Məhkəmə qərarları › İş №2-1(112)-5678/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5678/2024

16.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5678/2024 16.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 ASC-yə qarşı borcların bütün elektron sistemlərindən silinməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 ASC-yə qarşı borcların bütün elektron sistemlərindən silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin mümkün hesab edilməsini və işə mahiyyəti üzrə baxılaraq iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə izahatı dinləyib, iddia ərizəsini və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə görə xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 3.2-ci bəndinə görə inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 17-ci hissəsinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Plenum Qərarlarının mahiyyətindən də aydın olur ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan işlər üzrə iddia tələbi ilə müraciət edən və ya iddiaya cavab verməli olan tərəflərdən ən azı biri inzibati orqan olmalı, tərəflər arasında yaranmış münasibətlər xüsusi hüququn nizamasalma predmetinə aid olmayıb, publik hüquq münasibətləri olmalıdır. Hazırkı iş üzrə isə qeyd olunan şərtlər ödənilmədiyindən, yəni tərəflərdən heç biri inzibati orqan olmadığından, kredit müqaviləsindən irəli gələn borcun elektron portaldan silinməsi və müqavilənin icrası ilə bağlı hüquq münasibəti isə iddiaçı və cavabdehlərin statusu nəzərə alınmaqla publiklik əlamətlərini daşımadığından, yəni iddiaçıya münasibətdə cavabdehlər hakimiyyət səlahiyyətlərini həyata keçirmədiyindən, tərəflər qanunvericiliyinin tələblərinə əsasən xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu tərəfləri kimi müvafiq olaraq borcalan və kreditorlar hesab edildiyindən, daha dəqiq, müqavilə münasibətləri olmaqla həmin münasibətin məzmununu təşkil edən subyektiv hüquq və vəzifələr mülki hüquqi xarakterə malik olunduğundan hazırkı iş üzrə verilmiş iddia tələbinə inzibati məhkəmə tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılma imkanından da söhbət gedə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 2.5. Əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunun 35.4-cü maddəsinə əsasən banklar hər bir borcalan haqqında məlumatı Mərkəzi Bankın müəyyən etdiyi qaydada Mərkəzi Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə verməlidir. Mərkəzləşdirilmiş kredit reyestrində toplanan məlumatlara bank sirrinin bu Qanunla müəyyən olunmuş qorunması qaydaları şamil olunur. Banklar tərəfindən borcalanları barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Azərbaycan Respublikasının Mərkəzi Bankıın № 32/1 nömrəli, “12” noyabr 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın: 1.1. Bu Qayda “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 35.4-cü maddəsinə, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinə və “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun 15-1.1-ci maddəsinə müvafiq olaraq hazırlanmışdır. 1.2. Bu Qayda kredit təşkilatlarının hər bir borcalanı haqqında məlumatın Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestrinə (bundan sonra – MKR) verilməsi qaydasını, həmçinin bu məlumatın xarakterini və tərkibini müəyyən edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestri kredit təşkilatlarının hər bir borcalanı haqqında məlumatı formalaşdıran bazadır. Nəzərə alınmalıdır ki, borcalan haqqında məlumatların MKR daxil edilməsi müvafiq olaraq “Banklar haqqında” Qanunun 35.4-cü maddəsi ilə tənzimlənir ki, bu zaman banklar hər bir borcalan haqqında məlumatı Mərkəzi Bankın müəyyən etdiyi qaydada Mərkəzi Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə verilər. Məhkəmə bildirir ki, iddiaçıda konkret olaraq tələbdə göstərməsə belə, elektron portalda borcunun silinməsi dedikdə, MKR-a onun borcun olması barədə daxil olmuş məlumatların silinməsini istəyir ki, bu halda belə tərəflər qismində çıxış edən fiziki şəxs və hüquqi şəxslər müqaviləyə görə bərabərhüquqlu tərəfdirlər və onlar arasında müqavilələrin mövcudluğundan yaranan hər hansı məsələ də məhz mülki qanunvericiliyin tənzimlənməsinə görə aparılmalıdır. Beləliklə, bu növ mübahisənin publik xarakter daşıması və inzibati məhkəmədə inzibati icraat çərçivəsində baxılması yolverilməzdir. Yuxarıda sadalanan hallara əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində cavabdehlər qismində göstərdiyi qurumlar inzibati orqan olmadığından və tərəflər arasında yaranmış mübahisə inzibati deyil, mülki xarakter daşıdığından işə inzibati qaydada baxılması mümkün deyildir. Odur ki, iddiaçının hazırkı tələbi inzibati prosessual qanunvericilik baxımından mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən Qərarının sonuncu bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Bu baxımdan, məhkəmə qeyd edir ki, iddiaçının adıçəkilən cavabdehlərə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə məhkəmədə həll etmək hüququ vardır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-396/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli; 2(102)-450/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarlarından görünür ki, vətəndaşın kredit müqaviləsi ilə bağlı məlumatların, o cümlədən kredit borcu barədə məlumatların mərkəzləşdirilmiş kredit reyestrinə daxil edilməsi barədə mübahisələrə mülki məhkəmə icraatı çərçivəsində baxılmış və tələb məhz banka qarşı yönəlmişdir. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. Qeyd olunan maddə və bəndlərin mahiyyətindən aydın olur ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. İddiaçıya hazırkı iddia tələbi ilə cavabdehə qarşı aidiyyəti üzrə mülki icraat çərçivəsində baxılması üçün məhkəməyə müraciət etmək hüququ izah edilir. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həsənov Orxan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar