Məhkəmə qərarları › İş №2-1(112)-5671/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5671/2024

23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5671/2024 23.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı X1 və nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “əmək müqaviləsinin elektron sistemdən silinməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərziəsi ilə müraciət edərək AR Təhsil Naziri tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli K-834 saylı Əmrin və keçirilmiş monitorinqin nəticələrinə dair aktın təsdiq edilmiş surətlərinin təqdim edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2021-ci tədris ilinin sonunadək Bakı şəhəri, Sabunçu rayonu, 252 № məktəb-liseyin direktoru vəzifəsində işləmişdir. 28 illik fəaliyyətindən sonra keçirilmiş monitorinqin nəticələrinə əsasən (bugünədək rəsmi şəkildə iddiaçıya təqdim edilməmişdir) iddiaçı tutduğu vəzifədən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən azad olunmuşdur. İddiaçı pozulmuş hüquqlarının bərpası üçün müvafiq Əmrin surətinin və monitorinqin nəticələrinə dair qəbul edilmiş aktın surətinin ona rəsmi qaydada təqdim edilməsi üçün cavabdeh orqandan xahiş etmişdir. Bununla bağlı rəsmi məktubu 01 dekabr 2023-cü il tarixdə cavabdeh almışdır. Lakin 35 gündən çoxdur ki, iddiaçının müraciətinə cavab verilməmiş və müvafiq Əmrin surəti ona təqdim edilməmişdir. Ümumiyyətlə iddiaçının bir neçə dəfə müraciət etməsinə baxmayaraq indiyə qədər müvafiq Əmrin surəti ona təqdim edilməmişdir. Həmin Əmr və monitorinqin nəticələri barədə sənəd həmin Əmri mübahisələndirmək üçün zəruridir. Əmr təqdim edilmədiyindən iddiaçı həmin Əmrin mövcud olmadığını hesab edir. Qeyd edilən sübutlara əsasən iddiaçı barəsində cavabdeh orqan tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli K-834 saylı Əmrin surətinin və keçirilmiş monitorinqin nəticələrinə dair yekun aktın surətinin ona təqdim edilməsi öhdəliyinin icrası cavabdehə həvalə edilməsini xahiş edir.

3. İş materiallarına əlavə olunmuş İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, xx.xx.2021-ci il tarixli, K-834 nömrəli əmr əsasında Bakı şəhəri 252 nömrəli məktəb-liseyin direktoru ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir (əmək kitabçasının əslinə məhkəmə iclasında baxış keçirilmişdir).

4. Azərbaycan Respublikası Elm və təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli, K-109 və K-905 nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əlavə məlumat üçün bildirilir ki, iddiaçı ilə yenidən müddətli əmək müqaviləsinin bağlanması məqsədəuyğun hesab edilməmişdir.

5. Məhkəmənin hazırlıq icratı üzrə mümkünlük iclasında iştirak edən cavabdehin nümayəndəsi imtinanın məzmununa uyğun olaraq izahat verdi.

II. İddianın mümkünlüyü

6. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. 17.Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

7. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Qərarı:

18. Məhkəmələrə izah edilir ki, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir.

8. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvələ əsasən, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq aşağıdakı tələblərə ümumi məhkəmələr baxır: - Əmək münasibətlərindən irəli gələn tələblər;

9. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 4-1-ci maddəsinə əsasən, Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.

10. Məhkəmə qeyd edir ki, iddia ərizəsində işdən azad edilmə barədə əmrin və keçirilmiş monitorinq nəticələrinə dair aktın təsdiq edilmiş surətinin təqdim edilməsi xahiş edilsə də, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə məqsədi işə bərpa olunmaya nail olmaqdır. Odur ki, hazırki mübahisə iddiaçı ilə işəgötürəni arasındakı əmək münasibətlərindən irəli gəlir.

11. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, iddiaçının vəziyyətinə uyğun olaraq çatmaq istədiyi məqsədə nail olmaq üçün səmərəli hüquq müdafiə vasitəsi əmək hüquqlarının müdafiəsi ilə bağlı “əmrin ləğv edilməsi və işə bərpa olunma” tələbi ilə səlahiyyətli ümumi məhkəməyə müraciətdir.

12. Digər tərəfdən məktəb direktoru yerinə yetirdiyi vəzifələrin xarakteri baxımından publik hesab edilsə belə, 2021-ci il tarixli əmrin 3 ilə yaxın müddətdən sonra mübahisələndirilməsi mümkün hesab edilmir. Əmrin iddiaçıya təqdim edilməsi dəqiq müəyyən olunmasa da, iddiaçı qeyd edilən tarixdən xidmətini davam etdirmir, xidmətinə həmin tarixdən xitam verildiyi ona bəllidir, əmək kitabçasının ona verilmədiyini mübahisələndirmir. Bu səbəbdən məhkəmə İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya buraxılmış prosessual müddətin bərpası ilə bağlı əsaslandırılmış ərizənin təqdim edilməsi barədə hüquqi yardım göstərilməsini zəruri hesab etmir.

13. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

14. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

15. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar