Məhkəmə qərarları › İş №2-1(112)-5664/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5664/2023

21.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5664/2023 21.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının vəkili Hacı-zadə Vahid Şahid oğlunun Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçıya əsassız olaraq, hesablanmış 24000 (iyirmi dörd min) manat məbləğində maliyyə sanksiyasının silinməsi məqsədilə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********7481 nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. Vergi ödəyicisi və ya başqa borclu şəxs üzürlü səbəbdən bu maddənin birinci abzasında göstərilən müddəti buraxmışdırsa, yuxarı vergi orqanı və ya yuxarı vergi orqanının vəzifəli şəxsi tərəfindən şikayəti verən şəxsin ərizəsinə əsasən həmin müddət bərpa edilə bilər. İddiaçı (VÖEN: **********) xx.xx.2022ci il tarixdə operativ vergi nəzarəti tədbiri keçirilmiş və nəticəsi xx.xx.2022-ci il tarixli DVX seriyalı 001453 nömrəli aktla rəsmiləşdirlmişdir. Həmin akt əsas götürülərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********7481 nömrəli qərar qəbul olunmuşdur. Həmin qərarla İddiaçı (VÖEN: **********) 12 nəfər fiziki şəxsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müəyyən işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə Azərbycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən hər bir fiziki şəxs üzrə 2000 (iki min) manat olmaqla, ümumilikdə 24000 (iyirmi dörd min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Halbuki 12 nəfər fiziki şəxslər tərəfindən xidmətlərin göstərilməsi məqsədilə 2022-ci ilin oktyabr ayından həmin şəxslərlə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada xidmət müqaviləsi bağlanılmışdır. Buna baxmayaraq, şəxslərdən təzyiq altında izahat alaraq, onlara izahatlarında mənimlə onlar arasında xidmət müqavilələrinin bağlanılmadığını qeyd etməyi məcbur etmişlər. Bundan əlavə, operativ vergi nəzarəti zamanı fərdi sahibkara, onun xx.xx.2022-ci il tarixli DVX seriyalı 001453 nömrəli aktı imzalamaqdan imtina etmək hüququnun olması izah edilməyərək, həmin aktın onun tərəfindən imza olunmasının zəruri olduğu bildirilərək, akta imza atdırmışlar. Bununla da, Vergi Məcəlləsinin 15.1.1-ci, 24.0.3-cü və 39.1-ci maddələrinin tələbini kobud surətdə pozmuşlar. Belə ki, Vergi Məcəlləsinin 15.1.1-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi orqanlarından qeydiyyat (uçot) yeri üzrə qüvvədə olan vergilər və onların ödənilməsi qaydasını və şərtlərini tənzimləyən normativ hüquqi aktlar, vergi ödəyicilərinin hüquq və vəzifələri, vergi orqanlarının və onların vəzifəli şəxslərinin səlahiyyətləri haqqında əvəzsiz olaraq yazılı məlumat almaq hüququ vardır. Həmin məcəllənin 24.0.3-cü madəsinin tələbinə əsasən vergi orqanı vergi qanunvericiliyi və vergi qanunvericiliyində edilən dəyişikliklər barədə vergi ödəyicilərinə kütləvi informasiya vasitələri ilə və ya fərdi qaydada əvəzsiz olaraq məlumat verməyə, müəyyən edilmiş hesabat formalarının doldurulması qaydalarını izah etməyə, vergilərin hesablanması və ödənilməsi barədə izahatlar verməyə, vergi ödəyicilərinə onların hüquq və vəzifələrini izah etməyə borcludur. Qeyd olunan məcəllənin 39.1-ci maddəsində isə qeyd olunur ki, səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin məcəllənin 50.6-cı maddəsinin ikinci abzasında operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43cü və 46-49-cu maddələrinin müddəalarının tətbiq edilməli olduğu qeyd olunur. Bundan başqa, operativ vergi nəzarəti zamanı “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə təqdim edilərək, 1 iş günü müddətində sənədlərin təqdim olunması tələb olunmuş, lakin vergi orqanının əməkdaşları tərəfindən 1 iş günü gözlənilmədən, saat göstərilmədən vergi ödəyicisinin hüquqları kobud surətdə pozularaq, xx.xx.2022-ci il tarixli DVX seriyalı 001453 nömrəli akt tərtib edilmişdir. Həmçinin Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi orqanının yoxlamaların keçirilməsi zamanı yalnız vergi ödəyicisindən və ya onun vəzifəli şəxslərindən izahat almaq hüququ olduğu halda, qeyd olunan maddənin tələbləri pozularaq, vergi ödəyicisi ilə xidmət müqaviləsi əsasında münasibətləri formalaşan şəxslərdən izahatlar alınmışdır. Operativ vergi nəzarətinin keçirilməsinə əsas vergi orqanı tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar olmuşdur (Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi). Ancaq, həmin məlumatların hansı mənbədən və şəxslərdən əldə olunması ilə bağlı hər hansı bir sənəd qərara əlavə edilməmişdir. Yoxlama qərarının əsası oldmadığına görə, bu hal, yoxlamanın keçirilməsinin belə qanunsuz olduğundan xəbər verir. Qeyd etməyi zəruri hesab edirik ki, Azərbaycan Respublikasının 02 aprel 2021-ci il tarixli 286-VİQD nömrəli qanunu ilə Əmək Məcəlləsinə dəyişikliklər edilmişdir. Həmin dəyişiklik vergi ödəyicisinin leyhinə edilmişdir. Belə ki, xidmət müqaviləsi ilə işçinin işlədilməsi faktı ilk dəfə aşkar edildikdə, vergi orqanı vergi ödəyicisini bu barədə xəbərdar etməli, xəbərdarlıqdan sonra belə əmək müqaviləsi bağlanılmadığı təqdirdə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq etməlidir. Ona görə ki, dəyişikliyin məqsədi vergi ödəyicisinə maliyyə sanksiyasını tətbiq etmək deyil, onu bu istiqamətdə maarifləndirməkdir. Belə ki, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Lakin tutulduğu anda deyil, belə ki, əlavə edilmiş 2-4-cü hissəyə əsasən “bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır.” müddəası xidmət müqaviləsi ilə çalışan şəxslərlə əmək müqaviləsi bağlanılması öhdəliyini 2-3-cü hissədə nəzərdə tutulan hallardan birinin aşkar edildiyi gün ilə şərtləndirir. Məhz qeyd olunan halların aşkar edildiyi gündən sahibkarın xidmət müqaviləsi ilə çalışan şəxslərlə əmək müqaviləsi bağlamaq öhdəliyi yaranır ki, həmin an əmək müqaviləsinin bağlanılması və ya xidmət müqaviləsinə xitam verilməsi sahibkarı Vergi Məcəlləsinin 58.10-cu maddəsində nəzərdə tutulmuş maliyyə sanksiyasının tətbiqindən azad edir. Unutmayaq, vəzifə olduğu halda hüquq yaranır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iş üzrə ərazi aidiyyət məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, iş ərazi aidiyyəti baxımından Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Məhkəmə iclasında iştirak edən tərəflər işin aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə qeyd edir ki, hazırki iddia mübahisələndirmə iddia növünə aiddir. İş materiallarından görünür ki, iddiaçının mübahisələndirdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Baş İdarəsi tərəfindən qəbul edilmişdir. Cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, işə iddiaçının yaşayış yeri və olduğu yerin məhkəməsi tərəfindən baxılır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı cavabdeh orqana verdiyi xx.xx.2022-ci il tarixli yazılı izahatında yaşayış ünvanı olaraq Xırdalan şəhəri 26-cı məhəllə olaraq qeyd etmişdir. Həmçinin mübahisə predmeti olan (“Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********7481 nömrəli) qərarda iddiaçının yaşayış yeri olaraq ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə olaraq qeyd edilmişdir. İş materiallarından görünür ki, çap tarixi xx.xx.2022-ci il tarixli KY**********6 sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda, yoxlanılan sahibkarlıq fəaliyyətinin subyektinin adı: İddiaçı, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin VÖEN-i ********** yoxlanılan təsərrüfat obyektinin ünvanı - Abşeron rayonu, Xırdalan şəhəri, 2-ci keçid, Bakı-Quba şossesi kimi göstərilmişdir. Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi və inzibati məhkəmələrin ərazi yurisdiksiyası” təsdiq edilmişdir ki, həmin qərara görə Sumqayıt şəhəri Sumqayıt İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Belə ki, hazırkı iddia inzibati mübahisə olmaqla mübahisələndirmə iddia növünə aid olduğundan, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçının hüquqi ünvanını nəzərə alaraq məhkəmə hesab edir ki, işə ərazi aidiyyəti üzrə Sumqayıt şəhəri Sumqayıt İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olduğundan hazırkı işə ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində baxılmalıdır. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. İPM-in 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 8.1, 8.2-ci və 8.5-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsinə dair Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-5664/2023 saylı iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar