Məhkəmə qərarları › İş №2-1(112)-5670/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5670/2023

12.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5670/2023 12.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı məbləğinin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin “Təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar işdən azad etmə və Vergilər Nazirliyinin sərəncamına götürülmə haqqında” xx.xx.2020-ci il tarixli **********098100 nömrəli əmrinin və “Sərəncamdan çıxarılma haqqında” xx.xx.2021-ci il tarixli **********066200 nömrəli əmrinin İddiaçı aid hissəsinin ləğv edilməsi, iddiaçının 29 yanvar 2020-ci il tarixindən etibarən əvvəl tutduğu vəzifəyə bərpa olunması və xidmətinə xitam verildiyi gündən bərpa olunma gününə kimi məcburi iş buraxma müddəti üçün almalı olduğu əmək haqqı və əmək haqqına əlavələrin hesablanaraq birdəfəlik qaydada iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 23 fevral 2001-ci il tarixində Nərimanov rayonu üzrə Vergilər İdarəsi Operativ nəzarət şöbəsinin dövlət vergi müfəttişi vəzifəsinə təyin edilməklə vergi orqanlarında işə qəbul olunmuş və 20 (iyirmi) ilə yaxın müddət ərzində həmin qurumda müxtəlif vəzifələrdə çalışmışdır. Belə ki, o, müxtəlif vaxtlarda və strukturlarda dövlət vergi müfəttişi, böyük dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi, şöbə rəisi vəzifələrində çalışmış və 1-ci dərəcəli müfəttişi xüsusi rütbəsi almışdır. O, bütün müddət ərzində heç bir xətaya yol vermədən, qanunvericiliyin tələblərinə uyğun olaraq işləmişdir. Vergilər Nazirliyinin “Təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar işdən azad etmə və Vergilər Nazirliyinin sərəncamına götürülmə haqqında” 29 yanvar 2020-ci il tarixli **********098100 nömrəli əmri ilə aparılacaq təşkilatiştat tədbirləri ilə əlaqədar olaraq Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin bir sıra əməkdaşlarının, o cümlədən İddiaçı əmək müqaviləsinə "‘Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə' nin 38- ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək iddiaçı tutduğu vəzifədən azad edilmiş və 3 (üç) ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür. İddiaçıya bu barədə nə əvvəlcə, nə də sonra heç bir xəbərdarlıq edilməmiş, ona hər hansı bir başqa vəzifəyə keçirilmə təklif edilməmişdir. Daha sonra “Sərəncamda saxlama müddətinin uzadılması haqqında” xx.xx.2020-ci il tarixli. xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli müvafiq əmrlərlə iddiaçının Veriglər Nazirliyinin (X5 Xidmətinin) sərəncamında saxlanılma müddəti davamlı olaraq (son dəfə xx.xx.2021-ci il tarixədək) uzadılmışdır. X5 Xidmətinin “Sərəncamdan çıxarılma haqqında” 04 fevral 202l-ci il tarixli **********066200 nömrəli əmri ilə İddiaçı 29 yanvar 2021-ci il tarixdən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmışdır. Lakin dəfələrlə tələb etməyinə baxmayaraq nə sərəncama götürülmə haqqında, nə sərəncamda saxlama müddətinin uzadılması haqqında, nə də sərəncamdan çıxarılma haqqında müvafiq əmrlərin (əlverişsiz inzibati aktların) heç biri iddiaçıya təqdim edilmişdir. O da işə bərpa olunacağı ümidi ilə gözləsə də bu günə qədər işə bərpa olunmamışdır. Nəhayət rəsmi qaydada müraciət edildikdən sonra Dövlət Vergi Xidməti tərəfindən 08 dekabr 2022-ci il tarixində poçt vasitəsi ilə xx.xx.2022-ci il tarixli **********649000 nömrəli müraciətə baxılması haqqında məktub və qoşma olaraq sadəcə 29 yanvar 2020-ci il tarixli **********098100 nömrəli və 04 fevral 2021-ci il tarixli **********066200 nömrəli əmrlərdən çıxarış rəsmi qaydada iddiaçıya təqdim edilmişdir. Bundan sonra iddiaçı uzun illər çalışdığı quruma hörmət bəsləyərək mübahisənin yenə də tərəflər arasında məhkəmədən kənar qaydada mediasiya prosesi vasitəsi ilə həll edilməsi üçün qarşı tərəfə müraciət (təklif) göndərmişdir. X6 Xidməti tərəfindən mediasiya prosesində iştirakın məqsədəmüvafiq hesab edilmədiyi bildirilmişdir. Ona görə də hazırda mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı inzibati Məhkəməsinə müraciət edərək Vergilər Nazirliyinin “Təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar işdən azad etmə haqqında” 29.01..2020-ci il tarixli **********098100 nömrəli, “Sərəncamdan çıxarılma haqqında” xx.xx.2021-ci il tarixli **********066200 nömrəli əmrlərin iddiaçıya aid hissədə ləğv edilməsi, xx.xx.2020-ci il tarixdən etibarən əvvəl tutduğu vəzifəyə bərpa olunması xidmətə xitam verildiyi gündən bərpa olunma gününə kimi məcburi iş buraxma müddəti üçün almalı olduğu əmək haqqının və əmək haqqına əlavələri hesablanaraq birdəfəlik qaydada ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia müddəti ötürüldüyündən İddiaçı iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Mülki Məcəllənin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Eyni zamanda, həmin maddənin tələblərinə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Bununla yanaşı, İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Bildiririk ki, İddiaçı Lokal Gəlirlər Baş idarəsinin Vergi auditi idarəsinin Ticarət sahəsi üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır. Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli **********098100 nömrəli əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür. Nazirliyin xx.xx.2021-ci il tarixli **********066200 nömrəli əmri ilə İddiaçı xx.xx.2020- ci il tarixdən Vergilər Nazirliyinin sərəncamından çıxarılmışdır. İddiaçı ilə xx.xx.2020-ci il tarixdə qeyd olunan əmrin icrası ilə əlaqədar olaraq təhvil-təslim işləri aparılmış və müvafiq akt əlavəsi ilə birlikdə onun tərəfindən imzalanmışdır. xx.xx.2020-ci il tarixli Təhvil-təslim aktının əlavəsinə əsəsən sabiq əməkdaş İddiaçı tərəfindən xidməti vəsiqə təhvil verilmiş və Vergilər Nazirliyinin Təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar işdən azad etmə və Vergilər Nazirliyinin sərəncamına götürülmə barədə 29.01,2020-ci il tarixli **********098100 nömrəli əmri ilə tanış olmuş və bir nüsxəsi alınmışdır. Göründüyü kimi, İddiaçı ilə xx.xx.2020-ci il tarixdə təhvil-təslim işləri aparılmasına baxmayaraq iddia ərizəsi məhkəməyə 12.01,2023-cü il tarixdə, yəni üç ildən daha artıq müddət keçdikdən sonra təqdim edilmişdir. Nəticədə, iddia ərizəsində xx.xx.2020-ci il tarixli **********098100 nömrəli və xx.xx.2021-ci il tarixli **********066200 nömrəli əmrlərin ləğv edilməsini, işə bərpa edilməsini və məcburi iş buraxma müddətinə görə ödənilməli olan əmək haqqı əvəzinin hesablanaraq ödənilməsini tələb edən iddiaçı həmin əmrin mübahisələndirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Qeyd olunan hal isə iddia tələbinin mümkün hesab edilməməsinə əsas verir. İddiaçı isə öz iddia ərizəsində dəfələrlə tələb etməyinə baxmayaraq nə sərəncama götürülmə haqqında, nə sərəncamda saxlama müddətinin uzadılması haqqında, nə də sərəncamdan çıxarılma haqqında müvafiq əmrlərin heç birinin ona təqdim edilmədiyini bildirmişdir. Bununla bağlı qeyd etməliyik ki, yuxarıda qeyd olunduğu üzrə sabiq əməkdaş İddiaçı ilə xx.xx.2020-ci il tarixdə təhvil-təslim işləri aparılmış, həmin tarixdə tərtib edilmiş təhvil-təslim aktının əlavəsindən görünür ki, İddiaçı işdən azad etmə barədə xx.xx.2020-ci il tarixli **********098100 nömrəli əmrlə tanış olmuş və onun bir nüsxəsini almışdır. Qeyd olunan akt vergi orqanının səlahiyyətləri vəzifəli şəxsləri və İddiaçı özü tərəfindən imzalanmışdır. Qeyd etməliyik ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırkı iş üzrə iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aid olmaqla, inzibati akt qismində mübahisələndirilən akt isə Dövlət Vergi Xidmətinin xx.xx.2020-ci il tarixli **********098100 nömrəli əmri çıxış etdiyindən qanunvericilikdə nəzərdə tutulan 30 günlük iddia müddəti əhəmiyyətli dərəcədə ötürülmüşdür. Eyni zamanda iddiaçının xx.xx.2021-ci il tarixli müraciətinə cavab olaraq DVX-nın xx.xx.2021-ci il tarixli **********284400 nömrəli məktubu ilə sabiq əməkdaşa bildirilmişdir ki, xx.xx.2020-ci il tarixdə vergilər nazirinin müvafiq əmri ilə "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci bəndinə uyğun olaraq təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar tutduğunuz vəzifədən azad olunaraq 3 (üç) ay müddətinə Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüş, xx.xx.2021-ci il tarixdən sərəncamdan çıxarılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 6-cı bəndinin tələblərinə uyğun olaraq ona məxsus olan əmək kitabçasını İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin insan resursları baş idarəsindən götürməsi və ya poçt vasitəsilə göndərilməsinə rəsmi razılıq verməsi xahiş edilmişdir. İddiaçı bununla əlaqədar xx.xx.2021-ci il tarixində DVX-ya gələrək əmək kitabçasını təhvil götürmüş və bu barədə jurnala imza etmişdir. Qeyd olunan halı təsdiq edən sübutlar DVX tərəfindən məhkəməyə təqdim edilmişdir. Beləliklə, iddiaçı xx.xx.2021-ci il tarixində əmək kitabçasını təhvil almasına baxmayaraq təxminən 2 ildən sonra, yəni xx.xx.2023-cü il tarixində ərizə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı mübahisələndirdiyi hər iki əmr ilə bağlı iddia müddətlərini ötürmüşdür. Digər tərəfdən bildiririk ki, iddiaçının mübahisələndirdiyi “Sərəncamdan çıxarılma haqqında” xx.xx.2021-ci il tarixli **********066200 nömrəli əmr isə İddiaçı işdən azad edilməsi barədə deyil sərəncamdan çıxarılması barədə olmuşdur. Bu isə o deməkdir ki, həmin əmrin ləğv edilməsi iddiaçının tələbində qeyd olunan hüquqi nəticəyə gətirib çıxarmayacaqdır. Həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin həmin Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Bundan əlavə iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sərəncamda olduğu dövr üzrə də əmək haqqının hesablanaraq ödənilməsini tələb etmişdir. “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci bəndinə əsasən təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Normadan göründüyü kimi, vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla həmin orqanın sərəncamında saxlanıla bilər. Lakin iddiaçı barəsində qəbul edilmiş Vergilər Nazirliyinin 29.01,2020-ci il tarixli **********098100 nömrəli əmrin 14-cü bəndinə nəzər saldıqda görünür ki, iddiaçı nəinki vəzifədən azad olunmuş, bununla bərabər onunla bağlanmış əmək müqaviləsinə də xitam verilmişdir. Bu səbəbdən iddiaçı ilə son haqq-hesabın, eləcə də təhvil-təslim işlərinin aparılması həyata keçirilmişdir. Başqa sözlə, iddiaçı ilə vergi orqanı arasında həmin tarixdən etibarən bütün növ əmək və xidməti münasibətlərə xitam verilmişdir. Belə olan halda iddiaçının istinad etdiyi Əsasnamənin 38-ci maddəsində göstərilən əmək haqqı saxlanılmaqla sərəncamında saxlanılma müddəası iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Həmin normanın tətbiqi yalnız əmək və xidməti münasibətlərin davam etdiyi şəxslərə münasibətdə mümkündür. Eləcə də, qüvvədə olan əmək qanunvericiliyində işçi ilə əmək müqaviləsinə xitam verildikdən və onunla son haqqhesab aparıldıqdan sonra yenidən əmək haqqının ödənilməli olması ilə bağlı hər hansı norma nəzərdə tutulmamışdır. Yuxarıda da qeyd olunduğu üzrə İddiaçı Vergilər Nazirliyinin 29.01,2020-ci il tarixli **********098100 nömrəli əmri ilə tutduğu vəzifədən azad edilmiş, xx.xx.2020-ci il tarixdə sabiq əməkdaş həmin əmrlə tanış edilmiş və onunla müvafiq təhvil-təslim işləri, xx.xx.2020-ci il tarixdə isə son haqq-hesab işləri aparılmışdır. Göründüyü kimi iddiaçının işdən azad olunduğu vaxt 29.01,2020-ci il tarix, hüquqların müdafiəsi üçün müddət axımının başladığı vaxt onunla təhvil-təslim işlərinin aparıldığı gün, yəni xx.xx.2020-ci tarixi olmuş, lakin işə bərpa olunması tələbi ilə üç il müddət keçdikdən sonra xx.xx.2023-cü il tarixində ərizə ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda iddiaçı xx.xx.2021-ci il tarixində əmək kitabçasını təhvil almasına baxmayaraq təxminən 2 ildən sonra, yəni xx.xx.2023-cü il tarixində ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçının tələb hüququnun axımı müvafiq əmrlə tanış olduğu və son haqqhesab sənədlərin verildiyi gündən başlandığından o qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozmuşdur. Başqa sözlə, iddiaçı qanunvericiliklə ona verilmiş prosessual hüququn həyata keçirilməsinə müəyyən olunmuş müddət bitdikdən sonra məhkəmədə iddia qaldırmışdır. Nəticədə, bütün yuxarıda qeyd olunanlar iddia tələbinin əsassız olduğunu və buna görə də iddianın mümkünsüz hesab edilməli olduğunu göstərir. Göstərilənləri və İnzibati-Prosessual Məcəllənin 35-ci və 47.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, İddiaçı iddia ərizəsinin mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddiaya mahiyyəti üzrə baxılaraq tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA******* şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1977-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, AR Vergilər Nazirliyinin **********098100 nömrəli xx.xx.2020-ci il tarixli əmrinə əsasən Rəhimov X2 Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş idarəsinin Vergi auditi ticarət sahəsi üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsindən xx.xx.2020-ci ildə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək azad edilmiş və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür. xx.xx.2020-ci il tarixli **********463800 nömrəli əmrlə Vergilər Nazirliyinin sərəncamında saxlanılma müddəti 3 (üç) ay müddətinə uzadılmışdır. xx.xx.2020-ci il tarixli **********739000 nömrəli əmrlə Dövlət Vergi Xidmətinin sərəncamında saxlanılma müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. xx.xx.2020-ci il tarixli **********160300 nömrəli əmrlə Dövlət Vergi Xidmətinin sərəncamında saxlanılma müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. xx.xx.2021-ci il tarixli **********066 nömrəli əmrlə xx.xx.2021-ci ildən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli **********098100 nömrəli Vergilər Nazirliyinin Təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar işdən azad etmə və Vergilər Nazirliyinin sərəncamına götürülmə haqqında əmrindən çıxarışa əsasən, Rəhimov X2 Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi İdarəsinin Ticarət sahəsi üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi ilə bağlanmış əmək müqaviləsinə 29 yanvar 2020-ci il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə” nin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli Təhvil-Təslim aktına əsasən İddiaçı xidməti vəsiqəni, tanınma nişanını, rəqəmsal İD kartını, icrada olan sənədi, SVY qərarı, monitor və prosessoru təhvil vermişdir. Vergilər Nazirliyinin Təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar işdən azad etmə və Vergilər Nazirliyinin sərəncamına götürülmə barədə xx.xx.2020-ci il tarixli **********098100 nömrəli əmri ilə tanış olmuş və bir nüsxəni almışdır. Akt və ona əlavə İddiaçı tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********066200 nömrəli sərəncamdan çıxarılma haqqında çıxarışa əsasən Vergilər Nazirliyinin **********098100 saylı 29 yanvar 2020-ci il tarixli əmri ilə Vergilər Nazirliyinin sərəncamına götürülmüş İddiaçı 29 yanvar 2021-ci il tarixdən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmışdır. İş materiallarına əlavə edilmiş cavabdeh orqanın müraciətə baxılması haqqında iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli **********284400 nömrəli məktubunda bildirmişdir ki, işlə təmin olunmağınız barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə daxil olmuş xx.xx.2021 -ci il tarixli müraciətinizlə bağlı bildiririk ki, Siz xx.xx.2020-ci il tarixdə vergilər nazirinin müvafiq əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci bəndinə uyğun olaraq təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar tutduğunuz vəzifədən azad olunaraq 3 (üç) ay müddətinə Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüş, xx.xx.2021-ci il tarixdən sərəncamdan çıxarılmısınız. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları’nın 6-cı bəndinin tələblərinə uyğun olaraq Sizə məxsus olan əmək kitabçasını İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsindən götürməyinizi və ya poçt vasitəsilə göndərilməsinə rəsmi razılıq verməyinizi xahiş edirik. Beləlikə, işin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2020-ci ildə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən tutduğu Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş idarəsinin Vergi auditi ticarət sahəsi üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsindən vəzifədən azad edilmiş və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüş, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixli əmrlərlə sərəncamında saxlanılma müddəti hər dəfəsində 3 ay olmaqla xx.xx.2021-ci il tarixədək uzadılmış, xx.xx.2021-ci il tarixli əmrlə xx.xx.2021-ci ildən Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmışdır. Hazırkı iddiasında iddiaçının tələbləri aşağıdakılardan ibarətdir: - xx.xx.2020-ci il tarixli **********098100 nömrəli sərəncama götürülmə haqqında əmrin ləğv edilməsi; -xx.xx.2021-ci il tarixli **********066200 nömrəli sərəncamdan çıxarılma əmrinin ləğv edilməsi; -xx.xx.2020-ci il tarixindən etibarən əvvəl tutduğu vəzifəyə bərpa olunması - məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə ilk növbədə iddiaçının tutduğu vəzifəyə bərpa edilmə və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi ilə bağlı tələbin mümkünlüyünə hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin: -1-ci bəndinə görə vergi orqanlarında xidmət - Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları sisteminə daxil olan vergi orqanlarının funksiya və məqsədlərini öz peşəkar fəaliyyətləri ilə həyata keçirilən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. -8-ci bəndinə əsasən vergi orqanlarına xidmətə qəbul «Dövlət qulluğu haqqında» Qanunla və bu Əsasnaməyə uyğun olaraq aparılır. -75-ci bəndinə görə vergi orqanının vəzifəli şəxsinin xidmətinə aşağıdakı hallarda xitam verilə bilər: 1) öz təşəbbüsü ilə; 3) təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə; 4) tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə attestasiya komissiyasının qiyməti olduqda, əgər vəzifəli şəxsin vergi orqanlarında onun ixtisasına uyğun olan digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən şəxs imtina etdikdə, habelə sınağın nəticəsi qənaətedici olmadıqda; 5) xidməti intizamı bir dəfə kobud şəkildə pozduqda və ya xidməti vəzifələrini müntəzəm surətdə yerinə yetirilmədikdə; 6) Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə; 7) Azərbaycan Respublikasının əmək qanunvericiliyinə müvafiq olaraq tərəflərin iradəsindən asılı olmayan hallarda; 8) Azərbaycan Respublikasının əmək qanunvericiliyində nəzərdə tutulan digər hallarda. Bu maddənin 3-7-ci bəndlərində göstərilən əsaslara görə vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi müvafiq icra hakimiyyəti orqanının təşəbbüsü ilə həyata keçirilir. -79-cu bəndinə əsasən vergi orqanlarında xidmətinə xitam verilməsi və ya başqa vəzifəyə keçirilməsi barədə qərarla razı olmayan vergi orqanının vəzifəli şəxsinin həmin qərardan müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət hüququ vardır. -80-ci bəndinə görə vergi orqanlarında vəzifəyə bərpa olunmaq üçün əsas müvafiq icra hakimiyyəti orqanının əmri və ya qüvvəyə minmiş məhkəmə qərarıdır. Sadalanan normalardan müəyyən olunur ki, vergi orqanlarında xidmətə xitam verilmənin əsaslarından biri də təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xitam verilmədir. Hazırkı iş üzrə iddiaçının iddia tələbi üzrə hüquqi marağı onun vergi orqanında tutduğu vəzifəyə bərpa edilməsidir. Bunun üçün iddiaçı cavabdehin 04 fevral 2021-ci il tarixli əmrinin ləğvini mübahisələndirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının işə bərpa edilməsi ilə bağlı hüquqi marağına uyğun olan iddia predmeti onun barəsində qəbul edilmiş 04 fevral 2021-ci il tarixli əmr deyil, xx.xx.2020-ci il tarixli **********098100 nömrəli əmrdir. Belə ki, iddiaçı sonuncu dəfə xx.xx.2020-ci il tarixli **********098100 nömrəli əmrlə tutduğu Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş idarəsinin Vergi auditi ticarət sahəsi üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsindən azad olunmuş, eyni zamanda həmin əmrlə sərəncama götürülmüşdür. Məhkəmə qeyd edir ki, işə bərpa edilmə şəxsin tutduğu vəzifəyə və ya ona bərabər olan vəzifəyə bərpa edilməni nəzərdə tutduğundan bu məqsədə çatmaq üçün tələb olunan əsas işçinin işdən azad olunması barədə əmrin ləğv edilməsidir ki, həmin əmr ləğv olunduqda işçi əvvəlki hüquqi vəziyyətinə, yəni tutduğu vəzifəyə qayıda bilər. İddiaçının mübahisələndirdiyi 04 fevral 2021-ci il tarixli əmri isə iddiaçının vergi xidməti orqanlarının sərəncamından çıxarılması barədə əmrdir ki, bu əmrin ləğv edilməsi ilə iddiaçı işə bərpa olunmuş olmur, yalnız əvvəlki hüquqi vəziyyətinə, yəni sərəncamda qalma vəziyyətinə qayıdır. İşçinin sərəncamda saxlanılması isə onun hər hansı vəzifəni tutması, konkret olaraq vəzifə funksiyalarını icra etməyə buraxılması, işçinin işəgötürənlə əmək hüquq münasibətlərinə qayıtması demək deyil. Sərəncama götürülmə barədə inzibati aktın qəbul edilməsi inzibati orqan üçün diskresion səlahiyyət olmaqla yanaşı işçi üçün mütləq qaydada məcburi hüquqi qüvvəyə malik olan inzibati akt hesab olunmur. Başqa sözlə, qanunla işçinin özünün sərəncama götürülmə barədə inzibati aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün təşəbbüslə çıxış etmək imkanı mövcuddur. Belə ki, işçi istədiyi zaman sərəncamda qalmaqdan imtina edə və işəgötürəndən əmək kitabçasını geri götürməklə onunla hüquqi əlaqəsini birmənalı kəsə bilər. Qanun inzibati orqan üçün sərəncama götürülməni, işçi üçün isə sərəncamda qalmağı mütləq tələb kimi irəli sürməmişdir. İnzibati orqan öz təşəbbüsü ilə iddiaçını sərəncama götürə bildiyi halda, iddiaçı da sərəncamda qalmaqdan imtina etmək hüququna sahibdir. İddiaçının sərəncamda qaldığı müddətdə yenidən vəzifəyə təyin edilmə barədə gözləntisi olsa da, lakin bu, onun müvafiq vəzifəyə götürüləcəyi barədə inzibati orqanın “mütləq vədi”ni ifadə etməmişdir. İddiaçı üçün gözlənilən nəticə bir tərəfdən müvafiq vəzifəyə təyin edilməkdirsə, digər tərəfdən də hər hansı vəzifəyə təyin edilməməkdir. Dolayısı ilə, iddiaçının hüquqi marağına uyğun olaraq işə bərpa yalnız onun barəsində işdən çıxma barədə əmrin ləğv edilməsi ilə mümkündür. Lakin buna baxmayaraq iddiaçı həm də sərəncamdan çıxarılma əmrini mübahisələndirmişdir ki, qeyd edilən əmrin mübahisələndirilməsi iddiaçının sonuncu dəfə tutduğu vəzifəyə bərpa edilməsi ilə nəticələnmədiyindən bu barədə hüquqi marağına da cavab vermir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə qeyd edilən normaya istinadən verilən tələb üzrə hər iki əmrə münasibətdə qiymətləndirmə aparmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2.barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçının hər iki əmrin ləğv edilməsi tələbi İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinin tələbinə uyğun olaraq mübahisələndirmə haqqında iddia növü ilə tənzimlənir. Həmin iddia növünə münasibətdə yoxlanılmalı olan xüsusi mümkünlük şərti iddia müddətinə əməl edilib-edilməməsidir. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. -64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. -71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. -72.1-ci maddəsinə görə inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Sadalanan normalardan müəyyən olunur ki, mübahisələndirmə haqqında iddia “İnzibati icraat haqqında” Qanunun 62-ci maddəsindəki qaydalar əsas götürülməklə, inzibati akt haqqında məlumat verildiyi vaxtdan 30 gün müddətində və ya inzibati şikayət icraatı həyata keçirilən zaman şikayət instansiyası qərarının təqdim edildiyi vaxtdan 30 gün müddətində qaldırılmalıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı mübahisələndirdiyi əmrlərin ləğvinə dair iddianı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə vermişdir. Belə ki, sözügedən xx.xx.2020-ci il tarixli **********098100 nömrəli və xx.xx.2021-ci il tarixli **********066200 nömrəli əmrlərin mövcudluğu barədə iddiaçının uzun müddət əvvəl məlumatlı olmasını təsdiq edən təkzibedilməz sübutlar vardır. İddiaçı xx.xx.2020-ci il tarixli Təhvil-Təslim aktına əsasən xidməti vəzifəsinin icrasından kənarlaşdırılmış, onunla təhvil-təslim işləri aparılmış, eyni zamanda həmin tarixdə işdən azad etmə və Vergilər Nazirliyinin sərəncamına götürülmə barədə xx.xx.2020-ci il tarixli **********098100 nömrəli əmri ilə tanış olmuş və bir nüsxəni almış, bunu öz imzası ilə təsdiq etmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş mühasibatlıq sənədlərinə əsasən iddiaçı ilə tutduğu vəzifədən azad olunması ilə əlaqədar xx.xx.2020-ci il tarixdə son haqq hesab aparılmışdır. Adıçəkilən xx.xx.2020-ci il tarixli əmri, eləcə də VN-nin sərəncamından çıxarılması barədə xx.xx.2021-ci il tarixli **********066200 nömrəli əmri iddiaçının əmək kitabçasına işlənmiş, iddiaçının xx.xx.2021-ci il tarixli müraciəti ilə əlaqədar cavabdehin ünvanladığı xx.xx.2021-ci il tarixli **********284400 nömrəli məktubu ilə bir daha ona xx.xx.2020-ci il tarixdə tutduğu vəzifədən azad olunaraq 3 (üç) ay müddətinə Dövlət Vergi Xidmətinin sərəncamına götürdüyü, xx.xx.2021-ci il tarixdən sərəncamdan çıxarıldığı bildirilmiş, əmək kitabçasını götürməsi ilə bağlı xəbərdarlıq etmişdir. Eləcə də iş materiallarına əlavə edilmiş “Əmək kitabçasının verilməsi barədə” kitabdan çıxarışdan müəyyən olunur ki, iddiaçı xx.xx.2021-ci il tarixdə imza etməklə əmək kitabçasını təhvil almışdır. Əmək Məcəlləsinin 296.3-cü maddəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Beləliklə, iddiaçının ən geci əmək kitabçasını götürərəkən işdən azad edildiyi əmrin tarixi və nömrəsi qeyd olunmuş sırada imza etdiyi, əmrin nömrəsi, tarixi barədə qeydlərin də olduğu əmək kitabçasının əslini əldə etdiyi vaxtdan onun sözügedən əmrdən məlumatlı olduğu təsdiq olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, birinci əmr iddiaçıya xx.xx.2020-ci il tarixdə rəsmi təqdim edilmiş, ikinci əmrin rəsmi olaraq təqdim olunmaması halı isə yenə də iddianın mümkün sayılmamasına mane təşkil etmir. Nəzərə almaq lazımdır ki, İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Bu mövqeyinə uyğun olaraq hesab edir ki, yuxarıda sadalanmış təkzibedilməz sübutlar iddiaçının 30 günlük iddia müddətini ötürdüyünü mübahisəsiz təsdiq edir. Eyni zamanda nəzərə alınmalıdır ki, əmrdən sonra xidməti vəzifəsinin icrasına buraxılmaması da iddiaçıya həmin vaxtdan əmrin elan edildiyini sübut edir Beləliklə, iddiaçı xx.xx.2020-ci il tarixli əmrdən həmin əmrin surətini aldığı xx.xx.2020-ci il tarixdən, xx.xx.2021-ci il tarixli əmrdən isə ən geci əmək kitabçasını təhvil aldığı xx.xx.2021-ci il tarixdən məlumatlı olmuş, lakin hər iki əmri qanunla nəzərdə tutulmuş 30 günlük müddət keçdikdən sonra xx.xx.2023-cü ildə hazırkı iddia ərizəsini məhkəməyə təqdim etməklə mübahisələndirmişdir. Göründüyü kimi iddiaçı barəsində qəbul edilmiş inzibati aktlardan müvafiq olaraq məlumatı olduğu vaxtdan birinci əmrə münasibətdə 3 il, ikinci əmrə münasibətdə isə 2 ilə yaxın müddət keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır. İnzibati Prosessual Məcəllənin: -22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. -24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. -24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə hər iki əmr üzrə iddia tələbi üzrə müddətin ötürülməsindən 1 ildən çox keçdiyini nəzərə alaraq iddiaçının müddətin bərpasına dair ərizə təqdim etməsinə hüquqi zərurət görməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olubolmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddianın müddətinə dair mümkünlük şərti ödənilmədiyindən iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı məbləğinin ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar