Məhkəmə qərarları › İş №2-1(112)-5639/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5639/2022

25.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5639/2022 25.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlu, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respubliikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bilgəh Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “hüquqların dövlət qeydiyyatına alınaraq reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 4 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, X3 ərazisi, Mir Cəlal küçəsi döngə 2, ev 4 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,303 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 10.01.2022-ci il tarixli 2-1(118)-694/2022 saylı qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İnzibati iş Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 8.1.1-ci maddəsinə əsasən ərazi aidiyyəti üzrə göndərilərkən, torpaq sahəsinin faktiki olaraq Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində yerləşməsinə istinad olunmuşdur. İş Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra iddiaçı “əsl olmayan tərəfin əvəz edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı iş üzrə əsl olmayan cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən əsl olmayan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 4 saylı Bakı Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz olunaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər və üçüncü şəxs işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair **********85 №li 25.05.2022-ci il tarixli etirazda göstərilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, iddia tələbi ilə bağlı iddiaçının 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciəti daxil olmamışdır. Sözügedən daşınmaz əmlaka 08.04.2022-ci il tarixdə yerində aparılmış müayinə (baxış) zamanı və elektron kadaastr baza məlumatlarəna əsasən müəyyən edilmişdir ki, qeyd olunan ərazi Abşeron İnzibati ərazi vahidinin sərhədləri daxilində yerləşir. Həmçinin, X3 əraziləridir. Belə ki, qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinə dair X2 və Torpaq sahəsinin planı və ölçüsünün verilməsi 1 saylı Bakı Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Sumqayıt İnzibati Məhkəməsi tərəfindən işin Bakı İnzibati Məhkəməsinə aidiyyəti üzrə göndərilməsi İPM-nin tələblərinə uyğun olmamışdır. Belə ki, İPM-in 8.1.1-ci maddəsinə əsasən, daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Normanın mənasına görə, qanunverici daşınmaz əmlak, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə müstəsna aidiyyət qaydası müəyyən etmişdir və bu qaydaya görə belə mübahisəyə yalnız həmin ərazinin olduğu yerin məhkəməsi baxmağa səlahiyyətlidir. Bu qayda ərazi ilə bağlı olan mübahisə predmetinin və məhkəmənin ərazi baxımından zəruri olan yaxınlığını təmin edir. Eyni zamanda ərazi aidiyyətinin məhz daşınmaz əmlakın olduğu yer üzrə müəyyən edilməsi məhkəmənin daşınmaz əşyanın yerində müayinəsi də daxil olmaqla, həmin əmlakla bağlı müvafiq sübutların operativ və daha əliverişli qaydada əldə edilməsinin təmininə xidmət edir. Sadalanan hərəkətləri ən qısa müddətdə, ən çevik şəkildə və ən etibarlı formada daşınmaz əşyanın olduğu yerin məhkəməsi həyata keçirə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Sumqayıt İnzibati Məhkəməsi tərəfindən ərazi aidiyyətinin müəyyən edilməsi üçün haqlı olaraq İPM-in 8.1.1-ci maddəsinə istinad olunsa da, hər hansı sənədə istinad edilmədən torpaq sahəsinin faktiki olaraq Sabunçu rayonu ərazisində yerləşməsi ilə bağlı gəldiyi qənaət doğru olmamışdır. Məhkəmə qeyd edir ki, İPM-in 8.1.1-ci maddəsinə əsasən inzibati işin ərazi aidiyyətinin müəyyən edilməsi üçün, daşınmaz əmlakın inzibati ərazi bölgüsünə əsasən aid olduğu yeri təyin etmək zəruridir. Azərbaycan Respubliikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair münasibət (etiraz) göründüyü kimi, mübahisə predmeti torpaq sahəsi inzibati ərazi bölgüsünə əsasən Abşeron rayonuna aiddir. “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na görə Abşeron rayonu Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərinə daxildir (17.1-ci bənd). Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, hazırkı iş üzrə səlahiyyətli məhkəmə Bakı İnzibati Məhkəmə deyil, Sumqayıt İnzibati Məhkəməsidir. Odur ki, məhkəmə inzibati iş üzrə fikir ayrılığının həll edilməsi məqsədilə iş materiallarının baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, İPM-in 9.1 və 9.1.3-cü maddələrinə əsasən, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9.1 və 9.1.3-cü maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respubliikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bilgəh Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “hüquqların dövlət qeydiyyatına alınaraq, reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə fikir ayrılığının həll edilməsi məqsədilə iş materialları baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar