Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5655/2024 20.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçı X1 nümayəndəsi və vəkili X5 iştirakı ilə, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluq barədə arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Əzizbəyov rayonu (indiki Xəzər), Çöl-şüvəlan qəsəbəsi ərazisində 8b/29 saylı torpaq sahəsində yerləşən 0.12 sot torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. X9 məhkəmənin dəftərxanası vasitəsilə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizədə bildirmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə ölmüş, Bakı şəhəri 44 saylı Notariat ofisində vərəsəlik işi açılmış, onun qanuni vərəsəsi arvadı X3 miras payını xx.xx.2024-cü il tarixdə tam olaraq qəbul etmiş və o, birinci növbəli vərəsədir. Ona görə də cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı "bağ sahəsinə dair texniki pasportun tərtib edilməsinin, dövlət reyestrindən çıxarışın verilməsinin və daşınmaz əmlaka ünvan verilməsi" tələbinə dair iddia dəyişiklik edilməsi zərurəti yaranmışdır. Buna görə də hazırkı iş üzrə İddiaçı inzibati iş üzrə iddiaçı qismində iştirakına xitam verilinəsi (öldüyü üçün), X2 iddiaçı qismində (İddiaçı hüququ varisi kimi) işə cəlb olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı hüquqi varisi X4 ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Eyni tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X9 iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri Əzizbəyov rayonu (indiki Xəzər), çöl Şüvəlan qəsəbəsi ərazisində 8b/29 torpaq sahəsində yerləşən 0,12 ha torpaq sahəsinə mülkiyyət hüququnun mərhum İddiaçı məxsusluğu barədə arayışın (çıxarış) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Bağlar Tikinti kooperativinin xx.xx.1990-cı il tarixli 4/143 nömrəli qərarı ilə müvafiq tikinti və əkin işləri aparmaq məqsədilə İddiaçı Bakı şəhəri Əzizbəyov rayonu (indiki Xəzər) Çöl-şüvəlan ərazisində 12 sot torpaq sahəsi təhkim olunmuşdur. Sözügedən torpaq sahəsi faktiki istifadədədir və onun üzərində fərdi yaşayış evi tikilmişdir. Həmin torpaq sahəsinin özəlləşdirilməsi üçün cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş, sonuncu müraciətlərə cavab olaraq təqdim olunmuş orderin arxiv məlumatlarına əsasən orderin nüsxəsinin idarənin arxivində aşkar edilmədiyi bildirilmişdir. Bundan başqa elektron kadastr məlumatlarına əsasən qeyd edilən bağın nömrəsi Bağlar Tikinti kooperativinin yerləşmə sxemində qeyd olunmamış, həmçinin bölgü sxemi və sxematik xəritəyə nəzərən digər bağın bölünənlərinin ərazisinə uyğun gəlir. Təqdim edilən sənədlərdən göründüyü kimi İddiaçı faktiki olaraq torpaq sahəsi ayrümış və bu barədə arxiv məlumatları vardır. Torpaq sahəsi faktiki istifadədə olmasına baxmayaraq cavabdeh orqan torpaq sahəsini müəyyən bəhanələrlə qeydiyyata almaqdan imtina edir. Lakin iddiaçı hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina qanunsuz və əsassızdır və bu iddiaçının mülkiyyət hüquqlarını pozur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən iddiaya dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin arxiv məlumatlarına əsasən təqdim edilmiş orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən qeyd edilən bağın nömrəsi Bağlar Tikinti Kooperativinin yerləşmə sxemində qeyd olunmamış, həmçinin bölgü sxemi və sxematik xəritəyə nəzərən digər bağın (80 saylı bağın) bölünənlərinin ərazisinə uyğun gəlir. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsi qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili verdiyi izahatında iddianın dəqiqləşdirilməsinə dair ərizədə göstərilənləri müdafiə edərək tələbin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, iddiaçının hazırkı tələbinə dair müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun imtina cavabı verilmişdir. -“Bağ-tikinti kooperativinin yaradılması və vətəndaşlara bağ sahəsinin ayrılması”na dair Bakı şəhər X7 İcraiyyə Komitəsininxx.xx.1990-cı il tarixli, 4/143 nömrəli qərarının arxiv çıxarışından görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 195 nömrəli, xx.xx.1988-ci il tarixli və Bakı şəhər Sovetinin xx.xx.1988-ci il tarixli 6/333 nömrəli qərarlarına uyğun olaraq 190 nömrəli Çöl-Şüvəlan bağ-tikinti kooperativi üzvlərinin siyahısı təsdiq edilmiş və onlara bağ sahəsi ayrılmışdır. Həmin siyahıdan görünür ki, ünvan 1 ünvanda qeydiyyatda olan İddiaçı 190 nömrəli bağlar-tikinti kooperativi üzvlərinin siyahısında 10-cu sırada göstərilmişdir. -Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatinin inkişafı və istismarı birliyi Çöl-Şüvəlan bağlar sahəsindəki 190 nömrəli kooperativi tərəfindən verilmiş 10 nömrəli orderin əslindən görünür ki, İddiaçı Bakı şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli, 4/143 №li qərarına əsasən Çöv-Şüvəlan bağlar sahəsində 190 №li BTKnın nəzdində 0,12 hektar torpaq sahəsi olan 8б/29 nömrəli bağ sahəsi ayrılmışdır. -Cavabdeh inzibati orqan tərəfindən məhkəmənin sorğusuna əsasən təqdim edilmiş 190 nömrəli Çöl-Şüvəlan BTK-nın arxiv əsaslarına əlavə edilmiş kooperativ üzvlərinin siyahısında X6 adı 10-cu sıradadır. -Cavabdeh inzibati orqanın məhkəmənin sorğusuna verdiyi xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilən zaman vahid elektron kadastr baza bəlumatlarına əsasən qeyd edilən bağın nömrəsinin Bağlar Tikinti Kooperativinin yerləşmə sxemində qeyd olunmadığı, həmçinin göstərilən torpaq sahənin qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyi bildirilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, Bakı şəhər İcraiyyə Komitəsininin xx.xx.1990-cı il tarixli, 4/13 saylı qərarına uyğun olaraq Çöl-Şüvəlan bağlar sahəsində 190 nömrəli BTK təşkil edilmiş və İddiaçı həmin kooperativə üzv qəbul edilərək ona 8b/29 saylı bağ sahəsi ayrılmışdır. Hazırda İddiaçı adına verilmiş qeyd olunan qərara və orderə istinad edərək həmin bağ sahəsi üzərində hüquqların ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsini tələb edir. Mərhum İddiaçı sağlığında həmin əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı cavabdehə müraciət etmiş, lakin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin məsələnin həllindən imtina edilmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1.1.7-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Eyni Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır (10.2.1). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinin 4-cü bəndində göstərilir ki, bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qəbul edilmiş “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 516 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 3.0.89-cu maddəsində təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının istinad etdiyi Bakı şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli 4/143 nömrəli qərarı əsasında səlahiyyətli orqan tərəfindən ona verilmiş xx.xx.1990-cı il tarixli, 10 nömrəli order yuxarıda göstərilən Qanunun 8.0.7-ci maddəsində göstərilən aktlara uyğun gəlir. Orderin verilməsi üçün əsas olan Bakı şəhər X10 İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli, 4/143 nömrəli qərarının arxiv əsası mövcuddur, mərhum İddiaçı adı BTK üzvlərinin siyahısında aşkar edilir. Həmçinin qərarın və ya orderin ləğv edilməsi, etibarsız hesab edilməsi, yaxud qüvvəsini itirməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı dəlil təqdim edilməmişdir. Məhkəmə cavabdehin imtina dəlillərinə münasibətdə aşağıdakıları bildirir. Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən iddiaçının mərhum həyat yoldaşına 8b/29 saylı bağ sahəsinin ayrılmasına dair xx.xx.1990-cı il tarixli orderin nüsxəsinin cavabdeh qurumun arxivində aşkar edilməməsi, bağın nömrəsinin yerləşmə sxemində qeyd olunmaması iddiaçının məsuliyyət dairəsinə aid olmadığından onun üçün məhdudlaşdırıcı nəticələr doğura bilməz. Belə ki, orderin əsli və yuxarıda vurğulandığı kimi, həmin orderin verilməsi üçün əsas olmuş qərar mövcuddur və iddiaçının mərhum həyat yoldaşının 190 nömrəli BTK üzvü olması cavabdeh inzibati orqandakı arxiv siyahısı ilə də təsdiqlənmişdir. İddiaçının istifadəsində olan sahənin qonşu sahə ilə ümumi hasar daxilində yerləşməsi qanunvericiliklə daşınmaz əmlak üzərində hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmamışdır. Yuxarıda istinad olunan müddəalardan da göründüyü kimi, Xidmətin müvafiq torpaq sahəsinin plan və ölçüsünü tərtib etmək vəzifəsi müəyyən edilmişdir. Bundan başqa qeyd olunan bağ sahəsinin bağların bölgüsünə dair dair sxematik xəritə ilə uyğunsuzluğu varsa belə, həmin hallar iddiaçının iradəsindən asılı deyil və bu uyğunsuzluğun aradan qaldırılması da cavabdehin səlahiyyətlərindədir. Analoji faktlara əsaslanan iş üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiaysının 2-1(102)-49/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Həmçinin nəzərə almaq lazımdır ki, iddiaçının üzərində hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli dövlət orqanının qərarı əsasında ayrılmışdır və həmin qərar hazırda qüvvədir. İddiaçı ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, qeyd olunan torpaq sahəsində abadlaşdırma işləri aparmış, həmin sahəyə qulluq etmiş və eləcə də torpaq sahəsinin ayrılması məqsədlərinə uyğun olaraq yaşayış və istifadə üçün müvafiq infrastruktur yaratmışdır.” “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Beləliklə, göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, cavabdehin dəlilləri qanunvericiliklə torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilməməlidir. Odur ki, cavabdehin imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Əzizbəyov rayonu (indiki Xəzər), Çöl Şüvəlan qəsəbəsi ərazisində 8b/29 torpaq sahəsində yerləşən 0,12 ha torpaq sahəsinə hüquqların mərhum İddiaçı məxsus olması haqqında daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri Əzizbəyov rayonu (indiki Xəzər), Çöl Şüvəlan qəsəbəsi ərazisində 8b/29 torpaq sahəsində yerləşən 0,12 ha torpaq sahəsinə hüquqların mərhum İddiaçı məxsus olması haqqında daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-5655/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5655/2024
20.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver