Məhkəmə qərarları › İş №2-1(112)-567/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-567/2023

06.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-567/2023 06.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra-Cavabdeh) müraciət etmiş, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"na 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”) tələblərinə uyğun qaydada Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala şəxsiyyət vəsiqəsinin surəti, ümumi iş stajını təsdiq edən sənədlərin əslləri, (əmək kitabçanızın, həqiqi hərbi xidmətdə olduğunuz dövrü təsdiq edən sənəd və s.), “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmağına dair iş yerinin arayışının əslini və pensiya təyin edilməsi ilə bağlı ərizəsini təqdim etməsi zəruridir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə müvafiq sənədlər Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla bilər. Daha sonra isə iddiaçının yenidən müraciətinə cavab olaraq bildirmişdir ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş "xxxx" QSC-nin 21 iyun 2021-ci il tarixli, A/146 nömrəli arayışında iddiaçının xx.xx.1977-ci il tarixindən bugünədək adıçəkilən müəssisənin “N.Nərimanov” adına elektrik deposunun istismar sahəsində qatar maşinistinin köməkçisi və qatar maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Qeyd olunan vəzifələr, peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsinin (21) Metropolitenlər bəndində (21.5) nəzərdə tutulmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57 yaşının tamam olduğu 28 oktyabr 2014-cü ildən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və 28 oktyabr 2014-cü ildən qərar icra olunan vaxtadək ödənilməli olan əmək pensiyasının məbləğ fərqinin hesablanıb birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırılması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1957-ci ildə doğulmaqla, güzəştli pensiya hüququ üçün tələb olunan 57 yaşı xx.xx.2014-cü ildə yaranmışdır. Bundan əlavə, xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək Bakı Metropoliteni N.Nərimanov adına elektrik deposunda təmir üzrə çilingər, xx.xx.1977-ci ildən xx.xx.1977-ci ilədək həmin deponun istismar sexində hərəkət qatarlarının maşinisti köməkçisi (həftədə 36 saat, 16% xüsusi zərərli iş şəraiti ilə) işləmişdir. xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilə kimi sovet ordu sıralarında hərbi xidmətdə olmuş, xx.xx.1979-cu ildən hal-hazıradək "xxxx" QSC-də elektrik deposunun istismar sahəsində hərəkət qatarlarının maşinist köməkçisi və qatar maşinisti (həftədə 36 saat, 16 % xüsusi zərərli iş şəraiti ilə) peşələrində işləyir. “Bakı Metropoliteni" QSC-nin verdiyi 01 iyun 2021-ci il tarixli, A/140 saylı arxiv və güzəştli arayışa əsasən onun xüsusi zərərli iş şəraitində əmək stajı 41 il 11 ay 28 gün təşkil etmiş, ümumi iş stajı isə daha çoxdur. Eləcə də arayışda da qeyd edilmişdir ki, gecə saatlarına görə qatar maşinistinin əmək haqqına 40% xüsusi zərərli iş şəraitində işlədiyinə görə 16% əlavə ödənclər hesablanmış, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas məzuniyyətə əlavə 6 təqvim günü verilmişdir. O, 57 yaşının tamam olduğu vaxtdan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəfələrlə müraciət etsə də, hər dəfə bir bəhanə ilə onun işlədiyi qatar maşinisti və qatar maşinistinin köməkçisi peşələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.1-ci bəndində qeyd edilməməsinə istinad etmişdir. O, bununla bağlı aidiyyəti üzrə müxtəlif dövlət orqanlarına ərizə ilə müraciət etmiş, ona ünvanlanmış 22 iyul 2021-ci il tarixli və 06 avqust 2021-ci il tarixli **********7 saylı cavab məktubları ilə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün sənədləri tam şəkildə Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla biləcəyi bildirilmişdir. O, xx.xx.2021-ci il tarixdə yenidən ərizə və ona əlavə edilmiş sənədlərlə cavabdeh inzibati orqana müraciət etmiş, ərizəsinə əmək kitabçasının notarial təsdiq edilmiş surətini, arxiv və güzəştli arayışların əsillərini, şəxsiyyət vəsiqəsini və digər tələb olunan zəruri sənədləri, habelə onunla eyni peşədə işləyən və hazırda güzəştli şərtlərlə əmək pensiyası alan şəxslərə aid məhkəmə qərarlarını da əlavə etmişdir. Ərizəsinin icrası ilə bağlı 1 ay gözləsə də, cavab gəlmədiyi üçün yenidən cavabdeh inzibati orqana müraciət etmiş, xx.xx.2021-ci ildə poçt vasitəsilə ona xx.xx.2021-ci il tarixli, **********3 saylı məktubla cavab verilərək, şəxsiyyət vəsiqəsinin surəti, ümumi iş stajını təsdiq edən sənədlərin əsilləri, güzəştli işlərdə işləməyinə dair iş yerinin arayışının əsli və pensiya təyin edilməsi barədə ərizə tələb edilmişdir. Cavabdehin imtinası əsassız və qanunsuzdur Belə ki, imtina məktubunda göstərilən bütün sənədlərin əsillərini, notarial qaydada təsdiq edilmiş surətlərini ərizəsinə əlavə etməklə cavabdeh inzibati orqana təqdim etmişdir. Bundan əlavə, onun təqdim etdiyi sənədləri araşdırmaq və mahiyyətinə uyğun cavab vermək məhz cavabdeh inzibati orqanın və onun əməkdaşlarının vəzifəsidir. Bundan başqa, onun işlədiyi peşə yeraltında olmaqla, yerüstü dəmiryolu nəqliyyatından daha təhlükəli və daha məsuliyyətlidir. Çünki, yeraltında qatarları idarə etmək daha təhlükəli olmaqla, hər zaman havasızlıq və digər təhlükələrdən insan səhhəti daha da pisləşir ki, işlədiyi peşə yoldaşlarının əksəriyyəti cavan yaşlarında bu tip işlərdə işləməklə müxtəlif xəstəliklərə tutulmuşlar. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya yazılı etirazında iddia tələbinin təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi “Bakı Metropoliteni" QSC-nin 21 iyun 2021-ci il tarixli A/146 nömrəli arayışında İddiaçı xx.xx.1977-ci il tarixindən bugünədək adıçəkilən müəssisənin "N.Nərimanov" adına elektrik deposunun istismar sahəsində qatar maşinistinin köməkçisi və qatar maşinisti peşələrində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsinin (21) Metropolitenlər bəndində (21.5) nəzərdə tutulmamışdır. Bundan başqa iddiaçının işlədiyi sahə isə elektrik qatarlarının (seksiyalarının) maşinistləri və elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri peşələrinin nəzərdə tutulduğu Dəmiryol nəqliyyatı, Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər sahəsinə aid deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. İddianın mümkünlüyünü yoxlayan məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Çünki iddiaçının onun barəsində əlverişli inzibati akt qəbul edilməsini tələb etdiyi hazırkı iddia inzibati mühakimə icraatı qaydasında baxılan iddiadır. İddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur və o, məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etmiş, inzibati orqan bu müraciəti təmin etməkdən imtina etmiş, iddiaçı imtina məktubunu aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan normalardan görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxsin: - 2006-cı ilin yanvarın 1-dək ümumi stajı 25 ildən; - güzəştli iş stajı 12 il 6 aydan az olmamalıdır. İşdə olan İddiaçı məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1957-ci ildə anadan olmuş, onun 57 yaşı xx.xx.2014cü il tarixdə tamam olmuşdur. İş materiallarında olan iddiaçıya məxsus 825465 nömrəli diplomun surətindən görünür ki, o, 1973-cü ildə Bakı şəhəri 2 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş, xx.xx.1976-cı ildə bu məktəbin tam kursunu bitirərək 4-cü dərəcəli Elektrovoz maşinisti köməkçisi ixtisasını almışdır. НЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1976-cı il tarixdə Bakı Metropoliteninin "N.Nərimanov” adına elektrik deposunda çilingər-elektrik vəzifəsinə qəbul edilmiş, xx.xx.1976-cı il tarixdə təmir üzrə çilingər vəzifəsinə keçirilmişdir. İddiaçı xx.xx.1977-ci il tarixdə elektrik qatarlarının maşinist köməkçisi vəzifəsinə keçirilmiş (həftədə 36 saat, xüsusi zərərli iş şəraiti ilə 16%), xx.xx.1977-ci il tarixdə hərbi xidmətə getməsi ilə bağlı olaraq işdən azad edilmişdir. xx.xx.1979-cu il tarixində yenidən Bakı Metropoliteninə elektrik qatarlarının maşinist köməkçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.1984-cü ildə elektrik qatarının maşinisti vəzifəsinə (həftədə 36 saat, xüsusi zərərli iş şəraiti ilə 16%) keçirilmişdir. İddiaçı xx.xx.2014-cü il tarixində Depolar üzrə iş Departamentinin İstismar sahəsinə 10-cu dərəcəli elektrik qatarları maşinisti peşəsinə qəbul edilmiş, xx.xx.2017-ci il tarixindən X2 üzrə iş Departamentində 10-cu dərəcəli qatar maşinisti peşəsinə (həftədə 36 saat, xüsusi zərərli iş şəraiti ilə 16%) keçirilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... Həmçinin ƏPQ-nin 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. İstinad edilən normalara əsasən iddiaçının hərbi xidmət, təhsil dövrü və əmək kitabçasındakı qeydləri nəzərə alındıqda aydın olur ki, onun xx.xx.2006-cı il tarixə 32 il 1 ay 20 gün, 57 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixə isə 40 il 11 ay 17 gün ümumi iş stajı olmuşdur. Belə olan halda aydın olur ki, iddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün ilkin şərti ödəmişdir. İddiaçının güzəştli stajına gəldikdə, məhkəmə qeyd edir ki, işdə olan "xxxx" QSC-nin 13 yanvar 2022-ci il tarixli məktubundan göstərilmişdir ki, “İddiaçı xx.xx.1977-ci il tarixindən 01,09.1977-ci il tarixinədək Bakı Metropoliteninin “N.Nərimanov” adına elektrik deposunun istismar sexində qatar maşinistinin köməkçisi peşəsində (həftədə 36 saat, 16% xüsusi zərərli iş şəraiti ilə), xx.xx.1979-cu il tarixindən xx.xx.2014-cü il tarixinədək “N.Nərimanov” adına elektrik deposunun istismar sahəsində qatar maşinistinin köməkçisi, qatar maşinisti peşələrində (həftədə 36 saat, 16% xüsusi zərərli iş şəraiti ilə) işləmişdir. xx.xx.2014-cü il tarixindən xx.xx.2017-ci il tarixinədək "xxxx" QSC-nin Depolar üzrə iş Departamentinin istismar sahəsində qatar maşinisti peşəsində çalışmışdır (həftədə 36 saat, 16% xüsusi zərərli iş şəraiti ilə). xx.xx.2017-ci il tarixindən X2 üzrə iş Departamentində 10-cu dərəcəli qatar maşinisti peşəsində işləyir (həftədə 36 saat, 16% xüsusi zərərli iş şəraiti ilə). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 1-ci bölməsinin 1.1.2-ci və 1.2-ci bəndlərində, 21-ci bölməsinin 21.1-ci və 21.5-ci bəndlərində, 29-cu və 35-ci bölmələrində metropolitenlə bağlı bəzi peşə və vəzifələrin sadalanmasına baxmayaraq qeyd edilən siyahıda Bakı Metropoliteninin fasiləsiz işinin təmin edilməsində, sərnişinlərin təhlükəsiz daşınmasında, metro tikililərinin, qurğularının, mexanizm və avadanlıqlarının cari saxlanmasında əsas aparıcı rol oynayan yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insan səhhətinə mənfi təsir göstərən amillərlə müşayiət olunan xüsusilə zərərli və ağır əmək şəraitli bir sıra peşə və vəzifələr öz əksini tapmamışdır. Metropolitendə güzəştli şərtlərlə çalışan işçilərin əmək stajlarının müəyyən edilməsi onların təqaüdə çıxmalarına əsas verən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi haqqında” xx.xx.2007- ci il tarixli 12 saylı qərarına qədər qüvvədə olan xx.xx.1993-cü il tarixli 320 saylı qərarın müvafiq bölmə və bəndləri ilə tənzimlənirdi və həmin qərara əsasən elektrik qatarlarının maşinistləri və elektrik qatarlarının maşinist köməkçilərinin müvafiq kodlarını Sizə təqdim edirik: 23000000 XXVİİİ. Nəqliyyat 23001000-14241 teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri; 23001000-14409 elektrik qatarlarının (seksiyalarının) maşinistləri; 23001000-16887 elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri. Eyni zamanda elektrik qatarlarının maşinistləri və elektrik qatarlarının maşinist köməkçiləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 93-cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiqlənən “yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraiti iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin Siyahısı”nda da adları keçmişdir. İddiaçı ağır və xüsusilə zərərli əmək şəraiti üzrə əmək stajı 42 il 07 ay 13 gün (qırx iki il yeddi ay on üç gün) (xx.xx.2022-ci il tarixinə) təşkil edir, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü əlavə edilir və xüsusi zərərli iş şəraitində işlədiyinə görə əmək haqqına tarif maaşının 16% məbləğində, eləcə də aylıq qrafik üzrə axşam və gecə saatlarına görə əlavə ödənişlər edilir.” Göründüyü kimi, iddiaçı cavabdehə müraciət edərkən onun işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda birbaşa göstərilməmişdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 451 nömrəli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda dəyişiklik edilərək Siyahının 21.5-ci bəndinə (Metropolitenlər) elektrik qatarlarının (seksiyalarının) maşinistləri və elektrik qatarlarının (seksiyalarının) maşinistlərinin köməkçiləri vəzifələri də əlavə edilmiş, bununla həmin vəzifələrdə işləyən şəxslərin də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ təsbit edilmişdir. Qanunvericiliyə edilmiş bu dəyişiklikdən sonra Azərbaycan Respublikası "xxxx" QSC tərəfindən məhkəməyə təqdim edilmiş 13-19/2-093/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, İddiaçı xüsusi zərərli əmək şəraitində çalışdığı peşələr üzrə əmək stajı 42 il 08 ay 09 gün (qırx iki il səkkiz ay doqquz gün) təşkil edir və əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü əlavə edilir və xüsusi zərərli iş şəraitində işlədiyinə görə əmək haqqına tarif maaşının 16% məbləğində, eləcə də aylıq qrafik üzrə axşam və gecə saatlarına görə əlavə ödənişlər edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli 451 nömrəli qərarın 1.4 (21.5 Metropolitenlər bəndi üzrə) və 1.4.1 (21.5.1-ci yarımbənd) (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndlərinin elektrik qatarlarının (seksiyalarının) maşinistləri, elektrik qatarlarının (seksiyalarının) maşinistlərinin köməkçiləri aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı iddiaçının vəziyyətini yaxşılaşdırdığından həmin müddəa iddiaçıya da şamil edilməldir. Belə olan halda isə müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixə 26 il 9 ay, xx.xx.2014-cü il tarixə 35 il 6 ay 27 gün güzəştli iş stajı mövcud olmuşdur. Deməli, iddiaçı ona 57 yaşda güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün tələb olunan ikinci şərti də ödəmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün 25 ildən çox ümumi, 12 il 6 aydan artıq güzəştli iş stajına malik olduğundan ona 57 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçının tələbinin “28 oktyabr 2014-cü ildən qərar icra olunan vaxtadək ödənilməli olan əmək pensiyasının məbləğ fərqinin hesablanıb birdəfəlik ödənilməsi” hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir (xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliyə əsasən). Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Göründüyü kimi qanunvericiliyə edilmiş son dəyişikliklərə əsasən ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği şəxsə ödənilir, lakin bu məbləğ birdəfəlik deyil, ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə, ən çoxu müraciət edilən tarixdən əvvəlki üç il üçün ödənilir. İddiaçı pensiya təyin edilməsi üçün cavabdehə xx.xx.2021-ci il tarixdə müraciət etdiyindən məhkəmə hesab edir ki, iddiaçının tələbi həmin hissədə qismən təmin edilməli, həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən keçmiş dövr üçün pensiya həmin tarixdən əvvəlki üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iddiaçının cavabdehə müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il də daxil olmaqla əmək pensiyasının hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar