Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5662/2022 26.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Əliyeva Zərif Nəzər qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı X4, X24, X21, X22, X18, X19, X25 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1, X14, X10, X11, X8, X9, X15 və yetkinlik yaşına çatmayan X6 ona məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 27.01.2022-ci il tarixli, 2-1(112)-5662/2022 nömrəli qərardadı ilə X4, X24, X21, X22, X18, X19, X25 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, ünvan 1-i 2013-cü ildə almışdır. 11.09.2013-ci il tarixdən onun xüsusi mülkiyyətindədir və buna dair müvafiq olaraq ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Ona məxsus mənzildə keçmiş sakinlərin qeydiyyatda olmasına baxmayaraq 11.09.2013-cü il tarixdən həmin ünvanda yaşamırlar. Üçüncü şəxslər mənzildən qeydiyyatdan çıxmağı barədə öz üzərlərinə öhdəlik götürsələr də, həmin öhdəliyi yerinə yetirməmişlər, ona məxsus olan mənzildə 3-cü şəxslərin qeydiyyatda qalmağı, sahiblik, istifadə və sərəncam vermək hüquqlarını tam olaraq həyata keçirilməsinə mane olur. Dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, 3-cü şəxs könüllü olaraq mənzildən pasport qeydiyyatından çıxmaqdan boyun qaçırdığı üçün məhkəmə qaydasında mənzil qeydiyyatından çıxarılmalıdırlar. Ona məxsus daşınmaz əmlak üzərində əmlak hüququ olmayan şəxsin əlavə yüklülüyündən iddiaçı olaraq tələbi əsasında yüklülükdən qanunvericiliyin tələbinə uyğun olaraq azad edilməlidir. Bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verib tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxslər lazımi qaydada xəbərdarlıq edilsə də məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak 11.09.2013-cü il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan 3 ünvanlanmış 25.02.2022-ci il tarixli, X-496 №-li məktuba əlavə edilmiş 26.08.2013-cü ildə bağlanmış və 4Ə-240 reyestrlə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinə dair notariat işinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, 26.08.2013-cü il tarixli, AN-İ ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X4 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 30.14 kvm. olan mənzili 68700 (altmış səkkiz min yeddi yüz) manata alıcı İddiaçı satmış, satıcı müqavilə notariat qaydasında təsdiq olunduqdan sonra 2 ay müddətində satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Mənzil satılan zaman mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmış X24, X26, X23, X27, X30 və X18 mənzilin satılmasına razılıq vermişdirlər. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 10.12.2021-ci il tarixli, ******* №-li arayışdan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı, 01.01.1950-ci il təvəllüdlü X4, 04.04.1953-cü il təvəllüdlü X24, 21.02.1986-cı il təvəllüdlü X27, 04.01.1979-cu il təvəllüdlü X23, 09.09.1976-cı təvəllüdlü X18, 22.06.2004-cü il təvəllüdlü X16, 24.01.2000-ci il təvəllüdlü X19; 24.09.1986-cı il təvəllüdlü X25 ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış **********36 №-li, 02.03.2022-ci il tarixli məktubdan görünür ki, sorğuda qeyd olunan şəxslərin (X1, X14, X10, X11, X8, X9, X15 və X6) sözügedən ünvanda istifadə hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. - Cavabdeh Baş X40 Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 17.02.2022-ci il tarixli, 018-3215-1222 №-li məktubdan görünür ki, X4 26.04.2003-cü il tarixdən, X24 12.02.2005-ci il tarixdən, X12 28.03.2003-cü il tarixdən, X23 24.09.2005-ci il tarixdən, X18 15.10.2005-ci il tarixdən, X19 17.08.2015-ci il tarixdən, X26 27.03.2003-cü il tarixdən, X16 26.03.2016-cı il tarixdən Bakı şəhəri, ünvan 6 ünvanına qeydiyyatdadırlar. Qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas olunmuş sənədlərin saxlama müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən məhkəməyə göndərilməsi mümkün deyildir. - Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil-tikintisi kooperativinin idarə heyəti "xxxx" MTK tərəfindən verilmiş 01/0150 №-li, 24.04.2022-ci il tarixli arayışdan görünür ki, 01.01.1950-ci il təvəllüdlü X4, 04.04.1953-cü il təvəllüdlü X24, 21.02.1986-cı il təvəllüdlü X27, 04.01.1979-cu il təvəllüdlü X23, 09.09.1976-cı təvəllüdlü X18, 22.06.2004-cü il təvəllüdlü X16, 24.01.2000-ci il təvəllüdlü X19, 24.09.1986-cı il təvəllüdlü X25 ünvan 7 ünvanında yaşamırlar. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 059-49824M-324 №-li, 27.12.2021-ci il tarixli məktubdan görünür ki, müraciətinə baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat" haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən X4, X24, X21, X22, X18, X16, X19 və X15 Bakı şəhəri, ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Odur ki, məhkəməyə müraciət etməyi tövsiyyə olunur. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak 11.09.2013-cü il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. O, həmin mənzili iş üzrə üçüncü şəxs X2 almışdır. Alqı-satqı müqaviləsinə əsasən satıcı X5 müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 2 ay müddətində qeydiyyatdan çıxmağı öz öhdəsinə götürsə də qeydiyyatdan hal-hazıra kimi çıxmamışdır. Mənzil satılan zaman mənzildə X24, X18, X22, Abdullayeva (Abbasova) Fəridə Şahbaz qızı, X25, X30 qeydiyyatda olmuşlar və həmin şəxslər mənzilin satılmasına razılıq vermişlər. Mübahisəli mənzil iddiaçının mülkiyyətində olan zaman X19 17.08.2015ci il tarixdə, X16 26.03.2016-cı il tarixdə yaşayış sahəsi üzrə mülkiyyətçin razılığı olmadan qeydiyyata alınmışlar. İddiaçı mülkiyyətində olan mənzildə qeydiyyatda olan, lakin yaşamayan və ailə üzvü olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması ilə bağlı inzibati orqana müraciət etsə də onun müracitəti təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən mərhum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. - 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. - 228.5-ci maddəsinin birinci cümləsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; - həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; - istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür» (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin ikinci hissəsində olan digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MM-nin 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Məhkəmə qeyd edir ki, mənzildən qeydiyyatdan çıxarılması tələb edilən üçüncü şəxslərin mübahisəli mənzil üzrə istifadə hüquqlarının yaranmasına dair iddiaçı ilə bağlanmış notariat qaydada təsdiq edilmiş yazılı razılaşmalarının mövcud olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yeri üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycar Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqan: vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası: vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında) daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunverciliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi) - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 24.09.2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Belə olan halda mülkiyyətçi həmin yaşayış sahəsində faktiki yaşamayan və istifadə hüququ olmayan şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Mübahisəli mənzildə qeydiyyatda olan üçüncü şəxsər və yetkinlik yaşına çatmayan X16 qeyd olunan mənzildə yaşamadıqlarından və istifadə hüquqların mövcud olması müəyyən edilmədiyindən məhkəmə həmin şəxslərin iddiaçının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmamaları qanuna zidd və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, X1, X14, X10, X11, X8, X9, X15 və yetkinlik yaşına çatmayan X6 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, ünvan 8 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X1, X14, X10, X11, X8, X9, X15 və X6 Bakı şəhəri, ünvan 8 ünvanından yaşayış yeri üzrə qeydiyyatından çıxarılmaları öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-5662/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5662/2022
26.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver