Məhkəmə qərarları › İş №2-1(112)-5656/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5656/2024

09.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5656/2024 09.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 18 noyabr 2008-ci il tarixli 861 saylı sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsi, 1 saylı evə dair Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 18 noyabr 2008-ci il tarixli 861 nömrəli sərəncamına əsasən həmin mülkün ilkin qeydiyyata alınması, həmin mülkə mərhum Dadaşev Ağa-Əli Ağadadaş oğlunun adına reyestrdən çıxarışın verilməsi DƏDRX-in Bakı şəhər İdarəsindən xahiş edilmişdir. Həmin sərəncamda göstərilən torpaq sahəsinin 65 kv.m hissəsi Binə bələdiyyəsinin 02 iyul 2004-cü il tarixli 84 nömrəli sərəncamı ilə iddiaçıya ayrılmışdır. 2004-cü ildə Bələdiyyəyə məxsus torpaq sahəsi iddiaçıya verildiyi halda icra hakimiyyətinin onun balansında olmayan torpaq sahəsini ölmüş şəxsin adına ayırması tamamilə qanunsuz və əsassızdır. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının müraciətindən imtina edilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə əsasən yoxlamalıdırlar. Belə ki, İddiaçı Bakı İnzibati Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində Binə bələdiyyəsi tərəfindən ona ayrılmış torpaq sahəsinə Cavabdeh başçısının 18 noyabr 2008-ci il tarixli, 861 nömrəli sərəncamı ilə Dadaşev Ağa-Əli Ağadadaş oğluna torpaq sahəsi ayrılmış və həmin sərəncamın etibarsız hesab edilməsini xahiş etmişdir. Həmin sərəncamla göstərilən torpaq sahəsinin 65 kv.m hissəsinin Binə bələdiyyəsinin 02 iyul 2004-cü il tarixli, 84 nömrəli sərəncamı ilə ona ayrıldığını bildirmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, iddiaçı X1 cavabdeh İddiaçı qarşı "özgənin qanunsuz sahibliyindən mülkiyyətin müdafiəsi, qeyri-yaşayış obyektinin boşaldılması” iddiası əsasında mülki işə Xəzər Rayon Məhkəməsində baxılarkən İddiaçı tərəfindən torpaq sahəsinin ona ayrılması barədə əsaslı və mötəbər sübutlar məhkəməyə təqdim olunmamış, məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(003)-39/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdeh İddiaçı apellyasiya şikayəti təmin olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Cavabdehnə qarşı "Cavabdeh başçısının 18 noyabr 2008-ci il tarixli, 861 nömrəli Sərəncamının etibarsız hesab edilməsi” tələbinə dair iddiasının mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə X2 və Binə bələdiyyəsi hazırkı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsini zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, mübahisələndirdiyi sərəncamdan 2009-cu ildən xəbərdar olmuş, lakin mübahisələndirməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Qeyd olunan Plenum qərarının 2.3-cü bəndində vurğulanır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İstinad olunan normaların tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqeyə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddianın verilməsi müddətinə riayət olunmasıdır. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Baxılan işin hallarından və iddiaçının izahatından müəyyən olunur ki, iddiaçının hüquqi marağı Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli Sərəncamının etibarsız hesab edilməsinə yönəlmişdir. Lakin iddiaçı hüquqlarını məhdudlaşdırdığını hesab etdiyi həmin inzibati aktı təxminən 16 il sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəmə qaydasında mübahisələndirmişdir. Məhkəmə hesab edir ki, iddiaçı bununla da, mübahisələndirilən inzibati aktın qəbul edildiyi dövrdə qüvvədə olan qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Hazırkı iddia ilə mübahisələndirilən məsələ hazırda qüvvədə olan İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki, yəni 01 yanvar 2011-ci ilə qədərki dövrə aiddir. Həmin dövrdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları isə 01 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30 iyun 2011-ci il tarixədək qüvvədə olmuş 27-ci Fəslinin (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) müddəaları əsasında həll olunurdu. Adıçəkilən Məcəllədə də inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Belə ki, həmin Məcəllənin 298-ci maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə tərəfindən 1 ay müddətində şəxsin qərar və hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müvafiq icra hakimiyyəti və ya yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların vəzifəli şəxslərinin iştirakı ilə baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin "İcra hakimiyyəti orqanları və bələdiyyələrin cavabdeh olduğu işlərə baxılmasının bəzi məsələləri barədə” 18 iyul 2018-ci il tarixli, 2-411 nömrəli icmal məktubunda məhkəmələrə tövsiyə edilmişdir ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktları və ya hərəkətləri ilə bağlı iddialara baxılarkən həmin aktların və hərəkətlərin mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Göründüyü kimi, mübahisələndirilən inzibati aktın qəbul edildiyi dövrdə (2008-ci ildə) qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi müvafiq icra hakimiyyəti və ya yerli özünüidarə orqanlarının qərar və hərəkətlərini (hərəkətsizliyini) mübahisələndirmək üçün qısaldılmış iddia müddəti müəyyən etmişdi. Hazırkı iş üzrə iddiaçı mübahisələndirdiyi sərəncamdan 2009-cu ildən məlumatlı olduğunu inkar etmir. Həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarında olan X1 həmin iş üzrə cavabdeh İddiaçı qarşı ”tikilidən çıxarılma” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Əzizbəyov Rayon Məhkəməsinin (indiki Xəzər Rayon Məhkəməsi) 2(003)- 136/2009 saylı, 17 fevral 2009-cu il tarixli qətnaməsində (2-ci səhifə, 9-cu bənd) Əzizbəyov RİHB-nin xx.xx.2008-ci il tarixli sərəncamının nömrəsi, tarixi aydın şəkildə öz əksini tapmışdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçı mübahisələndirilən inzibati aktdan ən geci xx.xx.2009-cu il tarixdən məlumatlı olmuş, yaxud məlumatlı olmalı idi. Buna baxmayaraq iddiaçı sözügedən inzibati aktdan təkzibolunmaz şəkildə məlumatlı olduğu halda, məhkəməyə təxminən 16 il sonra müraciət etmiş, bununla da qanunda nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Belə olan halda isə iddia müddəti ötürüldüyündən iddiaçının hazırkı iddianı qaldırmaq imkanı istisna olunur. Məhkəmə qeyd edir ki, mübahisə açan iddiaçı həmin mübahisənin yarandığı dövrdə qüvvədə olan qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından həmin aktlarda qeyd edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək inzibati orqan tərəfindən həyata keçirilmiş hərəkətin mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmək müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, o, hüquqlarını pozan həmin hərəkətləri artıq yeni qanuna istinadla mübahisələndirə bilməz. İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə də, uzun müddət mövcud olan mübahisəyə qarşı zamanında iddia qaldırılmaması həmin hüququn itirilməsinə, o da öz növbəsində iddianın mümkünsüz sayılmasına gətirib çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. Aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürüldüyündən iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar