Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5672/2020 10.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 üzrə Mərkəzi Filialı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “yeni məlumat vərəqəsinin təqdim edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı “yeni məlumat vərəqəsinin təqdim edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xidməti vəzifələrinin icrası ilə bağlı onun barəsində, bütün artımlar nəzərə alınmaqla vəifə maaşı, hərbi rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzinə verilən pul kompensasiyası, məxfiçiliyə görə əlavə, peşəkarlığa görə əlavə, məharət dərəcəsinə görə əlavə, mühüm vəzifə və tapşırıqların yerin yetirilməsinə, xidmətdə fərqlənməyə görə vəzifə maaşının 50 faizinin əlavə alınması barədə, hərbi qulluqçularına hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində müavinət, hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət barədə məlumatlar əks olunmaqla yeni məlumat vərəqəsinin tərtib edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (iddia tələbinin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən “Xidməti vəzifələrinin icrası ilə bağlı onun barəsində 1996-cı ildən başlayaraq, bütün artımlar nəzərə alınmaqla vəzifə maaşı, hərbi rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzinə verilən pul kompensasiyası, məxfiçiliyə görə əlavə, peşəkarlığa görə əlavə, məharət dərəcəsinə görə əlavə, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə, xidmətdə fərqlənməyə görə vəzifə maaşının 50 faiznin əlavə alınması barədə, hərbi qulluqçuların hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində müavinət, hərbi qulluqçuların müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət barədə məlumatlar əks olunmaqla yeni “Məlumat vərəqəsi”nin tərtib edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində əməliyyat işində 26 (iyirmi altı) il işlədikdən sonra 1996-cı ildən etibarən təqaüdə çıxıb. Hal-hazırda 850 manat təqaüd alır. İşlədiyi zaman əks-kəşfiyyat fəaliyyətinin subyekti və məxfi məlumatların daşıyıcısı kimi məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və digər məlumat daşıyıcıları ilə işləməyə görə aylıq vəzifə maaşına əlavələr hesablanırdı, lakin təqaüdün bir ay əvvəl nazirliyin sərəncamına götürülməsi səbəbindən həm məxfiçiliyə görə əlavələr, həm də digər artımlar və dəyişikliklər təqaüdün hesablanması ilə əlaqədar tərtib edilmiş “Məlumat vərəqəsi”ndə öz əksini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ-ci bəndini rəhbər tutmaqla və “Kəşfiyyat və əks-kəçfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsində qeyd edilən dəyişikliklərə əsasən pensiyasının yenidən hesablanması məqsədi ilə “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsində qeyd edilən dəyişikliklər nəzərə alınmaqla ona aid “məlumat vərəqəsi”nin yenidən tərtib edilməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 üzrə Mərkəzi Filialına göndərilməsini xahiş etmişdir. Müraciətinə cavab olaraq xx.xx.2020-ci il tarixli 21/M-3440 nömrəli məktubla bildirilmişdir ki, “Ərizəyə əsasən tərəflərindən pensiya-arxiv işi üzrə müvafiq məlumatlar yoxlanılmış və məlum olmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 2006-cı il tarixli 184-İİİQD nömrəli Qanunu və həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2006-cı il tarixli 499 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq, barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1 İdarəsinə 002730 nömrəli xx xxxxxx 2007-ci il tarixli məlumat vərəqəsi təqdim olunmuşdur. Müraciətçinin hərbi xidmətdən buraxıldığı günə (xx.xx.1996-cı il) təminat xərcliyiniz-vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından ibarət olmuş və həmin məlumatlar yuxarıda qeyd olunan “Məlumat vərəqəsi”ndə öz əksini tapmışdır. Ərizədə qeyd edilən əlavə ilə bağlı həmin əlavəni xidmət dövründə almadığına görə əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində verilir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətində işlədiyi müddət ərzində kəşfiyyat və əks kəşfiyyat fəaliyyətinin subyekti və məxfi məlumatların daşıyıcısı kimi məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və digər məlumat daşıyıcıları ilə işləməyə görə aylıq vəzifə maaşına işlədiyi dövrdə əlavələr hesablanmış, artımlar olmuşdur. Pensiyaya çıxanadək təminat xərcliyində məxfiçiliyə görə artımın nəzərə alınmalı olması tanınmışdır. Məhrum edildiyi təminat xərcliyində məxfiçiliyə görə əlavə nəzərə alınmamışdır. O, cümlədən peşəkarlığa, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə, xidmətdə fərqlənməyə görə əlavənin nəzərə alınmasına dair hüququ təmin edilməmişdir. Yəni pensiya çıxarkən məxfiçiliyə görə əlavədən məhrum edilməyinin qanunsuzluğu müəyyən edilsə də, peşəkarlığı görə əlavədən məhrum edilməyinin hüquqazidliyi hələ tanınmamışdır. İlkin qanunsuzluğun tanınması sonra əlavədən məhrumetmənin də qanunsuz tanınmasını şərtləndirir.Təminat xərcliyi vəzifə maaşı, hərbi rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzinə verilən pul kompensasiyası, məxfiçiliyə görə əlavə, peşəkarlığa görə əlavə, məharət dərəcəsinə görə əlavə, hərbi qulluqçuların hər il məzuniyyətə çıxarkən, iki aylıq pul təminatı məbləğində müavinət, hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinətdən və sair məlumatlardan ibarət olsa da barəsindəki məlumat vərəqəsində əks etdirilməmişdir. Cavabdehin qanunvericlikdə nəzərdə tutulan hüquqlarının təmin edilməsi ilə “Məlumat vərəqəsi”nin verilməsindən imtinası qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə və məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə inzibati məhkəmə icratına üçüncü şəxs qismində cəlb olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF X1 üzrə Mərkəzi Filialı) təqdim edilmiş və cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin sərəncamı ilə bağlı cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, İddiaçı xx.xx.1984-xx.xx.1996-cı il tarixlərində keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsi və Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində (MTN) həqiqi hərbi xidmətdə olmuş, keçmiş MTN-in 1996-cı il 22 oktyabr tarixli 1249şh nömrəli Əmri əsasında “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 1992-ci il 3 noyabr tarixli 362 nömrəli Qanununun (qüvvədən düşüb) 18-ci maddəsinin (“Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma) “d” bəndinə əsasən ( xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) şəxsi heyətin siyahısından çıxarılaraq ehtiyata buraxılmışdır. İddiaçının hərbi xidmətdən buraxıldığı günə təminat xərcliyinə vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə (70 %) və ərzaq payı əvəzinə kompensasiya daxil edilərək məlumat vərəqində öz əksini tapmış, pensiya təyin edilərkən nəzərə alınmışdır. Onun arxiv şəxsi iş materiallarının təhlili zamanı hərbi xidmət dövründə məxfiliyiə, peşəkarlıq, fərqlənmə və mühüm işlərə, eləcə də məharət dərəcəsinə görə əlavələr və vəzifə maaşına digər artımlar alması barədə qeydlər aşkar edilməmişdir. İddiaçı hərbi xidmətdən buraxıldığı günə (xx.xx.1996-cı il) qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 1992-ci il 29 aprel tarixli 109 nömrəli Qanununun (qüvvədən düşüb) 40-cı maddəsinə (“Pensiyanın hesablanması üçün təminat xərcliyi”) əsasən hərbi qulluqçulara və onların ailələrinə pensiya hərbi qulluqçuların təminat xərcliyindən hesablanırdı. Bu zaman onlara pensiya hesablanması üçün vəzifə maaşı (yeni vəzifə maaşını təşkil edən bütün artım növləri və əlavələr daxil olmaqla), hərbi və ya xüsusi rütbəyə görə müvafiq maaşlar, xidmət illəri (fasiləsiz iş) üçün əlavə faiz və ərzaq payı müqabilində verilən pul kompensasiyası nəzərə alınırdı. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 711-İİQ nömrəli Qanununun 20.3-cü maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna uyğun pensiya hüququna malik olan kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularına pensiya təyin edilən zaman onların xidmətdən tərxis olunan günə aldıqları miqdarda bütün növ pul təminatı (ərzaq payı əvəzinə verilən pul kompensasiyasından başqa digər növ kompensasiya, birdəfəlik ödəmələr və müavinətlər istisna olmaqla) nəzərə alınır. Həmin Qanunun 20.4-cü maddəsində kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti subyektinin rəhbərinin həmin subyektin əməkdaşlarına peşəkarlığa, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə, xidmətdə fərqlənməyə görə vəzifə maaşının 50 faizdən çox olmamaqla əlavələr təyin edilə bilməsi, 20.6-cı maddəsində kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçularına hər il məzuniyyətə çıxarkən, iki aylıq pul təminatı məbləğində müavinət verilməsi, 20.7-ci maddəsində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət verilməsi, 20.10-cu maddəsində isə məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya digər məlumat daşıyıcıları ilə işləyən kəşfiyyat və ks kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının və işçilərinin vəzifə maaşlarına artımların miqdarının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunduğu göstərilmişdir. Həmçinin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 2006-cı il 7 fevral tarixli 54-İİİQ nömrəli Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Qeyd edilən qanunlar iddiaçının pensiya hüququ yarandığı dövrdən sonra qüvvəyə minmiş, həmçinin həmin qanunların müddəalarında əvvəlki dövr üçün şamil edilməsinə dair norma mövcud deyildir. Bu səbəbdən, iddiaçıya münasibətdə müvafiq əlavənin onun pensiyasına yönəldilməsi mümkün hesab edilmir. Həmçinin, iddiaçı, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə istinad edərək, pensiya hüququ yarandığı dövrdən sonra qəbul edilmiş yuxarıda göstərilən qanunların müddəalarının onun hüquqi vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmasını tələb etmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 28 yanvar tarixli Qərarında Konstitusiyanın 149-cu maddəsi ilə bağlı hüquq normasının zamana görə qüvvəsi məsələsinə, habelə “hüquqi vəziyyət” anlayışına və “şəxsin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” ifadəsinin şəxsin maddi vəziyyətinin yaxşılaşdırılmasını özündə ehtiva edib-etməməsinə aydınlıq gətirilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə görə Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsi ümumi şəkildə normativ hüquqi aktın yalnız gələcəyə dair qaydalar müəyyən etdiyini və onun geriyə qüvvəsinin olmadığını nəzərdə tutur. Belə ki, “normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir” ifadəsinin mahiyyəti onunla izah edilir ki, məhkəmə, normativ hüquqi aktı onun qüvvəyə minməsindən əvvəl baş vermiş faktlara (münasibətlərə), bu faktların yaratdığı hüquqi nəticələri dəyişmək və ya ləğv etmək məqsədilə tətbiq edə bilməz. Normativ hüquqi akt onu qəbul edənin diktəsidir, bu isə yalnız gələcək zamana təsir edə bilər. Əksər normativ hüquqi aktların “lex retro non agit” prinsipinə əsasən geriyə qüvvəsi olmur, həmin aktlar yalnız hüquqi qüvvəyə mindikdən sonra yaranan münasibətlərə tətbiq edilir. Normativ hüquqi aktın hüquqi qüvvəsinin geriyə şamil olunmaması hüquq sistemində qayda və hüquqi təhlükəsizlik zəmanətini yaradır. Belə məhdudiyyət, ilk növbədə, qanunvericiliyin və təcrübədə normaları tətbiq edən orqanların fərdin subyektiv hüquqlarına haqsız müdaxiləsindən qoruyur. Qeyd edilənlərlə yanaşı, konstitusiya hüququ baxımından hüquq sistemində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran” hüquq normasının qüvvəsinin geriyə şamil edilməsi istisna olunmur. Plenumun Qərarına əsasən şəxsin “hüquqi vəziyyəfi onun hüquq və vəzifələrinin məcmusunu xarakterizə edərək qanun nöqteyi-nəzərindən bu subyektin cəmiyyətdə tutduğu mövqeyi və malik olduğu imkanları səciyyələndirir. Hüquq nəzəriyyəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 2010-cu il 1 dekabr tarixli Qərarında formalaşdırılan mövqeyə görə bəzi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə əlaqəlidir. Eyni zamanda, qanunverici pensiyaların hesablanmasının, təyin və əldə edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində müstəqildir (sərbəstdir). Lakin bütün hallarda qeyd olunan fərqləndirmə Konstitusiyada təsbit edilmiş bərabərlik hüququna müvafiq olaraq o halda və tərzdə mümkündür ki, bu şərtlər obyektiv hallara əsaslansın, özünü doğrultsun, konstitusiya əhəmiyyətli məqsədlərə xidmət etsin və bu məqsədlərə nail olmaq üçün istifadə olunan hüquqi vasitələrə mütənasib olsun. Beləliklə, iddiaçının pensiya hüququnun yarandığı tarixə qüvvədə olan qanunvericiliynə uyğun olaraq təyin edildiyinə görə iddia tələbi iddiaçının hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmədən yalnız onun maddi vəziyyətinin yaxşılaşdırılmasına yönəlmişdir. Bu səbəbdən, yeni qanunvericiliyin qəbul olunması onun hüquqi vəziyyətini yaxşılaşdıran hal kimi qiymətləndirməməli və bərabərlik hüququnun pozulması kimi qəbul olunmamalıdır. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə və Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə müvafiq olaraq, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan, müxtəlif dövrlərdə pensiya qanunvericiliyində pensiya təyin edilərkən müvafiq əlavənin nəzərə alınması ilə bağlı müxtəlif yanaşmaların olduğunu nəzərə alaraq, münasibətlərin yarandığı zaman qüvvədə olan müvafiq qanunvericilik normaları tətbiq edilməlidir. Odur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinə qarşı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İnzibati məhkəmə icratına üçüncü şəxs qismində cəlb olunmuş DSMF X1 üzrə Mərkəzi Filialının iddia ilə bağlı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etmədiklərindən, iddiaçının nümayəndəsi və vəkili X3 isə məhkəməyə ərizə ilə müraciət edərək, şifahi məhkəmə baxışı iclasının onun (iddiaçının) iştirakı olmadan keçirilməsini və qərar çıxarılmasını xahiş etdiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 16.2 və 62.3-cü maddəsinə əsasən işə iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiа tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: İddiaçıya aid pensiya işinin surətindən görünür ki, Milli Təhlükəsizlik Nazirliyinin 002730 nömrəli “Məlumat vərəqəsi”nə əsasən DSMF Hərbi Qulluqçular və X2 İş İdarəsi tərəfindən İddiaçı xx.xx.1996-cı ildən yaşa görə pensiya təyin edilmiş, pensiyanın məbləği 350 manat 87 qəpik müəyyən olunmuş, İdarə tərəfindən xx.xx.2010-cu il tarixli qərarla pensiya yenidən hesablanaraq xx.xx.2008-ci ildən ömürlük 467 manat 01 qəpik, daha sonra İdarə tərəfindən xx.xx.2011-ci il tarixli qərarla pensiya yenidən hesablanaraq xx.xx.2010-cu ilə 491 manat 42 qəpik, daha sonra İdarə tərəfindən xx.xx.2017-ci il tarixli qərarla İddiaçı pensiyası yenidən hesablanaraq xx.xx.2012-ci ildən xx.xx.2013-cü ilədək təyin olunmuş pensiyanın məbləği 512 manat 79 qəpik, xx.xx.2013-cü ildən xx.xx.2016-cı ilədək 548 manat 02 qəpik, xx.xx.2016-cı il tarixdən ömürlük 549 manat 92 qəpik müəyyən olunmuşdur. İddiaçı hazırki tələblə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə ərizə ilə müraciət etmiş, onun müraciətinə xx.xx.2020-ci il tarixli 21/M-3440 saylı məktubla cavab olaraq bildirilmişdir ki, pensiya-arxiv işi üzrə müvafiq məlumatlar yoxlanılmış və məlum olmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının xx xxxxxx 2006-cı il tarixli 184-İİİQD nömrəli Qanunu və həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2006-cı il tarixli 499 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq, barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1 İdarəsinə (Hərbi Qulluqçular və X2 İş İdarəsinə) 002730 nömrəli xx xxxxxx 2007-ci il tarixli məlumat vərəqəsi təqdim olunduğu, onun hərbi xidmətdən buraxıldığı günə (xx.xx.1996-cı il) təminat xərcliyi-vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən kompensasiyadan ibarət olduğu və həmin məlumatların yuxarıda qeyd olunan “Məlumat vərəqəsi”ndə öz əksini tapdığı qeyd olunmuşdur. Ərizədə qeyd olunmuş əlavə ilə bağlı bildirilmişdir ki, həmin əlavəni o, xidmət dövründə almadığına görə təminat xərcliyinə daxil edilməmiş və bu səbəbdən yuxarıda qeyd olunan “Məlumat vərəqəsi”ndə öz əksini tapmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı)- hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir; Həmin Qanunun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara- Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti- orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenimunun xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Məhkəmə qeyd edir ki, işin faktiki hallarına əsasən iddiaçı Dövlət Təhlükəsizlik Xidmətindən ehtiyata xx.xx.1996-ci il tarixdən buraxıldığına görə onun təminat xərcliyi qanunvericiliyə əsasən xidmətdən buraxıldığı günə aldığı miqdarda olan aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdən hesablanmalıdır. İş materiallarından müəyyən edilir ki, iddiaçının hazırki tələbində göstərdiyi əlavələr onun xidmətdən ehtiyata buraxıldığı xx.xx.1996-cı il tarixdən sonra sonuncuya ödənilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki iddia tələbi əsassız olduğu üçün təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-5672/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5672/2020
10.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver