Məhkəmə qərarları › İş №2-1(112)-5679/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5679/2022

25.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5679/2022 25.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı “daimi orderin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı “daimi orderin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin hallarının araşdırılması məqsədilə hazırlıq icraatı üzrə məhkəmə iclasları təyin edilmiş və iddiaçının ünvanına bu barədə bildiriş göndərilmişdir, lakin iddiaçı tərəf məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçıya göndərilmiş sonuncu bildirişdə məhkəmənin tələbinə baxmayaraq, iddiaçının 30 gündən artıq müddət ərzində məhkəmə icraatından yayındığı halda iddianın geri götürülmüş sayılması barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən artıq müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İPM-in 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İPM-də iddiadan imtina edilməsinin hüquqi nəticələri göstərilsə də (55.4-cü maddəyə əsasən, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir.), iddianın geri götürülmüş sayılmasının nəticələri göstərilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddianın geri götürülmüş sayılması eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Məhkəmənin həmin qərardadından apellyasiya şikayətinin verilməsi məsələsinə gəldikdə, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli qərarının 2-ci bəndində belə bir qənaətə gəlinmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. İPM-in 81.1-ci maddəsinə əsasən, inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, iddia geri götürülmüş sayıldığından, iddia ərizəsində yol verilən formal xətaların aradan qaldırılması və məhkəmə icraatına cəlbetmə ilə bağlı məsələlərə baxılmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3, 55.5, 80, 81.1, 85.1-cı maddələrinə əsasən məhkəmə qərara aldı: İş üzrə verilmiş iddia ərizəsi geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. İddiaçıya yenidən eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma hüququna malik olduğu izah edilir. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar