Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5635/2021 23.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının vəkili və nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Alim oğlunun cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən ödənilməsi və s” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Alim oğlunun cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən ödənilməsi və s” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh pensiya ödənişini 20.07.2015-ci il tarixədək 25 il staj toplanılmaması əsası ilə dayandırmışdır. Cavabdeh qeyd edir ki, onun pensiya hüququ 15.10.2016-cı il tarixdən yarandığından həmin vaxtdan hesablanaraq ödənilməlidir. İddiaçı hesab edir ki, onun 25 ildən artıq iş stajı 20.07.2015-ci il tarixədək mövcud olduğundan pensiya hüququ da həmin vaxtdan yaranmışdır. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iş stajını təsdiq edən əsas sənəd əmək kitabçası olduğundan və iddiaçının 20.07.2015-ci il tarixədək 25 il stajı olmadığından pensiya hüququ 15.10.2016-cı il tarixdən yarandığından artıq ödəmə müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materialları ilə müəyyən edilir ki, iddiaçıya 20.07.2015-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək, yəni iddiaçının 57 yaşının artıq tamam olduğu tarixdə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) güzəştli peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; 2) ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajları 57 yaşına çatanadək mövcud olmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materialları ilə, o cümlədən cavabdehin imtina məktubu və etirazı ilə müəyyən edilir ki, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə işlərdə 12 il 6 ay iş stajının 57 yaşa çatanadək mövcudluğu işin mübahisələndirilməyən halıdır. Əks halda iddiaçıya 15.10.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası cavabdeh tərəfindən təyin edilməzdi. Beləliklə, hazırkı məhkəmə mübahisəsinin əsası iddiaçının 57 yaşına çatanadək ümumi iş stajının 25 il olub-olmaması ilə bağlıdır. Belə ki, cavabdeh həmin stajın iddiaçının 57 yaşına çatdığı 20.07.2015-ci il tarixdə yox, 15.10.2016-cı il tarixdə yarandığını iddia edir. Məhkəmə də hazırkı vəziyyətdə işin mübahisələndirilən halı ilə aparılan qiymətləndirmə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materialları ilə müəyyən edilir ki, 15.11.1993-cü il tarixdən 01.06.2018-ci il tarixədək qatar tərtibatçısı vəzifəsində çalışmışdır. Göründüyü kimi iddiaçının qatar tərtibatçısı kimi 20.07.2015-ci il tarixədək 21 il 8 ay 6 gün iş stajı olmuşdur. Əmək kitabçasında müəyyən edilmiş həmin iş dövrü ilə bağlı da məhkəmə hesab edir ki, mübahisə mövcud deyil. Belə ki, cavabdeh iş stajını təsdiq edən sənəd kimi əmək kitabçasına istinad edir ki, həmin dövr də məhz əmək kitabçasında qeyd edilmiş məlumatlar əsasında hesablanmışdır. İşin mübahisələndirilən dövrü isə iş materialları ilə müəyyən edilir ki, iddiaçının 15.10.1980-01.09.1992-ci il tarixlərdə növbətçi və yük qəbul edici kimi işlədiyi dövrün nəzərə alınıb-alınmaması ilə bağlıdır. Belə ki, həmin dövr əmək kitabçasında qeyd edilməmişdir. İddiaçı isə iş materiallarında olan arxiv arayışına istinad edərək, həmin dövrün də nəzərə alınmasını xahiş edir. Bundan əlavə, vəsatətlə də məhkəməyə müraciət edərək həmin dövrün yoxlanılmasını xahiş edir. Məhkəmənin müvafiq arxiv idarəsinə müraciəti əsasında daxil olmuş cavab arayışında qeyd edilmişdir ki, iddiaçı 16.10.1980-ci il tarixli əmrlə 15.10.1980-ci il tarixdən növbətçi vəzifəsinə qəbul edilmiş, 01.09.1992-ci il tarixli əmrlə işdən azad edilmişdir. Göründüyü kimi iddiaçının 11 il 10 ay 18 gün iş stajının mövcudluğu arxiv arayışı ilə təsdiq edilmişdir. Beləliklə, arxiv arayışı və əmək kitabçası əsas götürüləcəyi təqdirdə, iddiaçının təhsil və hərbi xidmət dövrünün mövcud olub-olmadığının araşdırılmasına ehtiyac olmadan belə 27.05.2015-ci il tarixədək 25 ildən artıq (33 il 6 ay 24 gün) sığorta stajının mövcudluğu təsdiq ediləcəkdir ki, bu da onun pensiya hüququnun həmin tarixdən yaranması deməkdir. Göründüyü kimi, işin həlledici halı arxiv arayışının iş stajını təsdiq edən sənəd hesab edilib-edilməməsi ilə bağlıdır ki, məhkəmə bununla bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Qanunun əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə görə sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. 01.01.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Normaların məzmunundan göründüyü kimi qanunvericilik yalnız əmək kitabçasına əsasən əmək stajının müəyyən edilməsinə dair imperativ norma nəzərdə tutmamış, həmçinin iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericilik müəyyən sənədlərə əsasən əmək stajının müəyyən edilməsi qaydasını nəzərdə tutduğundan iddiaçının arxiv arayışı ilə təsdiq olunan işlədiyi dövr onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Ali Məhkəmənin İnzibati Kollegiyasının formalaşdırdığı məhkəmə təcrübəsinə görə cavabdehin həmin arayışdakı məlumatları qəbul etməməsi “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinin məqsədinə uyğun deyil. Belə ki, normanın məzmunundan göründüyü kimi, qanunverici 2006-cı il 01 yanvar tarixinədək olan dövrə aid iş stajının dövlət arxivinin arayışları əsasında təsdiqini əmək kitabçasındakı məlumatların mötəbərliyinə nəinki bərabərləşdirmişdir, hətta həmin arayışlardakı məlumatların mötəbərliyinə üstünlük vermişdir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 24.11.2020ci il tarixli, 2-1(102)-2197/2020 nömrəli, 27.04.2021-ci il tarixli 2-1(102)-762/2021 nömrəli və digər oxşar işlər üzrə qəbul etdiyi qərarları ) Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının pensiya hüququ 20.07.2015-ci il tarixədək yarandığından iddia tələbi təmin edilməlidir. AR İPM-nin 52-ci maddəsinə əsasən Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Alim oğluna 20.07.2015-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının həmin tarixdən ödənilməməsi qanunsuz hesab edilsin. İddiaçı Alim oğluna 20.07.2015-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-5635/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5635/2021
23.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver