Məhkəmə qərarları › İş №2-1(112)-5658/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5658/2022

17.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5658/2022 17.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil (ünvan 1 ünvanında qeydiyyatda olan) İddiaçı cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə (üçüncü şəxs X5 cəlb olunmaqla) qarşı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 065-1142H-3222 saylı imtinasının əsassız hesab edilərək, cavabdeh X2 və azyaşlı uşaqları - X6, X1 xx.xx.2018-ci il tarixli, ******* qeydiyyat nömrəli Çıxarışa əsasən vətəndaş İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, dalan 1, ev 14 ünvanında yerləşən mənzildən pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin Bakı Şəhər Nəsimi Rayon Polis idarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli imtinasının əsassız hesab edilərək, X2 və azyaşlı uşaqları - X6, X1 xx.xx.2018-ci il tarixli, 1248524 qeydiyyat nömrəli Çıxarışa əsasən vətəndaş İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, dalan 1, ev 14 ünvanında yerləşən mənzildən pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin Bakı Şəhər Səbail Rayon Polis idarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 17 may 2022-ci il tarixli qərardadı ilə ərizəsi icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, Bakı Şəhər Səbail Rayon Polis İdarəsinə 13.01,2022-ci il tarixdə müraciət edərək, X5 və onun uşaqları X7 ilə X1 İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzildən pasport qeydiyyatından çıxarılmalarını xahiş etmişdir. Lakin iddiaçının müraciətinə Səbail Rayon Polis İdarəsinin rəsmi cavabı ilə imtina edilmişdir. Göstərilən 3 nəfər şəxs təxminən 200-300 metr iddiaçının evindən aralıda yerləşən öz mənzillərində daimi yaşasalar da, onun heç bir qohumluq əlaqələri olmadığı halda, ona məlum olmayan səbəblərdən iddiaçının evində formal qeydiyyata alınıblar və bu günə qədər də xəbəri olmadan qeydiyyatda qalmışlar. Bunu biləndə iddiaçı inzibati orqana müraciət edərək həmin şəxslərin qeydiyyatdan çıxarılmalarını xahiş etmiş, inzibati orqan , xx.xx.2022-ci il tarixli ərizəm əsasında formal olaraq mənim evimdə qeydiyyatda qalan 3 nəfərin qeydiyyatdan çıxarılmasına müsbət cavab vermədən, məsələ ilə əlaqədar məhkəməyə müraciət edilməsini bildirmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul eilməsini xahiş etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı münasibət məhkəməyə təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq, şifahi məhkəmə baxışı iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 06 mart 2018-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmakın Dövlət reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 14 saylı ev İddiaçınun adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. -Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 065-1142H-3222 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış, qeyd olunan şəxslərin Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, dalan 1, ev 14 ünvanından qeydiyyatdan çıxarılmaları üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə müvafiq olaraq əlaqədar məhkəməyə müraciət etməsi bildirilərək iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. -Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ******* saylı arayışdan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X1 Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, dalan 1, ev 14 ünvanında qeydiyyatdadırlar. Məhkəmə araşdırması dövründə ünvan 5 ünvanında yerləşən evin hazırda kimin mülkiyyətində olmasına dair məlumatın və buna dair sənədlər, həmçinin İddiaçı adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı, Çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surəti sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yannda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. Sorğuya cavab olaraq məhkəməyə təqdim olunan 14 fevral 2018-ci il tarixli, daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsini X3 almışdır. Beləliklə işin hallarından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, dalan 1 ünvanda yerləşən 14 №li ev İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı qeyd olunan mənzili alqı-satqı müqaviləsi əsasında X3 almışdır. İddiaçı üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmalarını tələb edir ki, bu da həmin şəxlərsin ona məxsus mənzildə yaşamaması, qeydiyyatının formal olması ilə əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci bəndinə əsasən, şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, X5 və azyaşlı uşaqları - X6, X4 iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, dalan 1, ev 14 ünvanında yaşamadıqları halda onların həmin ünvanda formal olaraq qeydiyyatda qalmaları iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələbindən göründüyü kimi, yaşayış yerini dəyişdirmiş şəxs yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğundan, iddiaçının iş üzrə üçüncü şəxsin övladları ilə birlikdə ünvan 5 ünvanından qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehə həvalə edilməsinə dair tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Səbail Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli imtinası əsassız hesab edilsin, X2 və azyaşlı uşaqları - X6, X1 xx.xx.2018-ci il tarixli, 1248524 qeydiyyat nömrəli Çıxarışa əsasən vətəndaş İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, dalan 1, ev 14 ünvanında yerləşən mənzildən pasport qeydiyyatından çıxarılmaları öhdəliyi Bakı Şəhər Səbail Rayon Polis idarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar