Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5683/2022 26.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsassız hesab edilməsi, cavabdehin üzərinə həmin daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdehin onun istifadə və sahibliyində olan Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində, “Sahil” BYK-də “9” saylı sahəsi 0.05 ha olan bağ sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtinasının əsassız hesab edilməsi, cavabdehin üzrinə həmin daşınmaz əlmaka dair hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər XDS İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli 20/396 saylı qərarına əsasən Bakı şəhər XDS-nin “Elektrotranskommunremstroy” İdarəsinin 36 nəfər üzvündən ibarət bağçılıq-yoldaşlıq kollektivinə Bakı şəhər Əzizbəyov rayonunun (indiki Xəzər rayonu) Dübəndi qəsəbəsində keçmiş Zirə Südçülük sovxozunun ərazisində torpaq sahəsi ayrılmışdır. Həmin qərara əsasən İcraiyyə Komitəsinin Arxitektura və Memarlıq Şöbəsinə torpaq sahəsinin yerinin seçilməsi, naturada ayrılması və digər tədbirlərin görülməsi barədə göstəriş verilmişdir. Sözügedən qərara uyğun olaraq Bakı şəhər Əzizbəyov rayon XDS-nin İcraiyyə Komitəsinin 11 oktyabr 1991 -ci il tarixli 11 saylı qərarı ilə "Bakıtəmirtikinti” Tresti nəzdində “Sahil” Bağçılıq-yoldaşlıq kollektivinin Əsasnaməsi qeydə alınmış və 36 nəfər üzvlərinin təsdiq olunmuş siyahısı Əsasnaməyə əlavə edilmişdir. Həmin siyahı üzrə 9 saylı bağ sahəsinin cizgiləri müəyyən edilmiş, 0,05 ha bağ sahəsi naturada ayrılaraq ona verilmidir. O, bağ sahəsini mişar daşı ilə hasara almış, lakin müəyyən səbəblərdən tikinti işlərinin aparılmasına imkanı olmamışdır. Ona məxsus olan bağ sahəsinin mövcud sənədlər əsasnda rəsmiləşdirilməsi və həmin sahəyə mülkiyyət hüquqlarına dair çıxarış verilməsi üçün cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin, cavabdeh 20 dekabr 2021-ci il tarixli cavab məktubunda ona məxsus olan bağ sahəsinin ölçüsünün qeyd olunmadığı, üzvlük kitabçasının və protokolun olmadığı əsasına görə hüquqların daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsinin onun daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsi onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, bağ sahəsinin ayrılmasına dair rəsmi sənədlərdə bağ sahəsinin sıra nömrəsi, sahənin yerləşmə koordinatları müəyyən edilmiş və ayrıldığı vaxtdan bu günə kimi heç bir icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən mübahisələndirilməmişdir. Qeyd edir ki, bağ sahəsinin dövlət reyestrində qeydə alınması ilə bağlı təqdim olunan sənədlərə ilkin baxış zamanı ona sənədlərin qaydasında olduğu bildirilmiş və bundan sonra o, 15 (on beş) manat dövlət rüsumu ödəmişdir. Qanunun 10.1ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır. Ərizədə onu təqdim edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Göründüyü kimi, cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin qanunsuz hərəkətləri nəticəsində onun qanunla qorunan hüquqları pozulmuşdur. Hesab edir ki,cavabdeh Azərbycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin onun istifadə və sahibliyində olan Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində, “Sahil” BYK-də “9” saylı sahəsi 0,05 ha olan bağ sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina əsassız hesab edilməli, cavabdehin üzərinə həmin daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınması vəzifəsinin qoyulması barədə qərar qəbul edilməlidir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza əsasən, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, müvafiq iddia tələbinə dair iddiaçının 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciəti daxil olmamışdır. İddiaçının İdarəyə müraciəti bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar deyil, “daşınmaz əmlaka dair arxivdə mövcud olan sənədlər haqqında məlumat və təsdiq olunmuş sənədlərin surətlərinin verilməsi” ilə bağlı olmuşdur. Şifahi məhkəmə iclasında iddiaçı və iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak etmiş tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri X3 İcraiyyə Komitəsinin 20/396 nömrəli, xx.xx.1987-ci il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri XDS-nin “Elektrotranskommunremstroy” İdarəsinin 36 nəfər üzvündən ibarət bağçılıq-yoldaşlıq kollektivinə Bakı şəhər Əzizbəyov rayonunun Dübəndi qəsəbəsində keçmiş Zirə Südçülük sovxozunun ərazisində torpaq sahəsi ayrılmışdır. İşdə olan sənədlərdən görünür ki, Bakı şəhəri X3 İcraiyyə Komitəsinin 20/396 nömrəli, xx.xx.1987-ci il tarixli qərarına əsasən İcraiyyə Komitəsinin Arxitektura və Memarlıq Şöbəsinə torpaq sahəsinin yerinin seçilməsi, naturada ayrılması və digər tədbirlərin görülməsi barədə göstəriş verilmişdir. Sözügedən qərara uyğun olaraq Bakı şəhər Əzizbəyov rayon XDS-nin İcraiyyə Komitəsinin 11 oktyabr 1991-ci il tarixli, 11 saylı qərarı ilə “Bakıtəmirtikinti” Tresti nəzdində “Sahil” Bağçılıq-yoldaşlıq kollektivinin əsasnaməsi qeydə alınmış və 36 nəfər üzvlərinin təsdiq olunmuş siyahısı Əsasnaməyə əlavə edilmişdir. Sözügedən siyahıda iddiaçının adı 3-cü sırada qeyd edilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********57 nömrəli, xx.xx.2021-ci il tarixli məktubun surətinədn görünür ki, iddiaçıya müraciəti ilə bağlı bildirilmişdir ki, “Bakıtəmirtikinti” Trestinin “Sahil” bağçılıq yoldaşlıq birliyi üzvlərinin arxiv qovluğunda mövcud olan siyahıda İddiaçı adına 9 saylı bağ sahəsi göstərilmiş, lakin bağ sahəsinin ölçüsü qeyd edilməmişdir. Həmçinin, İddiaçı adına sözügedən bağçılıq yoldaşlıq birliyi nəzdində Dübəndi qəsəəbəsində 9 saylı bağ sahəsinin ayrılmasına dair sənəd (üzvlük kitabçası, protokoldan çıxarış və s.) İdarənin arxivində aşkar edilməmişdir. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********61 nömrəli məktubla “Bakıtəmirtikinti” trestinin “Sahil” bağçılıq-yoldaşlıq birliyinə dair sənədlərin və üzvlərinin siyahısının təsdiq edilmiş surətləri təqdim edilmiş, təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, “Bakıtəmirtikinti” trestinin “Sahil” bağçılıqyoldaşlıq birliyinin üzvlərinə müvafiq olaraq 0.05 ha ölçüdə torpaq sahəsi ayrılmış və iddiaçının adı üzvlərin siyahısında mövcuddur. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən 20 dekabr 2021-ci il tarixli, **********57 nömrəli məktub almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri X3 İcraiyyə Komitəsinin 20/396 nömrəli, xx.xx.1987-ci il tarixli qərarına əsasən Bakı şəhəri XDS-nin “Elektrotranskommunremstroy” İdarəsinin 36 nəfər üzvündən ibarət bağçılıq-yoldaşlıq kollektivinə Bakı şəhər Əzizbəyov rayonunun Dübəndi qəsəbəsində keçmiş Zirə Südçülük sovxozunun ərazisində torpaq sahəsi ayrılmışdır. Həmin qərara əsasən İcraiyyə Komitəsinin Arxitektura və Memarlıq Şöbəsinə torpaq sahəsinin yerinin seçilməsi, naturada ayrılması və digər tədbirlərin görülməsi barədə göstəriş verilmişdir. Sözügedən qərara uyğun olaraq Bakı şəhər Əzizbəyov rayon XDS-nin İcraiyyə Komitəsinin 11 oktyabr 1991-ci il tarixli, 11 saylı qərarı ilə “Bakıtəmirtikinti” Tresti nəzdində “Sahil” Bağçılıqyoldaşlıq kollektivinin əsasnaməsi qeydə alınmış və 36 nəfər üzvlərinin təsdiq olunmuş siyahısı Əsasnaməyə əlavə edilmişdir. Sözügedən siyahıda iddiaçıya 9 saylı bağ sahəsi ayrılmasına dair müvafiq qeyd 3-cü sırada göstərilmişdir. Cavabdeh tərəfindən iddiaçının adına sözügedən bağçılıq yoldaşlıq birliyi nəzində Dübəndi qəsəbəsində 9 saylı bağ sahəsinin ayrılmasına dair sənədin (üzvlük kitabçası, protokoldan çıxarış və s.) İdarənin arxivində aşkar edilmədiyinə istinad edilsə də, işdə olan sənədlərə sübuta yetirilir ki, Bakı şəhəri X3 İcraiyyə Komitəsinin 20/396 nömrəli, xx.xx.1987-ci il tarixli qərarına əsasən Bakı şəhəri XDS-nin “Elektrotranskommunrematroy” İdarəsinin 36 nəfər üzvündən (həmin üzvlərdən biri də, iddiaçı olmaqla) ibarət bağçılıqyoldaşlıq kollektivinə Bakı şəhər Əzizbəyov rayonunun Dübəndi qəsəbəsində keçmiş Zirə Südçülük sovxozunun ərazisində hər biri 0.05 ha ölçüdə olmaqla torpaq sahəsi ayrılmışdır. İddiaçının adına 9 saylı bağ sahəsinin ayrılmasına dair müvafiq qeyd həmin bağçılıq yoldaşlıq birliyi üzvlərinin siyahısında göstərilmişdir. Göründüyü kimi, cavabdehin imtinasının əsasını təşkil edən dəlillər əsassızdır və iddiaçının mübahisəli bağ sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasından imtina edilməsi üçün əsas kimi götürülə bilməz. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilmişdir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin (bundan sonra – Əsasnamə) 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (maddə 8.0.7.) 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 2.0-ci bəndinə əsasən DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək; 2.0.3. dövlət kadastrının və dövlət torpaq kadastrının tərtib edilməsini və aparılmasını həyata keçirmək; 2.0.4. ünvan reyestrinin aparılmasını həyata keçirmək, daşınmaz əmlak obyektlərinə ünvan verilməsini təmin etmək; 2.0.5. yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərini həyata keçirmək; 2.0.6. torpaqların monitorinqi və torpaqların münbitliyinin təmin olunmasına (münbitliyin bərpasına və artırılmasına nəzarət istisna olmaqla) dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək; 2.0.7. ərazi vahidlərinin, inzibati ərazi dairələrinin, sahə inzibati ərazi dairələrinin və bələdiyyələrin sərhədlərinin müəyyən edilməsi işlərini yerinə yetirmək və xəritələrini hazırlamaq; 2.0.8. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 58, 68, 69, 75.4, 81və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində, “Sahil” BYK-də “9” saylı sahəsi 0.05 ha olan bağ sahəsinə dair İddiaçı hüquqlarının (mülkiyyət) daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı BakıƏrazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540- cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-5683/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5683/2022
26.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver