Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5644/2023 21.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçı «X9 Redaksiyası» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4, cavabdeh Azərbaycan Respublikasının X3 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, iddiaçı «X9 Redaksiyası» Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının X2rşı “onlayn media redaksiyasının media reyestrinə daxil edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X9 Redaksiyası» Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının X2rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının və onun sahibi olduğu onlayn media redaksiyasının Media Reyestrinə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddiaçının X8 Konvensiyasının 10-cu maddəsi və "Mülki və Siyasi Hüquqlar haqqında" Beynəlxalq Paktın 19-cu maddəsi ilə nəzərdə tutulmuş ifadə azadlığının pozuntusunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı media qurumudur. xx.xx.2014-cü il tarixdə təsis edilmişdir. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan media fəaliyyət növləri ilə məşğul ola bilər. İddiaçı həmçinin "gundemxeber.az" onlayn media redaksiyasının təsisçisidir. İddiaçı 29 noyabr 2022-ci il tarixdə "Media haqqında" 2021-ci il 30 dekabr tarixli Qanuna (bundan sonra "Qanun") və Azərbaycan Respublikası Prezidentinin "Media Reyestrinin aparılması Qaydaları"nın təsdiq edilməsi haqqında" 26 sentyabr 2022-ci il tarixli Fərmanına (bundan sonra "Fərman") əsaslanaraq cavabdehə müraciət etmiş, həm özünün, həm də sahibi olduğu "gundemxeber.az" onlayn media redaksiyasının Media Reyestrinə daxil edilməsini xahiş etmişdir. Cavabdeh 5 dekabr 2022-ci il tarixdə iddiaçının müraciəti üzrə qərar qəbul etmiş, həmin qərarla iddiaçının reyestdə qeydiyyatından imtina olunmuşdur. Cavabdeh müraciətin rədd edilməsini iddiaçının və onun sahibi olduğu "gundemxeber.az" onlayn media redaksiyasının fəaliyyətinin davamlı olmaması ilə əsaslandırmışdır. Agentlik Qanunun 74.1.2-ci maddəsinə və Fərmanın 6.5.2-ci yarımbəndinə istinad etmişdir. Qərarda həmçinin qeyd edilmişdir ki, imtina qərarı verilmiş müraciətlər üzrə Media Reyestrinə daxil edilmək üçün yenidən müraciət edilə bilər. İddiaçı imtina haqqında qərarı aldıqdan sonra sahibi olduğu gundemxeber.az onlayn media resursunun “Media haqqında” Qanunun tələblərinə uyğunluğunu, xüsusilə, fəaliyyətin davamlılığı kriteriyalarına əməl edibetmədiyini bir daha araşdırmış, hər hansı çatışmazılıq müəyyən ediləmişdir. İddiaçı bunun ardınca, 22 dekabr 2022-ci il tarixdə Media Reyestrinə daxil edilməsi üçün yenidən cavabdehə müraciət etmişdir. Cavabdeh yenidən iddiaçının Media Reyestrinə daxil edilməsindən imtina etmişdir. Cavabdehin 29 dekabr 2022-ci il tarixli müvafiq imtina qərarında iddiaçının Media haqqında Qanunun 74.1.3-cü, 74.1-ci, 13.1-ci və 13.2-ci maddələrinə cavab vermədiyini bildirmişdir. Cavabdeh 05 dekabr 2022-ci il tarixli imtina qərarında Media haqqında qanunun aşağıdakı müddəalarına istinad edib, iddia edib ki, iddiaçının fəaliyyəti davamlı deyil: 74.1.2. fəaliyyəti davamlı olmalıdır (müraciət tarixinə qədər media sahəsində fəaliyyət göstərməmiş media subyektləri istisna olmaqla); 60.5. Onlayn media subyekti (redaksiyaları) hər ay 20 (iyirmi) gün ərzində bu Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə əməl etməklə və bu Qanunun 13.3-cii maddəsində göstərilən informasiya istisna olmaqla, gündəlik azı 20 (iyirmi) kütləvi informasiya dərc etdikdə onun fəaliyyəti davamlı hesab olunur. Cavabdeh 29 dekabr 2022-ci il tarixli imtina qərarında iddiaçının digər mediaların materiallarından qanuna uyğun istifadə etməməsinə istinad edib: 13.1. Media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər. 13.2. Abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər. İddiaçının Media Reyestrinə daxil edilməsindən imtina edilməsi hər iki halda əsassızdır. Çünki, birincisi, ümumilikdə Media haqqında qanunun məzmunu qeyrimüəyyəndir, həm də qanun əməl edilməsi praktiki cəhətdən mümkün olmayan tələbləri özündə əhatə edir. İkincisi, cavabdeh imtina ilə bağlı hər iki qərarını lazımi səviyyədə əsaslandırmayıb. İddiaçı cavabdehin imtina qərarını qeyri-hüquqi və əsassız sayır, hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikasının X6” X10 tərəfindən iddiaya dair məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddia tələbi əsassız hesab edilərək bildirilmişdir ki, iddiaçı ərizəsində xx.xx.2022-ci il tarixli R/72 nömrəli və xx.xx.2022-ci il tarixli R/103 nömrəli olmaqla biri digərindən sonra qəbul olunan və özündən əvvəlkinin mübahisələndirilməsini istisna edən iki imtina qərarını mübahisələndirmişdir. X3 sonuncu xx.xx.2022-ci il tarixli R/103 nömrəli qərarı ilə idiaçı tərəfindən təqdim edilmiş sənəd və məlumatlar araşdırılmaqla “X9 redaksiyası” MMC media subyekti və “Gundemxeber.az” onlayn media redaksiyasının Media Reyestrinə daxil edilməsindən imtina olunmuşdur. Belə ki, “X9 Redaksiyası” MMC media subyekti və “Gundemxeber.az" online media redaksiyası “Media haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci və 13.2-ci, 74.1.3-cü maddələrinin, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Media Reyestrinin aparılması Qaydaları”nın 6.5.3-cü yanmbəndinin tələblərinə cavab vermədiyindən imtina haqqında qərar qəbul edilmişdir. Digər tərəfdən, birinci - xx.xx.2022-ci il tarixli R/72 nömrəli qərarla bağlı cavabdeh qeyd edir ki, “X9 Redaksiyası” MMC media subyekti və “Gündemxeber.az” onlayn media redaksiyası reyestrə daxil edilmək üçün xx.xx.2022-ci il tarixdə Agentliyə müraciət etmiş və həmin müraciətə xx.xx.2022-ci il tarixli R/72 saylı Qərarla imtina verilmişdir. Həmin qərarda “Media Reyestrinin aparılması Qaydaları”nın 6.7-ci bəndinə istinad edilməklə qeyd olunmuşdur ki, Reyestrə daxil edilmək üçün müraciət etmiş şəxslərin Reyestrə daxil edilməsindən imtina edildikdə, bu barədə Agentlik tərəfindən əsaslandırılmış qərar qəbul olunur və 5 iş günü müddətində elektron qaydada onlara göndərilir. Bu qərar həmin şəxslərin yenidən müraciətinə mane olmur. Agentliyin yuxarıda adı çəkilən xx.xx.2022-ci il tarixli imtina qərarından sonra iddiaçı xx.xx.2022-ci il tarixdə yenidən reyestrə daxil edilmək üçün Agentliyə müraciət etmişdir. Buradan isə açıq-aşkar aydın olur ki, iddiaçı Agentliyin xx.xx.2022-ci il tarixli Qərarını əsaslı hesab etmiş, nöqsanları aradan qaldırmaq üçün müəyyən müddət fəaliyyət göstərmiş və Reystrə daxil edilmək üçün yenidən Agentliyə müraciət etmişdir. Lakin iddiaçının fəaliyyəti “Media haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda göstərilən 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə uyğun olmadığından xx.xx.2022-ci il tarixdə onun və sahibi olduğu redaksiyanın Reyestrə daxil edilməsindən imtina barədə növbəti Qərar qəbul olunmuşdur. İddiaçının iddia ərizəsində Qanunun yalnız qanun qüvvəyə mindikdən sonra təsis edilən media subyektlərinə aid olması ilə bağlı göstərdiyi xüsusatlarla bağlı xüsusi olaraq bildirilir ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 78.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri bu Qanunda nəzərdə tutulmuş Media Reyestri formalaşdığı tarixdən 6 ay müddətində bu Qanunun 73.6-cı maddəsində nəzərdə tutulmuş qaydada, yəni “Media Reyestrinin aparılması Qaydaları”na uyğun olaraq X5 müraciət etməlidir. Qeyd olunan maddə keçid müddəa statusundadır və Qanun qüvvəyə minənə qədər artıq fəalliyyət göstərən media subyektlərinin hüquqi vəziyyəti ilə yeni yaranacaq media subyektlərinin hüquqi vəziyyətinin balanslaşdırılması xarakteri daşıyır. Məhz bu səbəbdən qanunverici “Keçid müddəaları” maddəsini formalaşdırmış və həmin subyektlərə 6 ay ərzində Qanunun tələblərinə uyğunlaşmaq, fəaliyyətlərini bu istiqamətdə qurmaq və bundan sonra Media Reyestrinə müraciət etmək üçün imkan tanımışdır. Beləliklə müəyyən olunur ki, iddiaçının tələbi tamamilə qanunsuzdur, bu tələbin təmin edilməsi üçün heç bir qanuni əsas mövcud deyildir. xx.xx.2022-ci il tarixli R/103 nömrəli qərar X6 tərəfindən qüvvədə olan normalar ilə tam əsaslandırılmış, xx.xx.2022-ci il tarixli R/72 nömrəli qərarın qəbul edilməsinə əsas olmuş səbəblər isə iddiaçı tərəfindən aradan qaldırıldığından xx.xx.2022-ci il tarixli R/103 nömrəli qərarda həmin səbəblər imtina əsası kimi göstərilməmiş, nəticədə həmin qərarın mübahisələndirilməsi əsası ortadan qalxmışdır. İddia ərizəsinin “Media haqqında” Azərbaycan Respublikası Qanununun Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olmaması və iddiaçının Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi və “Mülki və Siyasi Hüquqlar haqqında” Beynəlxalq Paktın 19-cu maddəsi ilə nəzərdə tutulmuş ifadə azadlığının pozuntusunun tanınması hissəsi hazırkı mübahisənin və məhkəmə baxışının predmeti olmadığından həmin hissəyə qiymət verilməsi məhkəmənin mülahizəsinə buraxılır. İddiaçı tərəf sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək «X9 Redaksiyası» Məhdud Məsuliyyətli Cəmiyyətinin və onun sahibi olduğu onlayn media redaksiyasının Media Reyestrinə daxil edilməsindən imtina olunması barədə cavabehin 29 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və «X9 Redaksiyası» Məhdud Məsuliyyətli Cəmiyyətnin və onun sahibi olduğu onlayn media redaksiyasının Media Reyestrinə daxil edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını nəzərdə tutan qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi barədə ərizə qəbul edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun məzmunda izahat verərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda verərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, İddiaçı MMC xx.xx.2014-cü il tarixdə ********** VÖEN dövlət qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikasının X3 05 dekabr 2022-ci il tarixli, R/72 nömrəli qərarından görünür ki, xx.xx.2022-ci il tarixli 00000764 nömrəli müraciət üzrə “X9 Redaksiyası” MMC media subyektinin və “Gündemxeber.az” onlayn media redaksiyasının Media Reyestrinə daxil edilməsindən imtina olunmuşdur. -Azərbaycan Respublikasının X3 29 dekabr 2022-ci il tarixli, R/103 nömrəli qərarından görünür ki, xx.xx.2022-ci il tarixli, 00000825 nömrəli müraciət üzrə “X9 Redaksiyası” MMC media subyektinin və “Gundemxeber.az” onlayn media redaksiyasının fəaliyyətinin “Media haqqında” AR Qanununun 74.1.3-cü, 13.1, 13.2 və AR Prezidentinin xx.xx.2022-ci il tarixli 1846 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Media Reyestrinin aparılması Qaydaları”nın 6.5.3-cü yarımbəndinə uyğun olmaması əsası ilə Media Reyestrinə daxil edilməsindən imtina olunmuşdur. İşin faktiki hallarından görünür ki, iddiaçı «X9 Redaksiyası» Məhdud Məsuliyyətli Cəmiyyətinin və onun sahibi olduğu onlayn media redaksiyası Media Reyestrinə daxil edilməsi üçün cavabdeh Azərbaycan Respublikasının X5 müraciət etmişdir. Lakin cavabdeh qurum müraciət edən şəxsin fəaliyyətinin “Media haqqında” Azərbaycan Respublikası Qanununun 13.1 və 13.2-ci maddələrinin tələblərinə cavab vermədiyi qənaətinə gələrək xx.xx.2022-ci il tarixli, R/103 nömrəli qərarı ilə iddiaçının müvafiq reyestrə daxil edilməsindən imtina etmişdir. Hazırda iddiaçı qeyd olunan qərarı mübahisələndirir və «X9 Redaksiyası» Məhdud Məsuliyyətli Cəmiyyəti media subyekti və “Gundemxeber.az” onlayn media redaksiyasının Media Reyestrinə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, “Media haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.1.2-ci maddəsinə əsasən media – kütləvi informasiyanın dövri və ya müntəzəm olaraq dərc olunmasını və (və ya) yayımlanmasını həyata keçirmək üçün istifadə olunan alət və vasitələr, habelə onlar vasitəsilə formalaşan informasiya mühiti; -3.1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasının ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına, həmçinin Azərbaycan Respublikasının hüdudlarından kənarda olan və fəaliyyəti Azərbaycan Respublikasının ərazisinə və əhalisinə istiqamətlənmiş bütün media subyektlərinə, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan Respublikasının ərazisində yayılan hissəsinə, habelə jurnalistlərə şamil edilir. Həmin Qanunun informasiyadan istifadə edilməsi adalanan 13-cü maddəsi: -13.1. Media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər. -13.2. Abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər. -13.3. Bu Qanunun 13.1-ci və 13.2-ci maddələri (istinadla bağlı tələb istisna olmaqla) dövlət orqanları (qurumları) tərəfindən yayılan rəsmi məlumatlara (pressrelizlərə) və informasiya agentliklərinin informasiyasından istifadə hallarına şamil edilmir. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən onlayn media subyektləri – media subyektlərinə aiddir. Həmin Qanunun: -73.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatların sistemləşdirilməsi məqsədilə Media Reyestri yaradılır. -73.5-ci maddəsinə əsasən çap mediası və ya onlayn media subyektləri, informasiya agentlikləri, həmçinin jurnalistlər Media Reyestrinə daxil edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edirlər. -73.6. Media Reyestrinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Həmin Qanunun 74.1-ci maddəsinə əsasən Media Reyestrinə media subyekti kimi daxil edilmək üçün müraciət edən şəxslər aşağıdakı tələblərə cavab verməlidir: ... 74.1.3. fəaliyyəti bu Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə uyğun olmalıdır; ... 74.3. Media Reyestrinə daxil edilmək üçün müraciət etmiş şəxslər bu Qanunun 74.1-ci maddəsinin, jurnalistlər isə bu Qanunun 74.2-ci maddəsinin tələblərinə cavab vermədikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onların Media Reyestrinə daxil edilməsindən imtina edilir. 78.3. Bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri bu Qanunda nəzərdə tutulmuş Media Reyestri formalaşdığı tarixdən 6 (altı) ay müddətində bu Qanunun 73.6-cı maddəsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət etməlidir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli, 1846 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Media Reyestrinin aparılması” Qaydasının (bundan sonra-Qayda): -2.1.1-ci bəndinə əsasən reyestr – Azərbaycan Respublikasının X6 (bundan sonra – Agentlik) tərəfindən idarə olunan, media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatları əks etdirən elektron sənədlər və ya sənədlər toplusundan (sənədləşdirilmiş informasiyadan) ibarət informasiya ehtiyatı; -6.5-ci bəndinə əsasən reyestrə daxil edilmək üçün müraciət etmiş şəxslərin Reyestrə daxil edilməsindən aşağıdakı hallarda imtina olunur: ... 6.5.3. fəaliyyəti Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə uyğun olmadıqda; ... 6.7. Reyestrə daxil edilmək üçün müraciət etmiş şəxslərin, o cümlədən jurnalistlərin Reyestrə daxil edilməsindən imtina edildikdə, bu barədə Agentlik tərəfindən əsaslandırılmış qərar qəbul olunur və 5 (beş) iş günü müddətində elektron qaydada onlara göndərilir. Bu qərar həmin şəxslərin yenidən müraciətinə mane olmur. Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2021-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Medianın X1: 3.1.22-1-3.1.22-3-cü bəndlərinə əsasən media reyestrini formalaşdırmaq, aparmaq, idarə etmək, ondan istifadə edilməsinə və məlumatların mühafizəsinə nəzarət etmək; Media Reyestrinə daxil edilmiş çap mediasının və onlayn medianın redaksiyasının loqotipinin (embleminin) dəyişdirilməsinə razılıq vermək; Media Reyestrinə daxil edilmiş media subyektlərinə Media Reyestri şəhadətnaməsi, jurnalistlərə isə jurnalist vəsiqəsi vermək Agentliyinin vəzifələrinə aiddir. Məhkəmə qeyd edir ki, istinad olunan normalardan göründüyü kimi, media subyektlərinin, o cümlədən onların redaksiyalarının, habelə jurnalistlərə dair məlumatların Media Reyestrinə daxil edilməsi üçün tələblər və imtina əsasları dəqiq müəyyən edilmişdir. Lakin hazırkı mübahisədə iddiaçı tərəfindən “Media haqqında” Qanununun 13.1 və 13.2-ci maddələrinin tələblərinə riayət olunmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçı digər media subyektlərinin informasiyalarına istinad etməklə istifadə etsə də, onunla həmin media subyektləri ilə arasında abunə və ya müqavilənin bağlanmasına dair hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən isə nəzərə alınmalıdır ki iddiaçının yuxarıda adıçəkilən media subyektləri ilə arasında abunə və ya müqavilə bağlanmasa belə, onun tərəfindən istifadə olunan informasiyalar digər media subyektlərinin dərc etdiyi informasiyaların üçdən birindən çox təşkil edir ki, bununla da qanunun 13.2-maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia üzrə məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən bu qənaəti təkzib edən sübutlar məhkəməyə nəinki təqdim edilməmiş, əksinə, qeyd olunan çatışmazlıqarın mövcudluğu, bununla da media subyektinə dair tələblərə əməl edilmədiyi etiraf edilmişdir. İddiaçı tərəf göstərilən nöqsanların aradan qaldırılmasının praktiki cəhətdən mümkün olmadığını bildirsə də, nəzərə alınmalıdır ki, qeyd olunan tələb hazırda qüvvədə olan qanunverciliyin imperativ göstərişidir və həmin tələbə cavab verməyən müraciət müvafiq reyestrə daxil edilməmə ilə nəticələnir. Bu baxımdan, məhkəmə cavabdehin hərəkətlərində qanunsuz imtinanı, bununla da iddiaçının hüquqlarının pozulması halının mövcudluğunu müəyyən etmir. Vurğulanmalıdır ki, istinad olunan Qaydadan göründüyü kimi, imtina qərarının mövcud olması iddiaçıya qanunla tələb olunan şərtlərə əməl etməklə reyestrə daxil edilmək üçün yenidən müraciət etməyə mane olmur. Məhkəmə iddiaçının “Media haqqında” Qanunun yalnız həmin Qanun qüvvəyə mindikdən sonra təsis edilən media subyektlərinə aid olması ilə bağlı dəlili də razılaşmayaraq bildirir ki, “Media haqqında” Qanunun 78.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri bu Qanunda nəzərdə tutulmuş Media Reyestri formalaşdığı tarixdən 6 ay müddətində bu Qanunun 73.6-cı maddəsində nəzərdə tutulmuş qaydada, yəni “Media Reyestrinin aparılması Qaydaları”na uyğun olaraq X5 müraciət etməlidir. Qeyd olunan maddə keçid müddəa statusundadır və Qanun qüvvəyə minənə qədər artıq fəalliyyət göstərən media subyektlərinin hüquqi vəziyyəti ilə yeni yaranacaq media subyektlərinin hüquqi vəziyyətinin balanslaşdırılması xarakteri daşıyır. Məhz bu səbəbdən qanunverici “Keçid müddəaları” maddəsini formalaşdırmış və həmin subyektlərə 6 ay ərzində Qanunun tələblərinə uyğunlaşmaq, fəaliyyətlərini bu istiqamətdə qurmaq və bundan sonra Media Reyestrinə müraciət etmək üçün imkan tanımışdır. Beləliklə, məhkəmə, göstərilənləri ümumiləşdirərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçı media subyektinin (redaksiyasının) Media Reyestrinə daxil edilməsindən imtina edilməsi barədə mübahisələndirilən xx.xx.2022-ci il tarixli, R/103 nömrəli qərarı əsaslı olduğundan, iddia təmin edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-5644/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5644/2023
21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver