Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5650/2020 26.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanına pasport qeydiyyatına alınması öhdəliyinin Bakı şəhəri Baş Polis İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 54-cü maddəsinin tələblərinə əsasən iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanına qeydiyyata alınması öhdəliyinin Bakı şəhəri Baş Polis İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2005-ci il tarixdə X3 ilə rəsmi nikaha girərək ailə həyatı qurmuş və həmin tarixdən ünvan 3 ünvanında yaşamağa başlamışdır. Bu nikahdan xx.xx.2005-ci il təvəlüdlü X4 və xx.xx.2007-ci il təvəlüdlü X2 adlı iki uşaqları doğulmuşdur. Əri T.Dadaşev 1973-cü ildən, uşaqlar isə doğulduğu vaxtdan həmin ünvanda pasport qeydiyyatındadırlar. O, həmin ünvana qeydiyyata düşməklə bağlı Daxili İşlər Nazirliyinə və digər aidiyyatı orqanlara rəsmi müraciət etmiş və Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2020-ci il tarixli 32 913D-3220 saylı məktubu ilə onun ünvan 3 ünvanına qeydiyyata alınmağının mümkün olmadığı bildirmişdir. O, cavabdehin bu hərəkətlərini qanunsuz hesab edir və ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi iddiaya dair yazılı münasibət bildirmiş və göstərmişdir ki, vətəndaş İddiaçı, ailə üzvləri ilə yaşadığı Bakı şəhəri Xətai rayonu, 5-ci Qəsəbə küçəsi 16 saylı evə qeydiyyata alınmasında köməklik göstərilməsi barədə Bakı şəhər Baş Polis idarəsinə daxil olmuş müraciətlərinə Baş İdarənin Qeydiyyat məsələləri şöbəsində baxılmışdır. Aparılmış araşdırma zamanı Bakı şəhər Baş Polis idarəsinə dəvət olunmuş ərizəçinin izahatından və Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya idarəsinin Milli Avtomatlaşdırılmış Pasport Sistemi üzrə İAMAS portalının arayışından məlum olmuşdur ki, vətəndaş İddiaçı xx.xx.1975-ci il tarixdə Ağsu rayonunun Qəşəd kəndində doğulmuş və orada yaşayış yeri üzrə qeydiyyatdadır. Müəyyən olmuşdur ki, ərizəçinin ailə üzvləri ilə yaşadığı Bakı şəhəri Xətai rayonu, 5-ci Qəsəbə küçəsi 16 saylı evə qeydiyyata alınmasına əsas verən heç bir hüquqi sənədi yoxdur. Qəbul zamanı vətəndaş İddiaçı izah edilmişdir ki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin, 2-ci hissəsində nəzərdə tutulan sənədlərdən birini təqdim edə bilmədiyinə görə, Bakı şəhəri Xətai rayonu 5-ci Qəsəbə küçəsi 16 saylı evə yaşayış yeri üzrə qeydiyyata alınması mümkün deyildir. Həmin sənədlərdən birini “ASAN Xidmət” mərkəzinə təqdim etdikdən sonra, yaşayış yeri üzrə qeydiyyata alınması müsbət həll olunacaqdır. Bu barədə vətəndaş İddiaçı xx.xx.2020-ci il tarixdə 049-32913D-3220 nömrəli məktubla cavab verilmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmədə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək, təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarından görünür ki, Ağsu rayonu, Qəşəd kəndində qeydiyyatda olan İddiaçı xx.xx.1975-ci ildə doğulmuş (AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsi), xx.xx.2005ci ildə X6 ilə nikaha daxil olmuş (AZ-İ seriyalı 178921 saylı nikah haqqında şəhadətnamə), bu nikahdan xx.xx.2007-ci il təvəlüldlü Nəzrin Dadaşeva və xx.xx.2005-ci il təvəllüdlü Əsgər Dadaşev adlı iki uşaqları doğulmuşdur (müvafiq olaraq AZE seriyalı 11724290 saylı və AZE seriyalı 11724287 saylı şəxsiyyət vəsiqələri). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Asan 1” tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan müəyyən olunur ki, Bakı şəhəri Xətai rayonu 5-ci Qəsəbə küçəsi 16 saylı evdə xx.xx.1973-cü il təvəllüdlü X6, xx.xx.2007ci il təvəllüdlü X2 və xx.xx.2005-ci il təvəlüldlü X7 qeydiyyatdadır. Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının Əhmədli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim olunmuş xx.xx.2020-ci il tarixli 66 saylı məktubdan müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu, 5-ci Qəsəbə küçəsi, 16 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət olmadığı üçün forma 2 arayışı təqdim etmək mümkün olmamışdır. Həmin ünvanda xx.xx.1973-cü il təvəllüdlü X6, xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2005-ci il təvəlüldlü X7 qeydiyyatdadır. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavabdehin 049-32913 D-3220 saylı, xx.xx.2020-ci il tarixli məktubu ilə imtina edilmiş və imtinada iddiaçının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin, 2-ci hissəsində nəzərdə tutulan sənədlərdən birini təqdim edə bilmədiyinə görə, Bakı şəhəri Xətai rayonu 5-ci Qəsəbə küçəsi 16 saylı evə yaşayış yeri üzrə qeydiyyata alınmasının mümkün olmadığı və həmin sənədləri təqdim etdikdən sonra, yaşayış yeri üzrə qeydiyyata alınmasının müsbət həll olunacağı bildirilmişdir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********941 №li məktubu ilə Bakı şəhəri, Xətai rayonu, 5-ci Qəsəbə küçəsi, 16 saylı fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumatın aşkar edilməməsi bildirilmişdir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onların hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddia əsassızdır. Belə ki, iddianın hüquqi əsası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Qeyd olunan Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri -tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun şərh edilən maddəsindən məlum olur ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə şəxsin həmin yerə qeydiyyata alınma hüququ yaranmış olur. Ona görə də, Mülki Məcəllənin 27.1-ci maddəsində “fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır” anlamında “yaşayış yeri” dedikdə, məhz şəxsin, yuxarıda xüsusi qaunvericilikdə qeyd edilən əsaslarla “yaşadığı yer” başa düşülməlidir. Həmin Qanunun 5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları özündə əks etdirir. Bu müddəalar qarşılıqlı və bir-birinə sıx əlaqəli olan iki hissədən ibarətdir. Birinci hissədə nəzərdə tutulur ki, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Bu müddəalardan göründüyü kimi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan isə onun, yaşayış yerinin dəyişdirməsi ilə əlaqədardır. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaşdan yaşayış yerinə köçmək üçün əsas verən sənədlərin hamısı deyil, onlardan müvafiq qaydada hər hansı biri tələb edilir. Qeydiyyata almanın məhdudlaşdırılması halları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsində dəqiq göstərilmişdir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Qanunvericilik normasının tələbindən də göründüyü kimi iddiaçının qeydiyyata düşmək istədiyi ünvan 3 ünvanına dair heç bir hüquqmüəyyənedici sənədləri olmadığına görə, hazırkı vəziyyətdə cavabdeh inzibati orqanın imtinası yuxarıda şərh edilən qanunvericiliyin tələblərinə uyğun hesab edilir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə qarşı ünvan 3 ünvanına qeydiyyata alınması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-5650/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5650/2020
26.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver