Məhkəmə qərarları › İş №2-1(112)-5662/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5662/2021

16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5662/2021 16.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, cavabdehin nümayəndəsi X8 (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Əjdər Xanbabayev 1; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hüquq şöbəsində böyük məsləhətçi) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı ünvan 1 ünvanında yerləşən və paylı mülkiyyət hüququ üzrə iddiaçının mülkiyyətində olan torpaq sahəsində tikilmiş olan qeyri-yaşayış binasının, təqdim edilmiş sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin “Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 351 saylı torpaq sahəsində yerləşən daşınmaz əmlakın dövlət qeydiyyatına alınaraq, İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi” kimi oxunması qərara alınmışdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində göstərilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 351 ünvanda iddiaçıya paylı mülkiyyət hüququ üzrə məxsus olan torpaq sahəsi var. Bu torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bəhs edilən torpaq sahəsində mülkiyyətində olan tikililər mövcud olmuş, onlar da daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişlər. Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti Başçısının 219 saylı, 15 avqust 2014-cü il tarixli Sərəncamı ilə, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/2177 saylı, xx.xx.2014-cü il tarixli razılaşdırma məktubuna əsasən, tikililərin sökülərək yerində layihə üzrə qeyri-yaşayış binası tikilməsinə icazə verilmişdir. Bu əsasla sökülən əvvəllər mövcud olmuş tikililərin daşınmaz əmlakın dövlət reyestridə qeydiyyatı ləğv edilmiş, yerinə yeni ünvan verilməklə və yalnız boş torpaq sahəsinin mülkiyyət hüququ saxlanılmaqla Çıxarış verilmişdir. Yuxarıda qeyd etdiyi kimi, ilk öncə Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/2177 saylı, xx.xx.2014cü il tarixli razılaşdırma məktubuna əsasən aparılacaq qeyri-yaşayış binası tikintisinin eskiz layihəsi razılaşdırımışdır. Bundan sonra həmin razılaşdırma məktubu əsasında Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti Başçısının 219 saylı, 15 avqust 2014-cü il tarixli Sərəncamı ilə mövcud tikililərin sökülərək, yerində razılaşdırılmış layihə üzrə tikinti aparılmasına icazə verilmişdir. Adı çəkilən razılaşdırma məktubu Yasamal rayon İcra Hakimiyyəti Başçısına ünvanlanmışdır. Bundan əlavə, eyni məzmunlu 18/03-8/2457 saylı, xx.xx.2015-ci il tarixli bizə ünvanlanmış razılaşdırma məktubu da bizə təqdim edilmişdir. Sərəncamın 2-ci bəndində torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının təmin edilməsi şərti müəyyən edildiyindən, yuxarıda qeyd etdiyimiz kimi, sökülmüş tikililərin qeydiyyatını ləğv edilərək, boş torpaq sahəsinə dair hüquqların qeydiyyatdan keçirilməsi əməliyyatı aparılmış, bununla da Sərəncamın 2ci bəndinin şərtlərinə əməl edilmişdir. 02 sentyabr 2014-cü il tarixdə layihə sənədləri ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X17 Xidmətinə tərəfimizdən müraciət edilərək, layihə sənədlərinin yanğın təhlükəsizliyi ekspertizası keçirilməsi və müvafiq rəy verilməsi xahiş edilmişdir. Müraciətinə əsasən, bu ekspertiza keçirilmiş və YTNƏŞ-1677 saylı, 1 7.09.2014-cü il tarixli müsbət Rəy xx/xx-05629 saylı, xx.xx.2014-cü il tarixli müşaiyət məktubu ilə ona təqdim edilmişdir. Sərəncamın 3-cü bəndinə əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 X2 Ekspertiza Baş İdarəsi tərəfindən ekspertiza edilməli olduğu şərti müəyyən edilmişdir. Buna görə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 X2 Ekspertiza Baş İdarəsinə tərəfimizdən müraciət edilmiş, həmin təşkilatdan xx.xx.2014-cü il tarixli, 18837 nömrəli Rəy alınmış, həmin Rəy 17 oktyabr 2014- cü il tarixli xx/xx-02519 saylı müşaiyət məktubu ilə Yasamal Rayon İcra Hakimiyyəti Başçısına göndərilmişdir. Bundan sonra tikinti işlərinə başlanılmış və qüvvədə olan tikinti norma və qaydalarına uyğun olmaqla və eskiz layihəsindəki ölçülərdə tikinti işləri aparılmışdır. Tikinti işləri başa çatdıqdan sonra 08 noyabr 2018-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X17 Xidmətinə müraciət etdi. Müraciəti əsasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X17 Xidmətinin YTNƏŞ-0754 saylı, 22 noyabr 2018-ci il tarixli Aktı eyni tarixli 37/Ə-00946 saylı müşaiyət məktubu ilə bizə təqdim edilmişdir. Bundan sonra sifarişi əsasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 X16 tərəfindən 278 çıxış nömrəsi, 13 may 2019-cu il tarixi ilə 06 may 2019cu il tarixli 986 saylı texniki müayinə Rəyi verilmişdir. Həmin Rəyə əsasən də qeyriyaşayış binasının möhkəmlik və dayanıqlıq tələblərini ödədiyi bildirilmişdir. Bəhs edilən Rəy 37/ə-01476 nömrəli, 13 may 2019-cu il tarixli müşaiyət məktubu ilə ona təqdim edilmişdir. Bundan sonra ona Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi tərəfindən Ö/002881 nömrəli, 27 may 2019-cu il tarixli “İstismara hazırlıq Aktı” təqdim edilmişdir. Bundan sonra obyektin layihə-texniki sənədləri qeydiyyata götürülmək üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X6 və X9 Agentliyinə göndərilmiş, nəticə olaraq ona “Obyektin layihə-texniki sənədləri qeydiyyata götürülməsi barədə” xx.xx.2019-cu il tarixli, 37/Ə-00847 saylı məktub təqdim edilmişdir. Bundan sonra Azərbaycan Respubliaksı Səhiyyə Nazirliyi Respubliaksı Gigiyena və Epidemiologiya Mərkəzinə xx.xx.2019-cu il tarixli ərizə ilə müraciət edərək sanitariya-gigiyenik və sanitariya-epidcmioloji qiymətləndirmə aparılması xahiş edilmişdir. Müraciəti əsasında həmin qiymətləndirmələr aparılmış və ona xx.xx.2019-cu il tarixli 0422/7-260 saylı qeyri-yaşayış binasının sanitariya- gigiyenik və sanitariya-epidcmioloji vəziyyət haqda müsbət Arayış verilmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinə ərizə ilə müraciət edilmiş, müraciəti əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin 26 noyabr 2019-cu il tarixli ER-22/583 saylı X14 eyni tarixli 22/Ə-759 saylı müşaiyət məktubu ilə ona təqdim edilmişdir. Rəyə əsasən layihə sənədlərinin razılaşdırıldığı aydın olur. Göründüyü kimi, qanunvericiliklə müəyyən edilmiş bütün aidiyyatı olan dövlət qurumlardan razılıqlar, müsbət rəylər, arayışlar toplanmış, icazə verilmiş tikinti işləri qanunvericiliyə uyğun həyata keçirilərək başa çatdırılmışdı. Son olaraq, tikintisi başa çatmış qeyri-yaşayış binası üzərində mülkyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün iddia ərizəsi üzrə cavabdeh təşkilata müraciət etmək qərarına gəlmişdir. Toplanmış sənədlər əlavə edilməklə 18 fevral 2021-ci il tarixdə ********** saylı ərizə verildi. Lakin, hüquqlarının dövlət qeydiyyatına alınması haqda Çıxarış verilməsi əvəzinə ona **********16 saylı xx.xx.2021-ci il tarixili “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə Bildiriş" verildi. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, qeyri-yaşayış binası üçün nəzərdə tutulan tikintiyə və istismara icazə və digər payçının notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi təqdim edilməmişdir. Əlavə olaraq qeyd edirlər ki, ərazidən hasar boyu 530 mm-lik orta təzyiqli qaz xətti keçir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********16 saylı xx.xx.2021 -ci il tarixli cavab məktubu ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1 -ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” əsasnamənin 4.11.11.5. və 4.11.12-ci bəndlərinə əsasən yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək vəzifələri göstərilsədə, əsasnamənin 4.18.2-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək səlahiyyəti şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 272 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi barədə” qaydaların 3.6.4-cü bəndinin tələblərinə əsasən qəbul komissiyasının tərkibinə sifarişçinin, podratçının, subpodratçının, layihəçinin, istismarçının, Fövqəladə Hallar Nazirliyi X17 Xidmətinin, Tikintidə X5 Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin və tələb olunan hallarda Sənayedə X6 və X10 Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, yerli icra hakimiyyəti (şəhərin tərkibində olan rayonlar üzrə həm şəhər, həm də rayon icra hakimiyyəti) və ya bələdiyyə orqanının, kommunal xidmətləri göstərən təşkilatların (qaz, su, elektrik və kanalizasiya) və tələb olunan hallarda digər müvafiq təşkilatların nümayəndələri daxil 3 edilməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş Yasamal Rayonu İcra Hakimiyyəti başçısının 219 nömrəli xx.xx.2014-cü il tarixli “A.M.Şərifzadə küçəsi 217/23 saylı ünvanda yerləşən tikililərin sökülərək yerində qeyri-yaşayış binasının tikintisi haqqında” Sərəncamına əsasən ünvan 4 ünvanda yerləşən, X3 məxsus tikililərin sökülərək, yerində razılaşdırılmış eskiz layihəsinə müvafiq qeyri-yaşayış binasının tikintisinin sənədləşdirilməsinə icazə verilmişdir. İş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma Baş İdarəsində Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 217/23 ünvanında İddiaçı məxsus qeyri-yaşayış binasının eskiz layihəsi razılaşdırılmışdır. İş materiallarından görünür ki, məhkəmə zamanı əslinə baxış keçirilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X17 Xidmətinin YTNƏŞ-0754 saylı, 22 noyabr 2018-ci il tarixli Aktında göstərilmişdir: “Tikintisi başa çatmış obyektə dair təqdim olunmuş sənədlər araşdırılmış və yerində yanğın-texniki müayinə keçirilərək müəyyən edilmişdir: Obyekt Azərbaycan respublikasında qüvvədə olan 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının, 2.08.02-89 «İctimai bina və qurğular» Tikinti Norma və Qaydalarının, 2.04.02-84 «Su Təchizatı. Xarici xətlər və qurğular» Tikinti Norma və Qaydalarının, 2.04-09-84 «Bina və qurğuların yanğın avtomatikası» Tikinti Norma və Qaydalarının, 2.02.01-97 «Bina və qurğuların yanğın təhlükəsizliyi» Dövlətlərarası Tikinti Normalarının, «X1 Qaydaları»nın tələblərinə uyğundur.” İş materiallarından görünür ki, məhkəmə zamanı əslinə baxış keçirilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 X11 06 may 2019-cu il tarixli 986 saylı Rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 217/23 ünvanında yerləşən fiziki şəxs İddiaçı məxsus zirzəmili 3 mərtəbəli qeyri-yaşayış binasının (ticarət və ofis) təyinatı dəyişdirilməmək şərti ilə yükdaşıyan konstruksiyaları möhkəmlik və dayanıqlıq tələblərini ödəyir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin nəzdində yaradılmış Təhlil qrupunun xx.xx.2019-cu il tarixli, 986 saylı iclasında binanın yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlıq baxımından istismara yararlı olması barədə qərar qəbul edilmişdir. İş materiallarından görünür ki, məhkəmə zamanı əslinə baxış keçirilmiş ünvan 4 ünvanında 3 mərtəbəli, zirzəmili qeyri-yaşayış binasının Ö/ 002881 nömrəli İstismara hazırlıq Aktı mövcuddur. İş materiallarından görünür ki, məhkəmə zamanı əslinə baxış keçirilmiş Azərbaycan Respubliaksı Səhiyyə Nazirliyi Respubliaksı Gigiyena və Epidemiologiya Mərkəzinin 24.010.2019-cu il tarixli 04-22/7-260 nömrəli Arayışına əsasən ünvan 5 ünvanında tikintisi başa çatmış, vətəndaş İddiaçı məxsus, ofis binası sanitariya-gigiyenik və sanitariyaepidemioloji tələblərə uyğun hesab olunur. İş materiallarından görünür ki, məhkəmə zamanı əslinə baxış keçirilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin 26 noyabr 2019-cu il tarixli ER-22/583 saylı X12 əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ünvan 6 ünvanda tikinti işlərinin başa çatdığını və obyektin mövcud istismar vəziyyətində olduğunu nəzərə alaraq, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin tələblərinə əsasən təqdim olunmuş layihə sənədini razılaşdırır. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmişdir, lakin cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. Belə ki, məhkəmə qeyd edir ki, mübahisə predmeti olan daşınmaz əmlakın tikintisi üçün torpaq sahəsinin iddiaçının xüsusi (paylı) mülkiyyətində olması və daşınmaz əmlakın istismara icazə sənədinin mövcud olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. İş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyetrindən ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən ünvan 7 ünvanda yerləşən 0.0441 ha olan torpaq sahəsi İddiaçı (2/3 hissə) və X4 (1/3 hissə) paylı mükiyyətindədir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respubikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmazəmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında” 18 mart 2015-ci il tarixli 487 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.1-ci maddəsində, 8.0.9.2-ci maddəsində (hər iki halda), 8.0.10.2-ci və 8.0.11-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 04 iyun 2015-ci il tarixli, 02 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Əsasnaməsinin 2.0.3-cü bəndinə əsasən Xidmət daşınmaz əmlakın inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin tərtib edilməsini təmin edir. Həmin Əsasnamənin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələrindən biridir. Həmin Əsasnamənin 3.0.24-ci bəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifələrindən biridir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmeti olan daşınmaz əmlakın sökülməsi barədə hər hansı qərarın qəbul edilməməsi, daşınmaz əmlaka dair qanunvericiliklə müəyyən edilmiş səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş İstismara hazırlıq Aktının mövcudluğu həmin daşınmaz əmlakın müvafiq normalara uyğun tikilməsini müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”: 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra – Məcəllə) 97.5-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və tikinti layihəsində nəzərdə tutulmuş işlərin, o cümlədən tamamlama və abadlıq işlərinin yerinə yetirilməsi nəticəsində obyektin inşası və ya təmiri, yenidən qurulması, yaxud bərpası (bundan sonra – tikinti-quraşdırma) işlərinin bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsi prosedurunu və mexanizmini müəyyən edir. 2.4. Tikintiyə dövlət nəzarəti (bundan sonra – dövlət nəzarəti) tikinti-quraşdırma işlərinə başlanılması barədə Agentliyə məlumat verildiyi tarixdən tikinti-quraşdırma işləri tam başa çatdığı və bu Qaydaların 2.21-ci bəndinə əsasən istismara hazırlıq aktının (tikinti-quraşdırma işlərinə dair) tərtib olunduğu tarixə qədər olan müddətdə Müfəttişlik tərəfindən bu Qaydalara uyğun olaraq həyata keçirilir. Dövlət nəzarətinin həyata keçirilməsi prosesində hər bir tikinti obyektinə aid olan sənədlərin bir nüsxəsi Müfəttişlikdə saxlanılır. 2.6. Dövlət nəzarəti prosesində aşağıdakılar müəyyən edilməlidir: 2.6.1. tikinti obyektinin inşası zamanı tikinti ərazisinin mühafizəsi, torpaq-qazma işlərinin yerinə yetirilməsindən başlayaraq, obyektin özülünün, yeraltı və yerüstü hissələrinin konstruksiyalarının, mühəndis-kommunikasiya təminatı şəbəkələrinin (xarici və daxili xətlərin), mühəndis sistemləri və avadanlıqlarının quraşdırılması, tikinti sahəsinin abadlaşdırılması və infrastruktur obyektləri üzrə işlərin yerinə yetirilməsində tikinti layihəsinə və şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunması; 2.6.2. tikinti obyektinin yenidən qurulması, bərpası və əsaslı təmiri zamanı obyektdə hazırlıq işlərinin aparılması, onun yükdaşıyan konstruksiya elementlərinin (özülünün, yeraltı və yerüstü hissələrinin konstruksiyalarının) gücləndirilməsi və (və ya) yenisi ilə əvəz edilməsi, obyektin (onun hissələrinin) parametrlərinin (əlavə tikililər daxil olmaqla) dəyişdirilməsi, eləcə də mühəndis-kommunikasiya və texnoloji avadanlıqların dəyişdirilməsi yolu ilə onların keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üzrə işlərin yerinə yetirilməsində tikinti layihəsinə və şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunması. 2.7. Tikinti-quraşdırma işlərinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğunluğunun müəyyən edilməsi üçün dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs tərəfindən aşağıdakılar araşdırılır: 2.7.1. bu Qaydaların 2.6-cı bəndində nəzərdə tutulmuş işlərin yerinə yetirilməsinə dair şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunması; 2.7.2. podratçı tərəfindən aparılan tikinti-quraşdırma işlərinin lisenziyanın əlavəsində göstərilən işlərə uyğunluğu, tikintidə texniki, müəllif və daxili əməliyyat nəzarətlərinin həyata keçirilməsi, yerinə yetirilmiş işlərə dair ümumi və xüsusi iş jurnallarının aparılması, eləcə də sonradan üstü örtülən işlərin, məsul konstruksiyaların, mühəndis-kommunikasiya təminatı şəbəkələrinin müayinəsi və ya sınaq aktlarının tərtib edilməsinə əməl olunması; 2.7.3. tikintidə texniki, müəllif və daxili əməliyyat nəzarətinin həyata keçirilməsi zamanı aşkar edilmiş pozuntuların aradan qaldırılması və bununla bağlı görülmüş işlərin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğunluğu. 2.9. Dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs tərəfindən tikintiyə dövlət nəzarəti həyata keçirilərkən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan hər hansı tikinti-quraşdırma işlərinin aparılması aşkar edildikdə, həmin obyektin sökülməsi barədə Agentlik tərəfindən Məcəllənin 95-ci maddəsində müəyyənləşdirilmiş qaydada müvafiq qərar qəbul edilir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan imtina məktubunda və iddiaya dair yazılı etirazında qeyri-yaşayış binası üçün nəzərdə tutulan tikintiyə və istismara icazə təqdim edilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Yasamal Rayonu İcra Hakimiyyəti başçısının 219 nömrəli xx.xx.2014-cü il tarixli Sərəncamına uyğun olaraq inşa ediləcək daşınmaz əmlakın eskiz layihəsi Yasamal Rayonu İcra Hakimiyyətinin yuxarı orqanı (Bakı Şəhər İcra Hakimiyyəti) tərəfindən nəzərə alınaraq razılaşdırılması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.11-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Beləliklə, məhkəmə qeyd edir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin inşa edilməsinə müvafiq icra hakimiyyəti orqanının icazəsinin olması, həmin tikilinin layihəsinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılması, tikinti obyektinin istismarına dair müvafiq sənədinin olması, həmçinin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin iddiaçının xüsusi mülkiyyətində olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Məhkəmə cavabdeh inzibati orqanın digər payçının notarial qaydada təsdiq edilmiş razılıq ərizəsinin olmamasına dair dəlili ilə bağlı qeyd edir ki, iş materiallarında olan notarial qaydada təsdiq edilmiş bölgü sxemindən görünür ki, paylı mülkiyyətçilərin (İddiaçı və X4) razılığı ilə ünvan 8 ünvanında yerləşən torpaq sahəsinin naturada bölgüsü aparılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, torpaq sahəsinin paylı mülkiyyətçilərinin razılığı ilə naturada bölgüsü aparıldığından, cavabdeh inzibati orqanın yuxarıda qeyd edilən dəlili əsassızdır. Həmçinin, məhkəmə cavabdehin “ərazidən hasar boyu 530 mm-lik orta təzyiqli qaz xətti keçir” dəlili ilə bağlı qeyd edir ki, cavabdeh inzibati orqan göstərilənlərə dair hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, yuxarı instansiya məhkəmələri tərəfindən formalaşdırılmış məhkəmə praktikası nəzərə alındıqda, həmin ərazidən hasar boyu 530 mm-lik orta təzyiqli qaz xətti keçməsi şərti olaraq qəbul edilsə belə, bu hal da həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyət hüququnun qeydə alınması və reyestrdən çıxarışın verilməsindən imtina üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri" Qaydalarının 2.8-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarına daxil olan torpaq sahələri, torpaq istifadəçilərindən, mülkiyyətçilərindən və icarəçilərindən alınmır, bu Qaydaların tələblərinə məcburi əməl edilməklə, kənd təsərrüfatı və s. işlər üçün istifadə edilir. Məhkəmə qeyd edir ki, Nazirlər Kabinetinin yuxarıda adı çəkilən qərarından da göründüyü kimi, qaz kəmərlərinin mühafizə zonalarına daxil olan daşınmaz əmlakın istifadə qaydalarında bəzi məhdudiyyətlər olsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Beləliklə, məhkəmə cavabdehin bu dəlilini də əsassız hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.11-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. İPM-in 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. İnzibati mübahisənin mahiyyəti ilə bağlı məhkəmənin qənaəti belədir ki, sadalanan qanunvericilik normalarının tələblərinə əsasən mübahisə predmeti olan daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin İddiaçı paylı mülkiyyətində olması, həmçinin Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 351 saylı torpaq sahəsində yerləşən daşınmaz əmlakın layihəsi müvafiq icra hakimiyyətin orqanı tərəfindən razılaşdırılması, tikinti obyektinin istismarına dair müvafiq sənədinin olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, məhkəmə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinasını iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 351 saylı torpaq sahəsində yerləşən daşınmaz əmlakın dövlət qeydiyyatına alınaraq, İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 351 saylı torpaq sahəsində yerləşən daşınmaz əmlakın dövlət qeydiyyatına alınaraq, İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar