Məhkəmə qərarları › İş №2-1(112)-5668/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5668/2024

20.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5668/2024 20.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin 18 yaşınadək müəyyən edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək şəhid ailəsi üzvü statusu verilməsi ilə əlaqədar cavabdeh Azərbaycan Respubılikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Ekspertiza və Reablitasiya Xidmətinin üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edilməyini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1984-cü ildə Şuşa şəhərində anadan olmuşdur. 1985-ci ilin dekabr ayının əvvələrində qaynar su qazanı üzərinə tökülmüş və o, güclü yanıq xəsarətləri almışdır. Onu dərhal xəstəxanaya aparmış, 3 ay Şuşa şəhər xəstəxanasında, sonra isə Bakı şəhərinə Semaşko adına xəstəxanaya ararmışdırlar. Orada da 3 ay müalicə almışdır. O, Şuşa şəhərində xəstəxanada olarkən xx.xx.1985-ci ildə fotoşəkili çəkilmişdir. Həmin şəkildə həkimin və sonradan şəhid olan atasının görüntüləri vardır. 1992-ci ilin may ayının 8-də Şuşa şəhəri erməni qəsbkarları tərəfindən işğal olunan zaman atası döyüşlərdə şəhid olmuşdur. Bundan sonra, onlar Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Gənc Kosmanavt uşaq düşərgəsində məskunlaşmışdırlar. Atası şəhid olmuşdur, anası onkoloji xəstədir, o özü uşaq olduğu üçün əlilliyin sənədləşdirilməsi ilə əlaqədar vaxtında həkim komissiyasna müraciət edə bilməmişdir. O, 1998-ci ildə hərbi xidmətə çağırılanda həkim komissiyasından keçən zaman həkimlər ona demişdirlər ki, o, hərbi xidmətə yararasızdır, bildirdilər ki, hətta ona əlillik dərəcəsi verilməlidir. Həkim Komissiyası ona təyinat verib VTEK-ə göndərmiş və orada ona 3-cü dərəcə əlillik qrupu təyin edilmiş, sonra isə 2-ci qrupa keçirmişdirlər. Sonradan isə yenidən 3-qrup müddətsiz əlilik statusu verilmişdir. Həmin ərəfədə onun 19 yaşı var idi. 3-cü qrup əlili kimi o, hər ay 150 manat pul alırdı. Onun şəhid ailəsinin üzvü hesab edilməsinə mane ola biləcək hal odlur ki, əlilik dərəcəsi ona 18 yaş deyil, məhz 19 yaşında verilib. Halbuki onun yanıqları 5 yaşında olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5668/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının tələbi İddiaçı “əlillik dərəcəsinin sağlamlıq imkanlarının məhdudluğunun 18 yaşdan əvvəlki tarixə müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” şəklində icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edəərk tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə sorğusuna əsasən DSMF Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubu ilə göndərilmiş müavinət işinin surətindən görünür ki: -xx.xx.2000-ci il tarixli 291398 nömrəli TSEK arayışından görünür ki, 1980-ci il təvəllüdlü İddiaçı ilkin təyinatla uşaqlıqdan üçüncü dərəcə əlillik təyin edilmiş, növbəti müayinə tarixi xx.xx.2001-ci il tarixi müəyyən edilmişdir. -xx.xx.2009-cu il tarixli 723384 nömrəli TSEK arayışından görünür ki, xx.xx.1980-ci il təvəllüdlü İddiaçı uşaqlıqdan üçüncü dərəcə müddətsiz əlillik təyin edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2007-ci il tarixli AZ-1 № 224811 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.1992-ci il tarixdə Şuşa döyüşləri zamanı həlak olmuş, bu barədə xx.xx.1992-ci ildə 103 nömrəsi ilə ölüm haqında akt qeydləri kitabında qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Əzizbəyov rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2007-ci il tarixli 002604 nömrəli vəsiqəsindən görünür ki, X6 şəhid ailəsi üzvüdür. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Şuşa Rayon Qeydiyyat Şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, sorğunuzla əlaqədar bidiririk ki, xx.xx.1992-ci ildə Şuşa döyüşləri zamanı həlak olmuş atanız - X3 ölümü xx.xx.1992-ci ildə ölüm haqqında 103№-li akt qeydi ilə Şuşa rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. Şuşa rayon icra hakimiyyətinin xx.xx.1992-ci il tarixli 3639 saylı arayışı ölüm faktını təsdiq edən sənəd kimi şöbəyə təqdim olunmuş və ölüm bu arayışa əsasən qeydə alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şuşa Şəhər Şöbəsinin xx.xx.2024-cü il tarixli, məktubunda qeyd edilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsində 1955-ci il təvəllüdlü X5 şəhid kimi yox itkin düşmüşlərin kitabında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaçının müraciətinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, Siz 07 05.2009-cu il tarixindən ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə statusuna maliksiniz. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1.7 bəndinə uyğun olaraq, əlilliklə bağlı pensiya təyinat tarixindən (xx.xx.2009-cu ildən) etibarən hesablanılır. Müraciətiniz ilə bağlı əlavə sualınız yaranacağı təqdirdə; - “142 Çağrı mərkəzi” ilə əlaqə saxlaya bilərsiniz; Qeydiyyatda olduğunuz ərazi üzrə Tibbi-sosial ekspert komissiyalarına müraciət edə bilərsiniz. Tibbi-sosial ekspert komissiyalarının ünvanları və qəbul qrafikləri barədə ətraflı məlumat www.dtsera.gov.az saytında qeyd edilmişdir. Yuxarıda göstərilən mənbələrdən aldığınız məlumatlar Sizi qane etmədiyi təqdirdə iş günləri ərzində www.dtsera.gov.az saytından “online növbə” əldə etməklə ünvan 2 ünvanına qəbul üçün müraciət etməyiniz tövsiyə olunur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İşin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1980-ci il təvəllüdlü olmaqla ona ilk dəfə xx.xx.2000-ci ildə 19 yaş 9 ayında üçüncü dərəcə əlillik təyin edilmişdir, iddiaçı xx.xx.2009-cu il tarixdən isə müddətsiz əlilldir. Arayışda əlilliyin yaranma səbəbi uşaqlıqdan qeyd edilmişdir Hazırkı iddia üzrə iddiaçı uşaqlıqdan əlil olduğundan onun əlillik müddətinin 18 yaşdan əvvələ çəkilməsini, yəni əlilliyinin 18 yaşına çatanadək müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı ona şəhid ailəsi üzvü statusunun verilməsi ilə bağlıdır. Belə ki, iddiaçının atası X5 xx.xx.1992-ci il tarixdə Şuşa döyüşləri zamanı həlak olmuş, bununla əlaqədar mərhumun ailə üzvlərindən arvadı X6 şəhid ailəsi üzvü kimi tanınmış və ona şəhid ailəsi üzvü statusu təsdiq edən vəsiqə verilmişdir. İddiaçı hesab edir ki, şəhidin 18 yaşınadək əlilliyi müəyyən edilmiş əlilliyi olan övladları şəhid ailəsi üzvü hesab olunduğundan, iddiaçı da müddətsiz əlil olmaqla əlilliyi uşaqlıqdan olduğundan ona şəhid ailəsi üzvü statusu verilməsi üçün əlilliyinin 18 yaşına çatanadək müəyyən edilməsi zəruridir. Odur ki, bu barədə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə müvafiq qərar qəbul edilməsi vəzifəsi qoyulmalıdır. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, hazırkı iddia iddiaçının hüquqi marağına cavab vermir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Qanunun 2-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın: 1.2-ci bəndinə əsasən aşağıdakılar şəhid hesab edilirlər: (...); 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X2 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. -2.1-ci bəndinə əsaəsn şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları -4.1-ci bəndinə əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X2 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X1 Xidməti, X2 Dövlət Agentliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının X2 Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi statusu verildiyi tarixdən 5 (beş) iş günü müddətində bu barədə məlumatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edirlər. -4.2-ci bəndinə görəşəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir. Yuxarıda sadalanan qanunvericilik normalarından görünür ki, şəhidin 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından sonra da əlilliyi olan övladları şəhid ailəsi üzvü hesab olunur. Hərbi qulluqçu olmuş şəhidin şəhid ailəsi üzvü statusu şəhidin xidmət keçdiyi müvafiq qurumun arayışı, mülki şəhidlərə münasibətdə isə müvafiq yerli icra hakimiyyəti orqanının verdiyi arayışla təsdiq olunur və həmin arayış əsasında Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən şəhid ailəsi üzvünə şəhid ailəsi üzvü olması barədə vəsiqə verilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun aşağıdakı maddələrinə əsasən: -1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; -1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq (22 iyun 2021-ci il tarixli 346-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 1.0.2-ci maddədən “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq” sözləri çıxarılmışdır); -3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin aşağıdakı bəndlərinə əsasən: -1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur; -1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur; İşin mübahisələndirilməyən halı iddiaçının 18 yaşından yuxarı əlilliyi olan şəxs olmasıdır. Mübahisə onun əlilliyinin məhz 18 yaşına çatanadək müəyyən edilməsi ilə bağlıdır. Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair arayışından görünür ki, iddiaçının əlilliyi xx.xx.2009-cu il tarixdən üçüncü dərəcə, xəstəliyin diaqnozu termiki yanıqdan sonra gövdənin və döş qəfəsinin ön-yan arxa səthinin fasiləsiz kobud çapıqları, əlilliyin səbəbi uşaqlıqdan,ümumi xəstəlikdir. Məhkəmə qeyd edir ki, yuxarıda istinad olunan qanunvericiliyin müəyyən etdiyi ümumi qaydaya görə şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 18 yaşı tamam olmamış şəxsin əlilliyinin müəyyən edilməsi üçün onun qanuni nümayəndəsinin həmin orqana müraciət etməsi, bundan sonra isə əlilliyi müəyyən edən orqanın bu barədə qərar verməsi zəruridir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Şəxsin əlilliyinin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilməsi barədə inzibati orqanın qərarı hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı 18 yaşı tamam olduqdan sonra rəsmi qaydada, müvafiq orqanın qərarı ilə əlilliyi olan şəxs hesab edilmişdir. İş materiallarında iddiaçının 18 yaşı tamam olanadək əlilliyinin müəyyən edilməsi üçün onun qanuni nümayəndəsinin həmin orqana müraciət etməsi və əlilliyi müəyyən edən orqanın bu barədə qərar verməsi müəyyən olunmur. Qanunverici isə əlilliyi olan şəxs statusunun əldə edilməsini məhz əlilliyin qiymətləndirilməsini həyata keçirən orqanın müvafiq qərarı ilə şərtləndirmişdir Lakin, məhkəmə hesab edir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi, eləcə də “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 2.13-cü bəndinin tətbiqi zamanı əlilliyin uşaqlıqdan, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan əldə olunması halına münasibətdə xüsusi yanaşma tətbiq olunmalıdır. Belə ki, əlillik anadangəlmə, uşaqlıqdan xəstəliklərin və ya çatışmazlıqların, yaxud sonradan qazanılmış xəstəliklərin və ya zədənin, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqların səbəb olduğu əqli və ya fiziki qüsurlar nəticəsində yaranır. Əlilliyin qiymətləndirilməsi və bunun nəticələrindən irəli gələn əlilliyin müəyyən olunmasına və ya imtinaya dair qərar qəbul edilməsi səlahiyyəti TSEK-ə məxsusdur. Əlilliyin qiymətləndirilməsinə dair fəaliyyət isə orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə həyata keçirilir. Əlilliyə səbəbiyyət verən xəstəliklər və ya çatışmazlıqların uşaqlıqdan, anadangəlmə və ya sonradan qazanılmış olmasının fərqləndirilməsi bu qəbildən olan mübahisələr üzrə mühüm əhəmiyyət kəsb edir. Birinci halda, şəxsin cəmiyyət həyatında digər şəxslərlə bərabər tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissi pozuntuları onun doğulduğu andan və yaxud yetkinlik yaşına çatmadığı dövrdə aldığı xəsarət və ya xəstəlikdən dolayı yaranır, digər halda yetkinlik yaşına çatdıqdan sonra isə həyatın sonrakı dövrlərində müxtəlif amillərin təsiri altında əldə edilir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 2.13-cü bəndinin məqsədi ona yönəlmişdir ki, şəhidin ailə üzvü statusu, həmin statusdan irəli gələn müvafi təminatlarla təmin edilmə hüququ şəhidin övladları sırasından həm də o şəxslərə verilsin ki, onlar 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs olsunlar. Hazırkı mübahisəni həll edərkən adıçəkilən normanın tətbiqi ilə bağlı qanunvericinin sözügedən məqsədi nəzərə alınmalıdır. Bu mənada, həlledici şərtlərdən biri 18 yaşına çatanadək əlilliyin müəyyən edilməsidir. Məhkəmə hesab edir ki, əlilliyin uşaqlıqdan, anadangəlmə xəstəliklər və ya çatışmazlıqlar səbəbindən yarandığı mötəbər sübutlarla təsdiq olunduqda, əlilliyin və ya sağlamlıq imkanlarının məhdudluğunun 18 yaşdan əvvəl olmasının müəyyən edilməsi əlillik təyin edən orqanın qərarından asılı vəziyyətə salınmamalı, bu zaman iddiaçının uşaqlıqdan əlil olmasının müəyyən edilməsi və bununla da ona şəhid ailəsi üzvü hesab edilməsi vahid icraat qaydasında şəhid ailəsi üzvü barədə arayışı verən inzibati orqanın apardığı inzibati icraat zamanı həmin orqan tərəfindən baxılaraq dəyərləndirilməlidir. Başqa sözlə, şəhid ailəsi üzvü barədə arayışı verən orqan müraciət edən şəxsin şəhid ailəsi üzvü olmasını yoxlayarkən onun Qaydaların 2.1-ci bəndi ilə nəzərdə tutulmuş şəxs olmasına, o cümlədən 18 yaşdan yuxarı əlilliyi olan şəxsin əlilliyinin uşaqlıqdan yarana bilməsi ehtimalını dəyərləndirməklə şəhidin 18 yaşınadək əlilliyi olan övladı kimi yanaşmaqla müvafiq arayışı verməkdə səlahiyyətli hesab olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının hüquqi marağı əlilliyinin 18 yaşınadək olmasının müəyyən edilməsi barədə hazırkı iddia ilə deyil, onun şəhid ailəsi üzvü barədə arayışı verən inzibati orqana müraciət etmək və həmin orqanın apardığı inzibati icraat çərçivəsində şəhid ailəsi üzvü arayışının əldə edilməsinə nail olmaqla əhatə olunur. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının əlilliyinin 18 yaşınadək müəyyən edilməsinin bilavasitə Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia qaldırmağa zərurətin olmaması barədə məhkəmənin gəldiyi nəticə Ali Məhkəmənin 2- 1(102)-2925/2023 saylı, xx.xx.2023-cü il qərarındakı hüquqi mövqeyə də uyğundur. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, hazırkı iddia inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddia mümkünlük şərtlərinə cavab vermir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar