Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5664/2024 12.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edlməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 22 may 2021-ci ildən, yəni 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək 57 yaşından, yəni 22 may 2021-ci ildən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh 18 noyabr 2022-ci il tarixli məktubla müraciətindən imtina edərək, onun 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az təşkil etməsini, bundan başqa isə onun güzəştli iş stajının olmamasını göstərmiş və nəzərə almağını xahiş edilmişdir. Cavabdeh öz məktubunda «Əmək Pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1 və 9.8-ci maddələrinə istinad etmiş və onun iş stajı 2006-cı ilədək hesablamışdır. Belə hesab edir ki, cavabdeh öz imtinasında haqlı olmamış, Qanunvericiliyin tələblərini nəzərə almadan müraciətimdən imtina etmişdir. İddiaçı xx xxx 1964-cü ildə anadan olmuşdur. 01 sentyabr 1979-cu ildə Bakı şəhəri 2 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş, 01 iyul 1982-cü ildə həmin məktəbi bitirmiş, 15 oktyabr 1982-ci ildən 15 oktyabr 1984-cü ildək hərbi xidmətdə olmuş, 16 noyabr 1984-cü ildən 26 aprel 1985-ci ilədək Orconikidze adma kombinatda kinomexanik vəzifəsində işləmiş, 23 may 1985-ci ildən 12 fevral 1986-cı ilədək Şimal QRES-də çilingər işləmiş, 20 fevral 1986-cı ildən 19 fevral 1987-ci ilədək 3 nömrəli Avtobus Parkda çilingər işləmiş, 03 mart 1987-ci ildən 27 iyul 1987-ci ilədək Orconikidze ticarət mərkəzində işləmiş, 01 sentyabr 1987-ci ildən 12 fevral 1990-cı ilədək Kalinin adma Kombinatda işləmiş, 15 fevral 1990-cı ildən 24 aprel 2000-ci ilədək Bakı Şüşə Zavodunda üfürücü işləmiş, 02 iyun 2006-cı ildən 13 iyul 2022-cı ilədək “Suraxanmeft” NQÇİ-də “neft və qazçıxarma üzrə operator” vəzifəsində, 02 iyun 2006-cı ildən isə hal-hazıradək “X4 Kompani S.A” Şirkətinin Azərbaycan Respublkasındakı Nümayəndiliyində qazmaçı köməkçisi peşəsində işləyir. Onun hal-hazıradək olan iş stajı ümumilikdə 38 il, zərərli əmək şəraiti üzrə iş stajım 24 il 2 ay (Bakı Şüşə Zavodunda üfürücü işlədiyim vaxtdan 6 il 2 ay 9 gün və NQÇİ-də işlədiyim 05 oktyabr 2005-ci ildən bu vaxta qədər isə 18 il) təşkil edir. Lakin onun güzəştli şərtlərlə yaşa görə pensiya almağı üçün onun əmək stajı və zərərli əmək şəraiti üzrə iş stajı 57 yaşına çatdığı 22 may 2021-ci ilədək deyil, 01 iyul 2017-ci ilədək hesablanmalıdır. 01 iyul 2017-ci ilədək isə onun ümumi iş stajı 32 il və zərərli əmək şəraiti üzrə iş stajı 17 il 11 ay olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 10.2-ci bəndinə əsasən Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsində neft və qaz hasilatı üzrə operatorların Güzəştli şərtlərlə əmək pensiyası hüququ vardır. Həmin Siyahının 15.4-cü bəndinə əsasən Xəlitə hazırlanması, bütün növ şüşə, şüşə məmulatları və posasital istehsalı üzrə şüşə üfürücüləri Güzəştli şərtlərlə əmək pensiyası hüququ vardır. Cavabdeh isə ona güzəştli şərtlərlə yaşa görə pensiya almağı barədə müraciətinə baxan zaman onun iş stajı 01 yanvar 2006-cı ilədək hesablamış və 01 yanvar 2006-cı ilədək mənim 20 il 3 ay 8 gün iş stajının olmasını göstərmişdir. Halbuki, 01 iyul 2017-ci ilədək güzəştli şərtlərlə əmək pensiyası hüququ olan kişilər 57 yaşma çatdıqda yaşa görə əmək pensiyası ala bilərdi. Belə ki, 01 iyul 2017-ci il tarixədək qüvvədə olan «Əmək Pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər - 57 yaşma çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 01 iyul 2017-ci ildə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununa əsasən “57” rəqəmləri “60” rəqəmləri ilə əvəz edilmiş, yəni yaş həddi 60 yaş müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının 57 yaşı 22 may 2021-ci il tarixdə tamam olsa da, lakin 01 iyul 2017-ci ilədək onun zərərli əmək şəraiti üzrə iş stajı 26 il 23 gün təşkil etdiyindən, yəni 01 iyul 2017-ci ilədək onun artıq pensiya almaq hüququ yaranğından, ona güzəştli şərtlərlə pensiya, 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş «Əmək Pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, yəni 57 yaşına çatdıqda, təyin edilməlidir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 mart 2014-cü il tarixli qərarında xüsusi ilə göstərilmişdir ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarından görünür ki, 01 iyul 2017-ci ildə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə müvafiq qaydada mənim əldə etdiyim pensiya hüququm saxlanılmalı və mənə pensiyanın təyin edilməsi həmin hüququmun əldə edildiyi zaman qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. O, Bakı Şüşə Zavodunda üfurücü vəzifəsdində 6 il 2 ay 9 gün və NQÇİ-də “neft və qazçıxarma üzrə operator” vəzifəsində 05 oktyabr 2005-ci ildən 01 iyul 2017-ci ilədək işləməklə mənim 01 iyul 2017-ci ilədək zərərli əmək şəraiti üzrə iş stajı 17 il 11 ay təşkil etdiyindən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.2,-ci və 15.4-cü bəndinə əsasən onun güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ vardır. İşin yuxarıda qeyd edilən hallarından isə göründüyü kimi, 01 iyul 2017-ci il tarixli Qanunla «Əmək Pensiyaları haqqında» Qanununun 9.1-ci maddəsinə dəyişiklik edilənə, yəni kişilərə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün yaş həddi 60 yaş müəyyən edilməsinə dair müddəa qüvvəyə minənədək o, artıq 32 ildən çox ümumi əmək stajına malik olmuş və bundan 17 ilini xüsusilə zərərli və ağır işlərdə çalışmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Qanunun qeyd edilən mənasından göründüyü kimi fiziki və hüquqi şəxsin vəziyyətini ağırlaşdıran normativ hüquqi aktın geriyə qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı xx.xx.2006-cı ilə kimi 20 il 03 ay 08 gün ümumi iş stajına və 06 il 05 ay 05 gün güzəştli iş stajına, xx.xx.2017-ci ilə kimi isə 32 il Ümumi iş stajına, 17 il 11 ay güzəştli iş stajına malik olduğunu qeyd etmiş və ona 57 yaşının tamam olduğu xx.xx.2021ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. "Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsini rəhbər tutaraq işə dair etirazımızı təqdim edirik və icraatınıza qəbul edib hüquqi qiymət verməyinizi xahiş edirik. Belə ki, iddiaçı B. Babayev xx.xx.2023-cü il tarixdə cavabdeh orqana ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-B-298085/2023 nömrəli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin "b" bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li Siyahı üzrə müəyyən edilmiş işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X3 qərarlarını, X3 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Diqqətinizə çatdırırıq ki, iddiaçının iddia ərizəsində xx.xx.2006-cı il tarixədək iş stajına hesablanmalı olduğunu qeyd etdiyi bütün dövrlər cavabdehin iddiaçıya ünvanlandığı xx.xx.2023-cü il tarixli 3-17-1/2-B-298085/2023 nömrəli məktubdan göründüyü kimi İddiaçı iş stajına hesablanmış və ona xx.xx.2006-cı il tarixə kimi 20 il 03 ay 08 gün (xx.xx.1979-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.2000-ci il və xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) ümumi iş stajı olduğu bildirilmişdir. İddiaçı B.X2 xx.xx.2006-cı ilə kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li Siyahı üzrə müəyyən edilmiş hər hansı işdə işlədiyini təsdiq edən arayış təqdim etməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə Ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, İddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Beləliklə, yuxarıda sadalanan əsaslara görə və qanunvericiliyin tələbləri baxımından İddiaçı "İddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1964-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş H3 ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1982-ci ildə hərbi xidmətə çağırılmış, xx.xx.1984-ci ildə xidmətdən tərxis olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət-Texniki Peşə Təhsili Komitəsinin 602636 nömrəli Diplomundan görünür ki, İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1982-ci ilə kimi peşə təhsili almışdır. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus ******* nömrəli, xx.xx.1984-ci il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1984-cü ildə Orconikidze adına kombinatda kinomexanik vəzifəsinə təyin edilmiş, xx.xx.1985-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1985-ci ildə Şimal QRES-də çilingər vəzifəsinə təyin edilmiş, xx.xx.1986cı ildə işdən azad edilmişdir. xx.xx.1986-cı ildə 3 nömrəli Avtobus parkda çilingər təyin edilmiş, xx.xx.1987-ci ildə işdən azad edilmişdir. xx.xx.1987-ci ildə Orconikidze ticarət mərkəzinə qəbul edilmiş, xx.xx.1987-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1987-ci ildə Kalinin adına Kombinata qəbul edilmiş, xx.xx.1990-cı ildə işdən azad edilmişdir. xx.xx.1990-cı ildə Bakı Şüşə zavodunda üfürücü təyin edilmiş, xx.xx.2000-ci ildə işdən azad edilmişdir. xx.xx.2005-ci ildə “Suraxanıneft” NQÇİ-də4-cüdərəcə neft və qazçıxarma üzrə operator peşəsinə qəbul edilmiş, xx.xx.2006-ci ildə “Suraxanıneft” NQÇİ-də “neft və qazçıxarma üzrə operator” qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə quyuların əsaslı təmir sexinə 4-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə keçirilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-21-3/2- 2482/2024 nömrəli məktubunda bildirilir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 153 nömrəli sərəncamı ilə Azərtikintimaterialsənaye Dövlət Şirkəti Bakı Şüşə Zavodunun bazasında yaradılmış "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.1997-ci il tarixində 100% özəlləşdirilərək mülkiyyətçisi dəyişilmiş və müstəqil təsərrüfat subyektinə çevrilmişdir. Nəzərinizə çatdırırıq ki, Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquqi ünvanı ünvan 2 cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin xx.xx.2024-cü il tarixli, **********574400 nömrəli məktubunda bildirilir ki, reyestrdə xx.xx.1996-cı il tarixdə D-1055 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış Azərbaycan Respublikası Tikinti Materiallarının İstehsalı və Satışı üzrə Dövlət Konserninin Bakı Şüşə Zavodu aşkar edilmişdir, lakin hüquq şəxsin vergi uçotuna alınmasına dair məlumat aşkar edilməmişdir. Əlavə olaraq bildiririk ki, hüquqi şəxsin fəaliyyəti barədə məlumat “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin dövlət reyestrinə daxil edilən məlumatlara aid deyildir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin xx.xx.2024-cü il tarixli, **********569200 nömrəli məktubunda bildirilir ki, reyestrdə xx.xx.1996-cı il tarixdə D-1055 nömrə ilə dövlət qeydiyyatına alınmış Azərbaycan Respublikası Tikinti Materiallarının İstehsalı və Satışı üzrə Dövlət Konserninin Bakı Şüşə Zavodu aşkar edilmişdir. Eyni zamanda bildiririk ki, hüquqi şəxsin qeydiyyat qovluğunda yenidən təşkili və ləğv edilməsi barədə məlumat aşkar edilməmiş, hüquqi ünvanı ünvan 3, hüquqi şəxsin fəaliyyəti barədə məlumat “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin dövlət reyestrinə daxil edilən məlumatlara aid deyildir. İş materiallarına əlavə edilmiş “X4 Kompani S.A” şirkətinin Azərbaycan Respublikası Nümayəndəliyinin 1119/SA nömrəli, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən "X4 Kompani S.A" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixə qədər "neft və qazçıxarma üzrə operator” və xx.xx.2022-ci il tarixdən bu günə kimi "qazmaçı köməkçisi" peşəsində işləyir. İddiaçı çalışdığı peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin "23" yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"ndakı "10.2. Neft, qaz və qaz kondensatının hasilatı bəndinin, "a)) fəhlələr" yarımbəndinin on dördüncü abzasında nəzərdə tutulan "neft və qazçıxarma üzrə operator" həmin bəndin birinci abzasında nəzərdə tutulan "quyuların əsaslı təmirinin qazmaçıları peşələrinə aiddir. Arayış Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim etmək üçün verilir. “X4 Kompani S.A” şirkətinin Azərbaycan Respublikası Nümayəndəliyinin 1120/AS nömrəli, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.2006-cı il tarixdən bu günə kimi "X4 Kompani S.A Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində "neft və qazçıxarma üzrə operator peşəsində işləyir. İddiaçı işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda, "10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı" bölməsinin, "10.2. Neft, qaz və qaz kondensatının hasilatı" bəndinin, "a) fəhlələr" yarımbəndinin on dördüncü abzasında nəzərdə tutulan "neft və qazçıxarma üzrə operator" peşəsinə aiddir. Arayış Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim etmək üçün verilir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 02 nömrəli məktubu ilə göndərilmiş arayışdan görünür ki, İddiaçı həqiqətən 15 Fevral 1990 cı ildən(əmr 18/k, 15 Fevral 1990 cı il) 24 Aprel 2000 ci ci ilədək(əmr 21/k, 24 Aprel 2000 ci il) şüşə məmulatlarını üfürməklə hazırlayan fəhlələr(şüşəçi) vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993 cü il 21 iyun tarixli 320 saylı qərarına əsasən güzəştli şəraitdə yaşa görə əmək pensiyası hüquqi verən şüşə məmulatlarını üfürməklə hazırlayan fəhlələr(şüşəçi) vəzifəsi 1-ci Siyahı üzrə XV maddənin ******* a-11548 koduna aiddir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 153 saylı 21 Aprel 1997 ci il tarixli sərancamına əsasən Bakı şüşə zavodunun bazasında "xxxx" X6 Cəmiyyəti təsis olunması ilə əlaqədar olaraq Bakı şüşə zavodu "xxxx" X6 Cəmiyyəti adlandırılmışdır. Arayış T-2 kartoçkası və Əmrlər kitabı əsasında yazılmışdır. Nəzərinizə çatdırırıq ki,“Büllur ATSC yenidən qurma işləri ilə əlaqədar öz istehsalat fəaliyyətini müvəqqəti dayandırmışdır.Bu səbəbdən İddiaçı 26 Mart 1998 ci il tarixindən (Əmr 23/k,26 Mart 1998 ci il) 24 Aprel 2000-ci il tarixədək(əmr 21/k, 24 Aprel 2000-ci il) ödənişsiz məzuniyyətə buraxılmışdır Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanlandığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-B-298085/2023 nömrəli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 N°- li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, 1 yanvar 2006-cı il tarixinədək sizin ümumi iş stajınız 25 ildən az (20 il 3 ay 8 gün (xx.xx.1979- xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.2000-ci il və xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir, güzəştli iş stajınız isə yoxdur. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh müraciətin təminindən imtina etmişdir. Cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından imtinasını iddiaçının xx.xx.1991 -xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində 300 nömrəli Tikinti idarəsində işləməsi ilə bağlı arxiv sənədlərinin saxlanıldığı ünvanın məlum olmaması, bununla da həmin dövrün güzəştli şərlərlə yaşa görə pensiya hüququ verən sığorta stajına daxil edilmədiyi ilə əsaslandırmışdır. Hazırkı iddiasında iddiaçı cavabdehin qeyd edilən imtinasını əsassız hesab edir və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsassızdır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməli, həmçinin 57 yaş həddinə çatmalıdır. İddiaçı xx.xx.1964-cü il təvəllüdlü olmaqla 57 yaşını xx.xx.2021-ci il tarixdə tamamlamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İşdən görünür ki, iddiaçı yuxarıda qeyd olunan təhsil barədə sənəd, hərbi bilet və əmək kitabçasına əsasən iddiaçının ümummi iş stajına xx.xx.1982- xx.xx.1984-ci ilədək hərbi xidmət dövrü, xx.xx.1979-cu ildən xx.xx.1982-ci ilədək təhsil dövrü, əmək fəaliyyəti dövrü xx.xx.1984- xx.xx.1985, xx.xx.1985-xx.xx.1986, xx.xx.1986-xx.xx.1987, xx.xx.1987xx.xx.1987, xx.xx.1987- xx.xx.1990, xx.xx.1990-xx.xx.2000, xx.xx.2005- xx.xx.2006-cı il tarixədək olan dövr daxildir. Lakin eyni zamanda müəyyən olunur ki, iddiaçının işləmiş olduğu Bakı şüşə zavodunun bazasında Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 153 saylı 21 Aprel 1997-ci il tarixli sərancamına əsasən "xxxx" X6 Cəmiyyəti yaradılmış və məhkəmə sorğusuna əsasən hüquqi varis olan "xxxx" ASC iddiaçı barəsində olan T-2 kartoçkası və əmrlər kitabı əsasında ASC-nin fəaliyyəti dayandırıldığından İddiaçı xx.xx.1998-ci il tarixindən xx.xx.2000-ci il tarixədək ödənişsiz məzuniyyətə buraxıldığı qeyd edilmişdir. İddiaçının öz hesabına məzuniyyətə çıxdığı 1998-ci il tarixdə qüvvədə olan “Məzuniyyətlər haqqında” Qanunun 3-cü maddəsinə əsasən işçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyətləri; anaların və uşaqların mühafizəsi üçün, habelə təhsil və yaradıcılıqla əlaqədar sosial məzuniyyətlər; ödənişsiz məzuniyyətlər. Həmin Qanunun 14-cü maddəsinə əsasən uşağa qulluq etməklə əlaqədar qismən ödənişli sosial məzuniyyətlərin, bir aydan çox müddətə verilmiş ödənişsiz məzuniyyətlərin müddətləri; habelə azadlıqdan məhrum edilmədən islah işlərinə cəlb edilən şəxslərin cəza çəkdiyi müddət məzuniyyət hüququ verən əmək stajına daxil edilmir. Qanunun 29-cu maddəsinə görə qohumluq borcunun yeridə yetirilməsi ilə bağlı ailə; məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə və digər üzürlü səbəblərə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Həmin Qanunun 30-cu maddəsinə əsasən ödənişsiz məzuniyyətlər qanunvericilikdə nəzərdə tutulan hallarda işçilərin arzusu və tərəflərin qarşılıqlı razılığı ilə verilir.... İşverənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi (bağlaşması) ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. İstinad edilən normalardan görünür ki, xx.xx.1999-cu il tarixədək qüvvədə olan “Məzuniyyətlər haqqında” Qanuna əsasən şəxsə verilən ödənişsiz məzuniyyətin müddəti məhdudlaşdırılmamış, həmin məzuniyyət dövrünün bir aydan artıq hissəsinin məzuniyyət hüququ verən əmək stajına daxil edilməməsi nəzərdə tutulmuşdu. xx.xx.1999-cu il tarixdə qüvvəyə minən Azərbaycan Respublikasının Əmək Məcəlləsi isə ödənişsiz məzuniyyətlə bağlı fərqli müddəalar müəyyən etmişdir. Həmin Məcəllənin 129-cu maddəsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır. Həmin Məcəllənin 146.2-ci maddəsinə görə işəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Göründüyü kimi, qanunverici xx.xx.1999-cu il tarixədək ödənişsiz məzuniyyətin müddətini tənzimləməsə də, sonradan həmin məzuniyyətin 6 aydan artıq olmamasını müəyyən etmişdir. İşdən görünür ki, iddiaçının işlədiyi müddətdə fasiləsiz olaraq xx.xx.1998-ci il tarixindən xx.xx.2000-ci il tarixədək 02 il 01 ay ödənişsiz məzuniyyətdə olmuş, həmin dövrdə iddiaçıya hər hansı bir əmək haqqı ödənilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1998-ci il tarixindən xx.xx.2000-ci il tarixədək ödənişsiz məzuniyyətdə olduğu dövrün yalnız 6 ayı onun ümumi iş stajına daxil edilə bilərdi ki, bu halda belə staja hesablanan müddət 20 ilə, eyni zamanda güzəştli müddət 10 il tamamlanmamaqla pensiya təyinatına əsas vermir. Belə ki, bu halda xx.xx.2006-cı il tarixədək ödənişsiz məzuniyyətdə olduğu dövrlər çıxıldıqda iddiaçının ümumi iş stajı 18 il 03 ay 01 gün, güzəştli iş stajı isə 08 il 04 ay 10 gün təşkil edir. Başq sözlə, iddiaçının işləmədiyi 02 il 01 gün müddətin ümumi staja daxil edilməsi mümkünsüzdür (bax: oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1823/2020, 2-1(102)-1527/2021, 2-1(103)-1338/2022 saylı inzibati məhkəmə işlərinə). Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixədək tələb olunan ümumi iş stajını toplamamışdır. Belə olan halda iddiaçının tələbi üzrə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyini üçün ümumi və güzəştli iş stajı şərti ödənilmir. Bundan əlavə, məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3-cü bəndinə görə 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci ilədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş Qanunun tələbinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün eyni vaxtda 3 şərtin ödənilməsi tələb olunur - şəxsin xx.xx.2017-ci il tarixədək 25 il ümumi iş stajı, bunun 12 il 06 ay güzəştli işlərdə işləməsi və 57 yaşını tamam etməsi. Qeyd olunan Qanunun tələblərindən çıxış etdikdə iddiaçı xx.xx.2017-ci il tarixədək tələb olunan 25 il ümumi iş stajı, 12 il 06 ay çox xüsusi iş stajı toplasa da həmin tarixədək 57 yaşı tamam etməmişdir. İddiaçı yuxarıda qeyd edildiyi kimi 57 yaşını xx.xx.2021-ci il tarixdə, yəni xx.xx.2017-ci il tarixdə Qanuna edilmiş dəyişiklikdən sonra tamamlamışdır. Belə olan halda, Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən tələb olunan 3-cü şərt-yaş tələbi iddiaçıya münasibətdə ödənilmir. Bu əsasdan həmin dövr qanunun redaksiyasına əsasən də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşdan təyin edilməsi mümkün deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsaslı olmuş və iddiaçının qanunla qorunan hüquq və mənafelərini pozmamışdır. Odur ki, iddia tələbi təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Dövlət Sosial Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı qarşı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-5664/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5664/2024
12.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver