Məhkəmə qərarları › İş №2-1(112)-5677/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5677/2025

07.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5677/2025 07.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) nümayəndəsi X3, Cavabdehin (Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi və s.” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “Bakı İnzibati Məhkəməsinin qərardadı ilə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı əlavə cavabdeh qismində işə cəlb edilmiş, iddia tələbi “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/3-1-95372/2024 saylı qərarın ləğv edilməsi, eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın 3-17-1/3-3- 20261/2024 saylı xx.xx.2024-cü il tarixli və 3-17-1/3-3-20262/2024 saylı xx.xx.2024-cü il tarixli qərarların ləğv edilməsi və iddiaçının xüsusi şərtlərlə dövlət qulluqçusu pensiyasının bərpa edilməsi və xx.xx.2024-cü il tarixdən iddiaçıya ödənilməyən pensiya ödənişlərin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” formasında icraata qəbul edilmişdir.” formasında icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/3-1-95372/2024 saylı qərarın ləğv edilməsi, eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın 3-17-1/3-3-20261/2024 saylı xx.xx.2024-cü il tarixli və 3-17-1/3-3-20262/2024 saylı xx.xx.2024-cü il tarixli qərarların ləğv edilməsi və iddiaçının xüsusi şərtlərlə dövlət qulluqçusu pensiyasının bərpa edilməsi və xx.xx.2024-cü il tarixdən iddiaçıya ödənilməyən pensiya ödənişlərin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” formasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 16 iyun 2016-cı il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunan pensiya üzrə ödənişləri iddiaçı davamlı olaraq 2024-cü ilin oktyabr ayı daxil olmaqla almışdır. Qeyd olunmalıdır ki, iddiaçıya 2024-cü ilin noyabr ayında cavabdeh orqandan dəvət məktubu gələrək xx.xx.2024-cü il tarixinə cavabdeh orqanın ünvanına dəvət olunmuşdur. İddiaçıya cavabdeh orqan tərəfindən izah olunmuşdur ki, Turkmenistan SSR Mərkəzi Statistika İdarəsində və Turkmenistan SSR X1 İdarəsində işlədiyi dövr cavabdeh orqan tərəfindən nəzərə alınmadığına görə iddiaçının dövlət qulluq stajı 5 ildən az hesab olunur və bu səbəbdən cavabdeh hesab edir ki, xx.xx.2006-cı il tarixində iddiaçıya səhvən dövlət qulluqçusu olaraq pensiya təyin edilmişdir. İddiaçı cavabdeh orqanın fikirlərini dinlədikdən sonra öz mövqəyini bildirərək etiraz etmişdir və bildirmişdir ki, cavabdeh orqanın mövqəyi qanunsuzdur və əsasızdır. Qeyd olunmalıdır ki, bir müddət sonra iddiaçıya cavabdeh tərəfindən “dövlət qulluqçusu kimi yaşa görə ödənilən əmək pensiyasının dayandırılması haqqında” məktub təqdim edilmişdir. Qeyd edilən məktubda cavabdeh yuxarıda göstərilən mövqəyini təkrarən qeyd etmişdir. İddiaçı xx.xx.1972-ci il tarixindən xx.xx.1989-cu ilədək Turkmenistan SSR Mərkəzi Statistika İdarəsinin müvafiq vəzfələrində işləmişdir. Faktiki olaraq iddiaçı 16 il 2 ay 28 gün Turkmenistan SSR Mərkəzi Statistika İdarəsinin müvafiq vəzfələrində dövlət qulluqçusu olaraq işləmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan SSR köçməsi ilə əlaqədar iddiaçı tutduğu vəzifədən azad edilmişdir və xx.xx.1989-cu il tarixində Azərbaycan SSR Dövlət Statistika Komitəsinə işə qəbul edilmişdir və qeyd olunan vəzifədə xx.xx.1989-cu ilədək yanı 3 ay 4 gün işləmişdir. Cavabdeh orqanın “dövlət qulluqçusu kimi yaşa görə ödənilən əmək pensiyasının dayandırılması haqqında” qərarın absurddu ondan ibarətdir ki, cavabdeh orqan faktiki olaraq iddiaçının xx.xx.1989-cu il tarixində Azərbaycan SSR Dövlət Statistika Komitəsində işlədiyi dövrü dövlət qulluğu olaraq qəbul edir, lakin eyni vəzifədə və iş yerində işlədiyi Turkmenistan SSR Mərkəzi Statistika İdarəsində dövrü qəbul etmir və bu faktı hər hansı bir sübutla təsdiq etmir. Bir daha qeyd etmək istəyirəm ki, iddiaçının Azərbaycan SSR-da və Turkmenistan SSR-da işlədiyi müəissələr dövlət orqanlarıdı və iddiaçının tutduğu vəzifələr dövlət qulluğu hesab olunur. Cavabdehin etirazı Etiraza əsasən, iddiaçının pensiya işinə dair sənədlərdə mövcud olan əmək kitabçasının surətində qeyd edilmiş Türkmənistan SSR Mərkəzi Sitatistika İdarəsində və Türkmənistan SSR X2 İdarəsində işlədiyi dövrlər “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahı”sında mövcud olmadığından həmin müddətin dövlət qulluğu stajının hesablanmasında nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bu səbəbdən də, iddiaçının dövlət qulluğu stajı 5 ildən az (3 ay 4 gün (xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arasındakı dövr) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya 16 iyun 2006-cı il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə uyğun olaraq, yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar iddiaçıya qanunazidd pensiya ödənişi dayandırılıb, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələri dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün ona qanunvericiliyin tələbləri izahlı şəkildə qeyd edilməklə xx.xx.2024-cü il tarixli məktub göndərilərək xx.xx.2024-cü il tarixinədək Mərkəzi Filiala gəlməyi bildirilib. Bununla əlaqədar olaraq, iddiaçı xx.xx.2024-cü il tarixində Mərkəzi Filialda olarkən mülahizələri dinlənilərək vaxtilə ona sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququnun düzgün müəyyən olunmaması ilə bağlı qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verilməklə birgə akt tərtib edilib. Daha sonra, iddiaçının pensiya hüququna yenidən baxılması ilə əlaqədar aparılmış inzibati icraatın gedişində ona vaxtilə pensiya təyin edilməsinə dair qəbul olunmuş qərar ləğv olunub və sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası ödənişinin cari ilin noyabr ayından dayandırılması haqqında inzibati akt qəbul edilib. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, iddiaçıya son üç il üzrə ümumilikdə 49677,22 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Bununla əlaqədar olaraq, iddiaçıya artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə qaytarmağı bildirilib. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndələri iddia tələbinin təmin edilməməsini xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdehin 16 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, başlanılmış inzibati icraatla bağlı iddiaçının dövlət qulluqçusu kimi pensiya hüququnu olmadığı müəyyən edildiyi bildirilmişdir. 22 noyabr 2024-cü il tarixl aktda qeyd edilmişdir ki, əmək pensiyası hüququna yenidən baxılması haqqında mülahizələr dinlənilmişdir. 27 noyabr 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Türkmənistan SSR Mərkəzi Statistika İdarəsində və Türkmənistan SSR X2 İdarəsində işlədiyi dövrlər dövlət qulluğu stajı hesablanmasında nəzərə alınmadığından dövlət qulluğu stajı 5 ildən az təşkil edir. 16 iyun 2006-cı il tarixdə uyğunsuzluğa baxmayaraq dövlət qulluqçusu pensiyası təyin edilmişdir və ümumilikdə son üç il üzrə 49677,22 manat pul vəsaiti ödənilmişdir. X4 14 yanvar 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (21 avqust 2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının 1 və 2-ci bəndlərinə əsasən aparılmışdır. SiyahıdaTürkmənistan SSR-nin nazirlik, dövlət komitələri, baş idarə və idarələri, o cümlədən həmin orqanlarda mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Siyahının 1.15 və 1.16-cə bəndlərinə əsasən Azərbaycan SSR Mərkəzi Statistika İdarəsində, Statistika Komitəsinin aparatında mövcud olmuş vəzifələrin Topluda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmamışdır. Həmin bəndlərdə adıçəkilən İdarə və komitənin yerli bölmələrinin qeyd edilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması nəzərdə tutulmamışdır. İddiaçıya əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv olunması haqqında 23 noyabr 2024-cü il tarixli, 3-17-1/3-3-20262/2024 nömrəli qərardan görünür ki, “İnzibati icraat haqqında” Qanunun 21.2, 67.1-ci və 67,8-ci maddələrinə əsasən iddiaçıya təyin edilmiş əmək pensiyası ləğv edilmiş, ödənişin dayandırılması və artıq ödənilmiş pensiya məbləğinin müəyyən edilməsi, artıq ödənilmiş pensiya məbləğinin dövlət büdcəsinə bərpa edilməsi üçün tədbirlərin görülməsi qərara alınmışdır. Əmək pensiyasının dayandırılması haqqında 23 noyabr 2024-cü il tarixli, 3-17-1/3- 3-20261/2024 nömrəli qərardan görünür ki, dövlət qulluqçusu kimi pensiya hüququnu olmaması səbəbindən iddiaçının pensiyasının dayandırılması qərara alınmışdır. Pensiyanın təyin olunduğu tarix 16 iyun 2006-cı il tarixlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17- 1/3-1-95372/2024 nömrəli qərara əsasən iddiaçıya xx.xx.2025-ci il tarixdən müddətsiz yaşa görə əmək pensiyası təyin edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Məhkəmə ilk növbədə qeyd edir ki, AR İPM-nin 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə mübahisələndirilən qərarların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu məhz cavabdehlər sübut etməlidir. Hazırki iddia tələbindən də göründüyü kimi iddiaçının nail olmaq istədiyi məqsəd onun barəsində qəbul edilmiş sabiq dövlət qulluqçusu kimi təyin olunmuş əmək pensiyasının dayandırılması; pensiyanın ləğv edilməsi barədə qərarın, eyni zamanda ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərarı ləğv edilməsidir. Təqdim olunmuş inzibati icraat materiallarından görünür ki, iddiaçıya ilkin olaraq 16 iyun 2006-cı il tarixdə sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunmuş, lakin daha sonra həmin pensiya dayandırılmış və sonda ləğv edilmişdir. Cavabdeh (XŞTMF) hesab etmişdir ki, iddiaçının dövlət qulluğu stajı 5 ildən az (3 ay 4 gün (xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arasındakı dövr) olduğundan, onun sabiq dövlət qulluqçusu kimi pensiya almaq hüququ olmamışdır. Daha sonra iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmuşdur. Məhkəmə hesab edir ki, mübahisələndirilən qərarlar əsassız olduqlarından, ləğv olunmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2.Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 21.1.Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2.Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3.İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4.Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 25.1.Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 64.2.İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. İşin faktiki halları ilə iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə və digər bu kimi vasitələrlə iddiaçı pensiya təyininə müdaxilə etməsi hazırkı mərhələdə müəyyən edilmir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilinməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi hazırkı mərhələdə ağlabatan deyildir. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Doğrudur inzibati icraatla bağlı qanunvericiliyin tələbinə əsasən inzibati araşdırmanın öz təşəbbüsü ilə başlanılması səlahiyyəti cavabdehə verilmişdir ki, lakin həmin səlahiyyət müstəsna hallarda tətbiq edilməsi nəzərdə tutulmuşdur ki, həmin inzibati icraatın təşəbbüsü ilə başlanılma əsasları cavabdehin həmin inzibati icraat nəticəsində qəbul etdiyi qərarın qanuniliyi baxımından əhəmiyyət daşıyır. Hazırkı iş üzrə materiallardan isə müəyyən edilir ki, pensiya təyinatının əsaslılığının təyinata əsas götürülmüş halların pensiya qanunvericiliyinə uyğunluğunun araşdırılması kimi əsasa istinad edilərək inzibati icraat başlanılmışdır ki, ümumiyyətlə ümumi xarakterli həmin ifadə altında inzibati icraatın öz təşəbbüsü ilə başlanılmasının zərurəti hazırkı mərhələdə aydın deyil. Qeyd edilməlidir ki, cavabdeh həmin ad altında kütləvi olaraq pensiya təyinatının yoxlanılması kimi müstəsna səlahiyyətə malik olacaqdır ki, həmin hal etimad hüququnun qorunduğu hallarda hazırkı mərhələdə pensiyanı təyin edilməsi xüsusiyyətinə uyğun gəlmir. Halbuki, cavabdehin şəxsin etimadının qorunduğunu nəzərə almaq kimi də vəzifə daşıyır. Məhkəmə hesab edir ki, pensiyanın təyin edilməsi barədə iddiaçının etimad hüququ qorunmalı olan qərarda hazırkı mərhələdə müəyyən edilmişdir. İddiaçı hazırkı mərhələdə hər hansı saxtakarlıq etməmiş, təhrif olunmuş məlumatlar təqdim etməmiş, cinayət törətməmiş və digər etimadın qorunmasına istinadı istisna edən hərəkətlərə yol verməmişdir. Məhkəmə, bundan əlavə qeyd etməyi zəruri hesab edir ki, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi “İnzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. Beləliklə, inzibati orqan şəxsə əlilliyin təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. Cavabdeh (XŞTMF) inzibati orqan qərar qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etdiyi hazırkı mərhələdə müəyyən edilmir, hansı hallara görə iddiaçı barəsində qəbul etdiyi qərarın qanunsuz olmasını və həmin halların məhz qərarı qəbul edərkən 1 (bir) il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamışdır. İddiaçının cavabdehin dəlillərində inzibati aktın ləğvinə səbəb olan halın cavabdeh inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 (bir) il ərzində məlum olmasına dair hər hansı məlumat olması müəyyən edilməmişdir. Digər tərəfdən, qanunverici cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddətin axımının başlanmasını buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bu zaman bildiyi və ya bilməli olduğu vaxtın fərqli vəziyyətlər olduğu da nəzərə alınmalıdır. Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də, məhkəmələr bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyənləşdirməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir. Qeyd edilənlərin hazırkı işə tətbiqi ilə bağlı məhkəmə qeyd edir ki, pensiya təminatı sistemi dövlətin həyata keçirdiyi sosial müdafiə siyasətinin ən mühüm və əsas istiqamətlərindən biridir və cavabdeh inzibati orqan dövlətin ona verdiyi səlahiyyətə əsasən bu təminatın reallaşdırılması üçün zəruri olan bütün addımları atmaqda mükəlləfdir. Digər inzibati orqanlar kimi pensiya təminatını həyata keçirən cavabdeh də öz fəaliyyət sferasına aid bütün normativ hüquqi aktları dəqiq bilməli və onları düzgün tətbiq etməlidir. Cavabdeh ehtimal etdiyi yanlışı (hazırki halda iddiaçının 5 ildən az dövlət qulluğu stajına malik olması) nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə hər hansı sübut hazırda təqdim etməmişdir. Halbuki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış hərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən bir il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur. Məhkəmə qeyd edir ki, pensiya təyin edildikdən sonra buna dair təyinatı həyata keçirən orqan sonradan apardığı yoxlamalar nəticəsində pensiyanın düzgün təyin edilmədiyini aşkar etdikdə, bununla bağlı şəxsin təyinatına əsas olan hər hansı sübutun mötəbərliyini şübhə altına aldığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddətlə bağlı tələblərini nəzərə almaqla qərar qəbul edə bilər. İnzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının düzgün təyin edilmədiyi barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Buna dair göstərilən şərtlərə cavabdeh tərəfindən əməl edilməli olması mütləqdir ki, hazırkı mərhələdə göstərilən hallar müəyyən edilməsə də, icraatın gedişində təqdim edilən sənəd və sübutlar iddianın böyük ehtimalla uğurluluğunu istisna etmək xüsusiyyətinə malik olsa belə, hazırkı mərhələdə iddianın böyük ehtimalla uğurluluğu aşkar müəyyən edildiyindən müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmini zəruridir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3135/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardan (★★★) görünür ki, hazırkı qərar məhz adıçəkilən qərarda nəzərdə tutulmuş mövqe də əsas götürülməklə qəbul edilir. Qərarda xüsusi olaraq qeyd edilmişdir ki, Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də, “lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140). Əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 4 ” noyabr 2023-cü il tarixli 19 №-li Qərarı ilə təsdiq edilmiş Vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan məhkəmə aktlarının indeksləşdirilməsi Qaydaları”nın: 1.1. Bu Qaydalar vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyət kəsb edən məhkəmə aktlarının indeksləşdirilməsinin xüsusiyyətlərini, tətbiqi mexanimzlərini və qaydalarını müəyyən edir. 1.2. Bu Qaydaların tətbiqində əsas məqsəd Azərbaycan Respublikasında vahid məhkəmə təcrübəsinin formalaşdırılması baxımından əhəmiyyətli olan məhkəmə aktlarının müəyyənləşdirilməsi və onlara əlçatanlığın təmin edilməsidir. 2.1.3. ★★★ (üç ulduz) – Azərbaycan Respublikası Ali Məhkəməsinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən və inkişaf etdirən məhkəmə aktına təyin edilən fərqləndirici nişandır; 3.3. Azərbaycan Respublikasının Ali Məhkəməsi baxdığı iş üzrə həll edilən hüquqi məsələnin məhkəmə təcrübəsinin müəyyən edilməsi və ya inkişaf etdirilməsi baxımından əhəmiyyətliliyi ilə bağlı birinci və / və ya apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşdıqda və ya özünün bununla bağlı mövqeyi olduqda, qəbul etdiyi məhkəmə aktına ★★★ nişanını təyin edir. Məhkəmə bildirir ki, iddiaçıya sabiq dövlət qulluqçusu kimi təyin olunmuş pensiya dayandırılmış, təyin edilmiş pensiya ləğv edilmiş, daha sonra isə digər cavabdeh tərəfindən ümumi əsaslarla yaşa görə əmək pensiyasının təyinatı aparılmışdır ki, hazırki halda hər üç qərar ləğv olunmalıdır. Cavabdeh iddiaçının dövlət qulluğu stajının 5 ildən az olduğunu iddia etsə də, o, uzun müddət hərəkətsizlik edərək iddiaçıya pensiya ödəməyi davam etmiş, məlumatlı olduğu vaxtdan 1 il ərzində müraciət etməli olduğu halda, bunu etməmişdir. Bu səbəbdən də Məhkəmə hesab edir ki, iddiaçıya ümumi əsaslarla yaşa görə əmək pensiyasının təyini, eyni zamanda sabiq dövlət qulluqçusu kimi təyin olunmuş pensiyanın dayandırılması, eyni zamanda ləğv edilməsi barədə qərarları ləğv edilməli, xüsusi şərtlərlə dövlət qulluqçusu pensiyasının bərpa edilməsi və xx.xx.2024-cü il tarixdən iddiaçıya ödənilməyən pensiya ödənişlərin hesablanaraq ödənilməsi cavabdeh tərəfindən təmin olunmalıdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin olunsun. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17- 1/3-1-95372/2024 saylı qərarı ləğv edilsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3-17- 1/3-3-20261/2024 saylı xx.xx.2024-cü il tarixli və 3-17-1/3-3-20262/2024 saylı xx.xx.2024cü il tarixli qərarları ləğv edilsin. İddiaçı xüsusi şərtlərlə dövlət qulluqçusu pensiyasının bərpa edilməsi və xx.xx.2024-cü il tarixdən iddiaçıya ödənilməyən pensiya ödənişlərin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar