Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5676/2024 24.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xalq Deputatları sovetinin İcarəyə Komitəsinin xx.xx.1989-cu il tarixli 6/255 nömrəli Qərarı ilə “Bahar ” Bağçılıq-Yoldaşlıq Təsərrüfatının xx.xx.1988-ci il tarixli 09 saylı protokoluna əsasında istifadəsınə verilmiş Xəzər rayonu, Buzovna bağ massivində yerləşən 2/83 saylı 600 kv.m torpaq sahəsinə dair ilkin qeydiyyata alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xalq Deputatları sovetinin İcarəyə Komitəsinin xx.xx.1989-cu il tarixli 6/255 nömrəli Qərarı ilə ona "Bahar” Bağçılıq-Yoldaşlıq Təsərrüfatının xx.xx.1988-ci il tarixli 09 saylı protokoluna əsasən 600 kv.m Xəzər rayonu, Buzovna bağ massivində yerləşən 2/83 saylı torpaq sahəsi verilmiş və bununla bağlı H.Z.Tağıyev adına NQÇİ Bağçılıq Birliyi tərəfindən xx.xx.2000-ci il tarixli 316 saylı üzvlük bileti verilmişdir. Qeyd edir ki, Əzizbəyov (indiki Xəzər) adına NQÇİ-nin 34 №-li Uşaq Bağçasında tərbiyyəçi vəzifəsində işlədiyi zaman onun rəsmi müraciəti əsasında 600 kv.m olan 21483 saylı bağ sahəsi ayrılmışdır. Ayrılmış bağ sahəsi tərəfindən artıq 23 il istifadə olunsa da qeyd edilən bağ sahəsinə dair hüquqmüəyyənedici sənədi (çıxarışı) yoxdur. xx.xx.2000-ci il tarixli 316 saylı üzvlük vəsiqəndə ad, soyadı ilə bağlı qeyd edilmiş səhvlik hüquq müstəvidə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (003)- 1368/2023 saylı qətnaməsi xx.xx.1950-ci il təvəllüdlü İddiaçı məxsus olması faktı ilə bağlı iddia tələbi təmin edilərək öz həllini tapmışdır. Xəzər rayonu, Buzovna bağ massivində yerləşən 600 kv.m 21483 saylı bağ sahəsinə dair ilkin qeydiyyata alınmaqla çıxarışın verilməsi ilə bağlı müraciətinə cavabdeh imtina etmişdir. İmtina səbəbi kimi cavabdehidarənin arxiv məlumatlarına əsasən “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında onun İddiaçı adının aşkar olunmaması kimi göstərmişdir. Cavabdehin müraciətimə imtina etməsi aşağıdakı xüsusiyyətlərə görə əsassız sayır. Belə ki, AR-sı Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR-sı Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” AR-sı Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlərdən biri də müvafiq sxemdir, beləliklə AR-sı Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin torpaq sahəsinin planı və ölçüsü barədə sənədin surətindən də görünür ki, Bakı şəhəri XDS İK-nin xx.xx.1989-cu il tarixli 6/255 saylı qərarına əsasən torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsinə əsas olmuş və “Bahar” b/y-nın xx.xx.1988-ci il tarixli 09 saylı protokolu ilə 600 kv.m sahəsi olan 2/83 saylı bağ evi tikintisi üçün verilmiş torpaq sahəsi Dövlət Kadastrı kitabında xx.xx.2008-ci il tarixində 12497 nömrə ilə qeydə alımışdır, adına Bakı Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 6/255 saylı H.Z.Tağıyev adına NQÇİ Bağçılıq Birliyi tərəfindən xx.xx.2000-ci il tarixli 316 saylı üzvlük biletinin verilməsi bir daha tərəfindən torpaq sahəsindən istifadə etməyini tam olaraq hüquqi və əsaslı olmasını sübut edir. Belə olan halda 23 ildir ki, Bakı şəhəri Xalq Deputatları sovetinin İcarəyə Komitəsinin xx.xx.1989-cu il tarixli 6/255 nömrəli Qərarı ilə ona “Bahar ” Bağçılıq-Yoldaşlıq Təsərrüfatının xx.xx.1988-ci il tarixli 09 saylı protokoluna əsasən 600 kv.m Xəzər rayonu, Buzovna bağ massivində yerləşən 2/83 saylı torpaq sahəsi verilmiş və bununla bağlı H.Z.Tağıyev adına NQÇİ Bağçılıq Birliyi tərəfindən xx.xx.2000-ci il tarixli 316 saylı üzvlük bileti əsasında istifadəsində olan torpaq sahəsindən istifadə etməyi tam olaraq hüquqidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.1 maddəsində deyilir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlakın dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsində deyilir ki, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), idarənin arxiv məlumatlarına əsasən “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında onun (İddiaçı) adının aşkar olunmaması nəticə etibarı ilə - Bakı şəhəri Xalq Deputatları sovetinin İcarəyə Komitəsinin xx.xx.1989-cu il tarixli 6/255 nömrəli Qərarı ilə ona “Bahar” Bağçılıq-Yoldaşlıq Təsərrüfatının xx.xx.1988-ci il tarixli 09 saylı protokoluna əsasən 600 kv.m Xəzər rayonu, Buzovna bağ massivində yerləşən 2/83 saylı torpaq sahəsi verilməsi və bunula bağlı H.Z.Tağıyev adına NQÇİ Bağçılıq Birliyi tərəfindən xx.xx.2000-ci il tarixli 316 saylı üzvlük bileti əsasında istifadəsində olan torpaq sahəsindən istifadə etməyi belə çıxır ki, 23 ildir ki, qanunsuzdur. İdarənin arxiv məlumatlarına əsasən “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında onun (İddiaçı) adının aşkar olunmaması bir mənalı olaraq vətəndaş olaraq onun günahı deyil! Belə olan halda pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. İddiaçının hüquqlarının qeydə alınmasından imtina onunla əsaslandırılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir.
4. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmayıb. Məlumat üçün məhkəmənin nəzərinə çatdırırıq ki, təqdim edilmiş ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlarla faktiki torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq mövcuddur.
5. Keçmiş Əzizbəyov adına NQÇİ-nin rəhbərliyinin və HİK-nin xx.xx.1988-ci il tarixli yığıncağının 9 saylı protokolundan olan çıxarışında qeyd edilmişdir ki, 2/83 saylı bağ sahəsi Əzizbəyov adına NQÇİ-nin 34 nömrəli uşaq bağçasının işçisi İddiaçı verilməsi və onun adına üzvlük kitabçasının açılması qərara alınmışdır.
6. H.Z.Tağıyev adına NQÇİ-nin bağçılıq birliyinin üzvlük biletindən görünür ki, İddiaçı H.Z.Tağıyev adına NQÇİ-nin bağçılıq birliyinin üzvüdür və ona 2/83 nömrəli sahə üzrə 316 üzvlük bileti verilmişdir.
7. X1 və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli A seriyalı 123226 nömrəli torpaq sahəsinin planı və ölçüsündə qeyd edilmişdir ki, Əzizbəyov rayon Buzovna qəsəbəsində Bakı şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli 6/255 saylı və “Bahar” b/y-nin xx.xx.1988-ci il tarixli 09 saylı protokoluna əsasən 2/83 saylı bağ evinin tikintisi üçün İddiaçı ayrılmış 600 kv.metr torpaq sahəsi Dövlət Kadastrı kitabında 12497 nömrəli ilə uçota alınmışdır.
8. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-1368/2023 nömrəli qətnaməsinə əsasən ərizənin təmin edilməsi, xx.xx.2000-ci il tarixli 316 saylı üzvlük biletinin xx.xx.1950-ci il təvəllüdlü İddiaçı məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir.
9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək edən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünküyü
11. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
12. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
13. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
15. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
16. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
17. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
18. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.
19. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
20. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
22. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
23. Cavabdehin imtina və etirazında göstərdiyi əsas dəlili ondan ibarətdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar edilməmişdir.
24. Məhkəmə “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adının aşkar olunmaması dəlili ilə bağlı qeyd edir ki, bağçılıq yoldaşlığı təsərrüfatının üzvlərinin arxivə təqdim olunmuş siyahısında iddiaçının adının aşkar olunmaması iddiaçının məsuliyyət dairəsi ilə əhatə olunmur və bu hal bağ sahəsinə hüquqların qeydiyyata alınmamasına əsas vermir.
25. Belə ki, iş materiallarından görünür ki, Əzizbəyov adına NQÇİ-nin rəhbərliyinin və HİK-nin xx.xx.1988-ci il tarixli 9 saylı qərarı ilə 2/83 saylı bağ sahəsi Əzizbəyov adına NQÇİ-nin 34 nömrəli uşaq bağçasının işçisi İddiaçı verilməsi və onun adına üzvlük kitabçasının açılması qərara alınmışdır. Əzizbəyov rayon Buzovna qəsəbəsində Bakı şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli 6/255 saylı və “Bahar” b/y-nin xx.xx.1988-ci il tarixli 09 saylı protokoluna əsasən 2/83 saylı bağ evinin tikintisi üçün İddiaçı ayrılmış 600 kv.metr torpaq sahəsi Dövlət Kadastrı kitabında 12497 nömrə ilə uçota alınmışdır.
26. “Bahar” bağçılıq yoldaşlığının üzvlərinin siyahısı yenilənmiş və təsdiq edilmiş, iddiaçının adı 200-cü sırada İddiaçı olaraq qeyd edilmişdir. Adıçəkilən sənədlərin mötəbərsizliyi cavabdeh tərəfindən sübut olunmamış, həmin halı təsdiq edən hər hansı bir sənədlər məhkəməyə təqdim edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının istifadəsinə verilmiş bağ sahəsinə dair üzvlük kitabçası və üzvlərin iclasının protokolundan çıxarış qüvvədədir və üzvlərin siyahısında adı mövcuddur.
27. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən edilmiş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydı alınmasından imtina edilməsinə qanuni əsaslar (həmin qanunun 15-ci maddəsində göstərilmiş əsaslar) mövcud deyildir.
28. Beləliklə məhkəmə hesab edir ki, inzibati orqan iddiaçının 2/83 saylı (hüquq müəyyənedici sənəd üzrə 600 kv.m) bağ sahəsinə dair hüquqlarının qeydiyyatını təmin etməlidir.
29. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.18. daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək;
30. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməli, iddia təmin edilməlidir.
31. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
32. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
33. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağ massivində yerləşən 600 kv.metr olan 2/83 nömrəli torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva