Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5648/2022 05.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi işə cəlb edilməklə dövlət hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi işə cəlb edilməklə “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli, 28.12.2011-ci il tarixli Fərmanına uyğun olaraq onun dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, avqust 1987-ci il tarixdən 01.08.1992-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində, 01.08.1992-ci il tarixdən 14.08.2014-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi xidmət etmiş və Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmri ilə ehtiyata buraxılmışdır. Təqvim hesabı ilə 27 il 00 ay 13 gün xidmət etmişdir. Xidmətinin 22 ilindən çoxunu Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət keçmişdir. Lakin, hərbi xidmət dövrü yaşayış sahəsi ilə (mənzillə) təmin olunmamışdır. Baxmayaraq ki, onun belə bir hüququ olmuşdur. O, 21.10.2021-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ərizə ilə müraciət edərək “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” (Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi haqqında) Azərbaycan Respblikası Prezidentinin 569 №-li, 28.12.2011-ci il tarixli Fərmanına uyğun olaraq onun dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi barədə göstəriş verilməsini xahiş etmişdir. Lakin, müraciəti cavablandırılmamışdır (Ərizəsinin surəti poçt qəbzi ilə birlikdə iddia ərizəsinə əlavə olunur). Bundan sonra o, 24.11.2021-ci il tarixdə etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə təkrarən eyni xahişlə yenidən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ərizə ilə müraciət etmişdir. 24.11.2021-ci il tarixli müraciəti Azərabycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 07.12.2021-ci il tarixli məktubla baxılaraq cavablandırılması üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi isə bu müraciətini 06.12.2021 -ci il tarixli məktubla baxılaraq cavablandırılması üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə göndərmişdir. Lakin, bu günə qədər onun müraciəti mahiyyəti üzrə baxılaraq cavablandırılmamışdır. Müraciətinin cavablandırılmamasını imtina kimi qiymətləndirir, imtinanı isə əsassız və qanunsuz hesab edir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” (Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi haqqında) Azərbaycan Respublikası Prezidentinin 569 №-li 28.12.2011-ci il tarixli Fərmanında yazılıb: Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Fərmana əsasən o, AR Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidir və bunun üçün də, kifayət qədər əsaslar mövcuddur. Belə ki, 22 ildən çox Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmətdə olmuş, 1-ci dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif olunmuşdur. Bu medalla Azərbaycan Silahlı Qüvvələrinin 20 il və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları təltif olunurlar. Hərbi xidmət dövrü heç vaxt yaşayış sahəsi ilə təmin edilməmişdir. Hərbi xidmət dövrü müxtəlif medallarla təltif olunmuşdur. “Müharibə veteranı”-dır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. “Azərbaycan Respublikası Silahlı Qüvvələri” veteranıdır. Bu medalla Azərbaycan Silahlı Qüvvələrinin 25 il və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları təltif olunurlar. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı idda ərizəsində qeyd etmişdir ki, o, dövlət vəsaiti hesabına mənzillə təmin olunmalıdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər.” Azərbaycan Respublikası Prezidentinin 15.11.2011-ci il tarixli Fərmanı ilə dəyişiklik edilərək, “Azərbaycan Respublikası Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azəbraycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli, 569 nömrəli Fərmanının 3-1.-ci hissəsinə görə: “...” qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2.-ci hissəsində nəzərdə tutulan müddət (məhkumluğun müddəti) istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nzəərdə tutulur.” İddiaçının xidməti isə qüsursuz sayılmadığından mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısına daxl edilə bilməz. İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 152-ci maddəsinin “e” bəndinə görə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxıldığından Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli 569 nğmərli Fərmanı ona şamil edilə bilməz. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 152-ci maddəsinin 4-cü hissəsinə görə: “Xidməti uyğunsuzluğuna, hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törətdiyinə, ya da törətdiyi cinayətlə əlaqədar məhkum olunduğunda görə (hərbi rütbəsindən məhrum edilməyən) həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçulara qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş maddi təminatın güzəştlə verilməsi məhdudlaşdırılır.” Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 xx.xx.1970-ci il təvəllüdlüdür. İşdə olan ərizələrdən və poçt qəbzindən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizələrlə cavabdehə müraciət etmişdir. İşdə olan Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 067t nömrəli, 26 iyun 2003-cü il tarixli əmri ilə verilmiş “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif olunma barədə vəsiqənin surətindən görünür ki, mayor İddiaçı “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə təltif olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 096t nömrəli, 26 iyun 2008-ci il tarixli əmri ilə verilmiş “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı ilə təltif olunma barədə vəsiqənin surətindən görünür ki, polkovnikleytenant İddiaçı “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə təltif olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 091t nömrəli, 24 iyun 2013-cü il tarixli əmri ilə verilmiş “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı ilə təltif olunma barədə vəsiqənin surətindən görünür ki, polkovnikleytenant İddiaçı “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə təltif olunmuşdur. İşdə olan 843 saylı Hərbi hissə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş M/V seriyalı, 016081 nömrəli vəsiqənin surətindən görünür ki, iddiaçıya 13.03.1999-cu il tarixdə “Müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0116t nömrəli, 25 iyun 2013-cü il tarixli əmri ilə verilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri veteranı” medalı ilə təltif olunma barədə vəsiqənin surətindən görünür ki, polkovnik-leytenant İddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələri veteranı” medalı ilə təltif olunmuşdur. İşdə olan İ-673 nömrəli “Azərbaycan Respublikası Medalının vəsiqəsinin” surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 avqust tarixli, 2274 nömrəli sərəncamı ilə İddiaçı “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir. İşdə olan “Hərbi Xidmətdə Fərqlənməyə görə” 1-ci dərəcəli medalla təltif olunma barədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən verilmiş vəsiqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 0263 nömrəli, 16.08.2018-ci il tarixli əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 1-ci dərəcəli medal ilə təltif olunmuşdur. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müvafiq ərizələrlə müraicət etmişdir. Lakin, cavabdeh tərəfindən müraciətləri cavalandırılmamışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq iddianın mahiyyətinə gəlincə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə işin yuxarıda sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 330-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Qüsursuz xidmətə görə” medalı haqqında Əsasnamənin 1-ci bəndinə əsasən “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən “Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır: - “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə; - “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; - “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. 1-ci dərəcəli medal ən ali dərəcəlidir. Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 329-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələr Veteranı” medalı haqqında Əsasnamənin 1ci bəndinə əsasən “Azərbaycan Respublikası Silahlı Qüvvələri veteranı” medalı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri vədigər silahlı birləşmələrində xidmət müddəti də, nəzərə alınmaqla) 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif edilirlər. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi qərara alınmışdır. İşin hallarından göründüyü kimi, cavabdehin iddiaçının müraciətinin təmin edilməməsi ilə bağlı inzibati məhkəmə icraatı zamanı dəlili ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 15.11.2021-ci il tarixli Fəmranı ilə dəyişiklik edilərək, “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli, 569 nömrəli Fərmanının 3-1.-ci hisəssinə görə: “...” “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2.-ci hissəsində nəzərdə tutulan müddət (məhkumluğun müddəti) istisna olmaqal hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur.” İddiaçının xidməti isə qüsursuz sayılmadığından mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısına daxil edilə bilməz. İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 152-ci maddəsinin “e” bədinə görə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxıldığından Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli, 569 nömrəli Fərmanı ona şamil ilə bilməz. Məhkəmə cavabdehin dəlilinə münasibətdə bildirir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Przidentinin 2011-ci 28 dekabr tarixli, 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2021-ci il tarixli Fərmanı qəbul edilmişdir. Həmin Fərmana əsasən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrli Fərmanında (Azərbaycan Respublikasının qanunvericilik Toplusu, 2011, 12, maddə 1144) aşağıdakı dəyişikliklər edilməsi qərara alınmışdır: Fərmanın 4-cü bəndinə əsasən aşağıdakı məzmunda 3-1-ci, 3-2-ci və 3-3-cü hissələr əlavə edilsin: “3-1. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. 3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.1.hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; 3-2.2.hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; 3-2.3.məhkumluğun olduğu müddət. 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz”. Sözügedən Fərmanın müddəalarının hazırki işin faktiki hallarına tətbiq edilməsi zamanı müəyyən edilmişdir ki, iddiaçı 1987-ci il tarixdən 01.08.1992-ci il tarixədək keçmş SSRİ Silahlı Qüvvələrində 01.08.1992-ci il tarixdən 14.08.2014-cü tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmri ilə ehtiyata buraxılmışdır. O, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrləri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli və “Qüsursuz xidmətə görə” 1-cü dərəcəli medalları ilə, həmçinin “Azərbaycan Respublikası Silahlı Qüvvələri veteranı” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 330-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Qüsursuz xidmətə görə” medalı haqqında Əsasnamənin tələblərinə əsasən isə “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilir və “Qüsursuuz xidmətə görə” medalın üç dərəcəsi vardır: - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə - “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal, Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə - “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal, Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə - “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal. 1-ci dərəcəli medal ən ali dərəcəlidir. İşin hallarından göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçusu olmuşdur. Sözügedən Fərmanın müddəalarından da, göründüyü kimi, həmin Fərmanda “qüsursuz xidmət” anlayışı konkret şəkildə göstərilmiş, həmin dövrə daxil edilməsi istisna edilən müddətlər konkret şəkildə göstərilmişdir. Hazırki halda isə, iddiaçının “qüsursuz xidmət” müddətinin 20 ildən artıq olmasını konkret şəkildə istisna edən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə müvafiq olaraq inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, hazırki işdə İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinin digər hissəsinin, yəni, “Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür” tətbiq edilməsinin zərurətinin ortaya çıxması barizdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki halda cavabdeh orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, bununla da, iddiaçının tələbi əsaslı olduğundan iddia tələbi təmin edilməlidir. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 58, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı dövlət hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-5648/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5648/2022
05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver