Məhkəmə qərarları › İş №2-1(112)-5659/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5659/2022

16.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5659/2022 16.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı kadastr planının ləğv edilməsi və mərhumun adına arayışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı kadastr planının ləğv edilməsi və mərhumun adına arayışın verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbindən göründüyü kimi iddiaçı fərdi yaşayış evə münasibətdə tərtib olunmuş texniki pasportun mövcudluğuna əsaslanaraq həmin əmlakın onun mərhum nənəsinəməxsus olması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imitna etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunaziddir və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmiş və qeyd etmişdir ki, iddiaçı müvafiq tələb ilə bağlı İdarəyə müraciət etməmişdir. İddiaçı hüquqi sahibi X1 miras qalmış Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, ev 14 ünvanında yerləşən fərdi yaşayış evinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı İdarəyə müraciət etmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən baxış zamanı məlum olmuşdur ki, fərdi yaşayış evinin daxilində rekonstruksiya işləri aparılmış, əlavə tikililər inşa edilmişdir. Həmçinin, fərdi yaşayış evinin yerləşdiyi sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq arasında konfiqurasiya və perimetrik sahə fərqi mövcud olmuşdur. Bundan əlavə elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən təqdim edən texniki pasportun baş ölanında göstərilən ümumi ərazi daxilində digər fiziki şəxsə məxsus olan kadastr planı mövcuddur. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Əvvəla qeyd olunmalıdır ki, hazırki iddia tələbinin mümkünlük şərtlərinin ödənilməməsi 2 əsas ilə müəyyən olunur:

1. İddiaçının kadastr planının ləğv edilməsi ilə bağlı müraciətinin olmaması;

2. İddiaçının vərəsəlik şəhadətnaməsinə malik olmamasıdır. Məhkəmə ilkin olaraq birinci əsasa münasibət bildirir. Belə ki, işin işin faktiki hallarından göründüyü kimi iddiaçı ünvan 1 ünvanında yerləşən sahəsi 1188 kv.m torpaq sahəsinin texniki pasportunun baş planında göstərilən ümumi ərazi daxilində digər fiziki şəxsə məxsus olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “torpaq sahəsinin planı və ölçüsü”-kadastr planının ləğv edilməsi və qeyd edilən ünvandaki torpaq sahəsinin və tikililərin mərhum nənəsi X2 adına çıxarış verilməsini xahiş edir. Göründüyü kimi hazırkı iddia növ etibarı ilə AR İPM-nin 2.2.3-cü maddəsində göstərilən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia (öhdəliyin icrası haqqında iddia) tələbinə dair hesab edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan növ iddialar üzrə mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının inzibati orqana qarşı məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi tələb olunur. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarının 9-cu hissəsinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə, öhdəliyin icrası haqqında iddialarda tələb olunan mümkünlük şərti kimi inzibati orqana əvvəlcədən müraciət edilməsi zəruridir. Lakin istər cavabdehin yazılı etirazından, istərsə də iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər toplusundan aydın olur ki, qeyd olunan tələblə bağlı cavabdehə müraciət edilməmiş, müraciət yalnız fərdi yaşayış evinin mərhum X4 məxsus olması ilə bağlı olmuşdur. Göründüyü kimi öhdəliyin icrası ilə əlaqədar iddianın yalnız bir hissəsi üzrə iddiaçı tərəfindən inzibati orqana müraciət olunmuşdur. Bundan başqa nəzərə alınmalıdır ki, Bakı şəhəri, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, 14 saylı evin 409,3 kv.m həyətyani sahəsinə dair torpaq sahəsinin plan və ölçüsü məhkəmə qərarı (2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1705/2014 saylı, 30.05.2014-cü il tarixli qərarı) ilə verilmişdir. Göründüyü kimi mübahisəli fərdi yaşayış evinin həyətyani torpaq sahəsinə dair tərtib olunmuş torpaq sahəsinin plan və ölçüsünün verilməsinin kökündə məhkəmə qərarı çıxış edir. Belə olan halda iddiaçı tələbin bu hissəsi ilə bağlı məhkəmə qərarının mübahisələndirmədən hazırkı iddia ilə müraciət etmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, hətta iddiaçı tərəfindən torpaq sahəsinin plan və ölçüsü ilə bağlı müraciət olunsa belə, iddia hazırki mərhələdə mümkünlük şərtlərini ödəmir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beynin fəaliyyətinin dayanması ölüm anı sayılır. Həmin Məcəllənin 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. İşdən müəyyən olunur ki, iddiaçı vəfat etmiş nənəsinin tərəf olduğu daşınmaz əmlaka münasibətdə tərtib olunmuş texniki pasporta istinad edərək mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi ilə bağlı Məhkəməyə müraciət etmişdir ki, bu yolverilməzdir. Belə ki, iddiaçı mərhum nənəsinin mirası ona keçən yeganə vərəsəsi olması faktını təsdiq edən vərəsəlik şəhadətnaməsinə malik deyil. Bu situasiyada iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 22.2-ci maddəsində təsbit olunmuş prosedura riayət etməli idi ki, həmin normaya əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, mərhumun hüquqlarının ona keçdiyini irəli sürən vərəsəsi hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi üçün daşınmaz əmlakın qeydiyyatını aparan orqana (cavabdehə) müraciət etməli, bu arayış əsasında vərəsəlik sənədləri (vərəsəlik şəhadətnaməsi) onu təqdim edən vərəsənin adına rəsmiləşdirilməli, başqa sözlə, sonuncuya bu barədə vərəsəlik şəhadətnaməsi verilməli, bundan sonra həmin vərəsə vərəsəlik şəhadətnaməsini qeydiyyat orqanına təqdim etməli və daşınmaz əmlak üzərində hüquq ölmüş şəxsin deyil, artıq onun adına dövlət qeydiyyatına alınmalıdır. Məhkəmənin mövqeyi odur ki, iddiaçının vərəsəlik şəhadətnaməsinə malik olması hazırki iddianın həllində mühim rol oynayır. Çünki, Qanunverici Mülki Məcəllənin 1267-ci maddəsinin müddəasını məcburi qayda kimi müəyyən etməklə, vərəsənin üzərinə miras əmlak bölüşdürülənədək, vərəsələr arasında hər hansı bir çəkişməkdən çəkinmək vəzifəsi qoymuş olur. Ərizəni verməklə vərəsə, öz hüququnu bəyan edir. Onun hüququnu, dövlətin adından çıxış edən notariat orqanı vərəsəlik şəhadətnaməsi verməklə təsdiq edir və vərəsəni öz ərizəsini geri götürmək imkanından məhrum edir. Nəzərə alınmalıdır ki, bu nəinki fərd barəsində, eləcə də, eyni zamanda vərəsə sayılan dövlət barəsində də müəyyənləşdirilən qaydadır. Məhkəmə hesab edir ki, hər nə qədər ki, iddiaçını vərəsə kimi qeyd olunmasını təsdiq edən vərəsəlik şəhadətnaməsi olmasa, hazırki iş üzrə mübahisənin həlli mümkünlük şərtləri baxımından mümkün deyildir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, X7 tərəfindən Bakı şəhəri 7 saylı dövlət notariat ofisində 16.12.2001-ci il tarixdə 55 reyestr nömrəsi ilə vəsiyyatnamə qoyulmuş və həmin notariat ofisində 29.01.2021-ci il tarixdə vərəsəlik işi açılmış, lakin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Göründüyü kimi iddiaçının mərhum nənəsi olan X7 barəsəində vərəsəlik işi açılsa da, vərəsələrin əhatə dairəsi müəyyən edilməmiş və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, 16.12.2001-ci il tarixdə X7 tərəfindən verilmiş vəsiyyətnaməyə əsasən mübahisəli əmlak (Bakı şəhəri, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, 14 saylı ev) və Q.Aslanovaya məxsus bütün əmlaklar X8 vəsiyyət olunmuşdur. X6 vəfatı ilə əlaqədar isə miras əmlaka dair notariat ofisində vərəsəlik işi açılmış və qanun üzrə vərəsəlik şəhadətnaməsi X3 verilmişdir. Göründüyü kimi İddiaçı hazırki mərhələdə nəinki yaşayış sahəsinin mərhum X5 məxsus olması barədə arayışın verilməsini tələb etmək hüququna, həmçinin həmin yaşayış sahəsinin X8 məxsus olması barədə arayışın verilməsini tələb etmək hüququna malik deyildir. Çünki, hər iki halda o, qanun üzrə vərəsəlik şəhadətnaməsinə malik olmamışdır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, hazırkı iddianın mümkünlüyü baxımından irəli sürülməli iddia daşınmaz əmlaka mülkiyyət hüququnun iddiaçının mərhum nənəsinə məxsus olması barədə arayışın verilməsi ilə bağlı olduğundan və həmin arayışın verilməsi ilə bağlı yuxarıda adıçəkilən qanunda arayışın verilməsinin yalnız vərəsə tərəfindən tələb edilə biləcəyi təsdiq edildiyindən, hazırkı halda isə mərhumun ilə bağlı notariat işi mövcud olsa da, qanun üzrə vərəsəlik şəhadətnaməsi olmadığından, məhkəmə hesab edir ki, nə qədər ki, mərhumun vərəsəsinin dairəsi müəyyən edilmədiyindən və notariat işi açıldığına baxmayaraq, vərəsəlik şəhadətnaməsi olmadan iddiaçı mərhumun yaxın qohumu olsa belə vərəsəsi avtomatik olaraq heç bir qərar olmadan hesab edilmədiyindən iddia müvafiq subyektiv hüquqa malik olmayan şəxs tərəfindən qaldırılmış kimi qiymətləndirilir. Yəni iddiaçı mərhumun yaxın qohumu olsa belə, əmlakın ona vərəsəlik qaydasında keçməsinə dair vərəsəlik şəhadətnaməsi əldə etmədiyindən qaldırmış olduğu iddia da mümkünlük şərtlərini ödəmir. Bundan əlavə, yardım etmə vəzifəsinin icra edilməsi ilə bağlı Məhkəmə AR İPM-nin 13 və 48-ci maddələrinin, eləcə də “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 3.1-3.4-cü bəndlərində nəzərdə tutulmuş tələblərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Adıçəkilən maddə və bəndlərin məzmunundan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir (13 və 48-ci maddələr). İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. (3.1-3.4-cü bəndlər). Məhkəmə də qeyd olunan istiqamətdə yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halları tərəfin diqqətinə çatdırmış, tərəf isə hazırkı tələbini müdafiə etdiyini, iddia ərizəsi üzrə işə mahiyyəti üzrə baxılmasını və iddia tələbinin göstərilən fomrada təmin edilməsini xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Məhkəmə izah edir ki, iddiaçı mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsini əldə etdikdən sonra müvafiq olaraq məhkəməyə müraciət edə bilər. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim:Həsənov Orxan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar