Məhkəmə qərarları › İş №2-1(112)-564/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-564/2025

21.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-564/2025 21.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə Xətai rayonu, 2968-2970 saylı məhəllədə inşa edilmiş fərdi yaşayış evinin üzərində İddiaçı adına mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 Xətai Rayon İcra Hakimiyyəti tərəfindən Bakı Avtomobil zavodunda işlədiyi üçün fərdi yaşayış tikmək məqsədi ilə xx.xx.2000-ci il tarixli, 283 saylı Sərəncam verilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialından 13 aprel 2023-cü il tarixli, 3-48-2f/-Ə-02536/2023 saylı arayış bizə təqdim edilmişdir. Bundan sonra tərəfindən cavabdehə müraciət edilsədə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli "daşınmaz əmlakın üzərində hüuquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə" bildiriş göndərilmişdir. Bildirişdə qeyd edilmişdir ki, elektron kadastr məlumatına əsasən təqdim edilmiş yerləşmə cizgisində və tərəfimizdən göstərilən sahənin Bakı Avtomobil zavodunun İşçiləri üçün ayrılmış sahənin ərazi hüdudlarından kənarda yerləşməsinə istinad edilmişdir. Cavabdeh tərəfindən verilmiş imtina qanunsuz və əsassızdır. Belə ki, sözügedən yaşayış sahəsinin ətrafında olan bütün fərdi yaşayış sahələrinin mülkiyyətçilərinə eyni formada şablon imtina verilmiş və həmin şəxslər məhkəməyə müraciət edərək "Çıxarış" almışlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən təqdim edilmiş yerləşmə cizgisində və göstərilən sahə Bakı Avtomobil Zavodunun işçiləri üçün ayrılmış sahənin ərazi hüdudlarından kənarda yerləşir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi (vəkili) xx.xx.2025-ci tarixdə ərizə təqdim edərək, Bakı şəhəri, Xətai rayonu, 2968-2970 saylı məhəllədə yerləşən 0.02 ha ölçülü torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həavlə edilməsi barədə qərar qəbul edilməsini xahş etmişdir. Həmin tarixli qərardadla da iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edil Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli 3-48-2F/2-Ə-02536/2023 nömrəli məktubu ilə təqdim edilmiş Xətai Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 283 nömrəli Sərəncamında göstərilmişdir ki, ətai rayon İcra Hakimiyyətinə, aşağıda adları çəkilən vətəndaşlar müraciət edərək, mənzilinin lerısqal olmasını nəzərə alaraq, onlara rayonun ərazisində fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi Byrılmasını icazə verilməsini xahiş etmişdirlər. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 263 saylı 26.07.99-cu il tarixli sərəncamı ilə Bakı Avtomobil Zavodunun işçiləri üçün fərdi yaşayış evləri tikintisinə ayrılmış 1,5ha torpaq sahəsində fərdi yaşayış evi kintisi üçün torpaq sahəsi ayrılması haqqında zavod müdriyyəti və Həmkarlar komitəsinin və mənzil- məişət komissiyasının birgə iclasının protokolunu təqdim etilmişdirlər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, "Yerli İcra Hakimiyyətləri haqqında" Əsasnaməni rəhbər tutaraq, qərara alınmışdır: Sadıxcan küçəsi ev 27, mənzil 118-də yaşayan X4 0,02ha; rayonun ərazisində Bakı Avtomobil Zavodunun şimali-şərqində zavod işçiləri üçün ayrılmış ərazidən hər birinə torpaq sahəsi ayrılsın və fərdi yaşayış evi tikintisinə icazə verilsin. -İş materiallarına əlavə edilmiş Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023cü il tarixli 171 nömrəli Sərəncamından Çıxarışdan görünür ki, Xətai Rayon İcra Hakimiyyətinə vətəndaş İddiaçı müraciət edərək Bakı Avtomobil Zavodunun şimalşərqində zavod işçiləri üçün ayrılmış ərazidən fərdi yaşayış evinin tikintisi üçün 0.02 ha torpaq sahəsinin ayrılmasına dair Xətai Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli, 283 saylı sərəncamda adının səhv olaraq "Mayıl" əvəzinə "Mail" kimi qeyd olunduğunu bildirərək sərəncamda müvafiq düzəliş aparılmasını xahiş etmişdir. Əsas kimi o, ərizəyə doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surətini, sərəncamdan çıxarışı, Azərbaycan Respublikası Milli Arxivlər İdarəsinin Bakı Filialı tərəfindən təsdiq edilmiş sərəncamın arxiv arayışının surətini əlavə etmişdir. Yuxarıda qeyd olunanları və “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”ni rəhbər tutaraq, Xətai rayonu, Bakı Avtomobil Zavodunun şimal-şərqində zavod işçiləri üçün ayrılmış ərazidən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair Xətia Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli, 283 saylı sərəncamda vətəndaşın adında düzəliş edilərək “Mayıl” kimi oxunulması və sərəncamdan çıxarışın vətəndaş İddiaçı göndərilməsi qərara alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli 3-48-2F/2-09130/2023 nömrəli məktubunda göstərilmişdir ki, Xətai rayon İH-nin arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 283 saylı sərəncamına vətəndaş İddiaçı məxsus cizgi sənədi əlavə edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********53 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2023-cü il tarixli müayinə aktında göstərilmişdir ki, yaşayış sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 115.1 kv.m, faktiki sahəsi 115.2 kv.m, ümumi sahəsi hüquqmüəyyənedici sənəd üzrə 187.7 kv.m, faktiki olaraq 181.3 kv.m, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 200.0 kv.m, faktiki sahəsi 479.7 kv.m təşkil edir. Torpaq sahəsi mişar daşı daxilindədir. 3 tərəfdən qonşu, bir tərəfdən yoldur. Torpaq sahəsinin yerləşmə sxemi faktiki vəziyyətə uyğundur. Lakin baş planın konfiqurasiyası və perimetrik ölçüləri fərqlidir. Fərdi yaşayış evi təqdim edilən layihədəki ölçülərlə uyğun olsada yerləşkənlərin sahələri cüzi fərqlidir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********61 nömrəli məktubunda göstərilmişdir ki, torpaq sahəsi sənəd üzrə 200.0 kv.m, faktiki 479.7 kv.m təşkil edir. Torpaq sahəsinin yol hissəsindən hasardan bir tərəfi 9.20 və digər tərəfdən 8.50 metr aralı məsafədən diametri 650 mm olan 2 ədəd istilik borusu keçir. Həmin məktubla təqdim edilə ortofoto görüntüdən məlum olur ki, iddiaçı tərəfindən iddia olunana torpaq sahəsinin ətrafında **********23, **********19, **********45, **********1, **********6 reyestr nömrəli daşınmaz əmlaklar yerləşir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********02 nömrəli məktubunda göstərilmişdir ki, elektron kadastr məlumatlarına əsasən təqdim edilmiş yerləşmə cizgisində və göstərilən sahə Bakı Avtomobil Zavodunun işçiləri üçün ayrılmış sahənin ərazi hüdudlarından kənarda yerləşir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli **********53 nömrəli imtina məktubunda bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən təqdim edilmiş yerləşmə cizgisində və tərəfinizdən göstərilən sahə Bakı Avtomobil Zavodunun işçiləri üçün ayrılmış sahənin ərazi hüdudlarından kənarda yerləşir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdehə müraciəti təsdiq edən sənədi məhkəməyə təqdm etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə sərəncamları torpaq sahələrinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı işdən müəyyən olunur ki, Xətai Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 283 nömrəli və xx.xx.2023-cü il tarixli 171 nömrəli sərəncamı ilə İddiaçı Bakı Avtomobil Zavodunun şimali-şərqində zavod işçiləri üçün ayrılmış ərazidən 0,02ha ölçüdə torpaq sahəsi ayrılmışdır. Həmin sərəncamla ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi rayon icra hakimiyyətinin memarı tərəfindən tərtib edilmiş, cizgi rayon icra hakimiyyətinə aid möhürü ilə təsdiq edilmişdir. Həmçinin, cavabdehin mütəxəsissləri tərəfindən yerində baxış edilərək torpaq sahəsinin faktiki ölçüləri, yerləşmə koordinatları müəyyən edilmiş, göstərilən torpaq sahəsinin əsasən faktiki vəziyyətə təqdim edilmiş yerləşmə cizgisinə uyğun olduğu qeyd edilmişdir. Cavabdehin imtina dəlili ondan ibarətdir ki, yerləşmə cizgisində iddiaçı tərəfindən göstərilən sahə Bakı Avtomobil Zavodunun işçiləri üçün ayrılmış sahənin ərazi hüdudlarından kənarda yerləşir. Məhkəmə cavabdehin qeyd edilən dəlilini hazırkı iddianın təmin edilməsinə mane olmadığı qənaətinə gəlir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi təəfindən təqdim edilmiş ərazinin ortofoto görüntüsündə İddiaçı tərəfindən iddia olunan faktiki torpaq sahəsinin Bakı Avtomobil Zavodunun işçiləri üçün ayrılmış sahədən kənarda yerləşdiyi öz əksini tapmışdır. Lakin cavabdeh tərəfindən Bakı Avtomobil Zavodunun işçiləri üçün ayrılmış sahənin ayrıc aktı məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda müəyyən olunur ki, sərəncamda ayrılmış torpaq sahəsi məhz Bakı Avtomobil Zavodunun işçiləri üçün ayrılmış sahədən ayrıldığı qeyd edilmiş, yerləşmə cizgisində ayrılmış torpaq sahəsinin yerləşmə mövqeyi öz əksini tapmış, torpaqayıran Xətai rayon İcra Hakimiyyəti sonuncu dəfə xx.xx.2023-cü il tarixli 171 nömrəli sərəncamla ilkin torpaqayırma sənədinə düzəliş edərkən yerləşmə vəziyyəti ilə bağlı etirazını bildirməmiş, bununla da həmin sahənin məhz Bakı Avtomobil Zavodunun işçiləri üçün ayrılmış sahədən ayrıldığını təsdiq etmişdir. Cavadeh də iddia olunan naturada torpaq sahəsinin təqdim edilmiş cizgiyə uyğun yerləşdiyini qəbul etmişdir. Başqa sözlə, iddia olunan torpaq sahəsinə dair səərəncam və sərəncamın tərkib hissəsi olan yerləşmə cizgisi faktiki sahəyə uyğun olduğundan və həmin sənədlər ləğv edilmədiyi, qüvvədə olmaqla mötəbər sənəd hesab edildiyindən cavabdeh tərəfindən istinad edilən Bakı Avtomobil Zavodunun işçiləri üçün ayrılmış sahənin ayrıc aktı, yerləşmə koordinatları təqdim edilmədiyindən məhkəmə hesab edir ki, torpaq sahəsinin Bakı Avtomobil Zavodunun işçiləri üçün ayrılmış sahədən kənarda yerləşməsi dəlili öz təsdiqini tapmamışdır. Məhkəmə bu qənaətə gələrkən xüsusilə o halı da nəzərə alır ki, iddiaçı tərəfindən iddia olunan naturada faktiki torpaq sahəsinin qonşuluğunda yerləşən əmlaklar qeydiyyata alınmış və ortofotogörüntüyə əsasən həmin əmlaklardan iddiaçıya ən yaxın məsafədə yerləşən **********06 reyestr nömrəli torpaq sahəsi ilkin mülkiyyətçi olan X1 adına qeydiyyata alınmışdır. Həmin əmlaka dair cavabdeh tərəfindən xx.xx.2025-ci il tarxidə təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdən məlum olur ki, X2 da iddiaçının ilkin sənədinə oxşar Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixi sərəncamı ilə Bakı Avtomobil Zavodunun işçiləri üçün ayrılmış 1.5 ha torpaq sahəsindən 0.03 ha torpaq sahəsi ayrılmışdır. Göründüyü kimi cavabdeh iddia olunan torpaq sahəsinin Bakı Avtomobil Zavodunun işçiləri üçün ayrılmış sahədən kənarda yerləşdiyini qeyd etsə də iddiaçının qonşuluğunda yerləşən digər torpaq sahəsini Bakı Avtomobil Zavodunun işçiləri üçün ayrılmış sahədən olan torpaq sahəsi kimi qeydə almış və qeydiyyat zamanı həmin torpağın yerləşməsi ilə bağlı hər hansı etiraz dəlili irəli sürməmişdir. Belə olan halda cavabdehin imtina dəlili iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə zidd hesab olunmalıdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, 2968-2970 saylı məhəllədə yerləşən 0.02 ha ölçüdə torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, 2968-2970 saylı məhəllədə yerləşən 0.02 ha ölçüdə torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar