Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5636/2022 25.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, İmanov Sənan Xalıq oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Gülüstan” Sarayına qarşı əmrin ləğv edilməsi və işə bərpa edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Gülüstan” Sarayına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Gülüstan” sarayının direktoru tərəfindən mühafizə xidmətinin baş mütəxəssisi-mühafizəçisi vəzifəsindən azad olunaraq dövlət qulluğuna xitam verilməsi barədə 29 oktyabr 2021-ci il tarixli, 130 №-li əmrinin ləğv edilib onun həmin vəzifəyə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 25 oktyabr 2005-ci ildən 29 oktyabr 2021-ci ilə kimi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Gülüstan” sarayında əvvəlcə xörəkpaylayan, böyük mütəxəssis, baş mütəxəssis, mühafizə xidmətinin baş mütəxəssisi-mühafizəçisi vəzifələrində işləmişdir. Yaxşı işinə görə 22 iyun 2020-ci ildə ona yardımçı vəzifələrin birinci təsnifatı üzrə dövlət qulluğunun baş referent ixtisas dərəcəsi verilmişdir. Həmişə öz vəzifəsini vicdanla yerinə yetirmişdir. Lakin son aylarda Sarayın direktoru Ramil Qasımovun ona qarşı münasibəti tamam dəyişmiş, onu ərizə yazaraq işdən çıxmaqla hədələmiş, əks halda onu ən ağır maddə ilə işdən çıxarmaqla hədə-qorxu gəlmişdir. Könüllü olaraq ərizə yazıb işdən çıxmadığı üçün direktor ona qanunsuz töhmət vermiş və 29 oktyabr 2021-ci ildə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 25.2.6 və 33.1.6-cı maddələrinə əsasən dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin lazimi şəkildə yerinə yetirilməməsi ilə əlaqədar olaraq ona tutduğu vəzifədən azad edib dövlət qulluğuna xitam verərək ən sərt cəza tədbiri görərək onu işdən azad etmişdir. O həyatının 9 ilini Sarayda vicdanla işləmişdir. Yaxşı işinə görə İşlər İdarəsinin müdirinin 22 iyun 2020-ci il tarixli, 46 №-li əmri ilə ona yardımçı vəzifələrin birinci təsnifatı üzrə dövlət qulluqçusunun baş referenti ixtisas dərəcəsi verilmişdir. Direktor onu işdən çıxararkən “Dövlət qulluğu haqqında” Qanunun 25ci maddəsinin tələblərini kobudcasına pozmuşdur. Belə ki, həmin maddədə dövət qulluqçusu haqqında intizam tənbeh tədbirlərinin 6 növü göstərilmişdir. Onlar ardıcıl olaraq belədir: töhmət, bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması, həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi, daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi, ixtisas dərəcəsinin bir pillə aşağı salınması, dövlət qulluğundan azad edilməsi. Lakin direktor bu 6 cəza növündən ən sonuncusunu və daha sərtini tətbiq edərək onun əmək fəaliyyətini heçə endirmişdir. Bundan başqa direktor onu işdən azad edərkən “Dövlət qulluğu haqqında” Qanunun 25.2-ci maddəsinə istinad etmişdir. Həmin Qanunun 25.2-ci maddəsi ilə bu Qanunun 18, 20 və ya 25.11-ci maddələrinə istinad etməklə tətbiq edilməlidir. Qanunun 18-ci maddəsi 12 hissədən ibarət olmaqla dövlət qulluqçusunun əsas vəzifələrini özündə ehtiva edir. Həmin maddənin heç bir bəndini tələblərini pozmamışdır. Qanunun 20-ci maddəsi dövlət qulluğu ilə əlaqədar məhdudiyyətləri özündə əks etdirməklə 8 növ fəaliyyəti qadağan edir. O, bu qadağaların da heç birini pozmamışdır. Qanunun 25.11-ci maddəsində isə göstərilmişdir ki, dövlət qulluqçusu “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur. Bu hal da onun fəaliyyətində mövcud olmamışdır. Göründüyü kimi direktor qanunun göstərdiyi normalarını kobudcasına pozmuş və onu əsassız yerə işdən azad etmişdir. Ona görə də qanunsuz verilən əmr ləğv olunmalı və o, əvvəlki vəzifəsinə bərpa olunmalıdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, İddiaçı 10 yanvar 2008-ci il tarixdən 01 dekabr 2011-ci il və 03 iyul 2017-ci il tarixdən 29 oktyabr 2021-ci il tarixlərinə qədər “Gülüstan” sarayında işləmişdir. 2020-ci ilin 22 iyun tarixindən dövlət qulluğunun yardımçı vəzifəsi üzrə mühafizəçi vəzifəsinə keçirilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 4-cü bəndinə görə ixtisas dərəcələri dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Eyni Qanunun 17.4-cü maddəsinə əsasən müvafiq yardımçı vəzifələr üçün müəyyən edilmiş ixtisas dərəcələri çərçivəsində növbəti ixtisas dərəcəsi almaq üçün birinci-ikinci təsnifat vəzifələri üçün - ixtisas dərəcəsində qulluq müddəti ardıcıl olaraq 2 il təşkil etməlidir. Göründüyü kimi, vətəndaş İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi ixtisas dərəcəsi iddiaçıya peşəkar və nümunəvi işçi olduğuna görə deyil, müvafiq Qanunun tələbi əsasında dövlət qulluğunda fəaliyyət müddəti nəzərə alınaraq verilmişdir. İddaçı öz iddia ərizəsində bildirir ki, onunla əmək müqaviləsinə xitam verilərkən ən sərt intizam tənbeh tədbiri tətbiq edilmiş və bununla “onun əmək fəaliyyəti heçə endirilmişdir”. Halbuki İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini icra etməməsi səbəbi ilə ona 2021-ci il 30 iyul tarixində töhmət, 2021-ci il 14 sentyabr tarixində sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. 2021-ci ilin 25 oktyabr tarixində isə İddiaçı ona həvalə olunmuş vəzifələri yerinə yetirməməsi və ya lazımi şəkildə yerinə yetirməməsi ilə bağlı barəsində araşdırma aparılması barədə əmr verilmiş və həmin araşdımanın nəticəsində mühafizəçinin əmək müqaviləsində və vəzifə təlimatında qeyd olunmuş vəzifələrini yerinə yetirməməsi faktları aşkar edilmişdir. Bu faktlar işçinin izahatları, Mühafizə xidmətinin rəisinin və kadrlar üzrə məsləhətçinin arayışları və müvafiq videogörüntülərlə sübut olunur. Bununla yanaşı, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 25.2-ci maddəsi dövlət qulluqçusu barəsində həmin maddədə nəzərdə tutulmuş intizam tənbeh tədbirlərindən hər hansı birinin tətbiqini və onun tətbiq edilməsi ardıcıllığını dövlət orqanının səlahiyyətinə aid edir. İddaçı həmçinin iddia edir ki, onunla imzalanmış əmək müqaviləsinə xitam verilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin Qanunun 18-ci maddəsində dövlət qulluqçusunun əsas vəzifələri təsvir edilmişdir. Bu Qanunun 18.0.2 və 18.0.3-cü maddələrində dövlət qulluqçusunun rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli və dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli olduğu qeyd edilməsinə baxmayaraq, iddiaçı həmin müddəanın tələbini pozaraq, iş vaxtı ərzində əmək müqaviləsi üzrə müəyyən edilmiş qulluq vəzifələrini icra etməmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı “Gülüstan” sarayına qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbini əsassız hesab edərək, iddianın rədd edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia ərizəsinə yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li, 06.10.2015-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci ildə Abşeron rayonunda doğulmuşdur. - İddiaçı İddiaçı məxsus ******* №-li, 01.06.2006-cı il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 25.10.2005-ci il tarixdə “Gülüstan” Şadlıq Sarayının Ticarət zalına xörəkpaylayan vəzifəsinə qəbu edilmiş, 17.04.2006-cı il tarixdə “Gülüstan” Sarayının Komendatlığına böyük mütəxəssis-qonaqlara xidmət göstərən vəzifəsinə keçirilmiş, 01.07.2006-cı il tarixdə hərbi xidmətə çağırılması ilə əlaqədar işdən azad edilmiş; 2006-cı ilin iyul ayından 2008-ci ilin yanvar ayınadək Azərbaycan Respublikası Milli Orduda hərbi xidmətdə olmuş; 10.01.2008-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Gülüstan” Sarayının (sektor statusunda) Komendatlığına böyük mütəxəssis-qonaqlara xidmət göstərən vəzifəsinə qəbul edilmiş, 23.06.2008-ci il tarixdə yardımçı vəzifələrin birinci təsnifatı üzrə Dövlət qulluğunun böyük referentı ixtisas dərəcəsi verilmiş, 01.01.2010-cu il tarixdə böyük mütəxəssis qonaqlara xidmət göstərən ştat vahidi baş mütəxəssis-qonaqlara xidmət göstərən ştat vahidi ilə əvəz edilmiş; 01.01.2010-cu il tarixdə baş mütəxəssis-qonaqlara xidmət göstərən vəzifəsinə keçirilmiş və 01.12.2011-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş; 03.07.2017-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Gülüstan” Sarayının İdarə heyətinə 3 aylıq sınaq müdəti ilə böyük mütəxəssis-xəzinədar vəzifəsinə təyin edilmiş; 15.07.2019-cu il tarixdə Sarayın Komendatlığının baş mütəxəssisi-qonaqlara xidmət göstərəni vəzifəsinə keçirilmiş; 19.06.2020-ci il tarixdə mühafizə xidmətinə baş mütəxəssis mühafizəçi vəzifəsinə keçirilmiş; 22.06.2020-ci il tarixdə yardımçı vəzifələrin birinci təsnifatı üzrə Dövlət qulluğunun baş referenti ixtisas dərəcəsi verilmiş və 29.10.2021-ci il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 25.2.6 və 33.1.6-cı maddələrinə əsasən dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrinin lazımi şəkildə yerinə yetirilməməsi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilərək onun dövlət qulluğuna xitam verilmişdir. - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi “Gülüstan” Sarayının 62/2 nömrəli, 30.06.2017-ci il tarixli əmrinin lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, həmin əmrə əsasən İddiaçı 2017-ci il iyulun 03-dən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Gülüstan” Sarayının İdarə heyətinə 3 aylıq sınaq müddəti ilə böyük mütəxəssis-xəzinadar vəzifəsinə təyin edilmişdir. - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi “Gülüstan” Sarayı ilə İddiaçı arasında bağlanmış 03.07.2017-ci il tarixli əmək müqaviləsinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflər arasında əmək müqaviləsi bağlanmış, işçinin əmək funksiyası böyük-mütəxəssis-xəzinadar olmuş, əmək müqaviləsi 03.10.2019-cu ilədək uzadılmışdır. 10.10.2017-ci ildə İddiaçı baş mütəxəssis-qonaqları müşayiət edənin və 19.06.2020-ci ildə baş mütəxəssis-mühafizəçinin vəzifə təlimatları izah olunmuşdur. - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi “Gülüstan” Sarayının 44 nömrəli, 15.07.2019-cu il tarixli əmrinin lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, həmin əmrə əsasən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Gülüstan” sarayının İdarə heyətinin böyük mütəxəssisi-xəzinadarı İddiaçı 2019-cu il iyulun 15-dən Komendatlığının baş mütəxəssisi-qonaqlara xidmət göstərəni vəzifəsinə keçirilmişdir. - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi “Gülüstan” Sarayının 50 nömrəli, 09.06.2020-ci il tarixli əmrinin lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, həmin əmrə əsasən İddiaçı 19 iyun 2020-ci il tarixdən baş mütəxəssis-mühafizəçi vəzifəsinə keçirilmişdir. - Baş mütəxəssis-mühafizəçinin vəzifə təlimatının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, bu təlimat baş mütəxəssis-mühafizəçinin vəzifə öhdəliklərini, hüquqlarını və məsuliyyətini müəyyən edir. Vəzifə borcları: İş vaxtı sarayın bütün ərazisinə nəzarət etməli, gələn qonaqları vaxtı-vaxtında və yüksək səviyyəli xidmətlə müşayiət etməlidir; Sarayın iş rejimini, daxili nizam-intizam qaydalarını, binanın bütün xidmətlərinin yerlərini dəqiq bilməlidir; Saraya daxil olan hər bir şəxsin adını, soyadını və gəlmə vaxtını qeydiyyat jurnalına daxil etməli, sonra maraqlanan şəxsi müşayiət etməlidir; Saraya daxil olanlarla mədəni davranmalı, problem mahiyyətli məsələlər yarananda inzibatçılara müraciət etməlidir; Saraydan ərzaq, əşya, yaxud hər hansi bir ləvazimatın gətirilmə və aparılmasına ciddi nəzarət etməlidir və buna birbaşa məsuliyyət daşıyır; Hər zaman görünüşü və geyimi səliqəli olmalıdır; Sarayın bütün girişlərinin qorunmasına cavabdehdir və təmizliyinə nəzarət etməlidir; Dizayn və tərtibat işləri zamanı saraya ziyan vurulmamasına nəzarət etməlidir; sarayda qayda pozuntusu müşahidə olunarsa, dərhal qarşısı alınmalıdır, bunun üçün bütün yardım xidmətlərin telefon nömrələri kitabçada yazılmalıdır və əzbər bilməlidir; Sarayın daxilində və xaricində quraşdırılmış videokameralarla ötürülən görüntüləri müşahidə etmək, təhlükə yarandıqda ölçü götürmək, işıqlandırma ilə əlaqədar problem yaranarsa, növbətçi elektrikə bildirmək və sarayın rəhbərliyinə məlumat vermək; Fövqalədə hal elan olunduqda, dərhal yanğın şitində qeyd olunan yerə gedib baş vermiş halın qarşısını almaq, əgər yanğın baş vermişsə və yaxud təhlükə yaranmışsa, müdiriyyəti və müvafiq qurumları məlumatlandırmalı, ehtiyac yaranarsa, insanların təxliyyəsinə yardım etməlidir; Gecə növbəsində çalışanların mütəmadi olaraq sarayın bütun sahələrinə nəzarət-baxış keçirməlidir; Şəxsi gigiyena qaydalarına, əməyin qorunması normaları və qaydalarına, daxili nizam-intizam qaydalarına riayət etməlidir; Rəhbərliyin sorğusuna əsasən öz fəaliyyəti çərçivəsində müvafiq izahatlar və məlumatlar təqdim etməlidir; Sarayda fəaliyyətdə olan liftlərin düzgün istifadəsinə cavabdehdir və zərurət yaranarsa mühəndis xidmətinə məlumat verilməlidir; Sarayın bütün sahələrində işçilərin və qonaqların sigaret çəkməmək qaydasına riayət etmələri üçün zəruri, qabaqlayıcı tədbirlər görür; Sarayın qonaqlarından sarayın iş qaydalarına riayət etmələrini tələb etmək, uyğun forma və qiyafələrdə olmalarına nəzarət etməlidirlər. - Azərbaycan Respublikası Prezidentinin İşləri İdarəsi “Gülüstan” Sarayının 30 iyul 2021-ci il tarixli, 73 №-li əmrinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2 “a” bəndini əsas tutaraq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Gülüstan”sarayının Mühafizə xidmətinin baş mütəxəssis-mühafizəçi vəzifəsində işləyən İddiaçı əmək funksiyalarını tam yerinə yetirmədiyinə görə töhmət verilməsi əmr edilmişdir. - Azərbaycan Respublikası Prezidentinin İşləri İdarəsi “Gülüstan” Sarayının aparıcı məsləhətçi-mühafizə xidmətinin rəisi tərəfindən Sarayın direktoruna ünvanlanmış 14.09.2021-ci il tarixli xidməti məktubun lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Mühafizə xidmətinin baş mütəxəssisi – mühafizəçisi İddiaçı 22 avqust 2021-ci il tarixində xidmətdə olarkən saat 09:08-dən 09:30-dək “kamera müşahidə otağı”nda postda yatıb. Bu cür hallar üzrə ay ərzində bir neçə dəfə baş vermiş və həmin mühafizəçidən yazılı izahatlar alınmışdır. Mühafizəçi İddiaçı xidmətə məsuliyyətsiz yanaşır, gecə xidmətində müəyyən postlara çıxamağa qorxur, çətinlik çəkir, nə gündüz, nə də gecə xidmətində ayıq-sayıq xidmət apara bilmir. Mühafizə xidmətinə tam yararsızdır. Mühafizəçi İddiaçı barəsində ciddi tədbir görülməsi xahiş edilmişdir. - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi “Gülüstan” Sarayının 14.09.2021-ci il tarixli, 107 №-li əmrinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin əmrə əsasən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Gülüstan” sarayının Mühafizə xidmətinin baş mütəxəssis-mühafizəçisi İddiaçı sonuncu xəbərdarlıqla, şiddətli töhmət verilmişdir. - Azərbaycan Respublikası Prezidentinin İşləri İdarəsi “Gülüstan” Sarayının aparıcı məsləhətçi-mühafizə xidmətinin rəisi tərəfindən Sarayın direktoruna ünvanlanmış 22.10.2021-ci il tarixli xidməti məktubun lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, mühafizə xidmətinin baş mütəxəssisi-mühafizəçisi İddiaçı 01 oktyabr 2021-ci il saat 11:00-dan 12:00 radələrinə qədər, 04 oktyabr 2021-ci il saat 00:22-dən 06:10-dək fərqli vaxtlarda, 16 oktyabr 2021-ci il saat 13:18-dən 13:40-dək, 22 oktyabr 2021-ci il tarixində 05:08-dən 07:30-dək ayrı-ayrı vaxtlarda müşahidə otağı və şlaqbaum yerləşən postlarda yatıb. Bu cür hallar ay ərzində bir neçə dəfə təkrarlanmış və həmin mühafızəçidən yazılı izahatlar alınmışdır. Baş mütəxəssis-mühafizəçi İddiaçı xidmətə məsuliyyətsiz yanaşır. Gündüz və yaxud gecə xidmətində ayıq-sayıq xidmət apara bilmir, ciddi səhvlərə yol verir. Onun buraxdığı səhvlər nəticəsində onların apardığı xidmətə ciddi ziyan dəyir. İddiaçı mühafizə ximdətinə tam yararsızdır. Yuxarıdakıları nəzərə alaraq baş mütəxəssismühafizəçi İddiaçı dair tədbir görülməsi xahiş edilmişdir. - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi “Gülüstan” Sarayının 25 oktyabr 2021-ci il tarixli, 127 №-li, “Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi ilə bağlı araşdırılma aparılması haqqında” əmrinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Gülüstan” Sarayının baş mütəxəssisimühafizəçisi İddiaçı ona həvalə olunmuş vəzifələrini yerinə yetirilməsi və ya lazımı şəkildə yerinə yetirməməsi ilə bağlı barəsində araşdırmanın aparılması, İdarə heyətinin məsləhətçisi-kadrlar üzrə X4 araşdırmanın aparılmasını və nəticəsi barədə məlumatların aidiyyəti üzrə təqdim edilməsini təmin etməsi, İddiaçı araşdırma ilə bağlı yazılı izahatın alınmasının məsləhətçisi-kadrlar üzrə X3 həvalə edilməsi əmr edilmişdir. - Məsləhətçisi-kadrlar üzrə X4 tərəfindən tərtib olunmuş “Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi ilə bağlı araşdırılma aparılması haqqında” Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi “Gülüstan” Sarayının direktorunun 25 oktyabr 2021-ci il tarixli, 127 nömrəli əmrinin icrası ilə əlaqədar aparılmış xidməti araşdırmanın nəticəsi ilə bağlı 27.10.2021-ci il tarixli arayışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, əmrin icrası ilə bağlı tərəfindən xidməti araşdırma aparılmışdır. Araşdırmanın nəticəsi olaraq bildirilir ki, mühafizə xidmətinin baş mütəxəssisi-mühafizəçisi İddiaçı həqiqətən də 01 oktyabr 2021-ci il tarixində saat 11:00-dan 12:00-a qədər, 04 oktyabr 2021-ci il tarixində saat 00:22-dən 06:10-dək fərqli vaxtlarda, 16 oktyabr 2021-ci il tarixində saat 13:18-dən 13:40-dək, 22 oktyabr 2021-ci il tarixində 05:08-dən 07:30-dək xidmətdə olarkən qeyd edilən vaxtlarda müşahidə otağı və şlaqbaum yerləşən postlarda yatmışdır. Qeyd edilən halların təsdiqi videokamera görüntülərində öz əksini tapmışdır. Həminin İddiaçı alınmış izahatda o qeyd edilən vaxtlarda növbə zamanı posta yatmasını etiraf etmişdir. Eyni zamanda sözügedən məsələ ilə bağlı qeyd etmək istəyirlər ki, İddiaçı ilə bağlı bu hal ilk hal deyildir. Belə ki, İddiaçı mütəmadi olaraq saatından asılı olmayaraq həvalə olunmuş postda yatır, işində səhlənkarlıq edir və ona tapşırılan vəzifələrin öhdəsindən gələ bilmir. Bundan əlavə İddiaçı tərəfindən əmək intizamının pozulması ilə əlaqədar tərəfindən onunla bir neçə dəfə danışıqlar aparılmış, lakin həmin danışıqlar heç bir nəticə verməmişdir. O işinə qeyri-ciddi yanaşmaqda davam etmişdir. Məlumat üçün bildirir ki, İddiaçı barəsində 30 iyul 2021-ci il tarixində töhmət, 14 sentyabr 2021-ci il tarixində isə sonuncu xəbərdarlıq ilə şiddətli töhmət intizam tənbehi tədbiri tətbiq edilmişdir. - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Gülüstan" Sarayı tərəfindən verilmiş 29.10.2021-ci il tarixli, 130 №-li əmrin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Gülüstan" Sarayının Mühafizə xidmətinin baş mütəxəssisi-mühafizəçisi İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 25.2.6 və 33.1.6-cı maddələrinə əsasən dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin lazımi şəkildə yerinə yetirilməməsi ilə əlaqədar olaraq, 2021-ci il oktyabrın 29-dan tutduğu vəzifədən azad edilərək, onun dövlət qulluğuna xitam verilmişdir. - Son haqq-hesab cədvəlindən görünür ki, İddiaçı 2021-ci ilin oktyabr ayı üçün mühafizə xidmətinin mühafizəçisi vəzifəsində işlədiyi günlərə görə 1.519,42 manat məbləğində vəsait ödənilmişdir. - İddiaçı tərəfindən verilmiş 28.07.2021-ci il tarixli, 02.08.2021-ci il tarixli, 04.08.2021ci il tarixli, 05.08.2021-ci il tarixli, 08.08.2021-ci il tarixli, 14.08.2021-ci il tarixli, 16.08.2021ci il tarixli, 13.09.2021-ci il tarixli, 17.09.2021-ci il tarixli, 18.09.2021-ci il tarixli, 01.10.2021ci il tarixli, 04.10.2021-ci il tarixli,16.10.2021-ci il tarixli, 22.10.2021-ci il tarixli yazılı izahatların lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı xidmətdə yol verdiyi qusurlarla bağlı müxtəlif məzmunlu izahatlar vermişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 03.07.2017-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Gülüstan” Sarayının İdarə heyətinə 3 aylıq sınaq müddəti ilə böyük mütəxəssis-xəzinadar vəzifəsinə təyin edilmiş, 2019-cu il iyulun 15-dən Komendatlığının baş mütəxəssisi-qonaqlara xidmət göstərəni vəzifəsinə keçirilmiş, 19 iyun 2020-ci il tarixdən baş mütəxəssis-mühafizəçi vəzifəsinə keçirilmişdir. Baş mütəxəssis-mühafizəçi kimi əmək fəaliyyətini icra etdiyi müddət ərzində kamera müşahidə otağında yatması, COVİD-19 pandemiyası ilə bağlı test keçirilməməsi, işə məsuliyyətli yanaşması ilə bağlı çoxsaylı izahatları alınmışdır. Azərbaycan Respublikası Prezidentinin İşləri İdarəsi “Gülüstan” Sarayının 30 iyul 2021-ci il tarixli, 73 №-li əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2 “a” bəndinə əsas olaraq İddiaçı əmək funksiyalarını tam yerinə yetirmədiyinə görə töhmət verilmişdir. Bundan sonra iddiaçının “kamera müşahidə otağı”nda postda yatması, bu cür hallar üzrə ay ərzində bir neçə dəfə baş verdiyi və həmin mühafizəçidən yazılı izahat alındığı barədə rəhbərliyə xidməti məktub ünvanlanmış və nəticədə ona xəbərdarlıq edilərək, şiddətli töhmətin verilməsi barədə əmr verilmişdir. Bundan sonra iddiaçı tərəfindən əmək vəzifələrinin icrası ilə əlaqədar uyğunsuzluğa yol verilməsi səbəbi ilə yenidən izahatlar alınmış, bunun nəticəsində isə barəsində araşdırmanın aparılması əmr edilmişdir. Nəticə etibarı ilə 29.10.2021-ci il tarixli, 130 №-li əmrə əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 25.2.6 və 33.1.6-cı maddələrinə istinad edilməklə dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin lazımi şəkildə yerinə yetirilməməsi ilə əlaqədar olaraq, 2021-ci il oktyabrın 29-dan tutduğu vəzifədən azad edilmiş və dövlət qulluğuna xitam verilmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş əmrin ləğv edilməsini xahiş edir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. - 25.2-ci maddəsində əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. - 25.3-cü maddəsinə əsasən bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. - 25.6-cı maddəsinə əsasən bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. - 25.11-ci maddəsinə əsasən, dövlət qulluqçusu «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur. - 33.1-ci maddəsinə əsasən bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə dövlət qulluğuna xitam verilə bilər. Qeyd edilən normaların tələbindən göründüyü kimi dövlət qulluqçusu tərəfindən dövlət qulluqçusu vəzifələrinin icrası zamanı kobud və ya mütəmadi pozuntulara yol verildikdə və qanunla nəzərdə tutulmuş məhdudiyyətlərə əməl olunmadıqda dövlət qulluqçusu dövlət qulluğundan azad edilə bilər və bu halda onun dövlət qulluğuna xitam verilir Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci bəndinə əsasən, bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: - (e) işçi tərəfindən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi. Göründüyü kimi qanunvericilik əmək vəzifələrinin kobud şəkildə pozulması hallarından biri kimi işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquqpozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsini göstərmişdir. İşəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyi dedikdə, onların qanunla müəyyən edilən və mühafizə olunan şəxsi, əmlak və işgüzar nüfuzu ilə bağlı olan tələbatları başa düşülməlidir. Başqa sözlə, işçi tərəfindən yol verilmiş səhvlər nəticəsində işəgötürənin qanuni mənafeyinə, yəni şəxsi, əmlak və işgüzar nüfuzuna ciddi xələl gətirilməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 18-ci maddəsinə əsasən dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: -18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirmək; -18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirmək; - 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etmək. İstinad olunan Qanunun tələblərinə görə qanunvericiliyin və normativ hüquqi aktların həyata keçirilməsi, rəhbərlik tərəfindən verilmiş göstərişlərin yerinə yetirilməsi və dövlət orqanında müəyyən olunmuş daxili qaydalara əməl edilməsi dövlət qulluqçularının vəzifələrinə aid edilmişdir. Dövlət qulluqçuları xüsusi kateqoriya hesab olunan, dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Nəzərə alınmalıdır ki, bu xüsusi kateqoriyaya aid olan şəxslər bilavasitə dövlət orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Vəzifə dövlət qulluqçusunun xidməti vəzifələrini, hüquqların dairəsini və məsuliyyətin həddini, onun peşə hazırlığına aid olan tələbləri müəyyən edir. Göründüyü kimi dövlət qulluqçu xüsusi kateqoriyaya olan əməkdaş olaraq nizam intizama riayət etməli, dövlət orqanına xələl gətirən hərəkətlər etməməli, ən əsası dövlət orqanın qanuni mənafeyini qorumalı və bu istiqamətdə vəzifəsindən irəli gələn əmək funksiyalarını vaxtı-vaxtında icra etməlidir. İşin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının tutduğu vəzifənin icrası ilə bağlı aparılmış yoxlama nəticəsində aşkar edilmiş pozuntular onun mühafizə xidmətinin baş mütəxəssisi-mühafizəçisi vəzifəsində işlədiyi müddət ərzində 01 oktyabr 2021-ci il tarixində saat 11:00-dan 12:00-a qədər, 04 oktyabr 2021-ci il tarixində saat 00:22-dən 06:10-dək fərqli vaxtlarda,16 oktyabr 2021-ci il tarixində saat 13:18-dən 13:40-dək, 22 oktyabr 2021-ci il tarixində 05:08- dən 07:30-dək xidmətdə olarkən qeyd edilən vaxtlarda müşahidə otağı və şlaqbaum yerləşən postlarda yatmasından, həmçinin işində səhlənkarlıq və ona tapşırılan vəzifələrin öhdəsindən gələ bilməməsindən ibarət olmuşdur. Göründüyü kimi iddiaçının xidməti vəzifəsinin icrası ilə bağlı yol verdiyi nöqsanlar xidmətin qarşısında qoyulan məqsədlərin və vəzifələrin tələb olunan səviyyədə yerinə yetirilməsinə yönəlməmişdir və bu istiqamətdə kobud pozuntu xarakteri daşıyır. Belə ki, iddiaçı mühafizə xidmətinin baş mütəxəssisi-mühafizəçisi vəzifəsinə keçirilərkən icra edəcəyi əmək funksiyalarından və iş rejimindən xəbərdar olmuşdur. İnzibati icraat materiallarına əlavə olunmuş vəzifə təlimatlarından görünür ki, baş mütəxəssis-mühafizəçi iş vaxtı sarayın bütün ərazisinə nəzarət etməli, gələn qonaqları vaxtı-vaxtında və yüksək səviyyəli xidmətlə müşayiət etməli, sarayın iş rejimini dəqiq bilməli, gecə növbəsində çalışanların mütəmadi olaraq sarayın bütün sahələrinə nəzarətbaxış keçirilməli; sarayın bütün girişlərinin qorunmasına və təmizliyinə nəzarət etməlidir. Göründüyü bu sahədə işləyən əməkdaşın əmək funksiyaları bilavasitə sarayın təhlükəsizliyinin təmini və nəzarəti ilə bağlıdır. Vəzifə təlimatında xüsusi ilə qeyd olunmuşdur ki, baş mütəxəssis-mühafizəçi sarayın təhlükəsizliyini, həmçinin gecə növbəsində işləyən əməkdaşlara nəzarət-baxış keçirməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı vəzifə təlimatlarını (təlimatı imzalamışdır) bildiyi halda, vəzifə təlimatından irəli gələn əmək funksiyalarının icrasına səhlənkar yanaşaraq, iş rejimi müddətində yatmış, sarayın təhlükəsizliyinə nəzarət etməmişdir. Bunu öz iradə ifadəsi ilə yazdığı izahatda nümayiş etdirmiş, bu görüntülər video disk daşıyıcısında aşkar olunmuşdur. Göründüyü kimi iddiaçının dəfələrlə əmək funksiyalarının düzgün icra etməməsi bir çox sübutlar ilə təsdiq olunur. Məhkəmə iddiaçının “cavabdeh tərəfindən digər intizam tənbeh tədbirinin seçməli olmasına” münasibətdə qeyd etmək istəyir ki, qüvvədə olan və dövlət qulluğu münasibətlərinə tənzimləyən qanunvericiliyin müddəalarından görünür ki, qanunvericilik altı (6) növ üzrə intizam tənbeh tədbirini müəyyən etmişdir ki, bunlardan biri də dövlət qulluğundan azad edilmə ilə bağlıdır. Əlbəttə nəzərə alınmalıdır ki, qanunvericilik 6 altı növdə olan intizam tənbeh tədbirlərinin hamsının tətbiq edilməsini və ya ardıcıl olaraq həyata keçirilməsini imperativliyini şərtləndirməmişdir. Əksinə elə bir norma əlavə etmişdir ki, əgər vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə onun barəsində “dövlət qulluğundan azad edilməsi” növündə inzibati tənbeh tədbiri tətbiq oluna bilər. Hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən inzibati icraat düzgün və dəqiq araşdırılmışdır. Belə ki, inzibati orqan ilkin olaraq “dövlət qulluğundan azad edilmə” növündə inzibati tənbeh növünü seçməmiş, əksinə iddiaçıdan izahatlar almış, bundan sonra ona mərhələli olaraq töhmət, şiddətli töhmət vermişdir. Göründüyü kimi inzibati orqan zəncirvari mexanizm əsasında inzibati tənbeh tədbirlərinin növünü seçərək iddiaçının dəfələrlə əmək funksiyalarının düzgün icra etməsi, həmçinin icra etdiyi vəzifə üzrə daha məsuliyyətli olması üçün imkan yaratmışdır. Buna baxmayaraq iddiaçı ona yaradılan imkanlardan istifadə etməmiş, vəzifə təlimatından irəli gələn funksiyalarını düzgün icra etməmiş, bununla da ona “dövlət qulluğundan azad olunma” ilə bağlı intizam tənbeh tədbiri tətbiq olunmuşdur. Yuxarıda qeyd olunanlara əsaəsən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində mübahisəli əmr qəbul edilərkən qanunvericiliyin normalarına riayət edilmiş, hər hansı bir maddi hüquq normalarının düzgün tətbiq edilməməsi halı müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirili - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın qəbul etdiyi qərar qanuna zidd olmadığından və iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-5636/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5636/2022
25.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver