Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5645/2022 29.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X8, üçüncü şəxs X12, üçüncü şəxsin nümayəndəsi və vəkili X13 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X21) “sərəncamın və orderin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X21) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1-in 14 fevral 2001-ci il tarixində X2 verilməsinə dair sərəncamın və qeyd edilən sərəncam əsasında verilmiş 034318 saylı, 26 fevral 2001-ci il tarixli orderin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X17 izahatında bildirdi ki, üçüncü şəxs X21 iddiaçının və ailə üzvlərinin ünvan 1 ünvanında qeydiyyatdan çıxarılmaları barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə tanış olduqda məlum olmuşdur ki, "xxxx" X18 19 saylı, xx.xx.1990-cı il tarixli protokoluna əsasən 73 saylı order ilə iddiaçıya məxsus ünvan 1 ünvanının 14 fevral 2001-ci il tarixində üçüncü şəxsə verilməsinə dair sərəncam verilmiş və qeyd edilən sərəncam əsasında 034318 saylı, 26 fevral 2001-ci il tarixli order verilmişdir. Həmin sənədlər əsasında iddiaçının və ailə üzvlərinin 1990-cı ildən qeyd olunan ünvanda qeydiyyatda olmalarına baxmayaraq, Nərimanov Rayon MKTB-dən iddiaçının adı olmayan xx.xx.2006-ci il tarixli 021605 saylı arayış verilmişdir və buna əsasən iddiaçının razılığı olmadan üçüncü şəxs öz adına daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2006-cı il tarixli çıxarış almışdır. Lakin Nərimanov Rayon MKTB-nin 051262 saylı, xx.xx.2021-cı il tarixli arayışında isə iddiaçının və ailə üzvlərinin adları qeyd edilmiş, bundan əlavə “ASAN xidmət” mərkəzi tərəfindən iddiaçının və ailə üzvlərinin orada qeydiyyatda olmaları barədə xx.xx.2021-ci il tarixli, ******* saylı arayış verilmişdir. Həmin arayışda iddiaçının və ailə üzvlərinin 2000-ci ildən sözügedən ünvanda qeydiyyatda olmaları qeyd edilir. İddiaçının oğlu olaraq onun bu ünvanda qeydiyyatda olmasına baxmayaraq, onun adı orada qeyd edilməmişdir. İddiaçı sözügedən sərəncamın və həmin sərəncam əsasında verilmiş orderin ləğv edilməsinə dair cavabdehə müraciət etsə də, xx.xx.2022-ci il tarixli cavab məktubu ilə iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. Bununla da iddiaçının və ailə üzvlərinin hüquqları kobud şəkildə pozulmuşdur. Üçüncü şəxs iddiaçıya məxsus mənzilə 1994-cü ildə qapını qıraraq özbaşına daxil olmuş və özünü məcburi köçkün kimi təqdim etmişdir. İddiaçı üçüncü şəxsdən mənzili boşaltmasını xahiş etsə də, sonuncu hər dəfə iddiaçıya məcburi köçkün olduğunu və dövlət tərəfindən məcburi köçkünlərə evin ayrılmamasını bildirərək iddiaçıdan möhlət istəmişdir. İddiaçını məhkəməyə verəndən sonra üçüncü şəxsin saxta yollarla sənədlər əldə edərək iddiaçıya məxsus əmlaka qanunsuz sərəncam, order və order əsasında çıxarış aldığı məlum olmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X21 izahatında bildirdi ki, o, "xxxx" Elmi İB-də işləmişdir və Bakı şəhəri, Əlyar Əliyev küçəsi, 43 saylı evin 1 saylı mənzili "xxxx" Elmi İB tərəfindən 67 saylı orderə əsasən ona verilmişdir. Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 89 saylı, xx.xx.2001-ci il tarixli sərəncamına əsasən isə Bakı şəhəri, Əlyar Əliyev küçəsi, 43 saylı evin 1 saylı mənzilinə 4 nəfər ailə üzvü ilə ona daimi order verilmişdir. İddiaçı həmin ünvanda yaşamamışdır. Həmin ünvanda o və ailəsi qeydiyyatda olmaqla yaşamışlar. Hazırda həmin mənzil onun mülkiyyətindədir. Nərimanov Rayon İcra Hakimiyyətinin sərəncamı və orderi qanunidir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili X22 iddia tələbini qəbul etməyərək onun rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X27 izahatında bildirdi ki, Nərimanov Rayon İcra Hakimiyyəti 89 saylı, xx.xx.2001-ci il tarixli sərəncamı və həmin sərəncama əsasən verilmiş xx.xx.2001-ci il tarixli, 034318 saylı order qanunvericiliyin tələblərinə uyğun verilmiş, Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən hər hansı qanun pozuntusu halına yol verilməmişdir. İddia tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur: Ə.Əliyev küçəsi, ev № 43, mənzil 1 ünvana dair mübahisəli yaşayış sahəsi üzrə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli 034318 №-li orderin ləğv edilməsi barədə Nərimanov RİH-ə yazmış olduğunuz ərizəyə tərəfimizdən baxılmışdır. Məlumat üçün bildiririk ki, mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan qanun normalarının və Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydasının Vİ fəslinin tələbləri qaydasında məhkəmə mənzil üçün orderi etibarsız saya bilər. İş materiallarında olan "xxxx" İB-nin müdiriyyəti və həmkarlar komitəsinin xx.xx.1990cı il tarixli 19 nömrəli protokoluna əsasən verilmiş "xxxx" X14 yataqxanasında yaşayış sahəsinin verilməsi barədə 73 saylı orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 həmin müəssisədə işlədiyi müddətdə 5 nəfər ailə tərkibi ilə orada yaşayış sahəsi ilə təmin olunur. Ünvan: Yusifzadə küçəsi, ev 43, mənzil 1. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı, X1, X3 və X4 ünvan 6 ünvanına istifadə hüquqlarının qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022ci il tarixli məktubda qeyd edilir: xx.xx.2022-ci il tarixli, 2-1(112)-5645/2022 saylı sorğunuza əsasən bildiririk ki, Nərimanov rayon İH-nin arxiv fondu üzrə xx.xx.2001-ci il tarixli, 89 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sərəncamda İddiaçı barəsində heç bir məlumat yoxdur. Həmin məktuba əlavə edilmiş Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının “X2 daimi order verilməsi haqqında” 89 saylı, xx.xx.2001-ci il tarixli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 805 saylı sərəncamı ilə Əlyar Əliyev küçəsindəki 43 saylı ünvanda yerləşən "xxxx" İB-nin Bakı Elektrik Termik Avadanlığı zavoduna məxsus olan ailəvi yataqxananın yaşayış fondu balansına götürülməsi və orada yaşayan sakinlərə daimi orderlər verilməsinə razılıq verilmişdir. X5 4 nəfər ailə üzvü ilə (özü, arvadı, qızı, oğlu) Ə.Əliyev küçəsindəki 43 saylı evin yaşayış sahəsi 25,5 kv.m olan 2 otaqlı 1 saylı mənzilində pasport qeydiyyatında olmaqla yaşayır. Vətəndaş A.E.Məmmədov xx.xx.1992-ci il tarixli, 299 saylı sərəncamla 4 nəfər ailə üzvü ilə (özü, arvadı, 2 uşağı) mənzil növbəsinə götürülmüşdür. Vətəndaş A.E.Məmmədov ərizə ilə Nərimanov rayon İcra Hakimiyyətinə müraciət edərək yaşadığı mənzilə ev növbəsindən çıxarılmaq şərtilə daimi order verilməsini xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq Əlyar Əliyev küçəsindəki 43 saylı evin yaşayış sahəsi 25,5 kv.m olan 2 otaqlı 1 saylı mənzilinə 4 nəfər ailə üzvü ilə (özü, arvadı, qızı, oğlu) X2 daimi order verilməsi, orderə özü-1960-ci il təvəllüdlü X21, arvadı 1960-ci il təvəllüdlü X10, oğlu 1986cı il təvəllüdlü X23 və qızı 1992-ci il təvəllüdlü X11 yazılması, vətəndaş A.E.Məmmədovun mənzil növbəsindən çıxarılması qərara alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: ünvan 9 ünvanı ilə bağlı məlumatların, habelə müvafiq sənədlərin təsdiq edilmiş surətinin təqdim edilməsinə dair sorğunuza Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, ünvan 10 ünvanı X12 adına xx.xx.2006-cı il tarixdə ilkin qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Həmin məktuba əlavə edilmiş Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli 89 nömrəli Sərəncamına əsasən verilmiş xx.xx.2001-ci il tarixli, 034318 saylı orderin təsdiq edilmiş surətindən görünür ki, X12 4 nəfər ailə üzvü (özü, arvadı, oğlu, qızı) ilə birlikdə Ə.Əliyev küçəsindəki 43 saylı evin 2 otaqlı 1 saylı mənzilini tutmaq hüququ vardır (Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının “X2 daimi order verilməsi haqqında” 89 saylı, xx.xx.2001-ci il tarixli sərəncamının təsdiq edilmiş surəti də məktuba əlavə edilmişdir). Həmin məktuba əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 20 saylı Mənzil Kommunal İstismarı Sahəsinin xx.xx.2006-ci il tarixli, 021605 saylı arayışının təsdiq edilmiş surətindən görünür ki, X21 özü, həyat yoldaşı, oğlu və qızı olmaqla 4 nəfər ailə tərkibi ilə birlikdə Ə.Əliyev küçəsindəki 43 saylı evin 2 otaqlı 1 saylı mənzilində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: xx.xx.2022-ci il tarixli, 2-1(112)-5645/2022 saylı sorğunuza əsasən bildiririk ki, "xxxx" X14 arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Əlavə olaraq bildiririk ki, vətəndaşlara mənzillərə görə verilən orderlər, o cümlədən vət.İddiaçı "xxxx" X25 tərəfindən verilmiş 79 nömrəli order Dövlət Arxivinin Bakı filialında saxlanılmır. İş materiallarında olan "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: İddiaçı həqiqətən xx.xx.1981-xx.xx.1997 (əmr № 985/ok, 25.11.81) dövr ərzində "xxxx" İstehsalat Birliyinin Bakı X6 (indiki "xxxx" ASC-də) işləyib. Onun adına verilən 73 saylı orderin verilməsinə əsas olmuş sənədlər (bütün həmkarlar komitəsinə aid sənədlər) müəssisənin arxiv sənədləri arasında mövcud deyil. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* saylı Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 43 saylı evin 1 saylı mənzilinə xüsusi mülkiyyət hüququ (tam) X12 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" İB-nin müdiriyyəti və həmkarlar təşkilatının xx.xx.1993cü il tarixli 58 nömrəli protokoluna əsasən verilmiş "xxxx" İstehsalat Birliyinin yataqxanasında yaşayış sahəsi almaq üçün 67 saylı orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X21 həmin müəssisədə işlədiyi müddətdə 4 nəfər ailə tərkibi ilə orada yaşayış sahəsi ilə təmin olunur. Ünvan: Yusifzadə küçəsi, ev 43, mənzil 1. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 32-ci maddəsinin 1-ci və 4-cü bəndlərinə əsasən dövlət mülkiyyətində olan mənzil fondunun, kommunal və yol təsərrüfatının istismarını və müvafiq surətdə idarə olunmasını təşkil etmək, müvafiq sahədə fəaliyyət göstərən müəssisələrin fəaliyyətinə nəzarəti həyata keçirmək; mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotunu aparmaq və dövlət yaşayış fonduna daxil olan binalarda onlara mənzil vermək rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə tərəfindən müəyyən edildi ki, "xxxx" EİB-nin xx.xx.1993-cü il tarixli 58 nömrəli protokoluna əsasən verilmiş "xxxx" EİB-nin yataqxanasında yaşayış sahəsi almaq üçün 67 saylı orderə əsasən üçüncü şəxs X21 həmin müəssisədə işlədiyi müddətdə 4 nəfər ailə tərkibi ilə yaşayış sahəsi ilə (ünvan 1) təmin olunmuşdur. Üçüncü şəxs bu günədək həmin ünvanda ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla yaşayır. Üçüncü şəxs xx.xx.1992-ci il tarixli, 299 saylı sərəncamla 4 nəfər ailə üzvü ilə (özü, arvadı, 2 uşağı) mənzil növbəsinə götürülmüşdür. Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının “X2 daimi order verilməsi haqqında” 89 saylı, xx.xx.2001-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Əlyar Əliyev küçəsindəki 43 saylı evin yaşayış sahəsi 25,5 kv.m olan 2 otaqlı 1 saylı mənzilinə 4 nəfər ailə üzvü ilə (özü, arvadı, qızı, oğlu) X2 daimi order verilməsi, orderə özü, arvadı və iki övladının yazılması və A.E.Məmmədovun mənzil növbəsindən çıxarılması qərara alınmışdır. Daha sonra həmin Sərəncama əsasən X12 adına xx.xx.2001-ci il tarixli, 034318 saylı order verilmişdir (4 nəfər ailə üzvü (özü, arvadı, oğlu, qızı) ilə birlikdə). Hazırda Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 43 saylı evin 1 saylı mənzilinə xüsusi mülkiyyət hüququ (tam) X12 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı qeyd olunan ünvana köçməmişdir və orada yaşamamışdır. Həmin ünvana üçüncü şəxs A.Məmmədov ailə üzvləri ilə birlikdə köçmüş və bu günədək orada qeydiyyatda olmaqla yaşayır. Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən də 89 saylı, xx.xx.2001-ci il tarixli sərəncama əsasən Bakı şəhəri, Əlyar Əliyev küçəsindəki 43 saylı evin 1 saylı mənzilinə 4 nəfər ailə üzvü ilə (özü, arvadı, qızı, oğlu) X2 daimi orderin verilməsi qərara alınmış və həmin Sərəncama əsasən X12 adına xx.xx.2001-ci il tarixli, 034318 saylı order verilmişdir. Göründüyü kimi, mübahisələndirilən sərəncam və order verilərkən Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi halı müəyyən edilmədi. Qeyd olunan sərəncam və orderin ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-5645/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5645/2022
29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver