Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5634/2024 25.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı X15, X26, X23, X16 və X17 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “pasport qeydiyyatından çıxarılma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, üçüncü şəxs X9 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı X15, X26, X23, X16 və X17 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “pasport qeydiyyatından çıxarılma” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə (bundan Sabunçu RPİ) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab edilərək, mülkiyyətində olan ünvan 1 ünvanından üçüncü şəxslər X15, X26, X23, X16 və X5 pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh qismində Sabunçu RPİni və üçüncü şəxs qismində isə X15, X26, X23, X16 və X17 göstərməklə, məhkəmədən, xx.xx.1992-ci il təvəllüdlü X15, xx.xx.1989-cu il təvəllüdlü X26, xx.xx.1986-cı il təvəllüdlü X23, xx.xx.2011-ci il təvəllüdlü X16 və xx.xx.2008-ci il təvəllüdlü X17 ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdeh Sabunçu RPİ-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 onun mülkiyyətindədədir. Üçüncü şəxslər - X15, X26, X23, X16, X17 hazırki vaxtadık həmin evdə pasport qeydiyyatında qalmaqdadırlar. İddiaçı üçüncü şəxslərin mübahisəli mənzildən qeydiyyatdan çıxarılmaları məqsədi ilə Sabunçu RPİ-yə müraciət etmişdir. Sonuncu xx.xx.2023-cü il tarixli məktubla “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanuna istinad edərək onun müraciətini təmin etməkdən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki. evə dair bütün lazım olan sənədləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X15, X26, X23, X16, X17 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmuş, həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq məhkəmənin eyni tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə və üçüncü şəxslərə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxslərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Üçüncü şəxslər X15 və X18 xx.xx.2024-cü il tarixli iddia tələbinə dair yazılı etirazında göstərilmişdir ki, İddiaçı iddiası üçüncü şəxslər Naim Şabanov və Gülcan Şabanovaya münasibətdə əsassızdır və təmin edilməməlidir. Belə ki, hazırki iş üzrə İddiaçı üçüncü şəxslər Naim Şabanov və Gülcan Şabanovanın ata nənəsidir. Üçüncü şəxslərin ata babası - X24, atası X22, anası X1r. “Vətəndaşların yaşayış sahələri ilə təmin olunmaları barədə” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.1991 -ci il tarixli 247- 12 nömrəli Qərarının 4-cü bəndinin icrası ilə bağlı Bakı Şəhəri Lenin Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 286 nömrəli sərəncamına əsasən X19 ayrılmışdır. Sözügedən sərəncamda icarəçi olan X10 10 nəfər ailə üzvü, o cümlədən hazırki iş üzrə 3cü şəxslərin atası X7 (3-cü sıra), anası X3 (8-ci sıra) və X18 (9-cu sıra) adları da qeyd olunmuşdur. İş üzrə digər 3-cü şəxs - X15 həmin sərəncamın qəbulundan 3 ay 17 gün sonra elə həmin evdə doğulmuşdur. Göründüyü kimi, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, R.Axundov küçəsində yerləşən 18A №-li evin 1 №-li mənzili Bakı Şəhəri Lenin Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 286 nömrəli sərəncamına əsasən icarədar X24 olmaqla, 3-cü şəxslərin valideynlərinin və 3-cü şəxslərin özlərinin sahiblik və istifadəsinə verilmiş, bununla da onların həmin mənzilə istifadə və sahiblik hüququ yaranmış və bu hüquqlar dövlət tərəfindən tanınmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, R.Axundov küçəsində yerləşən 18A №-li evin 1 №-li mənzil X24 və onun ailə üzvlərinin icarəsinə verildiyi vaxtdan, yəni 1992-ci ildən iş üzrə 3-cü şəxslərin valideynləri, 3-cü şəxs Naim Şabanov özü həmin mənzilə pasport qeydiyyatına alınmışlar. 3-cü şəxslər Naim Şabanov və Gülcan Şabanova hal-hazırda da həmin ünvada yaşayış yeri üzrə qeydiyyatdadırlar. Sonradan "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Qanununa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, R.Axundov küçəsində yerləşən 18A №-li evin 1 №-li mənzili icarədar olan X11 bütün ailə üzvlərinin razılığı ilə sonuncunun adına özəlləşdirilmişdir. "1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə "..."Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Qanununun əsas məqsədlərindən biri özəlləşdirmə zamanı və onun nəticəsində yaranan münasibətlərin bütün iştirakçılarının, o cümlədən yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının müdafiəsinin təmin edilməsinə yönəlmişdir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinin həmin mənzilin onlardan birinin mülkiyyətinə verilməsi haqqında razılığının olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz". Göründüyü kimi, dövlət tərəfindən 3-cü şəxslər də daxil olmaqla onların ailə üzələrinin yaşaması üçün istifadə və sahibliyinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, R.Axundov küçəsində yerləşən 18A №-li evin 1 №-li mənzil sonradan əvəzsiz olaraq ailə başçısı X20 adına özəlləşdirilməsi, digər ailə üzvlərinin həmin mənzildən istifadə hüququndan məhrum etməmiş, bu hüquq saxlanılışdır. X27 (3-cü şəxslərin babası) xx.xx.2018-ci ildə vəfat etmişdir. Məcnun Şabanovun ölümündən sonra onun birinci növbəli vərəsələri, o cümlədən üçüncü şəxslərin atası Şahlar Şabanov özünə aid miras paydan anası İddiaçı xeyrinə imtina etmişlər. İddiaçı tərəfindən Şahlar Şabanov, özünün və ailə üzvlərinin mənzildə yaşamaqla bağlı hüquqlarına zidd şəkildə istifadə etməyəcəyinə güvənib, ona etimad göstərərək miras payından anasının xeyrinə imtina etmişdir. Miras əmak üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alındıqdan sonra da Şahlar Şabanov arvadı və övladları (hazırkı iş üzrə 3-cü şəxslər) ilə mənzildə fasiləsiz və maneəsiz yaşamaqda davam etmişdir. xx.xx.2022-ci il tarixdə Şahlar Şabanov vəfat etmişdir, bundan sonra da mərhumun övladları olan 3-cü şəxslər bu mənzildə yaşamışlar. Şahlar Şabanovun ölümündən istifadə edən mərhum Şahların Rusiya Federasiyasında yaşayan qardaşı mənzili ələ keçirmək qərarına gəlmişdir. Bu məqsədlə o, mərhum qardaşı Şahların övladları olan Naim Şabanov və Gülcan Şabanovanı evdən çıxartdırmaq məqsədilə yaşlı anası İddiaçı öyrətməyə, ona təsir göstərməyə başlamışdır. İddiaçı Naim Şabanov və Gülcan Şabanova ilə münasibətlərini pozmuş, sonda isə 2022-ci ilin may ayında onları mənzildən qovmuşdur. Bu hal mənzilin yerləşdiyi əraziyə xidmət göstərən 73 saylı Mənzil İstismar Sahəsinin 84 saylı, xx.xx.2024-cü il tarixli arayışı ilə təsdiq olunur. Həmin 73 saylı Mənzil İstismar Sahəsinin həmin arayışında göstərilir ki, Naim Şabanov və Gülcan Şabanova Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, R.Axundov küçəsində yerləşən 18A №-li evin 1 №-li mənzildə qeydiyyatdadırlar, lakin 2022-ci ildən bu ünvanda yaşamırlar. 1992-ci ildən fasiləsiz olaraq yaşadıqları və yeganə yaşayış yerləri olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, R.Axundov küçəsində yerləşən 18A №-li evin 1 №-li mənzili məcburiyyət qarşısında qalaraq tərk edən Naim Şabanov və Gülcan Şabanova mənzilə qayıtmaq istəsələr də, İddiaçı qamaqal yaradaraq buna hər cür mane olur. Həmin vaxtdan da Naim Şabanov və Gülcan Şabanova dost tanışın evində müvəqqəti yaşamaq məcburiyyətində qalmışlar. Göründüyü kimi, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, R.Axundov küçəsində yerləşən 18A №-li evin 1 №-li mənzili İddiaçı mülkiyyətində olsa da, Naim Şabanov və Gülcan Şabanovanın həmin yaşayış sahəsindən istifadə etmək hüquqları mövcuddur və onların mənzildən məcburi çıxarılmaları həmin istifadə hüquqlarına xitam vermir. İddiaçı nəvələri olan Naim Şabanov və Gülcan Şabanovanı mənzilə buraxmadığına görə, sonuncular “mənzilə köçürülmə barədə” idia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmək niyyətindədirlər. Belə olan halda hesab edilməlidir ki, Naim Şabanov və Gülcan Şabanovanın mənzildən pasport qeydiyyatından çıxarılması üçün əsas yoxdur. İddiaçı iddia tələbi Naim Şabanov və Gülcan Şabanovaya münasibətdə əsassızdır. Göstərilənlərə əsasən, İddiaçı cavabdeh Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilindən üçüncü şəxslərin çıxarılması barədə iddiasının X26 və X8 aid hissədə rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh Sabunçu RPİ-nin və üçüncü şəxslər X23, X16 və X5 iddia tələbinə dair yazılı etirazı məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçı və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, lakin cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının, cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X23 məhkəmə iclasına izahat verərək, iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan: AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1949-cu il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında pasport qeydiyyatındadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat №li çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, R.Axundov küçəsi, ev 18A ünvanında yerləşən 1 saylı mənzil xx.xx.2019-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixdə “Asan 5” tərəfindən xx.xx.1949-cu il təvəllüdlü İddiaçı verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışından görünür ki, xx.xx.1992-ci il təvəllüdlü X15, xx.xx.1989cu il təvəllüdlü X26, 13.121986-cı il təvəllüdlü X23, xx.xx.2011-ci il təvəllüdlü X16 və xx.xx.2008-ci il təvəllüdlü X17 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Musa Bayramov (əvəllər Ruhulla Axundov) küçəsi, ev 18A, mənzil 1 ünvanında qeydiyyatdadırlar. Məhkəmənin müvafiq sorğularına əsasən verilmiş: Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2- 10081/24 nömrəli məktubundan görünür ki, X15 xx.xx.2008-ci il tarixdən, X26 xx.xx.2006cı il tarixdən, X23 xx.xx.2012-ci il tarixdən, X16 xx.xx.2015-ci il tarixdən, X17 xx.xx.2015-ci il tarixdən ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas olmuş sənədlərin saxlanma müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən məhkəməyə göndərilməsi mümkün deyildir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********83 nömrəli məktubu ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Musa Bayramov (əvvəllər R.Axundov) küçəsi, ev 18A, mənzil 1 ünvanı ilə bağlı arxiv qovluğu məhkəməyə təqdim edilmişdir. Məktuba qoşma kimi əlavə edilmiş - xx.xx.2019-cu il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi”nin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə ölmüş X11 vərəsələri: ünvan 1 ünvanına yaşayanlar: arvadı – İddiaçı Ziyət qızının, oğlu – X4, oğlu – X7, oğlu – X12 və ünvan 3 ünvanında yaşayan qızı – X6 hər biri miras əmlakdan bərabər şəkildə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.1994-cü il tarixdə mərhum X19 verilmiş 30/30995 qeydəalma nömrəsi ilə 210 nömrəli kitabın 30995 səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, R.Axundov (hazırda Musa Bayramov) küçəsi, ev 18A, mənzil 1 ünvanında yerləşən mənzildən ibarətdir. - xx.xx.2019-cu il tarixli “miras paya sərəncam verilməsinə dair müqavilə”nin təsdiq olunmuş surətindən görünür ki, birinci tərəflər - X21, X22, X25, X13, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, R.Axundov (hazırda Musa Bayramov) küçəsi, ev 18A, mənzil 1 ünvanında yerləşən mənzildən onlara düşən vərəsəlik paylarını ikinci tərəf – anaları İddiaçı bağışlamışlar. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan Sabunçu RPİ-nin xx.xx.2023-cü il tarixli 3-13-49/2-Ş-32681/11/23 saylı cavab məktubunda qeyd olunmuşdur ki, vətəndaş X15, X26, X23, X16 və X5 ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılmaları Sabunçu RPİ-nin QMB-nin səlahiyyətləri daxilində deyildir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 24.1-ci maddəsinə əsasən, fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir; 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir; 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmənin mövqeyi. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Yuxarıda sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Hazırkı iş üzrə müəyyən edilir ki, üçüncü şəxslər faktiki yaşamadığı və istifadə hüququ olmadığı ünvan üzrə qeydiyyatdadırlar. Məhkəmə qeyd edir ki, qanunun göstərilən maddəsində birbaşa olaraq daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır, lakin bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxsləin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxsin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Beləliklə, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisi ilə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən Qərarında yekunda bu nəticəyə gəlmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Hazırkı işdən də müəyyən olunur ki, üçüncü şəxslər mübahisəli ünvanda qeydiyyatda olsa da onlar faktiki olaraq həmin ünvanda yaşamırlar. Üçüncü şəxslərin göstərilən ünvanda qeydiyyatda olması iddiaçının öz mülkiyyətindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını məhdudlaşdırır. İddiaçının mənzilə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. Belə olan halda üçüncü şəxslər iddiaçıya məxsus mənzilə dair əmlak hüquqları olmayan şəxslər olduğundan mənzilin hazırkı mülkiyyətçisi onların qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh inzibati orqanın isə üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Həmçinin qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxs özünün yeni yaşayış yerləri üzrə və qeydiyyata alına bilərlər. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Üçüncü şəxslər – xx.xx.1992-ci il təvəllüdlü X15, xx.xx.1989-cu il təvəllüdlü X26, xx.xx.1986-cı il təvəllüdlü X23, xx.xx.2011-ci il təvəllüdlü X16 və xx.xx.2008-ci il təvəllüdlü X5 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Musa Bayramov (əvvəllər ünvan 5 ünvanından pasport qeydiyyatından çıxarılmaları öhdəliyi cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-5634/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5634/2024
25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver