır. “Poçt haqqında” Qanunun: -1.0.2-ci maddəsinə əsasən poçt rabitəsi xidmətləri - poçt göndərişlərinin qəbulu, çeşidlənməsi, saxlanılması, daşınması, göndərilməsi və ünvan sahibinə çatdırılması fəaliyyətidir. -1.0.7-ci maddəsinə görə poçt rabitəsinin milli operatoru (milli operator) - müvafiq icra hakimiyyəti orqanı tərəfindən universal poçt rabitəsi və poçt-maliyyə xidmətləri göstərilməsi üçün təyin olunmuş poçt operatorudur. Həmin Qanunun 3.0-cı maddəsinə görə Azərbaycan Respublikasında poçt rabitəsini idarə edən müvafiq icra hakimiyyəti orqanı: -3.0.1. Poçt rabitəsi sahəsində öz fəaliyyətini bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq həyata keçirir; -3.0.2. Poçt rabitəsi sahəsində dövlət nəzarətini həyata keçirir; -3.0.3. Poçt rabitəsi sahəsində dövlət proqramlarını işləyib hazırlayır və qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirir; -3.0.4. Poçt rabitəsi xidmətlərinin standartlarını müəyyən edir; -3.0.5. Poçt rabitəsi sahəsində vahid elmi-texniki siyasətin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir; -3.0.6. Beynəlxalq poçt mübadilə məntəqələrini və yerlərini müvafiq icra hakimiyyəti orqanı ilə birgə qanunvericiliyə uyğun müəyyən edir; -3.0.7. Poçt göndərişlərinin növlərini və onların xüsusiyyətlərini müəyyən edir; -3.0.8. Poçt rabitəsi sahəsi üzrə Azərbaycan Respublikasının beynəlxalq sənədlərə qoşulması barədə təklif verir; -3.0.9. Milli operatoru təyin edir və onun vəzifələrini müəyyənləşdirir. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2016-cı il tarixli 0001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi” Qaydalarının: -1.13-cü bəndinə görə milli operatorun poçt obyektlərinin şəhər və kənd yerlərində yerləşdirilməsi normativləri istifadəçilər üçün universal poçt rabitəsi xidmətlərinə çıxış imkanının təmin olunması nəzərə alınmaqla işlənib hazırlanır və RYTN (Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) tərəfindən təsdiq edilir. -1.30-cu bəndinə əsasən milli operator Azərbaycan Respublikasının bütün ərazisində RYTN tərəfindən müəyyən olunmuş normativlərə uyğun olaraq poçt qutularının yerləşdirilməsi və istifadəsi üzrə müstəsna hüquqa malikdir. -1.36-cı bəndinə əsasən poçt oyektləri tərəfindən göstərilən poçt rabitəsi xidmətlərinin növü istifadəçilərin tələbatı, dövlət sifarişləri, eləcə də RYTN tərəfindən təsdiq olunmuş müvafiq normativlər nəzərə alınmaqla poçt rabitəsi operatorları tərəfindən müstəqil şəkildə müəyyən edilir. Həmçinin, həmin Qaydaların 12.1-ci bəndində göstərilir ki, poçt rabitəsi xidmətlərinin göstərilməsi üzrə öhdəliklər icra olunmadıqda və ya qismən icra olunduqda poçt rabitəsi xidmətlərinin istifadəçisi məhkəmədə iddia irəli sürülənədək poçt rabitəsi operatoruna qarşı pretenziya vermək (o cümlədən dəymiş zərərin ödənilməsi tələbi ilə) hüququna malikdir. Həmin Qaydaların 12.2-ci maddəsinə görə daxili poçt göndərişlərinin çatdırılmaması, vaxtında çatdırılmaması, zədələnməsi və itirilməsi, habelə pul köçürmələrinin ödənilməməsi və vaxtında ödənilməməsi ilə bağlı şikayətlər poçt göndərişinin, pul köçürməsinin qəbul günündən sonrakı altı ay müddətində irəli sürülür. Həmin Qaydaların 12.14-cü bəndinə görə poçt rabitəsi operatoru tərəfindən pretenziyanın təmin olunmasından imtina edildiyi və ya pretenziyanın qismən təmin olunduğu, habelə təyin olunmuş müddət ərzində poçt rabitəsi operatorundan cavab alınmadığı hallarda istifadəçi iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə qeyd olunanlara istinadən hesab edir ki, iddiaçının cavabdehdən tələb etdiyi poçt şöbəsinin açılması tələbi hər hansı maddi hüquq normalarında ifadə olunmadığından publik hüquq kimi qiymətləndirilə bilməz. İddiaçının poçt xidməti ilə bağlı poçt göndərişi göndərmək, qəbul etmək, müvafiq ünvana çatdırılmasını tələb etmək, çatdırılmadığı, vaxtında çatdırılmadığı, itirildiyi və ya zədələndiyi hallarda poçt operatoruna qarşı müvafiq zərərin ödənilməsi tələbi ilə çıxış etmək və s. kimi qanundan irəli gələn hüquqları mövcuddur. Bu hüquqlarla bağlı poçt rabitəsini idarə edən cavabdeh inzibati orqanla mübahisə isə o zaman yarana və məhkəmə icraatının predmetinə çevrilə bilər ki, inzibati orqan bilavasitə iddiaçının poçt göndərişləri və ya poçt xidməti ilə bağlı inzibati akt qəbul etmiş və ya faktiki xarakterli hərəkətə (hərəkətsizliyə) yol vermiş olsun. İddiaçının tələb etdiyi yeni poçt şöbəsinin açılması bilavasitə inzibati orqanın təşkilati-struktur, yerləşmə, ümumən cari idarəçilik fəaliyyəti ilə əlaqədardır ki, bununla bağlı fəaliyyət inzibati proses hesab olunmur və inzibati icraatla tənzimlənmir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, müvafiq icra hakimiyyəti orqanının təşkilati struktur vahidlərinin (bölmə, filial, şöbə, nümayəndəlik və s. qurumlarının) yaradılması və ya fəaliyyətinə xitam verilməsi ilə bağlı təşkilati məsələlər məhkəmənin nəzarət səlahiyyətinə aid olmamaqla yanaşı, hakimiyyətlər bölgüsünün məğzini təşkil edən hakimiyyət qollarının bir-birilərinin səlahiyyətlərinə müdaxilə etməmək, çəkindirmə və tarazlaşdırma prinsiplərinə də ziddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, məhkəmə qeyd edilənlərdən çıxış edərək hesab edir ki, hazırki iş üzrə mübahisə inzibati mübahisə hesab edilməməklə məhkəmə icraatının predmeti olmadığından iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı “poçt şöbəsinin açılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-5633/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5633/2021
21.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver