Məhkəmə qərarları › İş №2-1(112)-5644/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5644/2022

18.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5644/2022 18.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti, Bakı şəhəri Xətai rayon Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla reyestrdən çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri Xətai rayon Bələdiyyəsinə, Bakı şəhəri İcra Hakimiyyətinə və Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 ilə yaxın istifadəsində olan və faktiki olaraq mövcudluğu əriizəyə etdiyi layihə sənədərinə əsasən təsdiq olunan Bakı şəhəri, Xətai rayonu, Dənizçilik küçəsi 2 ünvanında yerləşən yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədərin və həmin sənədlərə əsasən qeydiyyat vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş və qanuni qüvvədə olan məhkəmə qətnaməsindən də göründüyü kimi , o, 1987-ci ildə keçmiş SSRİ-nin "X3 Raketçi Mühəndisləri" Hərbi Məktəbinə daxil olmuş, 1991-ci ildə Azərbaycana qayıtmışdır. 1991-ci ildən başlayaraq həm yenicə yaranmaqda olan Milli Ordu qurulucuğunda maddi bazaların yaranmasında, Zəngilan rayonunda torpaqların müdafiəsi uğrunda aparılan döyüşlərdə iştirak etmişdir. N saylı hərbi hissənin komandanlığı 1992-ci ilin dekabr ayında onun Dövlət Təltifi ilə mükafatlandırılmağı barəsində Müdafiə Nazirliyinə "Təqdimat" göndərmiş, döyüşlərdə aldığı güllə və qəlpə yaraları nəticəsində 1-ci Qarabağ Müharibəsinin 2-ci qrup Əlili və 44 günlük Vətən Müharibəsinin iştirakçısı olmuşdur. Yaşadıqları rayonu işğal olunduqdan sonra rayon əhalisi Respublikanın bütün ərazisində məskunlaşmışdır. O, da həmin vaxt Bakı şəhəri, Xətai rayonu, Dənizçilik küçəsi 2 ünvanında məskünlaşaraq cəbhə bölgəsinə getmişdir. İndi də 30 ilə yaxındır ki, həmin ünvanda yaşayır. Lakin indiyə qədər həmin mənzil üçün sənəd ala bilmir. Dəfələrlə aidiyyətli orqanlarına müraciət etsə də, məsələnin müsbət həllinə nail ola bilməmişdir. Sonuncu dəfə 27 dekabr 2019-cu il tarixində bu işə aidiyyəti olan, iddia ərizəsində cavabdeh kimi qoyduğu 4 dövlət orqanına eyni vaxtda ərizə ilə müraciət etmişdir. Ərizəsinə "AV GROUP" Layihə Dizayn Mərkəzinin X1 tərəfindən həmin yaşayış sahəsu barəsində tərtib olunan layihəni də əlavə etmişdir. Həmin dövlət orqanlarından ikisi, yəni Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi və Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti müraciətlərinə cavab verməmişdir. Bakı şəhəri, Xətai rayonu, Xətai Rayon Bələdiyyəsi və Bakı Şəhər İcra Hakimiyyəti də müraciətinə cavab vermişlər. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ona göndərilmiş cavabda göstərilmişdir ki, bu məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə müraciət etsin. Xətai Rayon İcra Hakimiyyəti də göründüyü kimi ona heç bir cavab verilməmiş, lakin Xətai Rayon Bələdiyyəsi tərəfindən ona göndərilən imtina cavabı göstərilmişdir. Bələdiyyələr torpağı ancaq hərrac yolu ilə vətəndaşlara verirlər. Halbuki, hərracla torpaqlar 2007-ci ildən sonra verilməyə başlanılmışdır. Həmin torpaq sahəsi istifadəsində olanda isə hələ Bələdiyyələr yaranmamışdır. Ona görə də Xətai Rayon Bələdiyyəsi tərəfindən ona göndərilən imtina məktubu qeyri-qanuni və əsaslandırılmamışdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-nin 13-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya 24 fevral 2021-ci il tarixli məktubla müraciət olunaraq, iddia tələbinin və iddia tələbinə cavab verməli olan inzibati orqanın dəqiqləşdirilməsi təklif olunmuşdur. Sonradan iddiaçı məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi, üçüncü şəxslər qismində Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti, Bakı şəhəri Xətai rayon Bələdiyyəsi göstərilməklə 30 ilə yaxın faktiki istifadəsində olan Dənizçilik küçəsi 2 ünvanında yerləşən yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədlərin və həmin sənədlərə əsasən qeydiyyat vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxslərə təqdim edilmiş və cavabdehdən və üçüncü şəxslərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Üçüncü şəxs Bakı şəhəri Xətai rayon Xətai Bələdiyyəsinin iddiaya dair 22 fevral 2022-ci il tarixli 02/14 saylı etirazında (münasibətində) göstərilmişdir ki, Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”nin 59-cu maddəsinə əsasən fərdi yaşayış evləri, ticarət obyektləri, qarajlar və sair tikililər üçün torpaq sahəsi bələdiyyələrə verilmiş ehtiyat torpaq fondundan ayrılır. Xətai rayon Xətai Bələdiyyəsinə ehtiyat torpaq fondu ayrılmamışdır. Bələdiyyəyə məxsus torpaqların xəritəsi verilməmişdir. Həmçinin bildirirlər ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” 15.03.2002-ci il tarixli 274-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş əsasnaməyə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu və “Bələdiyyələrə dair bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi barədə” 466-İİİQD №-li 23 okyabr 2007-ci il tarixli Qanununa əsasən torpaqlar üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və müsabiqələri vasitəsilə əldə edilə bilər. Göstərilən səbəblərdən bələdiyyə tərəfindən İddiaçı torpaq sahəsi ayrılması məsələsi imkan xaricindədir. Cavabdeh inzibati orqanın və üçüncü şəxslər Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin iddiaya dair etirazı (mülahizə) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmuş iddiaçı, cavabdeh və üçüncü şəxslər nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. İş materiallarında olan; iddiaçıya məxsus AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən və elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1970-ci ildə Zəngilan rayonunda doğulmuş Məmmədov X2 rayonu, M.Əzizbəyov küçəsindən qeydiyyatdadır. Bakı şəhəri Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 66 saylı MKİS-i tərəfindən 09.07.2022-ci il tarixdə verilmiş 947 və 948 saylı arayışlardan görünür ki İddiaçı ünvan 1 ünvanında yerləşən evdə qeydiyyatsız yaşayır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması ilə əlaqədar olduğu nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndinə görə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin: -49-cu maddəsinin 2-ci hissəsinə görə torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. -50-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Həmin maddənin 4-cü bəndinə görə Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən verilir. -51-ci maddəsinin 1-ci bəndinə görə torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. -56-cı maddəsinin: 1-ci bəndinə görə Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. 2-ci bəndinə görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 16-cı maddəsinə əsasən yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 180-ci maddəsinə əsasən: - Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (180.1.). Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (180.2.). Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz (180.3.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. - 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialara uyğun deyil. İddiaçı iddia ərizəsində cavabdeh inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu təsdiq edən heç bir əsas göstərməmişdir. İddiaçı heç bir qanuni əsas olmadan faktiki istifadəsində olan torpaq sahəsində inşa etdiyi yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədlərin və həmin sənədlərə əsasən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir ki, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən hazırki halda qeyd olunan tələblərin təmin olunmaması cavabdeh inzibati orqanın hərəkət və ya hətəkətsizliyi nəticəsində baş verməmişdir. Belə ki, cavabdeh inzibati orqan yalnız mövcud hüquqların qeydə alınmasını həyata keçirən orqandır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-nin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti, Bakı şəhəri Xətai rayon Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla reyestrdən çıxarışın verilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar