Məhkəmə qərarları › İş №2-1(112)-5675/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5675/2021

16.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5675/2021 16.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1959-cu il təvəllüdlüdür. 07.10.1977ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. İddiaçı əmək fəaliyyətinin 15 ilə yaxın müddətində Bakı Metropolitenində işləmişdir. Belə ki, o, 02.03.2004-cü il tarixdən 10.06.2005-ci il tarixədək Bakı Metropoliteni Tunel qurğuları xidmətində tunel fəhləsi peşəsində çalışmışdır (tuneldə yalnız gecə, zərərli əmək şəraiti ilə). 07.10.2008-ci il tarixdən 18.07.2014-cü il tarixədək Tunel quröuları xidmətində tunel fəhləsi peşəsində çalışmışdır (tuneldə yalnız gecə, zərərli əmək şəraiti ilə). 18.07.2014-cü il tarixindən "xxxx" QSC-nin Tunel qurğuları xidmətinin 3 saylı distansiyanın İİ sahəsində 4-cü dərəcəli tunel fəhləsi peşəsində işləyir (tuneldə yalnız gecə, zərərli əmək şəraiti ilə). İddiaçı hüquqdan istifadə edərək DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 16.04.2021-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçının işlədiyi tunel fəhləsi peşəsi müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə göstərilən peşələrə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd edilməlidir ki, artıq uzun müddət ərzində formalaşmış təcrübəyə əsasən, əmək pensiyalarının təyin olunması barədə işlərə məhz öhdəlik xarakterli iddialar çərçivəsində baxılır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə Naxçıvan MR-in Ordubad rayonunda doğulmuşdur; DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 12 mart 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının işlədiyi tunel fəhləsi peşəsi müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə göstərilən peşələrə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur; Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu Rayon İdarəsinin 08.02.2021-ci il tarixli, 552 nömrəli məktubuna əsasən, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı həqiqətən 21 iyun 1978-ci il tarixdən 27 may 1980-cı il tarixədək Sovet Ordu sıralarında həqiqi hərbi xidmət müddətini keçmişdir; Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikası "xxxx" QSC-nin 02 iyul 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı 02.03.2004-cü il tarixindən 10.06.2005-ci il tarixinədək Bakı Metropoliteninin Tunel qurğuları xidmətində tunel fəhləsi (tuneldə yalnız gecə işi, zərərli əmək şəraiti ilə), 07.10.2008-ci il tarixindən 18.07.2014-cü il tarixinədək Tunel qurğuları xidmətində tunel fəhləsi peşəsində (tuneldə yalnız gecə işi, zərərli əmək şəraiti ilə) çalışmışdır. 18.07.2014-cü il tarixindən "xxxx" QSC-nin Tunel qurğuları xidmətinin 3 saylı distansiyasının İİ sahəsində 4-cü dərəcəli tunel fəhləsi peşəsində işləyir (tuneldə yalnız gecə işi, zərərli əmək şəraiti ilə). İddiaçı xüsusi zərərli əmək şəraitində çalışdığı vəzifələr üzrə əmək stajı 15 il 02 ay (on beş il iki ay) təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi haqqında'' 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarının 21.Nəqliyyat bölməsinin 21.5 Metropolitenlər (bütün adlarda ustalar (böyük ustalar, ustaların köməkçiləri)) bəndinə aiddir. Gecə saatlarına görə İddiaçı əmək haqqına 40% (qırx), xüsusi zərərli iş şəraitində işlədiyinə görə 24% (iyirmi dörd) əlavə ödənc hesablanır, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü verilir; DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 13 iyul 2021-ci il tarixli məktubunun təsdiq edilmiş surətindən görünür ki, vətəndaş İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 16919,54 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 24905,49 manat olmaqla cəmi pensiya kapitalı 41825,03 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 22 il 2 ay 13 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 16919,54 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 41825,03 manat pensiya kapitalı qeydə alınmışdır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə onun Mərkəzi Filiala müraciətində qeyd etdiyi kimi 60 yaşının tamam olduğu 18.12.2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 37036,00 manat məbləğində hesablanmışdır. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür, 60 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən onun güzəştli iş stajının olmaması səbəbindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı ona adıçəkilən Qanunun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. “Qaydalar”ın 3.6-cı bəndinə əsasən, Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən, Qanunun qüvvəyə mindiyi tarixdən sonra isə fərdi uçot məlumatları əsasında müəyyən edilməsini təsbit etmişdir. “Qaydalar”ın 4.1.8-ci bəndinə əsasən, Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmişdir. “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element birlikdə mövcud olmalıdır: a) İddiaçının azı 25 il sığorta stajının mövcud olması; b) İddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. c) İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. İş materiallarından görünür ki, iddiaçının 60 yaşının tamam olduğu tarixə (18.12.2019-cu il) ümumi stajının 25 ildən çox olması və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 41825,03 manat olmaqla qanunvericiliyə uyğun olaraq ona münasibətdə hesablanmış tələb olunan həddən (37036,00 manat) çox olması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Cavabdehin imtina məktubunda, etirazında yeganə mübahisə etdiyi məsələ iddiaçının "xxxx" QSC-də işlədiyi “tunel fəhləsi” peşəsinin iltşəzüG“ şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında zərərli peşə kimi göstərilməməsi ilə bağlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısı təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr “Metropolitenlər” adlanan 21.5-ci bəndində nəzərdə tutulmuşdur: yalnız gecə vaxtların tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr. İddiaçının əmək kitabçasında qeyd olunmuş gecə növbəsində tunel fəhləsi peşəsində işləməsi mübahisəsiz hal olmaqla bərabər həmin peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının 21.5-ci bəndinin 1-ci bölməsində nəzərdə tutulmuş “yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr” kateqoriyalı işçilərə aid edilməsi Azərbaycan Respublikası "xxxx" QSC tərəfindən verilmiş 02 iyul 2021-ci il tarixli arayışda öz təsdiqini tapmışdır. İş materiallarından göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə çalışması barədə "xxxx" QSC tərəfindən verilmiş 02 iyul 2021-ci il tarixli arayışda ətraflı olaraq iddiaçının xüsusi stajı qeyd edilmiş, həmçinin işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulduğu göstərilmişdir. Odur ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün güzəştli iş stajı ilə bağlı şərt də ödənilmişdir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, İddiaçı 60 yaşının tamam olduğu 18.12.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu 18.12.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar