Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5661/2020 23.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Bakı şəhəri, Xətai r., N.Əliyev küçəsi, ev 42, m. 59) cavabdeh – Dövlət Sosial Müdafiə Fondunun X4 İdarəsinə (yerləşdiyi yer: Bakı şəhəri, Z.Bünyadov prospekti, 43) qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hesablanaraq birdəfəlik ödənilməsi» barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) X1rşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hesablanaraq birdəfəlik ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsində bildirir ki, o, xx xxxxxx 1967-cı il tarixdə doğulmuşdur. x xxxxxxx 1985-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. xx xxxxxx 2019-cu il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmalı idi. Həmin vaxtdan hal-hazıradək dəfələrlə aidiyyəti orqanlara müraciət etsə də, ona həmin tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin olunmamışdır. «Əmək pensiyaları haqqında» AR Qanununun tələblərinə (31.1 və 32-ci maddələri) əsasən ona xx xxxxxx 2019-cu il tarixdən, yəni 52 yaşdan güzəştli srtlərələ yaşa görə əmək pensiyasının təyin olunması və pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi barədə qərar verilməlidir. O, «Vətəndaşların pensiya təminatı haqqında» AR-in xx xxxxxxxx 1992-ci il tarixli Qanununun 13-cü maddəsinin «b» bəndinə və «Əmək pensiyaları haqqında» AR Qanununun 9-cu maddələrinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdir. Belə ki, o (iddiaçı), 2017-ci ilin 1 iyul tarixədək həm AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısı», həm də AR Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı» üzrə 10 ildən çox zərərli əmək sahəsində əmək stajı və 20 ildən artıq ümumi əmək staj toplamışdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətinə cavabdeh təşkilatın xx xxxxxx 2020-ci il tarixli cavab məktubunda «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.8, 9.1 və 9.8-ci maddələrinə istinad edilmiş və qeyd olunmuşdur ki, x xxxx 2007-ci il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin «b» bəndinə uyğun olaraq AR Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təstiqlənmiş 2 nömrəli siyahıya görə 20 il ümumi stayı olan və bu stajın ən azı 10 ilini ayını güzəştli şərtlərlə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim edilmiş sənədlərdən göründüyü kimi, onun (ərizəçinin) fərdi hesabınının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiaya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona (ərizəçiyə) münasibətdə 51.600 manat hesablandığı halda, fərdi hesabınının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 46.086,36 manat təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 38, 71-ci maddələrinə, 149-cu maddəsinin Vİİ hissəsinə, «Əmək pensiyaları haqqında» AR Qanununun 9, 31, 32, 37-ci maddələrinə (x xxxx 2017-ci il tarixədək qüvvədə olan tələblərinə), «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin «b» bəndinə əsaslanaraq, ona (iddiaçıya) xx xxxxxx 2019cu il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. DSMF X4 üzrə Mərkəzi Filialının məhkəməyə iddia ilə bağlı ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - Hesab olunur ki, İddiaçı iddiası tam əsassız və rədd edilməlidir. Belə ki, onun Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bakı 2 saylı “ASAN xidmət” mərkəzi tərəfindən daxil olmuş ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaılmışdır. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə,'incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-ci il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13cü maddəsinin “b” bəndinə uyğun olaraq AR Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini ayını güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Göründüyü kimi, Mərkəzi Filial tərəfindən verilən güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında qərar qanunauyğun və əsaslı hesab edilməlidir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı DSMF X4 üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 inzibati orqanın imtinasının qanuna uyğun olduğunu və iddianın əsassız olduğunu bildirdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. Həmin Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli xx xxxxxx 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» AR Qanununa əsassən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3-cü bəndində göstərilmişdir ki, 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Qaydaların 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. AR Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin Qərarla təsdiqlənmiş 2 nömrəli Siyahının “Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsində hazırkı İddiaçı 2006-cı il yanvar ayının 1-dək 12 il 6 aydan çox işlədiyi “tenoloji qurğuların operatoru” “əmtəə operatoru” peşələri 2130301a – 16081 və 2130301a – 16085 kodları ilə nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının əmək kitabçasındakı qeydlər üzrə onun 2006-cı il yanvar ayının 1-dək 20 ildən çox ümumi iş stajına, o cümlədən 10 ildən çox güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq peşədə iş stajına malik olması işin mübahisələndirilməyən hallarına aiddir. İnzibati orqanın ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasından imtinasını iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə əsaslandırır. Lakin məhkəmə cavabdeh tərəfin bu mövqeyi ilə razılaşmır və hesab edir ki, inzibati orqanən həmin dəlilinə söykənən imtinası qanuna zidd qiymətləndirilməlidir. Çünki, iddiaçı 2006-cı il yanvar ayının 1-dək 20 ildən çox ümumi iş stajına, o cümlədən 10 ildən çox güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq peşədə iş stakına malik olduğundan, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə əsasən əvvəllər qüvvədə olmuş qanunvericiliklə, yəni «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanunu müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Belə olan halda, cavabdehin imtinasının əsası kimi çıxış edən – “fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməsi” şərtinin iddiaçıya münasibətdə tətbiqi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən yol verilən deyil. Odur ki, inzibati orqanın iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasından imtinası qanunvericiliyin, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasının 38-сi maddəsinin, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinin, habelə «İnzibati icraat haqqında» AR Qanununun 15-ci, 58.1-ci maddələrinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. İddia “52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi” tələbi hissəsində əsaslıdır və təmin edilməlidir. İddianın digər hissəsinə, yəni “pensiya məbləğinin (fərqin) birdəfəyə ödənilməsi” tələbinə gəldikdə isə, məhkəmə iddianı həmin hissədə qismən əsaslı sayır. Bu qənaət ondan irəli gəlir ki, iddiaçının əmək pensiyası hüququ 52 yaşdan, yəni xx xxxxxx 2019-cu il tarixdən yarandığından, ona keçmiş dövr üzrə pensiya məbləğinin hesablanması və ödənilməsi «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1 və 37.7-ci maddələrinin tələblərinə uyğun olmalıdır. Bu isə o deməkdir ki, iddiaçıya xx xxxxxx 2019-cu il tarixdən ödənilməmiş pensiya məbləği birdəfəlik deyil, “ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə” ödənilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək İddiaçı xx xxxxxx 2019-cu il tarixdən (52 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin “ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə” ödənilməsi öhdəliyi cavabdeh DSMF X4 İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 13, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı xx xxxxxx 2019-cu il tarixdən (52 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin “ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə” ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun X4 İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-5661/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5661/2020
23.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver