Məhkəmə qərarları › İş №2-1(112)-5680/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5680/2024

12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5680/2024 12.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinin “VÖEN-nin ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “VÖEN-nin ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 12 iyun 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsi (hazırkı adı Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsi) (bundan sonra – cavabdeh) tərəfindən vergi ödəyicisi kimi qeydiyyata alınmış və ona ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilmişdir. İddiaçı həmin VÖEN-nin ləğv edilməsi bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, “vergi uçotunun ləğv edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli müraciətinizə (AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli **********780000 nömrəli) Bakı şəhəri X2 üzrə Baş İdarəsində baxılmışdır. Bildiririk ki, vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması prosedurları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34-cü maddəsi və “Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları” ilə tənzimlənir. Qeyd olunan normativ sənədlərə əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, bank dövriyyələri barədə məlumat, təqdim edilməmiş bəyannamələrin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra vergi uçotu ləğv edilir və bu barədə vergi ödəyicisinə məlumat verilir. Bildiririk ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində aparılmış auditin nəticələrinə əsasən iddiaçının (VÖEN: **********) adına məktuba əlavə olunmuş siyahıda qeyd edilən 10 nəqliyyat vasitəsi olduğu üçün Vergi Məcəlləsinin 33-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs olaraq vergi qeydiyyatına alındığı müəyyən edilmişdir. İddia tələbi və iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətinin qanunsuz sayılmaqla adına açılmış ********** VÖEN-in ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, vergi orqanında vergi ödəyicisi və fiziki şəxs olaraq vergi uçotuna alınması barədə tərəfindən heç bir müraciəti, bu barədə məlumatı belə olmamışdır. Hesab edir ki, bu səbəbdən onun vergi orqanında fiziki şəxs kimi vergi uçotuna alınmağı qanunsuz və əsassızdır. Qeyd edilənləri nəzərə alaraq, onun vergi ödəyicisi və fiziki şəxs kimi qeydə alınmış vergi uçotundan çıxarılmağı və bu barədə məlumatın ona rəsmi olaraq göndərilməsini xahiş etsə də cavabdeh inzibati orqan buna məhəl qoymamış, 04 dekabr 2023-cü il məktubla tələbinin təmin olunmasından imtina olunmuşdur. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı yazılı etiraz göndərərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Hesablama Palatasından "Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində aparılmış auditin nəticəsində adlarına qeydiyyata alınmış avtomotonəqliyyat vasitələrinin sayına əsasən kommersiya fəaliyyəti ilə məşğul olduqları ehtimal olunan fiziki şəxslər barədə zəruri tədbirlərin görülməsi haqqında” xx.xx.2023-cü il tarixli 2-3/2-894/2023 nömrəli (AVİS: xx.xx.2023-cü il tarixli **********718700 nömrəli) məktub Dövlət Vergi Xidmətinə daxil olmuşdur. Hesablama Palatasının məktubunda Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən təqdim edilmiş məlumatlara əsasən 10 - 453 say intervalında avtomotonəqliyyat vasitəsinin qeydiyyata alındığı, siyahının araşdırılması zamanı 2681 fiziki şəxsdən 943nün vergi uçotunda olmadığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2023-cü il tarixli **********513200 nömrəli “Vergi ödəyicisinin uçota alınması barədə” bildiriş-xəbərdarlıq göndərilərək, 5 gün ərzində vergi uçotuna alınmaq üçün ərizənin təqdim olunması bildirilsə də, iddiaçı tərəfindən uçota alınmaq üçün müvafiq ərizə təqdim edilməmişdir. Vergi Məcəlləsinin 16.1.2-ci maddəsinə əsasən vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Odur ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində aparılmış auditin nəticəsində adlarına qeydiyyata alınmış avtomotonəqliyyat vasitələrinin sayına əsasən kommersiya fəaliyyəti ilə məşğul olduqları ehtimal olunan fiziki şəxslər Vergi Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, iddiaçı xx.xx.2023cü il tarixdə vergi orqanında uçota alınmış və 5 gün müddətində fiziki şəxs iddiaçıya (VÖEN: **********) vergi uçotuna alınması barədə xx.xx.2023-cü il tarixli **********172500 nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, iddiaçının vergi orqanı tərəfindən uçota alınması tam qanunauyğun şəkildə olmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi və vəkili məhkəməyə elektron kabinet vasitəsi ilə məktub göndərərək işə onun iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələbinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, cavabdeh vergi orqanı iddiaçını faktiki sahibkarlıq faəliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi uçotuna almış və onun adına ********** VÖEN açmışdır. İddiaçı həmin uçotun ləğvi ilə aləqədar cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmiş, nəticədə hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddiaçı tələbini VÖEN-in ləğv edilməsi kimi qoysa da, əslində hüquqi marağı vergi uçotunun ləğvinə yönəlmişdir. Bu barədə iddiaçını təmsil edən nümayəndəyə hüquqi yardım edilərək tələbi dəqiqləşdirmə təklif edilsə də, vəkil məhkəmə iclasının onun iştirakı olmadan baxılmasıın xahiş etmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, cavabdeh iddiaçının vergi uçotuna alınmasının əsası kimi o hala istinad edir ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində aparılmış auditin nəticələrinə əsasən iddiaçının adına 10-dan çox nəqliyyat vasitəsi aşkar edilmiş və nəticədə iddiaçının faktiki olaraq vergi ödəyicisi kimi qeydiyyata alınmadan sahibkarlıq faəliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. İddiaçı buna etiraz edərək iddia ərizəsində bildirir ki, o, vergi ödəyicisi kimi qeydiyyata alınması barədə cavabdehə heç bir müraciət etməmişdir. Baxılan işdə iddianın əsaslılığının müəyyən edilməsi üçün aşağıdakı hallar müəyyən edilməlidir: 1) iddiaçının müraciəti olmadığı halda cavabdehin öz təşəbbüsü ilə iddiaçını vergi uçotuna alması barədə səlahiyyətinin olub-olmaması (iddia tələbinin faktiki əsasını bu hal təşkil edir): 2) iddiaçının vergi uçotuna alınması üçün faktiki olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmaması. 1-ci halla bağlı məhkəmə qeyd edir ki, iddiaçı bu halı əsassız hesab etsə də, cavabdehin belə bir səlahiyyəti olmuşdur. Belə ki, 9 dekabr 2022-ci il tarixli № 677-VİQD Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunda qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 33.5-ci maddəsinə əsasən Bu Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır və 5 gün müddətində ona vergi uçotuna alınması barədə bildiriş göndərir. Vergi Məcəlləsinin: Maddə 33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Maddə 33.4. Vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. Dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu maddənin birinci abzasında göstərilən şəxslərin dövlət qeydiyyatına alınması barəsində onlara qeydiyyat sənədləri ilə birlikdə həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış verməlidir. Daimi nümayəndəliyin vergi orqanlarında uçota alınması Azərbaycan Respublikasının hüquqi şəxsləri üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər. Göründüyü kimi, Vergi Məcəlləsini 33.5-ci maddəsinin tələbinə görə, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna almaq səlahiyyəti vardır. 2-ci halla bağlı məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən Dövlət Gömrük Komitəsinə və Baş Dövlət Yol Polisi İdarəsinə müvafiq sorğular verilmiş, iddiaçının adına qeydiyyata alınan nəqliyyat vasitələri barədə məlumat əldə edilmişdir. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli məktub və həmin məktuba əlavə edilmiş çıxarışlardan müəyyən edilir ki, iddiaçının adına 11 nəqliyyat vasitəsi qeydiyyata alınmışdır. Həmin nəqliyyat vasitələrindən 9-un markası “X3” markalı nəqliyyat vasitələridir. Həmin nəqliyyat vasitələrinin komputer çıxarışından görünür ki, qeyd edilən avtomobillərin hər birinə dair 15-dən çox fərqli şəxslərə etibarnamə verilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iddiaçının vəkili məhkəmənin sualına cavab olaraq həmin şəxslərin iddiaçının qohumu olduğunu bildirmişdir. Məhkəmə iddiaçının vəkilinin bu izahatını inandırıcı hesab etmir. Belə ki, ilk növbədə iddiaçı həmin şəxslərin iddiaçının qohumluq əlaqəsi barədə hər hansı bir sübut təqdim etməmişdir. Digər tərəfdən verilən etibarnamələrdən görünür ki, etibar edilmiş şəxslər respublikanın müxtəlif bölgələrində (Lerik, Ucar, Yevlax, Ağdam, Şirvan, Şamaxı, Lənkəran, Qəbələ, Abşeron, Masallı, Bərdə, İmişli, Füzuli və s.) qeydiyyatdadırlar. Bu isə həmin şəxslərin iddiaçının qohumu olmaı barədə dəlilini istinsa edir. Eyni zamanda iddiaçı tərəf, nəqliyyat vasitəsini etibarnamə ilə bir qohumuna verdiyi halda, sonradan həmin vasitəni digər müxtəlif şəxslərə verilməsinə dair ağlabatan və məntiqli cavab verə bilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı həmin avtomobillərdən faktiki olaraq sahibkarlıq məqsədi ilə istifadə edir. Belə ki, hamıya bəlli olan haldır ki, resublika ərazisində “X3” markalı nəqliyyat vasitələri taksi faəliyyəti ilə məşğul olmaq üçün istifadə edilir. İddiaçının da adına 9 ədəd bu markada avtonəqliyyat vasitəsinin olması, eyni zamanda həmin avtonəqliyyat vasitələrinin hər biri ilə bağlı çoxlu sayda şəxsə etibarnamə verməsi iddiaçının faktiki olaraq həmin vasitələrdən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla gəlir əldə etməsinə nəticəsinə gəlməyə əsas verir. Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə görə sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Mülki Prosessual Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 14.3-cü maddəsinə görə, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Cavabdeh iddiaçının faktiki sahibkarlıq faəliyyəti ilə məşğul olduğunu sübuta yetirmişdir. İddiaçı isə, bu faktı inkar edəcək mötəbər sübutlar təqdim edə bilməmişdir. Aparılmış qiymətlənirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunması üçün əsaslar müəyyən edilmir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar