Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5656/2022 14.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.2021-ci il tarixdə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli X5 yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********54 nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, torpaq sahəsi sənəd üzrə iddiaçının mülkiyyətində olan sahədən kənarda yerləşir. Həmçinin qeyd edilən torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 dekabr 1993-cü il tarixdə Abşeron rayonu 1 nömrəli Zeytun Sovxozunun direktorunun 106 nömrəli əmri ilə həmin 24 ha torpaqdan 0,10 ha hissəsi dövlət tərəfindən tərtib olunmuş layihə əsasında ona aktla təhvil verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən torpaq sahəsinə (0,10 hektar) dair mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən torpaq sahəsinin 0,10 ha deyil, 0,04 ha kimi mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, X8 Nazirliyinin 16 yanvar 1989-cu il tarixli, 42 nömrəli qərarı və Bakı şəhər XDS İK-nın 4 may 1987-ci il tarixli, 22/217 nömrəli qərarına əsasən Sovxozda fərdi ev tikmək üçün 24 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı işlədiyi Sovxozda fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması barədə sovxoz direktoruna müraciət etmişdir. Ərizəsi nəzərə alınaraq, 28 dekabr 1993-cü il tarixdə Abşeron rayonu 1 nömrəli Zeytun Sovxozunun direktoru 106 nömrəli əmrlə həmin 24 ha torpaqdan 0,10 ha hissəsini dövlət tərəfindən tərtib olunmuş layihə əsasında aktla ona təhvil vermişdir. Həmin torpağın rəsmiləşdirilməsi üçün 2018-ci ildə DƏDRX-in yerli qurumuna müraciət etmişdir. Ünvanda göstərilən torpaq sahəsinin layihə cizgisi onda olmadığına görə, 0,10 ha torpaq sahəsinin sərhədini düzgün göstərə bilməmişdir. DƏDRX onun sözləri əsasında torpaq sahəsinin kadastr planını çıxarmışdır. Sonra ona məlum olmuşdur ki, o, torpağın sərhədini düzgün göstərməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-ci il tarixli, 2-1(82)-1244/2019 saylı qərarı ilə İddiaçı ona Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozunun 28 dekabr 1993-cü il tarixli, 106 saylı əmrinə əsasən ayrılmış 0,064 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın verilməsi və plan-ölçünun tərtib edilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Sözügedən məhkəmə qərarında göstərilmişdir ki, iddiaçının tələbi Abşeron rayonu, 1 nömrəli Zeytun Sovxozunun xx.xx.1993-cü il tarixli, 106 saylı əmrinə əsasən iddiaçıya ayrılmış 0,064 hektar torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi daşınmaz əmlakın dövlət dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın verilməsi və plan-ölçünün tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması olsa da, iş materiallarında iddiaçının nümayəndəsi tərəfindən cavabdeh orqana ünvanlanmış müraciətləri qeyd edilən iddia tələbi ilə bağlı olmamışdır. Buna görə torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət edilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********3 saylı məktubunda göstərmişdir ki, sözügedən ünvanda yerləşən 0,10 hektar torpaq sahəsinin 0,04 hektar hissəsinin dəmiryolu xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmiş, bu səbəbdən verilmiş razılıq ərizəsinə əsasən yalnız 0,06 hektar torpaq sahəsinə dair onun adına dövlət reyestrdən çıxarış verilmişdir. Göstərilən torpaq sahəsi sənəd üzrə mülkiyyətində olan sahədən kənarda yerləşir. Cavabdehin bu imtinası əsassızdır. Belə ki, lazım olan hüquqmüəyyənedici sənədlər inzibati orqana təqdim edilmişdir. Bundan əlavə göstərilən torpaq sahəsinin sənəd üzrə mülkiyyətində olan sahədən kənarda yerləşməsi məsələsi iddiaçının iradəsindən asılı olan hal deyildir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli, **********00 saylı iddiaya yazılı etirazında iddia tələbinin rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçı müvafiq hüquqmüəyyənedici sənədlər əsasında ilkin olaraq 16.03 2018-ci il tarixdə idarəyə müraciət etmişdir. Göstərilən 0.10 ha torpaq sahəsinin 0.04 ha hissəsi dəmir yol mühafizə sahəsinə düşdüyünə görə İddiaçı tərəfindən faktiki istifadədə olan 0.06 ha torpaq sahəsinin qeydiyyata alınmasına etiraz etməməsi ilə bağlı 7E- 7174 nömrəli ərizə təqdim edilmişdir. Müvafiq sənədlər əsasında iddiaçının ərizəsi İdarə tərəfindən icra edilərək İddiaçı 0.06 ha torpaq sahəsi ilə bağlı RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. xx.xx.2018-ci il tarixli, 4Ə-8 nömrəli alqı-satqı müqaviləsi əsasında 360 kv.m torpaq sahəsi X3 adına özgəninkiləşdirilmişdir. İddiaçının mövcud hüquqmüəyyənedici sənədlər əsasında faktiki olaraq göstərilən 520 kv.m torpaq sahəsi X3 mülkiyyətində olan 360 kv.m torpaq sahəsinin sağında yerləşərək əlavə torpaq sahəsidir və ayrı hasar daxilindədir. Göstərilən faktiki torpaq sahəsi ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınma ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun izahat verdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, işdə olan Abşeron rayon 1 nömrəli Zeytun sovxozu direktorunun xx.xx.1993-cü il tarixli, 106 nömrəli əmrindən çıxarışdan görünür ki, Sovxoz fəhlələrinin ərizəsini nəzərə alaraq Dövlət Aqrar-Sənaye Nazirliyinin 16 yanvar 1989-cu il tarixli 42 nömrəli qərarına, Bakı şəhəri XDS İcraiyyə Komitəsinin 4 may 1987-ci il tarixli, 12/217 nömrəli qərarına əsasən sovxozda fərdi ev tikmək üçün 24 ha sahə ayırılmışdır. Sovxozda işləyən fəhlələr öz ərizələri ilə müdriyyətə fərdi ev tikmək məqsədilə torpaq sahəsi ayrılması barədə müraciət etmişlər. Bunu nəzərə alaraq İddiaçı 10 sot hesabı ilə torpaq sahəsi ayrılmış və dövlət tərəfindən tərtib edilmiş layihə əsasında evlərin tikilməsinin təmin edilməsi tapşırılmışdır. Abşeron rayon 1 nömrəli Zeytun sovxozunun direktoru tərəfindən təsdiq edilmiş xx.xx.1993-cü il tarixli aktdan görünür ki, İddiaçı ayrılan 10 sot torpaq sahəsi yerində ölçülüb sərhədlərinə taxta nişanlar qoyulduqdan sonra İddiaçı təhvil verilmişdir. İddiaçının xx.xx.2018-ci il tarixli müraciətinə cavab olaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2018-ci il tarixli məktubla bildirmişdir ki, qeyd edilən Hövsan qəsəbəsi, 1 nömrəli Zeytun sovxozunda iddiaçıya məxsus sənədləşdirilməsi nəzərdə tutulan torpaq sahəsinə aidiyyəti işçilər tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, sözügedən yer Dəmir yolunun Yeni Suraxanı-Hövsan mənzili 7 km pk 9-da yolun kilometr artımı istiqamətinin sol tərəfində təhkim zolağının sol tərəfində yerləşir. İş materiallarından müəyyən olunur ki, iddiaçı bundan sonra ona ayrılmış 0.10 ha torpaq sahəsinin qeydə alınması üçün 2018-ci ildə cavabdehə müraciət etmiş, bu zaman xx.xx.2018-ci il tarixli ərizə ilə Suraxanı rayonu, Hövsan qəsəbəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsindən dəmir yol mühafizə sahəsinə düşdüyü üçün azalaraq faktiki istifadəsində olan 0,06 torpaq sahəsinə plan-ölçü və çıxarış verilməsinə etiraz etmədiyini bildirmişdir. Bu ərizəyə baxan cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən 0,06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnu xx.xx.2018-ci il tarixdə qeydiyyata almış və RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış vermişdir. İşdə olan 14.042018-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin 360 kv.m hissəsini alıcı X1. RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən 0,024 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı hazırda xx.xx.2018-ci il tarixli ərizə ilə imtina etdiyi 0.04 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir və bu zaman ona istinad edir ki, 2018-ci ildə torpaq sahəsinə hüququnun qeydiyyatı zamanı ona ayrılmış torpaq sahəsinin sərhədlərini düzgün göstərmədiyindən torpaq sahəsinin dəmir yolunun mühafizə zolağına düşməsi halı yaranmışdır. Məhkəmə iddiaçının tələbini əsaslı hesab etmir və qeyd edir ki, mübahisəli torpaq sahəsinin ayrıldığı vaxt qüvvədə olan (1999-cu ilədək qüvvədə olmuş) Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 23-cü maddəsinə görə vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpağayırma aktında göstərilir. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Sadalanan normalardan müəyyən olunur ki, torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin (qərar, sərəncam və s.) tərtib edilməsi və həmin torpaq sahəsinin naturada yerinin müəyyən edilərək təhvil verilməsini nəzərdə tutur. Və bunun yekunu olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı torpaqayırma haqqında hüquqmüəyyənedici sənədlərlə yanaşı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər olduğu halda həyata keçirilir. Yəni şəxsin əlində hər hansı bir hüquqmüəyyənedici sənədin olması özlüyündə hüququn qeydə alınması üçün kifayət deyil. Bunun üçün habelə həmin hüquqmüəyyənedici sənəddə göstərilən daşınmaz əmlak, onun yerini müəyyənləşdirməyə imkan verən sənədlər mövcud olmalı və şəxsin hüququ məhz həmin əmlaka münasibətdə tanınmalıdır. İşdən görünür ki, Abşeron rayon 1 nömrəli Zeytun sovxozu tərəfindən iddiaçıya torpaq sahəsi ayrılarkən torpaq sahəsinin sərhədləri yerində müəyyən edilməklə iddiaçıya təhvil verilməsi barədə akt tərtib edilsə də, aktda istinad nöqtələri qeyd olunmadığından həmin akta əsasən torpaq sahəsinin yerləşmə yerinin müəyyən edilməsi mümkünsüzdür. İddiaçı 2018-ci ildə torpaq sahəsinə hüquqlarının qeydiyyatı üçün müraciət edərkən ona ayrılmış torpaq sahəsi artıq mərzləşdirilmiş və o, digər torpaq sahələrindən naturada ayrılaraq ona təhvil verilmiş sahəni cavabdehə təqdim etmişdir. Cavabdeh də iddiaçının təqdim etdiyi sahəyə baxış keçirmiş, "xxxx" QSC-nin məktubu və iddiaçının ərizəsi nəzərə alınmaqla dəmir yolunun mühafizə sahəsinə düşən 0,04 ha torpaq sahəsi istisna olmaqla, qalan 0,06 ha torpaq sahəsinə çıxarış vermişdir. Hazırda iddiaçı ona ayrılan 0,04 ha torpaq sahəsinin 2018-ci ildə göstərdiyi dəmiryolunun mühafizə sahəsinə düşən 0,04 ha deyil, mühafizə zolağına düşməyən digər 0,04 ha təşkil etdiyini iddia etsə də, bununla bağlı hər hansı bir təsdiqedici sənədi məhkəməyə təqdim edə bilməmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından isə görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən 0,024 ha torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 240 kv.m olsa da, faktiki ölçüsü 1090 kv.metrdir. Torpaq sahəsi dörd tərəfdən mişar daşı ilə hasarlanıb və iki hissədən ibarətdir. Torpaq sahəsində ikimərtəbəli yaşayış evi mövcuddur. Ərizəçinin göstərdiyi 520 kv.m torpaq sahəsi onun mülkiyyətində olan 240 kv.m torpaq sahəsinə bitişik deyil, ayrı hasar daxilindədir. Həmçinin işdə olan cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, torpaq sahəsinin faktiki olaraq göstərilən 517,0 kv.m sahəsi ilkin qeydiyyat zamanı göstərilən sahədən kənarda yerləşir. İlkin qeydiyyat zamanı göstərilən 942,0 kv.m sahənin 342,0 kv.m hissəsi qərb tərəfdə yerləşən dəmir yolunun mühafizəsində yerləşdiyi üçün azaldılmışdır. ********** saylı müraciət zamanı göstərilən 600 kv.m sahə faktiki göstərilən 517 kv.m sahə ilə ayrı-ayrı hasarlar daxilində yerləşir. Göründüyü kimi, iddiaçının iddia etdiyi torpaq sahəsi nəinki xx.xx.1993-cü il tarixli əmrlə ona ayrılmış və hazırda mülkiyyətində olan 240 kv.metr torpaq sahəsi ilə eyni hasar daxilində yerləşmir, həm də həmin torpaq sahəsinə bitişik deyildir. Bu hal iddiaçının cavabdehə 2018-ci ildəki ilkin müraciəti zamanı da mövcud olmuş, iddiaçının hazırda hüquqlarının qeydiyyatı üçün müraciət etdiyi sahə həmin dövrdə cavabdehə təqdim etdiyi sahə ilə eyni hasar daxilində yerləşməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iş materialları ilə iddiaçının hüquqlarının qeydə alınmasını xahiş etdiyi 0,04 ha torpaq sahəsinin Abşeron rayon 1 nömrəli Zeytun sovxozu direktorunun xx.xx.1993-cü il tarixli, 106 nömrəli əmri ilə ona ayrılmış torpaq sahəsi olduğu müəyyən edilmədiyindən həmin sənəd iddiaçının hazırda haqq iddia etdiyi torpaq sahəsinə münasibətdə hüquqmüəyyənedici sənəd qismində çıxış edə bilməz. Çünki Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə əsasən yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərə aid edilmişdir. “Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 664 nömrəli Fərmanının 2-ci hissəsi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Göründüyü kimi, qanunverici yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə sovxoz rəhbərinin (direktor və s.) əmrinə əsasən torpaq sahəsinin qeydiyyatının o halda aparılmasını nəzərdə tutmuşdur ki, həmin əmr “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etsin və həmin torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər olsun. Hazırkı halda iddiaçı ona ayrılmış torpaq sahəsinin yerləşmə yerinin 2018-ci ildəki ilkin müraciəti zamanı göstərdiyi sahə deyil, hazırda göstərdiyi sahə olmasını təsdiq edən hər hansı bir sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırda iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən olunmadığından məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-5656/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5656/2022
14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver