Məhkəmə qərarları › İş №2-1(112)-5650/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5650/2022

25.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5650/2022 25.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xocasən Bələdiyyəsinin ərazisində fərdi yaşayış evinin tikintisi üçün İddiaçı 0,06 ha torpaq sahəsi ayrılması barədə 09 aprel 2003-cü il tarixli qərarının etibarsız hesab olunmasına dair Binəqədi rayon Xocasən Bələdiyyəsinin 09/03 saylı, 08 avqust 2018-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Hazırki işin hallarından görünür ki, iddiaçı Binəqədi rayon Xocasən Bələdiyyəsinin 09/03 saylı, 08 avqust 2018-ci il tarixli qərarını mübahisələndirmişdir. Məhkəmə qeyd edir ki, hazırki iddianın mümkünlük şərtlərinin ödənilməməsi mübahisələndirilən qərarın inzibati aktı hesab olunmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, inzibati aktın daşıdığı səciyyəvi xüsuslara nəzər yetirilməsi zərurət təşkil edir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt dedikdə inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri başa düşülür. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 2ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” 13 iyun 2013-cü il tarixli Qərarında inzibati akta anlayış verilmişdir. Qərarda qeyd edilmişdir ki, hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, məzmunu da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair” 2020-ci il 13 avqust tarixli qərardadı: “26-cı bənd. İnzibati aktlar əsasən aşağıdakı ünsürlərin vəhdətindən ibarət olur – səlahiyyət, forma, səbəb, məzmun və məqsəd. İnzibati aktın qanuni ola bilməsi üçün bu ünsürlərin hər hansı bir birində hüquqa uyğunluqla bağlı problem olmamalıdır... 29-cu bənd. Səbəb – inzibati orqanı inzibati akt qəbul etməyə sövq edən və inzibati aktdan öncə mövcud olan maddi hadisə və ya hüquqi bir əsasdır. Hər hansı bir inzibati aktın qəbul edilməsi üçün əlverişli və yetərli bir səbəb olmalıdır. Xüsusi hüquqda şəxslər qanunla qadağan edilməmiş istənilən səbəblə əqdlər bağlamaqda sərbəstdirlər. Ona görə də, qanunda əqdin etibarsızlığının əsası kimi təsbit edilmiş konkret hallar istisna olmaqla, xüsusi hüquqda bağlanmış əqdin səbəbi bir qayda olaraq onun etibarlılığına təsir etmir. Ancaq inzibati hüquqda inzibati orqanın məqsədi ictimai mənafeni təmin etmək olduğundan, qəbul ediləcək inzibati aktların da bu məqsədə uyğun olaraq qanuni səbəbləri olmalıdır. İctimai mənafeni təmin etmək isə inzibati vəzifələrin lazımi şəkildə icrası və ictimai ehtiyacların ödənilməsində ifadə olunur. Beləliklə, səbəbsiz inzibati akt qəbul edilə bilməz. Digər tərəfdən, inzibati aktın əsasını təşkil edən səbəb həm “real mövcud” olmalı, həm də “hüquqa uyğun” olmalıdır. Nəhayət, inzibati aktların səbəb ünsürünün yoxlanılmasında nəzərə alınmalı olan prinsiplərdən biri də mütənasiblik tələblərinə riayət edilib-edilməməsidir. Buna görə, inzibati aktın doğuracağı nəticə ilə onun səbəbi arasında ağlabatan mütənasiblik təmin olunmalıdır. 30-cu bənd. Məzmun – inzibati orqanın inzibati akt qəbul edərkən nail olmaq istədiyi konkret nəticədir. Buna görə, inzibati aktın doğurduğu nəticə inzibati aktın məzmununu təşkil edir. İnzibati aktın səbəb və məzmun ünsürləri arasında çox sıx bir bağ vardır. İnzibati orqanı inzibati akt qəbul etməyə sövq edən hallar səbəb ünsürünü, inzibati aktın doğurduğu konkret hüquqi nəticə isə məzmun ünsürünü təşkil edirlər. Ona görə də, məzmun və səbəb arasında mütənasiblik tələblərinə cavab verən səbəbli-əlaqə münasibətləri olmalıdır. İnzibati aktın məzmunu, yəni gözlənilən nəticə həyata keçirilən bilən real xarakterli (mümkün) olmalı, eləcə də doğuracağı nəticələr hüquqla tanınan legitim bir nəticə olmalıdır. Buna görə, qanunda nəzərdə tutulan səbəbin mövcud olmasına baxmayaraq, qanunda nəzərdə tutulmuşdan başqa bir hüquqi nəticə yaradan inzibati akt qəbul edilmişsə, bu akt məzmun ünsürü baxımından qanunsuz hesab edilə bilər. 31-ci bənd. Məqsəd – inzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən, aktdan gözlənilən yekun hədəfdir. İnzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən nəticə (məqsəd) qanuni (legitim) olmalıdır. Qanunda açıq şəkildə göstərilib-göstərilməməsindən asılı olmayaraq bütün inzibati aktların qəbul edilməsində güdülən əsas ümumi məqsəd ictimai mənafenin təmin edilməsidir. Bununla yanaşı, inzibati aktlar üçün bu ümumi və dəyişməz məqsədlə yanaşı, xüsusi və müəyyən məqsədlər də nəzərdə tutula bilər. Belə xüsusi məqsədlər kimi hər hansı qanundan və digər normativ-hüquqi aktdan irəli gələn vəzifələrin icrasını təmin etmək çıxış edə bilər. Odur ki, inzibati aktlar məqsəd ünsürü baxımından yoxlanılarkən onların ümumi və ya xüsusi məqsədə yönəlib-yönəlmədiyi məsələsi ətrafında da qiymətləndirmə aparılmalıdır. Qanunun bəzi inzibati aktlar üçün nəzərdə tutduğu xüsusi məqsədlərin (məsələn, sahibkarlığın inkişafını təmin etmək üçün və s.) aşıldığı hallarda inzibati akt məqsəd ünsürü baxımından qanunsuz olacaqdır. Xüsusi məqsədlərin ziddinə belə inzibati aktlar qəbul edərkən inzibati orqanlar səlahiyyətin təhrifinə yol vermiş olurlar. Səlahiyyət təhrifi həm də o zaman mövcud olur ki, nail olmaq istədiyi nəticədə haqlı olsa da, inzibati orqan konkret bir məqsəd üçün müəyyən edilmiş vasitəni (üsulu) başqa bir məqsədə nail olmaq üçün istifadə edir. Bəhs edilən qanunvericiliyin müddəalarından görünür ki, inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. Başqa sözlə, desək inzibati akt aşağıda sadalanan əlamətlərə malik olmalıdır. - İnzibati orqan tərəfindən qəbul edilməli; - Ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi güdməli; - Hüquqi və ya fiziki şəxslərə ünvanlanmalı; - Həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratmalı; - Qərar, sərəncam və ya digər formada ifadə olunmalı; - Mahiyyəti etibarilə hakimiyyət xarakterli tədbir olmalıdır. Göründüyü kimi inzibati akt hər bir halda fərdi xarakter daşıyır və konkret şəxsə və ya dairəsi müəyyən edilə bilən şəxslərə ünvanlanır. Bu mənada doktrinada inzibati akt həm də fərdi hüquq tətbiqetmə aktı kimi qiymətləndirilir. Məhkəmə vurğulayır ki, Binəqədi rayon Xocasən Bələdiyyəsinin mübahisə predmeti olan qərarı, sadəcə olaraq anlayış baxımından inzibati aktın (qərar, sərəncam və s.) ehtiva etdiyi qərar anlamında başa düşülməməlidir. Belə ki, həm inzibati aktlarla bağlı yuxarıda qeyd olunmuş tələbləri qiymətləndirildikdə, aydın olur ki, iddiaçının mübahisələndirdiyi qərar inzibati aktın özündə ehtiva etdiyi səciyyəvi xüsuslara malik deyil, yəni, yuxarıda sadalanan əlamətlərin hamısına malik deyil, “Həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratma” əlamətindən məhrumdur. Belə ki, Binəqədi rayon Xocasən Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, həmin qərar ilə Binəqədi rayonu Xocasən bələdiyyəsi 19 saylı 09 aprel 2003-cü il tarixli qərarı ilə vətəndaş İddiaçı torpaq sahəsinin ayrılması haqqında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 2-1(81)-850/2018 saylı, xx.xx.2018-ci il tarixli Qərarı etibarsız sayılmasının qanuna müvafiq hesab edilməsi qərara alınmışdır. Göründüyü kimi, inzibati orqan bu nəticəyə gələrkən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 2-1(81)-850/2018 saylı, xx.xx.2018-ci il tarixli Qərarının mövcudluğuna istinad etmişdir. Başqa sözlə desək, hazırki mübahisəli qərarın mövcudluğu inzibati aktın digər xüsuslarına malik olsa da, iddiaçı üçün müəyyən hüquqi nəticənin yaratması əlamətini daşımır. Çünki, iddiaçıya bu hüququ nəticəni, yəni torpaq sahəsinin ayrılması ilə bağlı Binəqədi rayon Xocasən Bələdiyyəsi tərəfindən qəbul edilmiş 19 saylı 09 aprel 2003-cü il tarixli qərarın öz hüquqi qüvvəsini itirdiyi məhz məhkəmə qərardadında göstərilmişdir. Beləliklə, Binəqədi rayon Xocasən Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli qərarının ləğv olunub-olunmamasından asılı olmayaraq, iddiaçıya torpaq sahəsinin ayrılması barədə qərarın öz hüquqi qüvvəsini itirilməsi ilə bağlı mövqeyi məhz məhkəmənin qanuni qüvvəsini almış qərardadı ilə nümayiş etdirilmişdir. Bu hal ona dəlalət edir ki, hazırki mübahisə predmetini təşkil edən qərar formal baxımdan akt hesab olunsa da, həmin akt inzibati aktın əlamətlərini daşımır. Bu akt daha çox icraatın təşkilinə yönələn və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən akt hesab olunur ki, bu növ akt inzibati hüquq münasibətlərində aralıq inzibati akt növünə aiddir. (“İnzibati icraat haqqında” Qanunun 2.0.9-cu maddəsi) Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisə predmetini təşkil edən akt inzibati akt sayılmadığından, həmin aktın inzibati icraat çərçivəsində mübahisələndirilməsi yol verilməzdir. Belə ki, həmin aktın iddiaçıya münasibətdə hər hansı hüquqi nəticə daşımağından, iddiaçı barəsində qəbul edilmiş inzibati aktı etibarsız hesab edərək qüvvədən salmağından söhbət gedə bilməz. Adıçəkilən qərarın qərara aldı hissəsinin 1-ci bəndindən də görünür ki, inzibati orqan məhkəmə tərəfindən qəbul edilmiş qərardadı qanuna uyğun hesab etmişdir ki, məhkəmə bununla bağlı olaraq qeyd edir ki, məhkəmə qərarının məcburiliyi hər hansı inzibati orqanın onu tanıyıb-tanımamasından asılı olmayaraq qanunvericiliyin tələbidir. Cavabdeh isə adıçəkilən məhkəmə qərardadının icrasının təşkili üçün aralıq inzibati akt qəbul edərək məhkəmə qərarının qanuna uyğunluğuna qiymət vermiş, icra ilə bağlı məsələləri aidiyyəti bələdiyyənin icra aparatına tapşırmışdır ki, hazırkı halda heç bir hüquqi nəticə yaratmayan, məhkəmə qərardadının qanuniliyinə qiymət verilməsi xarakteri daşıyan qərarın inzibati akt səciyyəsindən, dolayısı ilə də hazırkı iddianın mübahisələndirmə növündə iddia xarakterindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) Əlavə olaraq qeyd olunur ki, məhkəmə yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halları iddiaçının diqqətinə çatdırmaq üçün onunla müzakirə aparmış, iddiaçı isə hazırkı tələbini müdafiə etdiyini, iddia ərizəsinin nəzərə alınaraq iş üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə izah edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-850/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı iddiaçının marağlarına toxunduğundan, iddiaçı həmin məhkəmə qərardadından prosessual müddətə riayət etməklə şikayət vermək hüququna malikdir ki, həmin hüquq izah edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həsənov Orxan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar