Məhkəmə qərarları › İş №2-1(112)-5665/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5665/2025

27.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5665/2025 27.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi və ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaç İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi tələbinə dair iddiası üzrə inzibati işə 27 fevral 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) 4.01.1954-cü il təvəllüdlür. İddiaçı xx.xx.1973-cü ildən xx.xx.1975-ci illərdə hərbi xidmətdə olmuşdur (2 il, 17 gün); 22 iyun 1973-cü il tarixli əmək kitabçasına əsasən iddiaçı: xx.xx.1972-xx.xx.1973, xx.xx.1973-1.11.1973 və xx.xx.1975-xx.xx.1976-cı illərdə 11 nömrəli “Sotskultstroy” trestinin 9 nömrəli Tİ-də fəhlə işləmişdir (1 il 6 ay 26 gün); xx.xx.1976-xx.xx.1977-ci illərdə Bakıbaştikintinin 1 nömrəli “Bakışəhərtikinti” trestinin 3 nömrəli Tİ-də fəhlə işləmişdir (8 ay 19 gün); xx.xx.1977-xx.xx.1981-ci illərdə X3 UPP QBS-də buxar gücü sexində çilingərsantexnik işləmişdir (4 il 10 gün); xx.xx.1981-xx.xx.1981-ci illərdə “Volipelskiy” sovxozunda tikinti briqadasında fəhlə işləmişdir (6 ay, 7 gün); xx.xx.1981-xx.xx.1982-ci illərdə Vaqon detalları üzrə İİ (ikinci) dərəcə üzrə çilingər vəzifəsində işləmişdir (5 ay 20 gün); xx.xx.1982-xx.xx.1982-ci illərdə Udmurtmeliorasiya birliyinin 10 nömrəli Səyyar MDdə dülgər işləmişdir (5 ay 17 gün); Azərbaycan SSR Meşəağacsənayesi Nazirliyi X3nda 6.12.1982-xx.xx.1983-cü illərdə çilingər, xx.xx.1983-xx.xx.1991-ci illərdə buxar qazanı maşinisti işləmişdir (8 il 8 ay 6 gün); xx.xx.1991-xx.xx.2018-ci illərdə Azərbaycan Dəmir Yolları Yeni Ələt refrijirator vaqon deposunda refrijirator seksiyasında mexanik vəzifəsində işləmişdir (xx.xx.2006-cı il tarixədək 14 il, 5 ay 21 gün, cəmi 32 il 10 ay 23 gün). xx.xx.2018-xx.xx.2022-ci illərdə Şərq vaqon deposunun refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin refrjerator seksiyalarının rəhbər mexaniki, böyük mexanik vəzifələrində işləmişdir. İddiaçı 29 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh 07 noyabr 2024-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “...Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" QSC-nin sizə dair xx.xx.2024-cü il tarixli 13-1/2-O-1331/1-42/2024 nömrəli arayışında xx.xx.1994xx.xx.2018-ci il və xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində Yeni-Ələt refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. İşlədiyiniz vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan vəzifəyə uyğun deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (5 il 1 ay 9 gün (xx.xx.1991-xx.xx.1994-cü il, xx.xx.2019-xx.xx.2020-ci il, xx.xx.2020-xx.xx.2021-ci il, xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Əlavə olaraq bildiririk ki, 1 yanvar 2006-cı il tarixindən bu günədək sizə münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabınızın sığorta 2020-ci ilin iyul, avqust, sentyabr, 2021-ci ilin iyun, iyul, avqust, sentyabr, oktyabr ayları üzrə sığorta ödənişləri öz əksini tapmadığından həmin müddətin (8 ay) sosial sığorta stajınıza daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. İddia tələbi və iddianın əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ona 04 yanvar 2011-ci il tarixindən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və 29 oktyabr 2021-ci il tarixindən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 57 yaşı tamam olan tarixə qədər o, iddiaçı ümumilikdə 25 il ümumi və 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı toplamışdır ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nı 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər yarımbölməsində qeyd edilmiş refrijerator qatarların (seksiyaların) mexanikləri peşəsi eynilik təşkil edir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məmzunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçının cavabdehə müraciət etdiyi vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan normalardan görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxsin: - 2006-cı ilin yanvarın 1-dək ümumi stajı 25 ildən; - güzəştli iş stajı 12 il 6 aydan az olmamalıdır. İddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı barədə İşin mübahisələndirilməyən hallarına əsasən iddiaçı 4.01.1954-cü ildə doğulmuş, onun 57 yaşı 4.01.2011-ci il tarixdə tamam olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... İş materiallarına əlavə edilmiş əmək kitabçasının iş yeri üzrə təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçının hərbi xidmət illəri də nəzərə alınmaqla ümumi iş stajı 25 ildən çoxdur. Cavabdeh iddiaçının yaş həddiqə çatması və ümumi stajının olmasını mübahisələndirmir. Cavabdehin mübahisə etdiyi məsələ iddiaçının tələb olunan güzəştli iş stajının olmaması ilə bağlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. İş üzrə iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Bu arayışda iddiaçının çalışdığı peşələrin və istehsalat sahələrinin siyahıda göstərilən hansı bölməyə və hansı bəndə aid olması konkret olaraq göstərilmiş, iddiaçının yerinə yetirdiyi işin xarakteri qeyd edilmişdir. Belə ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1991-xx.xx.2018-ci illərdə Yeni Ələt refrijerator vaqon deposunda refrijeratr seksiyaların mexaniki və refrijerator seksiyalarının rəhbər mexaniki vəzifələrində, xx.xx.2018-xx.xx.2018-ci illərdə Şərq vaqon deposunda refrijerator seksiyaların rəhbər mexaniki, xx.xx.2018-xx.xx.2019-cu illərdə "xxxx" MMC-nin Şərq vaqon deposunda refrijerator seksiyaların rəhbər mexaniki, xx.xx.2019-xx.xx.2022-ci illərdə refrijerator seksiyaların böyük mexaniki vəzifələrində işləmişdir. İşlədiyi müvafiq vəzifələr üzrə sosial sığorta (əmək) stajı 30 il 6 ay 2 gün təşkil edir. İşlədiyi refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələrinin əsas xüsusiyyətləri refrijerator hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 27-ci abzasına uyğundur. İddiaçı müvafiq strukturlarda çalışdığı refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələri üzrə iş yerlərində aparılmış attestasiyanın nəticələrinə müvafiq olaraq zərərli əmək şəraitinə görə əmək haqlarına əlavə müəyyən edilməmişdir. Həmçinin "xxxx" Qapalı Səhmdar Cəmiyyəti məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli elektron qaydada verilmiş cavab məktubunda bildirmişdir k, İddiaçı ADY-nin Ələt stansiyası və Yeni Ələt refrijerator, Şərq vaqon depolarında xx.xx.1981-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək vaqon hissələrinin təmiri üzrə çilingər, xx.xx.1991-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək refrijerator seksiyaların mexaniki, xx.xx.1994-cü il tarixindən xx.xx.2018-ci il tarixinədək və xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək refrijerator seksiyaların rəhbər mexaniki və xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək refrijerator seksiyaların böyük mexaniki vəzifə və peşələrində çalışmışdır. İddiaçı çalışdığı refrijerator seksiyaların mexaniki vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 27-ci və Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 28-ci bölmənin 25-ci (kod: 23001000—23598) abzaslarında qeyd olunmuş “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil edir. Bununla yanaşı, İddiaçı işlədiyi refrijerator seksiyaların rəhbər mexaniki və refrijerator seksiyaların böyük mexaniki vəzifələri Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının 1-1-ci hissəsi nəzərə alınmaqla həmin qərarla təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndinin 27-ci abzasında qeyd olunmuş “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil edir. Göstərilənləri nəzərə alaraq, müvafiq qərarın 1-1-ci hissəsi ilə adıçəkilən siyahıda ümumi adla göstərilmiş peşələrdə və vəzifələrdə işləyən bütün adlardan (kiçik, böyük, baş, köməkçi və s.) olan işçilərin güzəştli pensiya hüququna malik olduğu müəyyən edilmişdir. Həmçinin İddiaçı yuxarıda göstərilən dövr ərzində işlədiyi müvafiq vəzifələr üzrə güzəştli iş stajı 30 il 6 ay 2 gün təşkil edir. İddiaçı çalışdığı refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsi Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları”nda, vaqon hissələrinin təmiri üzrə çilingər peşəsi isə sözügedən normativ aktlarda təsbit olunmamışdır. Məktuba İddiaçı işlədiyi refrijerator seksiyaların mexaniki, rəhbər mexaniki və böyük mexanikinin vəzifə təlimatlarının surəti qoşmada təqdim edilmişdir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-668/2025 nömrəli iş üzrə, xx.xx.2025-ci il tarixli qərardadında məhkəmə kollegiyası qeyd etmişdir ki, “…kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Əlövsət Verdiyevin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə 2-1(102)-116/2024 nömrəli, X1 Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə 2-1(102)-90/2024 nömrəli, X4 Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə 2-1(102)-1844/2023 nömrəli, X3 Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə 2-1(102)-945/2023 nömrəli və X2 Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə 2-1(102)-954/2023 nömrəli qərarlar) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır”. Beləliklə, məhkəmə işin sadalanan hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixə 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi (güzəştli) iş stajı mövcuddur. Deməli, iddiaçı qanunvericiliklə tələb olunan bütün tələbləri ödəyir. Əmək Pensiyaları haqqında Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, müraciəti xx.xx.2024-cü il tarixdə olmuşdur. İddiaçı da pensiya ödənişinin xx.xx.2024-cü il tarixdən əvvəlki üç ildən, yəni 29 oktyabr 2021-ci il tarixindən ödənilməmiş pensiya məbləğinin ödənilməsini xahiş edir. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya müraciət tarixindən əvvəlki üç il üzrə pensiya ödənişləri ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 4 yanvar 2011-ci il tarixindən, 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və 29 oktyabr 2021-ci il tarixindən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar