Məhkəmə qərarları › İş №2-1(112)-5663/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5663/2023

07.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5663/2023 07.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “maliyyə sanksiyasının silinməsi məqsədilə qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əsassız olaraq hesablanmış 32000 manat məbləğində maliyyə sanksiyasının silinməsi məqsədilə “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********8450 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı (VÖEN: **********) xx.xx.2022-ci il tarixdə operativ vergi nəzarəti tədbiri keçirilmiş və nəticəsi xx.xx.2022-ci il tarixli DVX seriyalı 006524 nömrəli aktla rəsmiləşdirlmişdir. Həmin akt əsas götürülərək, "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********8450 nömrəli qərar qəbul olunmuşdur. Həmin qərarla İddiaçı (VÖEN: **********) 16 nəfər fiziki şəxsi əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müəyyən işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə Azərbycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən hər bir fiziki şəxs üzrə 2000 (iki min) manat olmaqla, ümumilikdə 32000 (otuz iki min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Halbuki 16 nəfər fiziki şəxslər hər hansı işlərin görülməsinə cəlb edilməmiş, işə daxil olmaq üçün müraciət etməyə gəlmişlər. Vergi orqanı əməkdaşları isə kobud pozuntuya yol verərək, həmin şəxslərin işçi olduğunu qəbul edərək, akt tərtib etmişlər. Bundan əlavə, operativ vergi nəzarətinin keçirilməsinə əsas vergi orqanı tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar olmuşdur (Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi). Ancaq, həmin məlumatların hansı mənbədən və şəxslərdən əldə olunması ilə bağlı hər hansı bir sənəd qərara əlavə edilməmişdir. Yoxlama qərarının əsası oldmadığına görə, bu hal, yoxlamanın keçirilməsinin belə qanunsuz olduğundan xəbər verir. Azərbaycan Respublikasının 02 aprel 2021-ci il tarixli 286-VİQD nömrəli qanunu ilə Əmək Məcəlləsinə dəyişikliklər edilmişdir. Həmin dəyişiklik vergi ödəyicisinin leyhinə edilmişdir. Belə ki, xidmət müqaviləsi ilə işçinin işlədilməsi faktı ilk dəfə aşkar edildikdə, vergi orqanı vergi ödəyicisini bu barədə xəbərdar etməli, xəbərdarlıqdan sonra belə əmək müqaviləsi bağlanılmadığı təqdirdə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq etməlidir. Ona görə ki, dəyişikliyin məqsədi vergi ödəyicisinə maliyyə sanksiyasını tətbiq etmək deyil, onu bu istiqamətdə maarifləndirməkdir. Belə ki, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Lakin tutulduğu anda deyil, belə ki, əlavə edilmiş 2-4-cü hissəyə əsasən "bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır.” müddəası xidmət müqaviləsi ilə çalışan şəxslərlə əmək müqaviləsi bağlanılması öhdəliyini 2-3-cü hissədə nəzərdə tutulan hallardan birinin aşkar edildiyi gün ilə şərtləndirir. Məhz qeyd olunan halların aşkar edildiyi gündən sahibkarın xidmət müqaviləsi ilə çalışan şəxslərlə əmək müqaviləsi bağlamaq öhdəliyi yaranır ki, həmin an əmək müqaviləsinin bağlanılması və ya xidmət müqaviləsinə xitam verilməsi sahibkarı Vergi Məcəlləsinin 58.10-cu maddəsində nəzərdə tutulmuş maliyyə sanksiyasının tətbiqindən azad edir. Unutmayaq, vəzifə olduğu halda hüquq yaranır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi (ləğv olunması və ya dəyişdirilməsi) mübahisələndirmə haqqında iddialara aid edilir. Barəsində bəhs edilən məcəllənin 32-ci maddəsinin tələbinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İlkin inzibati aktla müqayisədə inzibati aktın ünvanlandığı şəxs üçün əlavə öhdəliklər yaratdığı və ya əlavə məhdudiyyətlər nəzərdə tutduğu hallarda da şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş qərar iddianın yeganə predmeti ola bilər. Prosessual normanın şikayətlə bağlı qərara ciddi təsir göstərəcək şəkildə pozulması da əlavə məhdudiyyət kimi qiymətləndirilməlidir. Həmin məcəllənin 70-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Həmin məcəllənin 14-cü maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. İnzibati Prosessual Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və həmin məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İnzibat icraat haqqında qanunun 72.1-ci maddəsinə əsasən İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, İqtisadiyyat Naziİiyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi aşağıda qeyd olunan səbəblərə görə hesab edir ki, iddia təmin edilməməlidir. İddiaçının qeyd etdiyi dəlillərə münasibətdə bildirilirk ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********88683 nömrəli qərarına əsasən müəssisənin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar 15A ünvanında yerləşən “Qızıl Tac” şadlıq sarayında həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 17 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmiş, lakin 1 nəfərin FİN məlumatlarını müəyyən etmək mümkün olmadığı üçün 16 nəfər fiziki şəxs barədə xx.xx.2022-ci il tarixli DVX seriyalı 006524 nönmrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvv əyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********8450 nömrəli qərar qəbul edilərək, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə yol verildiyi üçün vergi ödəyicisinə 32000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə Baş idarənin xx.xx.2022-ci il tarixli **********866800 nömrəli məktubu ilə vergi ödəyicisinə göndərilmişdir. Yoxlama zamanı İddiaçı izahatında qeyd olunan 16 nəfər işçinin xx.xx.2022-ci il tarixdə digər işçiləri əvəz etmək üçün işə cəlb olunduğunu və həmin fiziki şəxslərlə əmək və ya xidməti müqavilə bağlanmasının gecikdirildiyini bildirmişdir. Bununla yanaşı, vergi ödəyicisi operativ vergi nəzarətində iştirak etməsinə baxmayaraq aktı imzalanmaqdan və bir nüsxəsini almaqdan imtina etmişdir. Eyni zamanda iddia ərizəsində bildirilmişdir ki, qeyd olunan halların aşkar edildiyi gündən sahibkarın xidmət müqaviləsi ilə çalışan şəxslərlə əmək müqaviləsi bağlamaq öhdəliyi yaranır və həmin an əmək müqaviləsinin bağlanması və ya xidmət müqaviləsinə xitam verilməsi sahibkarı Vergi Məcəlləsində nəzərdə tutulmuş maliyyə sanksiyasının tətbiqindən azad edir. Bellə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı, eləcə də həmin məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə mindiyi təsbit olunduğu halda, müəssisə tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslər işlərin yerinə yetirilməsinə cəlb edilmiş, 16 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaratmış, aktda adları qeyd olunan 16 nəfər şəxs müəssisə ilə faktiki əmək münasibətlərində olmuş, eləcə də müəssisə məsuliyyətdən yayınmağa və vergi üstünlüyü əldə etməyə cəhd etmişdir. Əmək Məcəlləsinin prinsiplərindən biri də əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi prinsipidir. Məcəllənin 7-ci maddəsində qeyd edilir ki, tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda, tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Eyni zamanda, obyektdə operativ vergi nəzarəti tədbiri keçirilən zaman video müşahidəyə fərdi sahibkar İddiaçı tərəfindən icazə verilməmişdir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. Vergi Məcəlləsinin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Vergi Məcəlləsinin 23.2-ci maddəsinə görə yuxarı vergi orqanları tabeliyində olan vergi orqanlarının və onların vəzifəli şəxslərinin qeyri-qanuni aktlarını və qərarlarını ləğv edə bilərlər. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə görə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarətini həyata keçirirlər. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldıığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 mahal, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Həmin Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Vergi Məcəlləsinin 23, 41 və 50-ci maddələrini əsas tutaraq xx.xx.2022-ci il tarixli, **********8683 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən, iddiaçıya məxsus olan obyektdə Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi(kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədi ilə operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. - Həmin yoxlama Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2022-ci il tarixli KY221834791 nömrəli çıxarışa əsasən qeydiyyata alınmışdır. - Cavabdehin xx.xx.2021-ci il tarixli DVX seriyalı 006524 nömrəli aktına əsasən iddiaçıya məxsus Baki şəhəri Nəsimi rayonu 20 yanvar, ev 15 a m.0 ünvanında yerləşən “Qızıl Tac restoranında” operativ vergi yoxlaması zamanı işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb olunmuş 27 (iyirmi yeddi) nəfər fiziki şəxsdən 17 (on yeddi) nəfərinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi müəyyən edilmişdir. Buna görə iddiaçıya Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi tövsiyyə olunmuşdur. - “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********8450 nömrəli qərarı ilə vergi ödəyicisinə (fərdi sahibkar İddiaçı) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 16 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 32 000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. - Yoxlama zamanı İddiaçı izahatında qeyd etmişdir ki, aşkar edilmiş 16 nəfər işçinin xx.xx.2022-ci il tarixdə digər işçiləri əvəz etmək üçün işə cəlb olunduğunu və həmin fiziki şəxslərlə heç bir əmək və ya xidməti müqavilə bağlanmasının gecikdirildiyini bildirmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) İnzibati məhkəmə icraatı qaydasında öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün zəruri şərtlərdən biri də inzibati mübahisənin olması, yəni iddia qaldırılmadan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməsidir. Hazırki işdə isə iddiaçı ərizə ilə inzibati orqana müraciət etmiş və nəticə etibarilə onun ərizəsi təmin olunmamışdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmişdir və iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə, məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün saymışdır. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsassız iddiadır, təmin edilməməlidir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından və məhkəməyə təqdim edilmiş icraat materiallarından müəyyən olunur ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Vergi Məcəlləsinin 23, 41 və 50-ci maddələrini əsas tutaraq xx.xx.2022-ci il tarixli, **********8683 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən, iddiaçıya məxsus olan obyektdə (obyektin adı: Qızıltaç restoranı; ünvan: Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar 15 A 0) Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi(kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədi ilə operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. Həmin yoxlama Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2022-ci il tarixli KY221834791 nömrəli çıxarışa əsasən qeydiyyata alınmış və keçirilmə əsası olaraq (yoxlayıcı orqanın adı: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti; yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı: Qızıltac restoranı, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin VÖEN-i:**********; yoxlamanın müddəti (başlama, sona çatma tarixi): xx.xx.2022-xx.xx.2022; yoxlanılan dövr: cari fəaliyyət; yoxlanılan təsərrüfat obyektinin kodu, ünvanı və fəaliyyət növü: 140003 Qızıltac restoranı; AZ 1134, Baki şəhəri Nəsimi rayonu 20 yanvar, ev 15 a m.0; restoranlar tərəfindən xidmətlərin göstərilməsi; yoxlamanın növü: operativ vergi nəzarəti; yoxlamanın tipi: plandankənar (növbədənkənar); plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas: vergi orqanlarının Vergi Məcəlləsinin 50.1-ci maddəsində göstəriən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşgul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsasının olması, Vergi Məcəlləsi,maddə 50.2.4) Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb ediməsi hallarının aşkar edilməsi göstərilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli DVX seriyalı 006524 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktına əsasən iddiaçıya məxsus ünvan 4 ünvanında yerləşən “Qızıl Tac restoranında” operativ vergi yoxlaması zamanı işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb olunmuş 27 (iyirmi yeddi) nəfər fiziki şəxsdən 17 (on yeddi) nəfərinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi müəyyən edilmişdir. Buna görə iddiaçıya Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi tövsiyyə olunmuşdur. Aşkar edilmiş qanun pozuntusu ilə əlaqədar baş idarə tərəfindən tərtib edilmiş akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********8450 nömrəli qərar qəbul edilərək, vergi ödəyicisinə (fərdi sahibkar İddiaçı) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 16 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 32 000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. Tətbiq edilmiş maliyyə sanksiyasının 32000 manat məbləğin) xx.xx.2022-ci il tarixədək büdcəyə ödənilməsi təmin edilməsi qərara alınmışdır. Yoxlama zamanı İddiaçı izahatında qeyd etmişdir ki, aşkar edilmiş 16 nəfər işçinin xx.xx.2022-ci il tarixdə digər işçiləri əvəz etmək üçün işə cəlb olunduğunu və həmin fiziki şəxslərlə heç bir əmək və ya xidməti müqavilə bağlanmasının gecikdirildiyini bildirmişdir. Məhkəmə prosesi gedişində həmin şəxslərdən X2, X3, X7, X4 şahid qismində dəvət edilmiş və məhkəmə iclasında dindirilmişdir. 14.07.023-cü il tarixli məhkəmə iclasında şahid qismində iştirak edən fiziki şəxslər verdiyi ifadəsində qeyd etmişdirlər ki, vergi orqanı tərəfindən yoxlama aparılan zaman onlar “Qızıl Tac” restoranında işləmədiklərini və həmin restorana işə götürülmək üçün getdiklərini qeyd etmişdirlər. Aparılan məhkəmə araşdırmaları nəticəsində müəyyən olunmuşdur ki, iddiaçıya məxsus obyektdə keçirilmiş operativ vergi nəzarəti zamanı aşkar olunan fiziki şəxslərin iddiaçıya məxsus obyektdə işləməsi, iddiaçının verdiyi izahatında da həmin işçilərlə hər hansı müqavilələrinin olmaması ilə bir daha təsdiq olunur. Göstərilənlərlə bağlı olaraq məhkəmə qeyd edir ki, vergi ödəyicisi yoxlama zamanı izahat vermiş, işçilərlə əmək müqaviləsi və xidməti müqavilə olmadan işlərə cəlb olunmasını etiraf etmişdir. Məhkəmə prosesi gedişində də iddiaçı tərəf həmin dəlilləri təkzib edə biləcək hər hansı sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan işçilər faktiki olaraq işə cəlb edilmiş və iddiaçı olan vergi ödəyicisi tərəfindən onlara əmək haqqı ödənilmiş, konkret olaraq bu əmək haqları ilə bağlı məlumat müvafiq dövlət qurumlarından gizlədilmiş, yalnız yoxlama zamanı müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, qeyri-məşğulluğun aradan qaldırılması məqsədilə əmək müqaviləsinin bağlanması işəgötürənlərin başlıca vəzifələrindən biridir. Əmək haqlarının leqallaşdırılması ilk növbədə şəffaflıq prinsiplərinin və işçilərin sosial maraqlarının təmin olunmasına yönəldilmişdir. İşçilər işəgötürən tərəfindən əmək müqaviləsi bağlanmadan onlara ödənilən əmək haqları ilə razılaşmaqla özlərini gələcəkdə dövlətin sosial təminatından məhrum etmiş olurlar. Bundan əlavə, həmin işçilər məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin tam həcmdə ödənilməməsi kimi neqativ hallarla rastlaşır və ən əsası gələcəkdə layiqli pensiya təminatından məhrum olurlar. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışa əsasən vergi orqanının keçirdiyi operativ vergi nəzarəti tədbiri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixli KY221834791 nömrə ilə qeydiyyata alınmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, operativ vergi nəzarəti tədbiri hər hansı qanun pozuntusu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: - 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. - 24.0.1-ci və 24.0.2-ci maddələrinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. - 50.1-ci maddəsinə əsasən Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: - 50.3-ci maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. - 50.4-ci maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. - 50.5-ci maddəsinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. -50.6-ci maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. -50.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. - 58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. - 50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarətini həyata keçirirlər. - 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin : - 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. - 58.2-ci maddəsinə əsasən Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 62.3-cü maddəsinə əsasən şahid düzgün ifadə verməyə, hakimlərin və prosesdə iştirak edən şəxslərin suallarına cavab verməyə borcludur. - 62.4-cü maddəsinə əsasən şahid bilərəkdən yalan ifadə verməyə və ifadə verməkdən boyun qaçırmağa görə cinayət məsuliyyəti daşıyır. - 194.1-cü maddəsinə əsasən sədrlik edən şahidi dindirməzdən əvvəl onun şəxsiyyətini müəyyən edib, hüquq və vəzifələrini izah edir, ifadə verməkdən qanunsuz imtina etməyə və bilə-bilə yalan ifadələr verməyə görə məsuliyyəti barədə ona xəbərdarlıq edir. Şahidin vəzifələrinin və məsuliyyətinin ona izah edilməsi haqqında şahiddən iltizam alınır. İltizam məhkəmə iclasının protokoluna əlavə edilir. “İnzibati icraat haqqında” Qanunun: - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar - kameral vergi yoxlaması, səyyar vergi yoxlaması (növbəti və növbədənkənar) və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmişdir və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. VM-in 58.10-cu maddəsində qeyd olunan vergi hüquq pozuntusu formal tərkibli olduğundan, həmin əmələ görə vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiqi vergidən yayınma faktının baş verməsi ilə şərtləndirilə bilməz. Başqa sözlə, sözügedən maddədə təsvir olunan vergi hüquq pozuntusu üçün hər hansı bir maddi nəticənin baş verməsi ilə şərtləndirilməmişdir. VM-in 58.10-cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi normada təsbit etmişdir. Bu zaman, əməlin həmin norma ilə tövsif olunması üçün cəlb edilən işçinin işləri (xidmətləri) hansı müddətdə yerinə yetirdiyinin də əhəmiyyəti yoxdur. Başqa sözlə, vergi ödəyicisi sözügedən maddədə təsvir edilən əməli törətməklə artıq işçinin gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaratmış olur və bu əməlinə görə hər bir işçi üçün 2000 manat məbləğində maliyyə sanksiyasının tətbiqinə məruz qalır. Eyni zamanda qeyd edilməlidir ki, Vergi Məcəlləsində göstərilən əmələ görə tətbiq olunan maliyyə sanksiyasının məbləği dəqiqdir, dəyişilməzdir, aşağı və ya yuxarı həddi qanunla müəyyən edilməmişdir. Beləliklə, yuxarıda sadalanan maddələrin tələbləri baxımından, vergi orqanı müəyyən məsələlər üzrə, o cümlədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin yerinə yetirilməsi ilə bağlı əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işlərə cəlb edilməsinin yoxlanılması məqsədilə operativ vergi nəzarətini həyata keçirmək hüququna malikdir. Bu məqsədlə vergi orqanı müvafiq qərar qəbul etməlidir. Daha sonra yoxlamanın nəticələrinə dair müvafiq akt tərtib edilməlidir. Əmək qanunvericiliyin tələblərinin pozuntusu müəyyən edildiyi təqdirdə, vergi orqanı vergi ödəyicisi kimi işəgötürənə münasibətdə müvafiq maliyyə sanksiyasını tətbiq etməlidir. Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minməsi ilə məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndinə əsasən, əmək müqaviləsi (kontraktı) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci bəndinə əsasən, (...) əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 3-cü maddəsinin 5.1-ci bəndinə əsasən, əmək müqaviləsi bildirişi- (...) əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci bəndinin “h” yarımbəndinə əsasən, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (...) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən, (...) əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Sadalanmış maddələrin mənasından isə məlum olur ki, əmək müqaviləsi işəgötürənlə işçi arasında bağlansa da, lakin həmin müqavilə müvafiq elektron informasiya sistemində qeydiyyatdan keçdikdən və bu barədə məlumat olduqdan sonra qüvvəyə minir. Elektron informasiya sistemində əmək müqaviləsinin qeydiyyatdan keçirilməsi isə işəgötürənin vəzifəsi kimi müəyyən olunmuşdur. Belə olan halda, hazırkı iş üzrə 16(on altı) nəfər fiziki şəxsin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunur, belə ki, işçi ilə bağlanmış müqavilənin elektron informasiya sisteminə daxil edilib-edilməməsi cavabdeh tərəfindən yoxlanılmış, həmin 16 (on altı) nəfər barəsində elektron informasiya sistemində məlumat aşkar edilməmişdir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə görə inzibati orqan fiziki və ya hüquqi şəxslərin ərizəsi, özünün təşəbbüsü, habelə inzibati aktdan şikayət verildiyi halda inzibati icraata başlamalı (28-ci maddə), bu barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli (21-ci maddə), maraqlı şəxsi inzibati icraat materialları ilə tanış etməli (38-ci maddə), yazılı formada qəbul edilmiş inzibati aktı əsaslandırmalı (61-ci maddə), inzibati aktda həmin akta qarşı mümkün müdafiə vasitələrini əks etdirməlidir. Həmin Qanunun 61-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Həmin Qanunun 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 45.1-ci maddəsinin tələblərinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Həmin Qanunun 45.2.3-cü maddəsinə əsasən şahid ifadələri inzibati icraat zamanı inzibati orqan tərəfindən sübutetmə vasitəsi hesab olunur. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının tələblərinin pozulması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından mübahisələndirilən inzibati akt əsaslıdır və ləğv oluna bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı əsassız olaraq hesablanmış 32000 manat məbləğində maliyyə sanksiyasının silinməsi məqsədilə “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********8450 nömrəli qərarın ləğv edilməsinə dair iddia tələbi təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 70, 75,81 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar