Məhkəmə qərarları › İş №2-1(112)-5659/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5659/2023

16.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5659/2023 16.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-də xx.xx.2005-ci il tarixdən xx.xx.2012-ci il tarixinədək çilingər vəzifəsində işləməsinə dair inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olmuş, 1978-ci ildən etibarən əmək fəaliyyətinə başlamış və 2012-ci ilədək müxtəlif sahələrdə işləmişdir. 1978-ci ildən 1983-cü ilədək Şamaxı Yol İdarəsində, 1983-cü ildən 2003-cü ilədək X2 Kombinatında, 2005-ci ildən 2012-ci ilədək isə "xxxx" MMC-də çilingər vəzifəsində işləmişdir. İddiaçı ümumilikdə 30 ildən artıq sığorta stajının yarandığını bildirmişdir. İddiaçı qeyd etmişdir ki, 30 ildən artıq sığorta stajı olmasına baxmayaraq ,ona yaşa görə pensiya təyin olunmuşdur. İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ərizə ilə müraciət edərək 30 il sığorta stajının olmasını nəzərə alıb pensiya təyin olunmasını xahiş etsə də, sözügedən qurum "xxxx" MMC-də xx.xx.2005-ci il tarixdən xx.xx.2012-ci il tarixinədək olan əmr kitabları və əmək haqqı cədvəllərinin Dövlət Arxivinə təhvil verilmədiyindən tələbin mümkün olmadığını bildirmişdir. Odur ki, iddiaçı "xxxx" MMC-də xx.xx.2005-ci il tarixindən xx.xx.2012-ci il tarixinədək çilingər vəzifəsində işləməsinə dair inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

3. Cavabdeh qurumun iddiaçıya ünvanladığı 27 sentyabr 2022-ci il tarixli, **********4 nömrəli imtina məktubuna əsasən bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd edilən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. İddiaçının təqdim etdiyi sənədlərə əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 23 il 8 ay 27 gün təşkil edir. Cavabdeh qurum bildirmişdir ki, xx.xx.2006-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin iddiaçının təqdim etdiyi əmək kitabçasında qeyd olunmuş mötəbərliyə əsaslı şübhələr olan xx.xx.2005-ci il tarixindən xx.xx.2012-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikası Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 121 saylı aktına əsasən "xxxx" MMC-nin xx.xx.2005-ci il tarixindən xx.xx.2012-ci il tarixinədək olan əmr kitabları və əmək haqqı cədvəlləri Dövlət Arxivinə təhvil verilməmişdir. Bu səbəbdən həmin müəssisədə əmək haqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmadığından sözügedən dövr sığorta stajına daxil edilməmişdir. Cavabdeh qurum qeyd olunanların nəzərə alınaraq, iddiaçının əmək kitabçasında göstərdiyi müvafiq dövrlərin əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçıya əlavə sənədlər təqdim edəcəyi halda sığorta stajının qanunvericiliklə tələb olunan 25 il müddətə tamamlanması halında, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla biləcəyi bildirilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olamayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinat almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən sizə xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixindən 180 manata çatdırılmışdır.

4. Bakı şəhər Qaradağ Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə qarşı hüquqi əhəmiyyətli olan iş stajı faktının müəyyən olunması tələbinə dair ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilmişdir.

5. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının vəsatətinə əsasən iş üzrə cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı nəzərə alınmaqla iddia tələbini yaşa görə əmək pensiyasının təyin edilməsi kimi dəyişdirilmişdir.

6. İddiaçının əmək kitabçasına əsasən, o, əmək fəaliyyətinə xx.xx.1978-ci ildə başlamışdır. Əmək kitabçasına əsasən əmək fəaliyyəti aşağıdakı kimidir: xx.xx.1978-xx.xx.1983; xx.xx.1983-xx.xx.2003; xx.xx.2005-xx.xx.2012-cü illər.

7. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Qəbələ Rayon İcra Hakimiyyəti Qəbələ Rayon Dövlət Arxivinin 15 sentyabr 2022-ci il tarixli 121 saylı arayışına əsasən, İddiaçı "xxxx" MMC-də işləməsi faktının araşdırılması ilə bağlı 12 sentyabr 2022-ci il tarixdə Qəbələ Rayon Dövlət Arxivinə daxil olmuş **********0№li sorğuya cavab olaraq bildirilmişdir ki, "xxxx" MMC-nin əmr kitabları və əmək haqqı cədvəlləri arxivə təhvil verilmədiyi üçün arxivdə saxlanılmır.

8. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini və iddiaçının ”İstehsalçı” MMC-də işlədiyi illər nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsini məhkəmədən xahiş etmişdir.

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etiraz təqdim etdi və etirazın məzmununa uyğun olaraq izahat verərək bildirdi ki, cavabdehin imtinası qanunidir və iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə ən azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib və iddiaçı pensiyaya çıxmaq üçün qanunla müəyyən olunmuş yaş həddinə xx.xx.2021-ci il tarixdə çatmışdır (İddiaçının hazırda 66 yaşı var). Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin qanunun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Sözügedən qanunun 21.1-ci maddəsinin tələblərinə görə isə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Qeyd olunan qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təmin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-ci il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. İddiaçının mərkəzi filiala təqdim etdiyi əmək kitabçasının və hərbi biletinin surətinə əsasən ümumi sosial sığorta stajı 23 il 8 ay 27 gün təşkil edir (xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu dövr də daxil olmaqla). Cavabdeh qurum xüsusilə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əmək kitabçasında qeyd olunan bütün dövrlər onun sosial sığorta stajına daxil edilmişdir. Yalnız iddiaçının xx.xx.2005-ci il tarixdən xx.xx.2012-ci il tarixədək olan "xxxx" MMC-də işlədiyini iddia etdiyi əmək fəaliyyəti dövrü mübahisəli dövr olaraq qalmışdır. İddiaçının əmək fəaliyyəti ilə bağlı aşağıdakılar qeyd olunmuşdur: İddiaçının əmək kitabçasının surətində xx.xx.2005-ci il tarixdə işə girdiyi qeyd olunsa da, əmrin tarixi xx.xx.2008-ci il qeyd olunmuşdur. İddiaçının xx.xx.2012-ci il tarixdə işdən çıxdığı qeyd olunsa da, işdən çıxma əmri əmək kitabçasında göstərilməmişdir. İddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci bəndinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Həmin Qaydaların 3.11-ci bəndinə əsasən əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Qaydaların 3.2-ci bəndinə əsasən işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Qaydaların 3.4-cü bəndinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsində əmək pensiyasına anlayış verilmişdir. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sıqortaolunanların (bundan sonra - sıqortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Belə ki, əmək kitabçası və ya kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əməkhaqqı verilməsi üçün şəxsi hesablar və əməkhaqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və veriımiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Qeyd olunan qanunvericilik normalarının təhlilindən və isin faktiki hallarından aydın olur ki, iddiaçının əmək kitabçasının surətində xx.xx.2005-ci il tarixdə isə girdiyi qeyd olunsa da, əmrin tarixi xx.xx.2008-ci il qeyd olunmuş, xx.xx.2012-ci il tarixdə isdən çıxdığı qeyd olunsa da, isdən çıxma əmri əmək kitabçasında göstərilməmiş və iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin, iddiaçıya münasibətdə xx.xx.2006-cı il tarixdən sonra işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən müddətlər onun sosial sığorta stajına daxil edilməlidir. Lakin, iddiaçı xx.xx.2005-ci il tarixdə isə girdiyini iddia etsə də, barəsində məcburi dövlət sosial sığorta ödənişləri olmamışdır. Cavabdeh qurum bildirmişdir ki, xx.xx.2005-ci il tarixə qədər olan dövrlər iddiaçının xeyrinə sosial sığorta stajına daxil edilsə belə, hər bir halda qanunla nəzərdə tutulan müddət (25 il) tamamlanmayacaqdır. Odur ki, cavabdeh qurum İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair 2-1(112)-5659/2023 nömrəli iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü

10. İddia tələbi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır.

11. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.

12. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

13. İddiaçı xx.xx.1956-ci ildə anadan olmuşdur.

14. İddiaçının əmək kitabçasına əsasən, xx.xx.1978-ci il tarixdə əmək fəaliyyətinə başlayıb. Əmək kitabçasına əsasən, o, xx.xx.1975-xx.xx.1977-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1978-xx.xx.1983; xx.xx.1983-xx.xx.1997; xx.xx.1997-xx.xx.2003; xx.xx.2005xx.xx.2012-ci illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur.

15. Cavabdeh qurum iddiaçının xx.xx.1997-xx.xx.2003; xx.xx.2005-xx.xx.2012-ci illərdəki əmək fəaliyyəti dövrünü qəbul etməyərək hesab etmişdir ki, xx.xx.2006-cı ilədək sığorta stajı 23 il 8 ay 23 gündür.

16. Məhkəmə qeyd edir ki, iddiaçının əmək kitabçasına əsasən müəyyən olunur ki (əsli məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmişdir), iddiaçı xx.xx.1997-xx.xx.2003-cü illərdə “X2” kombinatında 6-cı dərəcə təmirçi-çilingər peşəsi üzrə işləmişdir. Lakin əmək kitabçasının 13-cü vərəqində “xx.xx.2003”-cü il tarixində düzəliş edildiyinə dair şübhələrin olduğu müəyyən edilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, işçinin (iddiaçının) tutduğu vəzifədən azad edilməsinə dair aparılmış qeyddə (əmək kitabçasının 21-ci vərəqi) əmrin tarixi xx.xx.2003-cü il olaraq qeyd edilməklə hər hansı düzəliş aparılmamışdır.

17. İddiaçının xx.xx.2005-xx.xx.2012-ci illərdə Qəbələ rayonu "xxxx" MMC-də işlədiyi dövrə münasibətdə məhkəmə qeyd edir ki, yuxarıdakı dövr nəzərə alındıqda iddiaçının xx.xx.2006-cı il tarixə qədər əmək stajı 27 il 3 ay təşkil edir. Qeyd edilən sığorta stajı ona 65 yaşının tamam olduğu tarixdən yaşa görə pensiya təyini hüququ verir.

18. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.

19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

20. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün yaşa görə əmək pensiyasının təyini üçün 2 şərt lazımdır: i) tələb olunan yaş; ii) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj. 1 iyul 2020 – 30 iyun 2021 il üçün kişilər üçün pensiya yaşı 65 yaşdır.

21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

22. İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür və yaşa görə pensiya hüququ 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdə yaranmışdır. Odur ki, həmin tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməli, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.

23. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

24. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar