Məhkəmə qərarları › İş №2-1(112)-5643/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5643/2024

13.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5643/2024 13.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, Üçüncü şəxsin vəkili və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X11) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “üçüncü şəxs xx.xx.1961-ci il təvəllüdlü X6 ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması vəzifəsinin Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2023-cü il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 1/2 hissədə onun adına qeydiyyatdan keçirilmişdir və hal-hazırda onun xüsusi mülkiyyətindədir. Mənzilin digər hissədə payçısı X8 onun anası olmuş və vəfat etmişdir. Ona məxsus ev uçub və qəza vəziyyətindədir. Təmir etməyə çox pul lazımdır. Evi satmaq istəyir. Üçüncü şəxs onun evi satmağına mane olur. Müharibə əlilidir və yatmağa yeri yoxdur. 1988-ci ilin dekabr ayından 2 nəfər bu mənzildə yaşayır. Üçüncü şəxs onun xüsusi mülkiyyətində olan evdən qeydiyyatdan çıxarılmalıdır. Həmin şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı cavabdehə müraciət etsə də, həmin şəxsin qeydiyyatdan çıxarılmasından imtina edilmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X11 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında cəlb edilmişdir. Üçüncü şəxs iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı doğma qardaşı olan İddiaçı şəhəri Nizami rayon polis şöbəsinə qarşı daimi pasport qeydiyyatında olduğu Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsindəki 37 №-li evinin 75 saylı mənzilindən “pasport qeydiyyatından çıxarılma” tələbinə dair Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mübahisəli evin 1/2 hissəsinə çıxarış aldığını və həmin evi hazırda satmaq istədiyini, lakin onun qeydiyyatda olduğuna görə evi sata bilmədiyini göstərmişdir. Bakı şəhəri Texnili İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsindən verilmiş 1996-cı ildə verilmiş 154872 №-li qeydiyyat vəsiqəsinə əsasən anası X3 mülkiyyətində olmuşdur. Lakin faktiki olaraq həmin ev onun vəsaiti ilə alınmış, evin ilkin təmiri də onun vəsaiti hesabına aparılmışdır. Məhz buna görə də mərhum anasının öz istəyi və razılığı ilə 2019-cu ildə həmin evə ailə üzvü kimi pasport qeydiyyatına alınmışdır. Eyni zamanda həmin evdə anası ilə faktiki olaraq ümumi tərəsərrüfatı birgə idarə etmişlər. Anası xx.xx.2019-cu ildə vəfat etmiş, lakin son vaxtlara kimi həmin evlə daimi əlaqəli olmuşdur. Anasının vəfatından sonra qardaşının maneçilik törətməsinə görə evdən istifadə edə bilmir. Anasının vəfatından sonra anasından miras qalmış həmin evə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri 50 saylı notariat ofisinə müraciət etmişdir. Notariusun xx.xx.2021-ci il tarixli 2521 saylı məktubu ilə müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinaya əsas olaraq göstərilmişdir ki, miras qoyanın ölüm haqqında şəhadətnaməsində adı “X8” kimi göstərildiyi halda onun doğum haqqında şəhadətnaməsində ana qrafasındakı ad fərqli olmaqla “X7” kimi qeyd olunmuşdur. İddiaçı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mübahisəli evin ½ hissəsinə çıxarış almış, digər ½ hissəsi isə açıq saxlanılmışdır. Hazırda vərəsəlik hüququ haqqında şəhadətnamə və bunun əsasında mübahisəli evin ½ hissəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması ilə əlaqədar əldə etməyi üçün sənədlər toplayır. Hüquqi faktın müəyyən edilməsi ilə əlaqədar hazırda müvafiq sənədləri toplamaqla məşğuldur. Həmçinin ondan başqa bir bacısı da anasının vərəsəsidir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizə ilə bildirilmişdir ki, müharibə əlili olduğu üçün məhkəmədə iştirak edə bilməsə, iştirakı olmadan qərar yazılsın. X11 3 yaşından atasının və ögey anasının himayəsində olmuşdur. Belə ki, X6 öz mənzili var. “Neftçilər” metrostansiyasının yaxınlığı Bəkir Çobanzadə küçəsi ev 33 mənzil 56 (ünvanı dəqiq bilmir). Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili və nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). II. İddianın növü və mümkünlüyü Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. İddia mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 saylı xx.xx.2007-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 3-13-52/2-Ş-48848/11/23 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, “Yaşayış veri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxs yaşayış yeri üzrə aşağıdakı hallarda qeydiyyatdan çıxarılır: yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarınn məlumatına əsasən; azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qeyd olunanları nəzərə alaraq X9 ünvan 3 ünvanından qeydiyyatdan çıxarmaq üçün aidiyyəti üzrə inzibati icraat qaydasında məhkəmə orqanına müraciət etmək tövsiyə edilmişdir. III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 4-in (yeni qaydalarla: AZ 1118, Bakı şəhəri, Nizami rayonu, Əliağa Kürçaylı küçəsi, 1, M5, m3) ½ hissəsi İddiaçı (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il), digər ½ hissə (açıq saxlanılır) X3 (qeydiyyat nömrəsi –) xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-9511/2023 **********11 saylı xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, X6 ünvan 4 ünvanında istifadə hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2023-cü il) arayışa əsasən ünvan 4 X3 xüsusi mülkiyyətindədir. AZ-İİ seriyalı 079096 saylı xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ölmüşdür. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X3 vərəsəsi İddiaçıdur və miras əmlakdan (ünvan 4) ½ hissədə pay almalıdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 50 saylı notariat ofisi tərəfindən X10 ünvanlanmış 2521 saylı xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 50 saylı notariat ofisinə müraciət edərək xx.xx.2019-cu il tarixdə vəfat etmiş anası X2 miras qalmış Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 37 saylı evin 75 saylı mənzilinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Miras qoyanın ölüm haqqında şəhadətnaməsində adı “X8” kimi göstərildiyi halda onun həmin şəxslə qohumluq münasibətlərini təsdiq edən doğum haqqında şəhadətnamənin ana qrafasındakı ad fərqli olmaqla “X7” kimi qeyd olunmuşdur. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 102-ci bəndinə əsasən vərəsələrin miras qoyanla qohumluq və digər münasibətləri vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnamələri, yaş kağızı kitablarından çıxarışlar, qohumluq münasibətlərinin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri ilə sübut edilir. Miras qoyan ilə onun qohumluq münasibətlərini ərizəyə əlavə edilən sənədlər əsasında müəyyən etmək mümkün olmadığından X2 miras qalmış əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkünsüzdür. Miras qoyan ilə qohumluq münasibətlərini təsdiq edən sənədlərdə müvafiq düzəliş edildikdən və yaxud qohumluq münasibətlərini təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edildikdən sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət edə bilər. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin 99 saylı xx.xx.2008-ci il tarixli sərəncamına əsasən İİ qrup hərbi xidmət ilə əlaqədar əlil İddiaçı 1 nəfər ailə tərkibi ilə (özü) imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı xx.xx.2024-cü il tarixli arayışa əsasən X11 ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. IV.Məhkəmənin mövqeyi Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti ev 37 ünvanındakı 75 saylı mənzil iddiaçının anası X4 məxsus olmuşdur və həmin mənzilin ½ hissəsi iddiaçıya miras qalmışdır. Sözügedən mənzilin digər ½ hissədə payı açıq saxlanılır. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə edilən hüquqi mövqeyinə əsasən: ...Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciət edənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur... Azərbaycan Respublikasının Mənzil Məcəlləsindən: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. 30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Məhkəmə nəzərə alır ki, üçüncü şəxs X11 iddiaçının bacısıdır. O, qardaşının maneçilik törətməsinə görə evdən istifadə edə bilmədiyini qeyd edir. xx.xx.2019-cu il tarixdə vəfat etmiş anası X2 miras qalmış Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 37 saylı evin 75 saylı mənzilinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Miras qoyanın ölüm haqqında şəhadətnaməsində adı “X8” kimi göstərildiyi halda onun həmin şəxslə qohumluq münasibətlərini təsdiq edən doğum haqqında şəhadətnamənin ana qrafasındakı ad fərqli olmaqla “X7” kimi qeyd olunmuşdur. Miras qoyan ilə onun qohumluq münasibətlərini ərizəyə əlavə edilən sənədlər əsasında müəyyən etmək mümkün olmadığından X2 miras qalmış əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkünsüz hesab edilmişdir. Hazırda üçüncü şəxs mübahisəli mənzilin digər ½ hissəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması ilə əlaqədar sənədlər topladığını qeyd edir. Məhkəmə hesab edir ki, hazırki halda mənzilin ½ payda hissəsi üçüncü şəxsin mərhum anasının adına açıq saxlanılır, iddiaçının anasına məxsus mübahisəli miras əmlakdan pay əldə etməyə dair müraciəti mövcuddur və hazırki iş üzrə onun məhkəmə həmin yaşayış sahəsindən istifadə hüququ olmayan şəxs olmasını müəyyən etməyə səlahiyyətli deyil. İddiaçı mümkünlük şərtlərinə cavab verən iddia predmeti üzrə inzibati məhkəməyə müraciət etdiyindən arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsini seçmədiyini və konkret halda hüquqi müdafiəyə ehtiyacı olmadığını iddia etmək olmaz. Lakin məhkəmə hesab edir ki, üçüncü şəxs X6 “yaşayış sahəsinə istifadə hüququ olmayan şəxs” hesab olunması barədə qüvvədə olan məhkəmə aktı olmadığından cavabdeh qurumun hazırki imtinası qanunsuz deyil. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Z.Xəlilov küçəsi - 540) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar