Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5654/2021 09.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsi olan 56 saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərelektroterm” bağçılıq-yoldaşlıq təsərrüfatı birliyinin 15.05.1995-ci il tarixli protokoluna əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsi olan 56 saylı bağ sahəsi İddiaçı ayrılmışdır. Həmin bağ sahəsi hal-hazırda onun istifadəsindədir. Qeyd olunan torpaq sahəsinə dair mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi üçün 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Müraciət edilərkən qanunvericilikdə tələb olunan bütün sənədlər təqdim edilməsinə baxmayaraq, 1 saylı Bakı Ərazi İdarəsi cavab məktubu ilə “Azərelektroterm” bağçılıq-yoldaşlıq təsərrüfat üzvlərinin siyahısında adının aşkar olunmadığı əsas gətirilərək müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtina etməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddia ərizəsinə etirazla məhkəməyə müraciət edilərək, qeyd edilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Azərelektroterm” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 1 saylı Bakı Ərazi İdarəsinin 17 mart 2021-ci il tarixli daşınmaz əmlak üzrəində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə göstərilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Azərelektroterm” bağçılıqyoldaşlıq təsərüfatının üzvlərinin siyahısında müraciət edən İddiaçı adı aşkar olunmamışdır. “Azərelektroterm” Bağçılıq yoldaşlığının idarə heyətinin 15.05.1995-ci il tarixli iclasının protokolunun (sədr İ.İ.Məmmədov tərəfindən təsdiq edilmiş) surətindən görünür ki, X1 56 №-li bağ sahəsini bütün tikintiləri ilə birlikdə İddiaçı adına keçirilməsi barədə ərizəsi əsasında həmin bağ sahəsinin İddiaçı adına keçirilməsinə razılıq verilməsi, bağçılıq üzvlüyünə qəbul edilməsi, İ.K.Məmmədovanın bağçılıq üzvlüyünüdən azad edilməsi qərara alınmışdır; 2007-ci ildə verilmiş üzvlük kitabçasında göstərilmişdir ki, Bağçılıq Cəmiyyəti üzvlərinin 16.07.1995-ci il tarixli 32 №-li protokoluna əsasən İddiaçı bağçılıq Cəmiyyətinə üzv qəbul edilmiş və ona 500 kv.m olan 56 №-li bağ sahəsi daimi istifadə üçün ayrılmışdır. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq: 1 saylı Bakı Ərazi İdarəsinin 30 aprel 2021-ci il tarixli məktubundan görünür ki, “Azərelektroterm” bağçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsi olan 56 saylı bağ sahəsinə dair sənəd İdarənin arxivində aşkar edilməmişdir; 1 saylı Bakı Ərazi İdarəsinin 28 iyul 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Azərelektroterm” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı və X3 adları aşkar olunmamışdır. Sorğuya cavab məktubuna “Azərelektroterm” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısının təsdiq edilmiş surəti əlavə edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Ağacəfər qızı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsinin istifadəsində olduğunu qeyd edərək, onun adına verilmiş üzvlük kitabçasına və protokola istinad edərək dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən iddiaçının adının sözügedən bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında olmaması əsas gətirilərək müraciətin təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır; 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər; 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir; 3.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir; 8.0-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qanunvericiliyin tələbindən göründüyü kimi, bağ sahəsinə hüququn qeydə alınması üçün ya müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqaviləsi, sərəncam və orderdən hər hansı biri, ya da kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış mövcud olmalıdır. İddiaçı müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən ayrılmış bağ sahələrinə dair icarə müqaviləsi, sərəncam və ya order təqdim etməmiş və belə sənədlərin hər hansı birinə istinad etməmişdir. İddiaçının istinad etdiyi 15.05.1995-ci il tarixli protokol və üzvlük kitabçasıdır. "Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, bağ sahələrinin arxiv daşıyıcısı olan cavabdeh inzibati orqanda saxlanılan arxiv sənədlərində iddiaçıya bağ sahəsinin ayrılmasına dair hər hansı məlumat yoxdur. Bundan başqa, “Azərelektroterm” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında həm iddiaçının, həm də iddiaçının istinad etdiyi protokola əsasən bağ sahəsinin əvvəlki istifadəçisinin (İ.K.Məmmədova) adının olmaması müəyyən edilmişdir ki, bunun da səbəblərinə iddiaçı aydınlıq gətirə bilməmişdir. İşin materiallarında olan, iddiaçının istinad etdiyi “Bağçının üzvlük kitabçası”nın kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verildiyi müəyyən edilmədiyindən, həmin üzvlük kitabçası iddiaçının iddialı olduğu 56 saylı bağ sahəsinin qanuni əsaslarla iddiaçıya ayrılmasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmçinin məhkəmə vurğulayır ki, iddiaçının istinad etdiyi “Bağçının üzvlük kitabçası”nda onun Bağçılıq Cəmiyyəti Üzvlərinin 16.07.1995-ci il tarixli 32 nömrəli protokoluna əsasən üzv qəbul edildiyi göstərilsə də, iddia ərizəsinə əlavə edilmiş iddiaçının üzvlüyə qəbul edilməsinə dair protokol 15.05.1995-ci il tarixli olmaqla nömrəsi qeyd edilməmişdir. Həmin protokolda iclasda iştirak edən bağçılıq yoldaşlıq təsərrüfatı üzvləri barədə hər hansı qeyd aparılmamış, bağ sahəsinin ölçüsü göstərilməmişdir. Belə olan halda, həmin protokol da iddiaçının iddia etdiyi torpaq sahəsinə hüququn qeydə alınması üçün mötəbər sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, hesab edir ki, hazırkı halda, mübahisəli bağ sahəsinin iddiaçıya ayrılmasına dair qanunla müəyyən edilmiş əsasların mövcudluğuna dair hər hansı sənəd işin materiallarından müəyyən edilmir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-5654/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5654/2021
09.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver