Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5645/2021 07.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayənəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “ailə üzvləri ilə birgə mənzil uçotuna götürülməsi vəzifəsinin cavabehə həvalə edilməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:
1. İddiaçı (bundan sonra – İddiaçı) Bakı şəhəri Cavabdehnə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, onun üç nəfər ailə üzvləri ilə birgə ehtiyatda olan hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsini xahiş etmişdir.
2. Cavabdehin B-25-068 nömrəli, 29.03.2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmiş, əsas kimi isə xidməti uyğunsuzluğa görə ehtiyata buraxıldığı səbəbindən “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanununa əsasən mənzillə təmin olunacaq ehtiyata buraxılmış hərbi qulluqçu kimi nəzərdə tutulmadığı göstərilmişdir.
3. Cavabdehin imtinasını qanunsuz hesab edən iddiaçı 09.04.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun üç nəfər ailə üzvləri ilə birgə yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə qəbul olunmağı və ehtiyatda olan zabitlərin mənzil-uçot siyahısına daxil edilməyi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. II. Tərəflərin əsaslandırılması
4. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 06.09.1994-cü il tarixdən 29.04.2018-ci il tarixinədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Daha sonra xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. Hazırda istefada olan mayordur. Dövlət Sərhəd Xidmətində xidmət etdiyi müddət ərzində torpaq sahəsi və mənzillə təmin olunmamışdır.
5. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında imtina məktubunda göstərdiyi dəlillərə istinad etmiş, əlavə olaraq göstərmişdir ki, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanlarına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Cavabdehnə qoyulan bu vəzifənin icra olunması iddiaçı tərəfindən mübahisələndirilmir.
6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun çıxış edərək, tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi S.Rzayev etiraz ərizəsinə uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi
8. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Həmin maddənin 7-ci hissəsinə əsasən yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər.
9. Normanın məzmunundan görünür ki, hərbi qulluqçunun yaşayış sahəsi ilə təmin olunması, buna qədər isə mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilməsi üçün iki şərt tələb olunur: 1. 15 təqvim ili və daha çox xidmət etməsi; 2. yaşayış sahəsinin olmaması. 10.İş materialları ilə İddiaçının 15 təqvim ilindən artıq xidmət etməsi tam sübut olunur. Belə ki, iş materiallarında olan sənədlərdən (AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin, EZ ******* nömrəli hərbi biletin surətləri, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinin 05.04.2021-ci il tarixli, 76 nömrəli arayışı) görünür ki, 1976-cı il təvəllüdlü istefada olan mayor İddiaçı həqiqətən 06.09.1994-cü il tarixdən 04.08.1998-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində, 04.08.1998-ci ildən 29.04.2018-ci il tarixədək Dövlət Sərhəd Xidmətində hərbi xidmətdə olmuş və Dövlət Sərhəd Xidməti rəisinin 0102 saylı 29.04.2018-ci il tarixli əmrinə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon idarəsində hərbi qeydiyyatdadır.
11. Deməli, hazırkı halda İddiaçının yaşayış sahəsi ilə təmin olunması məqsədilə mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilməsi üçün birinci şərt ödənilir. 12.Lakin iddianın təmin edilməsi üçün tələb olunan ikinci şərt, yəni İddiaçının yaşayış sahəsinin olmaması iş üzrə müəyyən edilmir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Bələdiyyəsinin 1043 nömrəli, 22 iyun 2021-ci il tarixli Arayışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olanlar İddiaçı, həyat yoldaşı X1 Bələdiyyəsindən torpaq sahəsi almamışlar.
13. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 09.06.2021-ci il tarixli, **********98 nömrəli məktubuna əsasən iddiaçının adına Azərbaycan Respublikası üzrə hazırda qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Daşınmaz əmlakın dövlət reyestrinin 23.04.2021-ci il tarixli Arayışlarından görünür ki, Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təqdim etdiyi tam olmayan elektron məlumatlar bazasında olan məlumatlara əsasən iddiaçının adına Masallı rayonu, Xıl kəndində yerləşən 0,22 ha kənd təsərrüfatı təyinatlı və 0,10 ha həyətyanı torpaq sahələri müvafiq olaraq JN-576 qeydiyyat nömrəsi ilə 18.09.1998-ci il tarixdə və JN-796A qeydiyyat nömrəsi ilə 31.03.2006-cı il tarixdə qeydiyyata alınmışdır. Həmçinin iddiaçının həyat yoldaşı X2 adına Masallı rayonu, Xıl kəndində yerləşən 1,10 ha kənd təsərrüfatı təyinatlı və 0,16 ha həyətyanı torpaq sahəsi müvafiq olaraq JN-0098 qeydiyyat nömrəsi ilə, 10.09.1998-ci il tarixdə və JN-096A qeydiyyat nömrəsi ilə, 29.03.2006-cı il tarixdə qeydiyyata alınmışdır. 14.Beləliklə, hazırda İddiaçının və onun ailə üzvü olan arvadının adına fərdi yaşayış evinin tikintisinə icazə verən həyətyanı torpaq sahəsinin qeydə alınması müəyyən olunur.
15. Məhkəmə qeyd edir ki, hərbi qulluq haqqında qanunvericilik nə yaşayış sahəsi olmayan şəxslərə kimlərin aid olmasını, nə də həmin şəxslərin mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilməsi qaydasını tənzimləyir. Bu hallar Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə tənzimlənir. Qüvvədə olan Mənzil Məcəlləsinin (bundan sonra –MM): - maddə. 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. - maddə. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. - maddə. 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. - maddə. 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. - maddə. 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. - maddə 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). - maddə 55.1. aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır: 55.1.5. müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə. Sadalanan normalardan görünür ki, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün onun yaşayış sahələrinə ehtiyacı olan şəxslər dairəsinə aid olmalıdır. Bu kateqoriyaya aid olan və uçota alınan şəxsə yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verilirsə, o uçotdan çıxarılır. Yəni həmin şəxs artıq yaşayış sahəsinə ehtiyacı olan hesab edilmir, buna görə də uçotdan çıxarılır. İddiaçının məhəkəmə iclasında təqdim etdiyi sənəddən və izahatdan görünür ki, ona və arvadına müvafiq olaraq Masallı rayonu, Xıl kəndində yerləşən 0,22 ha və 1,10 ha kənd təsərrüfatı təyinatlı və 0,10 ha və 0,16 ha həyətyanı torpaq sahəsi ayrılmışdır.
16. MM-nin: - maddə. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. - maddə 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. - maddə 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. - maddə 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. - maddə 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə.
17. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan qanunvericiliyin məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin edir. Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyacların ödənilməsi üçün köməklik göstərilməsidir.
18. Başqa sözlə, sosial müdafiəyə ehtiyacı olan şəxslərə köməklik göstərilməsinin meyarı onların həqiqətən də bu köməyə ehtiyacı olmasıdır. Hazırkı halda iddiaçıya münasibətdə eyni mövqe ona görə tutulmur ki, o, özünün həqiqətən də sosial müdafiəyə, həyat şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs olmasını sübuta yetirə bilmir.
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
20. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı : İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova