Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5666/2025 09.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2024-cü il tarixdə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət etmiş, cavabdeh xx.xx.2024-cü il tarixli, 3-17-1/2-İ-293068/2024 nömrəli məktub ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, 1 yanvar 2006-cı il tarixinədək iddiaçının güzəştli iş stajı 10 ildən az (5 il 2 ay 24 gün (01.xx.xx.1983- xx.xx.1983-cü il, xx.xx.1985-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1990-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 52 yaşının tamam olduğu 12 fevral 2017-ci il tarixindən “Əmək pensiyaları haqqında Qanunun” 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinə kimi qüvvədə olmuş redaksiyasının tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ilk müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırılması İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1965-ci il tarixində Bakı şəhərində doğulmuşdur. ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayır. Orta məktəbi bitirdikdən sonra 22 fevral 1983-cü ildə Bakı Mülki Aviasiya Birləşmiş Aviadəstəsinə təyyarə bələdçiləri xidmətinə təyyarə bələdçisi vəzifəsinə işə qəbul edilmişdir. 22 dekabr 1983-cü ildə işdən çıxmışdır. 09 yanvar 1984-cü il tarixində Kirovneft NQÇİ-də əmtəə operatoru vəzifəsinə işə qəbul edilmişdir. 03 mart 1984-cü ildə işdən çıxmışdır. 20 aprel 1984-cü ildə Bakı Mülki Aviasiya Birləşmiş Aviadəstəsinə yük təhviltəslimçisi vəzifəsinə işə qəbul edilmişdir. 27 aprel 1984-cü ildə markerləyici vəzifəsinə keçirilmişdir. 24 yanvar 1985-ci ildə təyyarə bələdçiləri xidmətinə təyyarə bələdçisi keçirilmişdir. 29 iyul 1988-ci ildə müvəqqəti olaraq, videosalon üzrə növbətçi keçirilmişdir. 26 aprel 1989-cu ildə təyyarə bələdçiləri xidmətinə təyyarə bələdçisi keçirilmişdir. 15 mart 1990-cı ildə təyyarə bələdçiləri xidmətində müvəqqəti olaraq dispetçer keçirilmişdir. 26 aprel 1990-cı ildə müvəqqəti olaraq müəssisə üzrə dispetçer keçirilmişdir. 28 fevral 1991ci ildə işdən çıxmışdır. 05 yanvar 2001-ci ildə JEMA MMM-də katibə vəzifəsinə qəbul edilmişdir. 29 avqust 2005-ci ildə işdən çıxmışdır. 08 sentyabr 2005-ci ildə X2 MMC-də aparatların yuyucusu vəzifəsinə işə qəbul edilmişdir. 02 fevral 2007-ci ildə həmin xidmətdə dəyişək xidmətçisi vəzifəsinə keçirilmişdir. 24 aprel 2007-ci ildə müəssisə Silkway aviaşirkətinin X2 filialı adlandırılmışdır. 01 aprel 2014-cü ildə aparata təmizliyi üzrə texnik vəzifəsinə keçirilmişdir. 30 yanvar 2015-ci ildə işdən çıxmışdır. İddiaçının təyyarə bələdçisi vəzifəsində çalışdığı dövrü təqvim günləri ilə sayaraq, güzəştli iş stajının 10 ildən az olmasını bildirmişdir, halbuki həmin iş dövrünün hesablanması qaydası fərqlidir, təqvim günləri ilə deyil, uçuş saatlarının il, ay və günlərlə ifadəsi üçün xüsusi qayda ilə konvertasiyası aparılır. Həmin konvertasiya qaydası isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları’nın (sonradan-Qaydalar) 3.7ci maddəsində qeyd edilir ki, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sosial sığorta stajlarının hesablanması qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 16 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq olunmuş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları” ilə müəyyən edilir. “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydalarının” (sonradan- Uçuş Qaydaları) 3.1-ci maddəsində öz əksini tapmışdır və orada deyilir: təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı- sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür. Cavabdeh isə iddiaçının 01 yanvar 2006-cı il tarixinə kimi topladığı güzəştli iş stajını təqvim illəri, ayları və günləri ilə sayaraq, onun 5 il 2 ay 24 gün olmasını bildirmişdir. Yuxarıda qeyd edilən Qaydalara əsasən, iddiaçının 22 fevral 1983- 01 yanvar 2006-cı illər arasındakı cəmi uçuş saatı 2594 saat təşkil etmişdir ki, bu da Qaydalara əsasən, 2594:18=144,11:12= 12 il güzəştli staja bərabərdir. 12 fevral 2015-ci il tarixindən, 50 yaşdan, “X1 Haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin d) bəndinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdeh imtina məktubunda müraciətinin ona 19 noyabr 2024-cü il tarixində qəbul olduğunu bildirmişdir. Belə olan halda, ödənilməmiş pensiya məbləği üçün tələb hüququ 19 fevral 2021-ci il tarixindən başlanır. Cavabdeh iddiaya yazılı etirazında iddia tələbinin təmin olunmamasını xahiş etmiş və göstərmişdir ki, iddiaçının ümumi iş stajı 25 ildən az (21 il 10 ay 19 gün (xx.xx.1983xx.xx.1983-cü il, xx.xx.1984 xx.xx.1984-cü il, 1984 xx.xx.1991-cı il, xx.xx.2001-xx.xx.2005cı il, 08 09.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixdən sonra 9 il 1 ay)), güzəştli iş stajı isə 10 ildən az (5 il 2 ay 24 gün (xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1985xx.xx.1988-ci il, 1989-xx.xx.1990-cı il tarixləri arasındakı dövrlər) təşkil edir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi onun 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı 10 ildən az (5 il 2 ay 24 gün (xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1985-xx.xx.1988-ci il, xx.xx.1989- 15.03 1990-cı il tarixləri arasındakı dövrləri) təşkil edir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə onun xx.xx.1983-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində “AZAL" Aviasiya şirkətində təyyarə bələdçisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nda nəzərdə tutulan mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərə aid deyil. Buna görə də, təyyarə bələdçisi vəzifəsində işləmiş şəxslərə Qanunun 9.3-cü maddəsinə əsasən deyil (uçuş saatı ilə deyil), 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçının təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun ümumi iş stajı 25 ildən az (21 il 10 ay 19 gün (xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1991-ci il, xx.xx.2001-xx.xx.2005-ci il, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixdən sonra 9 il 1 ay)), güzəştli iş stajı isə 10 ildən az (5 il 2 ay 24 gün (xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1985-xx.xx.1988-cı il, xx.xx.1989-xx.xx.1990-cı il tarixləri arasındakı dövrlər) təşkil etmişdir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı uçun fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 33824,31 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. İddianın mümkünlüyünü yoxlayan məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Çünki iddiaçının onun barəsində əlverişli inzibati akt qəbul edilməsini tələb etdiyi məcburetmə haqqında hazırkı iddia inzibati mühakimə icraatı qaydasında baxılan iddiadır. İddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur və o, məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etmiş, inzibati orqan bu müraciəti təmin etməkdən imtina etmiş, iddiaçı imtina məktubunu aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iddia ərizəsindən görünür ki, iddiaçı ona 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, xx.xx.2017-ci il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyin istinad olunan normasından görünür ki, qadınlara xx.xx.2017-ci ilə kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün aşağıdakı şərtlərin hamısının birlikdə olması tələb olunur:
1. 52 yaşın tamam olması;
2. azı 25 il sığorta stajına malik olması;
3. 25 il sığorta stajının azı 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən 21.3. Mülki aviasiya - hava gəmilərinin bort bələdçisi, böyük bort bələdçisi, təlimatçı-bort bələdçisi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aid edilmişdir. İşdə olan iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı 22 fevral 1983-cü ildə Bakı Mülki Aviasiya Birləşmiş Aviadəstəsinə təyyarə bələdçiləri xidmətinə təyyarə bələdçisi vəzifəsinə işə qəbul edilmiş, 22 dekabr 1983-cü ildə işdən çıxmış, 20 aprel 1984-cü ildə yenidən Bakı Mülki Aviasiya Birləşmiş Aviadəstəsinə yük təhvil-təslimçisi vəzifəsinə işə qəbul edilmiş, 27 aprel 1984-cü ildə markerləyici vəzifəsinə keçirilmiş, 24 yanvar 1985-ci ildə təyyarə bələdçiləri xidmətinə təyyarə bələdçisi keçirilmişdir. 29 iyul 1988-ci ildə müvəqqəti olaraq, videosalon üzrə növbətçi keçirilmiş, 26 aprel 1989-cu ildə təyyarə bələdçiləri xidmətinə təyyarə bələdçisi keçirilmiş, 15 mart 1990cı ildə təyyarə bələdçiləri xidmətində müvəqqəti olaraq dispetçer keçirilmiş, 26 aprel 1990cı ildə müvəqqəti olaraq müəssisə üzrə dispetçer keçirilmiş, 28 fevral 1991-ci ildə işdən çıxmışdır. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixindən xx.xx.1983-cü il tarixinədək və xx.xx.1984-cü il tarixindən xx.xx.1991-ci il tarixinədək mülki aviasiya sahəsində çalışmışdır. Göründüyü kimi, iddiaçının 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixə cəmi 5 il 2 ay 24 gün güzəştli iş stajı olmuşdur. Belə olan halda aydındır ki, iddiaçının ƏPQ-nin 9.1-ci maddəsi ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi ƏPQ-nin 9.3-cü maddəsinə istinad etmiş, iddiaçının həmin normaya əsasən hüququnun yarandığını bildirmişdir. Məhkəmə qeyd edir ki, ƏPQ-nin xx.xx.2017-ci il tarixə qüvvədə olan 9.3-cü maddəsinə əsasən mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 22.3-cü maddəsinə əsasən mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş "Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları"nın 2-ci hissəsinə əsasən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafıq olaraq mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində işləyən aşağıdakı şəxslər güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər: 2.1. hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri); 2.2. uçuş-təlimatçı heyət üzvləri (təlimatçı kapitan, böyük təlimatçı pilot, təlimatçı pilot, təlimatçı naviqator (şturman), təlimatçı bort mühəndisi, təlimatçı bortmexanik, təlimatçı bortradist); 2.3. komanda-uçuş heyəti, müvafıq qanunvericiliyə uyğun yaradılmış hüquqi şəxslərin və onların struktur bölmələrinin tərkibində uçuş zamanı hava gəmilərinin uçuş heyətinin və ya digər uçuş aparatlarının ekipajlarının hazırlığını, onlara rəhbərliyi, nəzarəti və müfəttiş yoxlamasını həyata keçirən inspektorlar və digər uçuş xidməti mütəxəssisləri; 2.4. paraşütçü bölmələrinin rəhbərləri, paraşütçülər, xilasedici paraşütçülər, axtarış və xilasetmə ilə məşğul olan paraşütçülər, ən azı 10 metr hündürlükdə helikopterdən asılan xüsusi enən (qalxan) qurğudan paraşütlə tullanan, ştatda olan və ştatdankənar paraşüt-desant qrupları. Qaydaların 3-cü hissəsinə əsasən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakı qaydada hesablanır: 3.1. təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı – sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür; 3.2. avia-kimyəvi işlərdə, aerofotoçəkilişlərdə, keşikçəkmə, atmosferi zondla tədqiqetmə zamanı və digər xüsusi xarakterli iş növlərində vertolyotların sıravi ekipaj üzvləri, təyyarələrin sıravi ekipaj üzvləri, habelə komanda-uçuş, inspektor, təlimatçı heyətlərinin üzvləri və uçuş heyətində digər mütəxəssislər üçün ümumi sığorta stajı - uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 10-a, alınan nəticə isə 12 aya bölünür. İstinad olunan normalardan görünür ki, şəxsə xx.xx.2017-ci ildə ƏPQ-nin 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun "Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları"nda sadalanan vəzifələrdən birində işləməsi tələb olunurdu. İşdən görünür ki, iddiaçının işlədiyi təyyarə bələdçisi vəzifəsi həmin Qərarda nəzərdə tutulmamış, həmin vəzifə ƏPQ-nin 9.3-cü maddəsinə əsasən deyil, 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarında nəzərdə tutulmuşdur. Bunadan əlavə, o da qeyd edilməlidir ki, iddiaçıya ƏPQ-nin 9.3-cü maddəsinə əsasən əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun Qaydaların 3.3-cü bəndinə göstərilən hesablama ilə azı 20 il sığorta stajı olmalı olduğu halda işdə olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 1609 nömrəli, xx.xx.2017-ci il tarixli arayışından görünür ki, iddiaçının “Azal” aviasiya şirkətində təyyarə bələdçisi kimi cəmi uçuş saatı 2 594 saat təşkil edir. Təyyarə bələdçisi vəzifəsində işləmiş İddiaçı Vaqifovanın uçuş xidməti cəmi 12 (on iki ) il təşkil edir. O da qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 190 saylı qərarı ilə “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli Qərarı ləğv edilmiş, həmin qərarda nəzərdə tutulan tənzimləmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarına daxil edilmiş, Qərarın 3cü hissəsi ilə müəyyən edilmişdir ki, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması zamanı bu Qərarın qüvvəyə mindiyi tarixədək olan dövr üçün sığorta stajının hesablanmasına münasibətdə həmin tarixədək qüvvədə olmuş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli Qərarı tətbiq edilir. Beləliklə, istinad edilən normalara əsasən müəyyən edilir ki, iddiaçının xx.xx.2017-ci il tarixə nə ƏPQ-nin 9.1-ci maddəsi, nə də 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qeyd olunanlardan aydın olur ki, hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan cavabdehin ona 52 yaşdan pensiya təyin edilməsindən imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Qənbərova