Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5633/2025 12.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxslər - X4 və X9 “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X4 və X9 üçüncü şəxs qismində cəlb edilməklə “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair iddiası üzrə inzibati işə 12 mart 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhər X6 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli 20/396 №-li qərarı ilə Bakı şəhəri, Xəzər rayonu, Zığ bağ massivi ünvanında “Medik” bağçılıq-yoldaşlıq yaradılmış və bağçılığın 118 üzvündən ibarət ilkin siyahısı tərtbi edilmiş, həmin siyahıya əsasən iddiaçıya 39 № li bağ sahəsi ayrılmışdır. “Medik” bağcılıq-yoldaşlıq idarə heyətinin xx.xx.1996-cı il tarixli yığıncağının 5 №-li protokolundan çıxarışına əsasən bağçılıqda yerləşən 89/90 №-li bağ sahəsi İddiaçı daimi istifadəsinə verilmişdir. İddiaçıya Bağçılıq Yoldaşlıq Birliyinin üzvü olmasına dair üzvlük kitabçası verilmişdir. İddiaçı 89/90 saylı bağ sahəsi üzərində hüququnun dövlət qeydiyyatına alınması barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd etmişdir ki, “...bağçılıqyoldaşlıq təsərrüfatının idarənin arxivində mövcud olan siyahısında sizin adınıza başqa bağ nömrəsi qeyd edilmişdir. “89 və 90” nömrəli bağ sahələri digər şəxslərin adına göstərilmişdir.” İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə Bakı şəhəri X6 27 oktyabr 1987-ci il tarixli 20/396 saylı qərarı ilə Xəzər rayonu Zığ bağ massivində bağçılıq-yoldaşlıq qaydasında ona 1120 kv.m torpaq sahəsinə hüququn dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, həmin torpaq sahəsi onun, bağçılıq – yoldaşlıq kollektivinin və bu sahənin həmin dövr üçün mütəxəsislərinin iştirakı ilə dəqiqləşdirilərək yerində mərzləri vurulmuşdur. Bir neçə gündən sonra isə həmin ərazi tərəfindən hasara alınmış və bu günə kimi onun istifadəsindədir. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri imtinanın dəlilləri ilə eyni məzmunludur. Əlavə olaraq qeyd edilmişdir ki, “Medik” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin İdarənin arxivində mövcud olan siyahısında iddiaçının adına “39” nömrəli bağ sahəsi qeyd edilmişdir. “89 və 90” nömrəli bağ sahələri Qasımov Pərviz və Əliyev Fuadın adına qeyd olunmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. Üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə SMS bildiriş göndərimiş, eyni zamanda üçüncü şəxslər telefonoqram vasitəsi ilə məlumatlandırılmışdr, üçüncü şəxslər məhkəmə iclasında iştirak etməyəciyini bildirmişlər. Mülki prossual Məcəllənin 135.7-ci maddəsinə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətini təmin etməkdən imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, “Medik” bağcılıq-yoldaşlıq idarə heyətinin 15 may 1996-cı il tarixdə keçirdiyi birgə iclasının 5 saylı protokolunun qərarı ilə iddiaçıya həmin bağçılıqdan 89/90 saylı, 1120 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmaqla, reyestrdən çıxarışın verilməsini xahiş edir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0 və 8.0.7-ci maddələri təşkil edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci maddlərinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçı həmin normada göstərilən hüquqmüəyyənedici sənəd kimi bağçılığın üzvlük kitabçasını, üzvlərin siyahısını, protokoldan çıxarışı, bağçılığın bölgü sxemini təqdim edir. Həmçinin iddiaçının “X2” işləməsi əmək kitabçasının surətindən müəyyən edilir. Cavabdeh iddiaçının hüuqmüəyyənedici sənədlərə malik olmasını və bağçılığın üzvlərinin siyahısında iddiaçının adının olmasının mübahisələndirmir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərəkən o hala istinad edir ki, bağçılığın üzvlərinin siyahısında iddiaçının adının qarşısında 39 № li bağ sahəsi qeyd edilmişdir, 89 və 90 № li bağ sahələri Pərviz Qasımov və Fuad Əliyevin adınadır. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən cavabdehin imtinasının və etirazının əsası kimi istinad etdiyi halları əsassız hesab edir. İş matetiallarında müəyyən edilir ki, “Medik” bağçılıq-yoldaşlıq Bakı şəhər X6 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli 20/396 №-li qərarı ilə yaradılmış və 118 nəfərdən ibarət üzvü olmuşdur. Məhkəməyə təqdim edilməsə də, cavabdehin etirazından müəyyən edilir ki, bağçılığın ilkin siyahsında iddiaçının adı 39 № li bağın qarşısında olmuş, 89 və 90 nömrəli bağ sahələrinin qarşısında iş üzrə üçüncü şəxslər Pərviz Qasımov və Fuad Əliyev göstərilmişdir. Lakin iddiaçının təqdim etdiyi sənədlərdən müəyyən edilir ki, sonradan bağların nömrələrində dəyişiklik edilmiş, yeni siyahı tərtib edilmiş və iddiaçıya 89 və 90 № li bağın ayrılması qərar alınmışdır. Həmin siyahıdan müəyyən edilir ki, iş üzrə üçüncü şəxs X3 5-6 saylı bağ sahələri, X7 isə 91-92 saylı bağ sahələri ayrılmışdır. Məhkəmə tərəfindən cəlb edilmiş üçüncü şəxslər ilə mobil telefon nömrəsi ilə (müvafiq olaraq ***-***-**-**, ***-***-**-**) əlaqə saxlanılmış və “Medik” bağçılıqla bağlı iddiaçının 89-90 saylı bağ sahəsinə iddiasının olması bildirilmiş, üçüncü şəxslər isə məhkəmə iclasında iştirak etməyəcəklərini, onlara ayrılmış bağ sahələrini özəlləşdirərək satdıqlarını bildirmişlər. Göründüyü kimi, bağçılığın ilkin siyahısı ilə ayrılmış bağ sahələrində dəyişiklik olmuş və bağ nömrələri dəyişdirilmişdir. Belə ki, ilkin siyahı üzrə iddiaçıya ayrılmış 39 nömrəli bağ sahəsi, sonradan X1 adına dəyişdirilmiş, ilkin siyahı üzrə üçüncü şəxslərə ayrılmış 89-90 nömrəli bağ sahəsi isə iddiaçının adına dəyişdirilmişdir. Cavabdeh İdarə bağçılığın üzvlərinin ilkin siyahısına istinad edərək iddiaçının müraciətinin təmin etməkdən imtina edməkdə haqlı olmamışdır. Həmçinin təqdim edilmiş sənədlərən müəyyən edilir ki, iddiaçı uzun müddətdir ki. 89- 90 nömrəli bağ sahəsindən istifadə edir və bələdiyyə vergisini ödəyir Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin imtinasını və etirazının dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də istifadəsində olan bağ sahəsinə yaranmış mülkiyyət hüququnu qeydə aldırmaq hüququna malik olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin olunsun. İddiaçı istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Zığ qəsəbəsi “Medik” Bağçılıq Yoldaşlığ ərazisində yerləşən 1120 kv.m. torpağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-5633/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5633/2025
12.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver