Məhkəmə qərarları › İş №2-1(112)-5658/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5658/2021

05.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5658/2021 05.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X3 (hüquq məsləhətçisi, ünvan 2 ünvanda qeydiyyatda olan) iştirakları ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının dövlət qeytiyyatına alınması, çıxarışın və texniki pasportun verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1687 nömrəli torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, hüquqların dövlət qeydiyyatı haqqında müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı bildirir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1687 nömrəli bağın 0.096 ha torpaq sahəsi (yaşayış məntəqələrinin torpaqları) üzərində mülkiyyət hüquqları 23 yanvar 2014-cü il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra həmin torpaq sahəsində, “xxxx” MMC tərəfindən hazırlanan və Bakı şəhər Xəzər rayon İcra Hakimiyyətinin Rayon Təsərrüfat şöbəsi tərəfindən təsdiq edilmiş eskiz layihəsinə əsasən fərdi yaşayış evini tikmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən, sözügedən 2 mərtəbəli, 8 metr hündürlüyündə, 250 kv.m. ümumi sahəyə məxsus yaşayış evinin tikintisi barədə 01 sentyabr 2020-ci il tarixdə Xəzər rayon İcra Hakimiyyətinə məlumatlandırma icraatı qaydasında ərizə ilə müraciət etmişdir. Həmin Məcəllənin 80.4-cü yarımbəndinə əsasən, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. Bildirir ki, Xəzər rayon İcra Hakimiyyəti tərəfindən tikinti layihəsi ilə bağlı heç bir irad təqdim edilməmişdir. Bundan sonra Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1687 nömrəli bağın torpaq sahəsinin bir hissəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. İdarənin 22 sentyabr 2020-ci il tarixli **********00 nömrəli məktubuna əsasən, daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İmtina məktubunda qeyd edilir ki, bağ evinin zirzəmi, 1-ci və 2-ci mərtəbəsində aşırımın uzunluğunun 6 metrdən artıq olduğu, zirzəmi mərtəbədə arakəsmələrin inşa edildiyi və sənəd üzrə torpaq sahəsinin faktiki olaraq 1053 kv.m. təşkil etdiyi müəyyən edilmişdir. Amma nədənsə cavabdeh orqan Azərbaycan Respublikası Konstitusiyasından irəli gələn halları görməmiş və onun xahişini icra etməkdən yayınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Qeyd etdiyi fərdi yaşayış evi hal-hazırda iddiaçının və ailəsinin istifadəsində olmaqla, faktiki olaraq sahibliyindədir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin dəftərxanası vasitəsilə iddia ərizəsinə etiraz daxil olmuşdur. Etirazda bildirilir ki, iddiaçı X1 Bakı çıhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1687 nömrəli torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, hüquqların dövlət qeydiyyatı haqqında müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin iddia tələbləri üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə vəzifə kimi qoyulması ilə bağlı iddiası etirazla qarşılanır. İddiaçı X5 iddia tələbi ilə bağlı 01.09.2020-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, bağ evinin zirzəmi, 1 -ci və 2-ci mərtəbəsində aşırımın uzunluğu 6 metrdən artıq olduğundan qanunvericiliyə uyğun olaraq məlumatlandırma icraatının tətbiq edilməsi mümkün deyildir. Həmçinin, zirzəmi mərtəbədə arakəsmələrin inşa edildiyi və sənəd üzrə torpaq sahəsinin 960.0 kv.m, faktiki 1053.0 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1. maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektnin istismarına icazə təqdim edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci bəndinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı X2 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilmədir. - Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1687 №li bağın torpaq sahəsinin bir hissəsi xüsusi mülkiyyət hüququ üzrə X1 adına ********** qeydiyyat nömrəsi ilə 23.01.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 468 nömrəli reyestr kitabının 44265 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan “xxxx” MMC tərəfindən tərtib edilmiş eskiz layihədən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1687 saylı bağ sahəsində yerləşən fərdi yaşayış evinin layihəsi tərtib edilərək, Xəzər rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. İşdə olan iddiaçı tərəfindən Xəzər rayon İcra Hakimiyyətinə ünvanlanan 01 fevral 2020-ci il tarixli məktubdan görünür ki, iddiaçı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən, məlumatlandırma icraatı qaydasında ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən sahəsi 250 kv.metr, hündürlüyü 8 m, 2 mərtəbəli fərdi yaşayış evini tikdiyini bildirərək, nəzərə alınmasını xahiş etmişdir. Hazırda iddiaçı layihə əsasında inşa edilmiş fərdi yaşayış evi üzərində yaranmış mülkiyyət hüquqlarının adına daşınmaz əmlakın dövlət reyestirndə qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın texniki pasportun verilməsini istəyir. İş materiallarından görünür ki, iddiaçı bununla bağlı Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin X4 ünvanladığı 22 sentyabr 2020-ci il tarixli **********00 nömrəli imtina məktubu ilə iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1687 nömrəli bağın torpaq sahəsinin bir hissəsində yerləşən bağ evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 01.09.2020-ci il tarixli ********** nömrəli ərizəsinə baxılaraq bildirilmişdir ki, bağ evinin zirzəmi, 1-ci və 2-ci mərtəbəsində aşırımının uzunluğu 6 metrdən artıq olduğundan qanunvericiliyə uyğun olaraq məlumatlandırma icraatının tətbiq edilməsi mümkün deyildir. Həmçinin, zirzəmi mərtəbədə arakəsmələrin inşa edildiyi və sənəd üzrə torpaq sahəsinin 960.0 kv.m, faktiki 1053.0 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin məcəllənin 80.1-ci maddəsinə əsasən Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1. maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektnin istismarına icazə təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Cavabdeh tərəfindən verilmiş imtinanın əsasları ilə bağlı Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1687 nömrəli bağın 0.096 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları 23 yanvar 2014-cü il tarixdə dövlət reyestrində qeydiyyata alınaraq buna dair X1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən RX seriyalı, ******* saylı, 23.01.2014-cü il tarixli Çıxarış verilməklə hüquqları rəsmiləşdirilmişdir. Bundan sonra həmin torpaq sahəsində, “xxxx” MMC tərəfindən hazırlanan və Bakı şəhər Xəzər rayon İcra Hakimiyyətinin Rayon Təsərrüfat şöbəsi tərəfindən təsdiq edilmiş eskiz layihəsinə əsasən fərdi yaşayış evi tikilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən, sözügedən 2 mərtəbəli, 8 metr hündürlüyündə, 250 kv.m. ümumi sahəyə məxsus yaşayış evinin tikintisi barədə 01 sentyabr 2020-ci il tarixdə Xəzər rayon icra Hakimiyyətinə məlumatlandırma icraatı qaydasında ərizə ilə müraciət edilmiş, sonuncu tərəfindən irad cavabı almadığından iddiaçı tərəfindən qeyd olunan fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə istinad edilərək, iddiaçının müraciəti təmin edilməmişdir. Məhkəmə cavabdeh inzibati orqanın dəlillərini əsassız hesab edir və imtinası ilə razılaşmır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların qeydə alınması üçün əsaslar sadalanmışdır. Cavabdehin mövqeyinə görə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün nəzərdə tutulmuş tikintiyə icazə barədə qərar və tikinti obyektinin istismarına icazə təqdim edilmədiyindən iddiaçının müraciəti təmin olunmamışdır. Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur (79.2-ci maddə). Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur (80.1-ci maddə). İddiaçı mülkiyyətində olan torpaq sahəsində tikililinin (fərdi yaşayış evinin) hündürlü 12 metrdən, mərtəbələrin sayı 3-dən çox olmayan tikili inşa etmiş və tikilinin eskiz layihəsi hazırlanaraq Xəzər rayon İcra Hakimiyyəti rayon Təsərrüfat Şöbəsi ilə razılaşdırılmış, imza və möhürlə təsdiq edilmişdir. İddiaçının inşa etdiyi fərdi yaşayış evi Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1-ci maddəsinin tələb etdiyi həddən aşağı olmuşdur. Belə olan halda bu kimi tikililərə hətta həmin Məcəllənin 80-ci maddəsində nəzərdə tutulan məlumatlandırma icraatı belə tətbiq edilmir. Lakin məlumatlandırma icraatının tələbi baxımından götürüldükdə belə iddiaçıya məxsus fərdi yaşayış evinin mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmamışdır. Məhkəmə o cümlədən cavabdehin imtina məktubunda qeyd etdiyi “zirzəmi mərtəbədə arakəsmələrin inşa edildiyi və sənəd üzrə torpaq sahəsinin 960.0 kv.m, faktiki 1053.0 kv.m təşkil etdiyi” barədə olan arqumentinə münasibət bildirərək qeyd edir ki, iş materiallarına əlavə edilmiş “xxxx” MMC tərəfindən hazırlanan və Bakı şəhər Xəzər rayon İcra Hakimiyyətinin Rayon Təsərrüfat şöbəsi tərəfindən təsdiq edilən eskiz layihədən görünür ki, iddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evi məhz hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Dövlət reyestrindən Çıxarışla rəsmiləşdirilən 0,096 ha torpaq sahəsinin hüdudları çərçivəsində inşa edilmişdir. Bu hal məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın nümayəndəsi tərəfindən də həmçinin təsdiq edilmişdir. Belə olan halda cavabdeh inzibati orqanın imtinasında qeyd etdiyi dəlillər əsaslı hesab edilə bilməz. Beləliklə, iddiaçının mülkiyyətində inşa etdiyi tikililər Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1 və 80.1-ci maddələrinin tələbinə cavab verdiyindən odur ki, həmin tikililərə icazə qərarının olması və istismara qəbul aktı tələb edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd tələb edilir. Həmin Məcəllənin 80.4-cü maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci, 80.1-1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, bu Məcəllənin 80.1- 1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə isə, həmin ərazi üzrə müfəssəl plan olduqda 10 gün müddətində, belə plan olmadıqda və ya onun müddəti bitdikdə 1 ay müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. İşin faktiki hallarına əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təqdim olunan layihəyə dair hər hansı irad təqdim edilməmişdir. Belə olan halda sifarişçinin tikinti işlərinə başlamasında hər hansı maneə olmamış və bu əsasla da tikilinin inşasını başa çatdırmışdır. Göründüyü kimi, cavabdeh inzibati orqanın etirazının dəlilləri formal xarakter daşıyır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasinin Qanununun 15.1-ci maddəsində deyilir: Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçıya məxsus fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün yuxarıda qeyd olunan maddədə göstərilmiş əsaslardan heç biri müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.24-ci maddəsinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək cavabdehin vəzifələrinə aid edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı X1 iddiası tələbi təmin edilməli, X1 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1687 nömrəli torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, hüquqların dövlət qeydiyyatı haqqında müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 62-ci, 68ci, 85-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı X1 iddia tələbi təmin edilsin. İddiaçı X1 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1687 nömrəli torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, hüquqların dövlət qeydiyyatı haqqında müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tərəflərə təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar