Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5684/2025 31.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X14 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluğa dair arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 39 saylı bağ sahəsinə dair hüququn mərhum X19 məxsus olması barədə arayışın İddiaçı Qasım qızı verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcraiyyə Komitəsinin "Bağın icarəyə verilməsi haqqında" 28 avqust 1965-ci il tarixli 10554 nömrəli müqaviləsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 39 saylı bağ sahəsi X19 ayrılmışdır. ІІ-ЖГ № 401951 nömrəli Ölüm haqqında şəhaədtnamədən də göründüyü kimi X23 xx.xx.1984-cü il tarixdə ölmüşdür. Vəfat etmiş X17 adına Bakı şəhəri 07 saylı Notariat Ofisində vərəsəlik işi açılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilməsinə dair Bakı şəhəri 07 saylı Notariat Ofisinin 281 nömrəli xx.xx.2016-cı il tarixli məktubundan bildirilmişdir ki, İddiaçı Qasım qızı Bakı şəhəri 07 saylı notariat ofisinə müraciət edərək xx.xx.1984-cü il tarixdə vəfat etmiş atası X5mış miras əmlaka (Bakı şəhəri Xəzər rayonu, Zirə qəsəbəsində 39 saylı sahədə yerləşən torpaq sahəsinə) dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Miras əmlak üzərində miras qoyan X23 hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində Qeydiyyata alınmadığından "Daşınmaz əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə və “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrində arayışın verilməsi haqqında" Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarışın və bu barədə müvafiq məlumatın İddiaçı Qasım qızına verilməsini təmin edilməsini xahiş etmişdir. Lakin, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi məktubda göstərilənləri təmin etməkdən imtina etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi öz imtinasında bildirmişdir ki, elektron kadastr məlumatına əsasən qeyd olunan bağ nömrıəsinin tərəfinizdən göstərilən əraziyə aidiyyəti olmadığı aşkar edilmişdir. Bundan başqa vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat ofisinin məktubunda mərhumun ata adı "Yusuboviç müqavilədə isə "Yusif oğlu" kimi göstərilmişdir. Eyni şəxs olması barədə səbəd təqdim edilməmişdir. Cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə ziddir və onun qanunvericiliklə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, müqavilədə hüquq sahibinin ata adının düz yazılmaması onun təqsiri deyil və bu səbəblə onun mülkiyyət hüquqlarının qeydiyyata alınmaması onun hüquqlarının məhdudlaşdırılması deməkdir. X17 şəxsiyyət vəsiqəsi, nikah haqqında şəhadətnamə, ölüm haqqında şəhadətnamədən də aydın olur ki, mərhumun ata adı X6 halda "Bağın icarəyə verilməsi haqqında" 28 avqust 1965-ci il tarixli 10554 nömrəli müqaviləsində X10 qeyd edilmişdir, bu isə həmin müqaviləni tərtib edən məmurların texniki səhvi olmuşdur. Bu səhv nəticəsində onun hüquqlarının qeydiyyata alınmasından imtina edilməsi qanuna uyğun hesab edilə bilməz. X23 vəfat etməsini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 39 saylı bağ sahəsinin X19 məxsus olmasına dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə uyğun olaraq müvafiq arayış verməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********28 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən qeyd olunan bağ nömrəsinin göstərilən əraziyə aidiyyəti olmadığı aşkar edilmişdir. Bundan başqa, vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat ofisinin məktubunda mərhumun ata adı “Yusuboviç” müqavilədə isə “Yusif oğlu” kimi göstərilmişdir, eyni şəxs olması barədə sənəd təqdim edilməmişdir. Qeyd olunanlarla yanaşı, torpaq sahəsinin sənəd üzrə sahəsi 2000 kv.m göstərilsə də, faktiki 1907 kv.m təşkil edir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2- ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş Materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -AZE seriyalı 0******* nömrəli Şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.1946-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. -ünvan 2dastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2016cı il tarixli8 281 nömrəli məktubda göstərilmişdirt ki, X17 xx.xx.1984-cü il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin xx.xx.2016- cı il tarixli ərizəsi əsasında xx.xx.2016-cı il tarixdə tərəfimizdən vərəsəlik işi açılmışdır. Qanunvericiliyin tələbinə əsasən qızı İddiaçı mərhumun vərəsəsi olmuşdur. -İİ-ЖГ seriyalı 401951 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X23 xx.xx.1984-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1984-cü il tarixdə 05 nömrəsi ilə qeyd edilmişdir. - X-ЖГ seriyalı 424846 nömrəli Doğum haqqında Şəhadətnaməyə əsasən X18 xx.xx.1946-cı il tarixdə doğulmuşdur. Bu barədə doğum hjaqqında akt qeydləri kitabında xx.xx.1946-cı il tarixdə qeyd aparılmışdır. Atası X23, anası X7r. -xx.xx.1965-ci il tarixli 10554 nömrəli “Bağ sahəsinin, tikililərinin uzun müddətli icarəyə verilməsi haqqında” Müqaviləyə əsasən Bakı şəhər Sovet İcraiyyə Komitəsinin X25 Bakı şəhəri, Zirə qəsəbəsindən 0.20 ha sahəsi olan 39 nömrəli bağ sahəsini icarədar X17 istifadəsinə verir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-6488/2025 nömrəli məktubu ilə təqdim edilmiş ortofoto görüntüdən müəyyən olunur ki, iddia olunan torpaq sahələrinin ətrafında 249, 265, 266a saylı bağ sahələri yerləşir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-6461/2025 nömrəli məktubu ilə təqdim edilmiş Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 39 saylı bağ-torpaq sahəsinin yerləşdiyi sxematik xəritədə 39 saylı bağ sahəsinin 10, 20, 30, 40, 50 və 60 nömrələri ilə başlanan bağların paralelində, qonşuluğunda isə 38 və 40 nömrəli bağ sahələrinin arasında yerləşdiyi görünür. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-7332/2025 nömrəli məktubu ilə təqdim edilmiş 13.058.2024-cü il tarixli yerli müayinə aktından görünür ki, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 2000.0 kv.m, faktiki sahəsi 1907.0 kv.m təşkil edilir. Faktiki göstərilən sahənin ölçüləri arxiv cizgisində göstərilən ölçülərlə uyğunsuzluq təşkil edir. Sahənin yerləşməsinə elektron baza məlumatlarına əsasən baxılması məqsədəuyğundur. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-40406/2025 nömrəli məktubunda göstərilmişdir ki, vahid elektron kadastr bazasına əsasən göstərilən sahədən yaxın 3.0 km radiusda sorğuda qeyd olunan bağ nömrələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilmədiyindən müqayisəli ortofoto tərtib etmək mümkün olmamışdır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-26420/2025 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -“Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.1 ha olan **********30 reyestr nömrəli torpaq sahəsi xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə X8 adına daşınmaz əmlakın dövlət reyestrində 911 nömrəli reyestr kitabının 863241 nömrəli vərəqində qeydiyyata alınmışdır. -ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.1 ha olan **********30 reyestr nömrəli torpaq sahəsinin Planından məlum olur ki, torpaq sahəsinin sahibi X12r. Plan və ölçünün tərtib edilməsinə əsas qismində Bakı ŞİH X4 və İstismarı Birliyinin xx.xx.32005-ci il tarixli 20153 nömrəli Müqaviləsi çıxış edir. -xx.xx.2005-ci il tarixli 20153 nömrəli “Zirə ərazisindəki 266a nömrəli bağın istifadəyə verilməsi haqqında” Müqaviləyə əsasən X4 və X13 rayonunun Zirə ərazisində 0.10 ha torpaq sahəsi olan 266a nömrəli bağı istifadəçi X8 istifadəsinə vermişdir. -“Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən” 705852 nömrəli Arayışa əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0.2 ha olan **********12 reyestr nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüquqları X1 adına xx.xx.32024-cü il tarixdə **********0 qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-407/2024 nömrəli Qərarına əsasən iddia tələbi təmin edilmiş, ünvan 5 sahəsinin X2 məxsus olması barədə arayışın iddiaçı X3 verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. -xx.xx.1974-cü il tarixli 13879 nömrəli “Bağ sahəsi və tikililərinin uzun müddətli icarəyə verilməsi haqqında” Müqaviləyə əsasən Bakı Şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi Zirə qəsəbəsində ümumi sahəsi 0.20 ha olan 265 saylı bağ sahəsini X9 istifadəsinə vermişdir. -“Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 0.2 ha olan **********90 reyestr nömrəli torpaq sahəsi xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X9 adına daşınmaz əmlakın dövlət reyestrində 970 nömrəli reyestr kitabının 92104 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli **********28 nömrəli məktubda bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən qeyd olunan bağ nömrəsinin tərəfinizdən göstərilən əraziyə aidiyyəti olmadığı aşkar edilmişdir. Bundan başqa, vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat ofisinin məktubunda mərhumun ata adı “Yusuboviç” müqavilədə isə “Yusif oğlu” kimi göstərilmişdir, eyni şəxs olması barədə sənəd təqdim edilməmişdir. Qeyd olunanlarla yanaşı, torpaq sahəsinin sənəd üzrə sahəsi 2000 kv.m göstərilsə də, faktiki 1907 kv.m təşkil edir. Məlumat üçün bildirilir ki, təqdim olunan sənədlər sürətdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı Bakı şəhəri İcra Hakimiyyəti Başçısı X11 Tresti ilə bağlanmış xx.xx.1965-ci il tarixdə, 10554 saylı müqavilə əsasında onun atası X17 istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 0.20 hektar torpaq sahəsi olan 39 nömrəli bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh bağ nömrəsinin göstərilən əraziyə aidiyyatı olmadığını, torpaq sahəsinin sənəd üzrə sahəsinin 2000 kv.m, faktiki 1907 kv.m təşkil etdiyini əsas gətirərək müraciətin təminindən imtina etmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin imtinasını əsassız hesab edərək istifadəsində olan bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun X19 məxsus olması barədə arayışın verilməsini mübahisələndirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. Sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən vərəsənin müraciəti əsasında əmlak üzərində hüquq sahibi olan şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmədən öldüyü halda verilir. Dolayısı ilə müvafiq arayışın verilməsi üçün ilk növbədə vəfat etmiş şəxsin müvafiq əşya üzərində qanun, müqavilə və s. əsasında əmələ gəlmiş əmlak hüquqları (mülkiyyət, sahiblik, istifadə, məhdud əşya hüquqları və s.) mövcud olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Hazırkı iş iddiaçının iddia etdiyi Zirə qəsəbəsi ərazisində 39 saylı bağ torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd- X21 ilə bağlanmış 10554 saylı xx.xx.1965-ci il tarixli bağın icarəyə verilməsi barədə müqaviləsi mövcuddur. 39 saylı bağ torpaq sahəsinə dair adıçəkilən müqavilə cavabdehin arxivində saxlanılır. İddia edilən 39 saylı bağ torpaq sahəsinin faktiki yerləşməsinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 39 saylı bağ-torpaq sahəsinin yerləşdiyi sxematik xəritəsində 39 saylı bağ sahəsinin 2rəqəmli bağ nömrələrinin ətarfnda yerləşdiyi, xüsusən də qonşuluğunda 38 və 40 nömrəli bağ sahələrinin arasında yerləşdiyi görünür. Lakin naturada göstərilən torpaq sahəsinin yerləşdiyi ərazinin ortofoto görüntüsündə bağ sahəsinin ətrafında 3 rəqəmli- 249, 265, 266a saylı bağ sahələrinin yerləşdiyi və qeydiyyata alındığı müəyyən olunur. Beləliklə, müəyyən olunur ki, iddia olunan 39 saylı bağ sahəsi sənəd üzrə yerləşməli olduğu 38 və 40 nömrəli bağların yaxınlığında yerləşmir, iddia olunan bağ sahəsinin ətrafında sxematik xəritədəki bağ sahələrinin nömrə ardıcıllığına uyğun olaraq 249, 265, 266a nömrəli bağ sahələri yerləşir. Başqa sözlə, naturada iddia olunan bağ sahəsinin sənəd üzrə iddia olunan 39 saylı bağ sahəsinin olması sübut olunmur. Məhkəmə qeyd edir ki, 9 noyabr 1991-ci il tarixdə qəbul edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpağayırma aktında göstərilir. Həmin Məcəllənin 29-cu maddəsinə görə müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli 695-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş qüvvədə olan Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Sadalanan normalardan müəyyən olunur ki, hər iki dövr qanunvericiliyinə əsasən torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin (qərar, sərəncam və s.) tərtib edilməsi və həmin torpaq sahəsinin naturada yerinin müəyyən edilərək təhvil verilməsini nəzərdə tutur. Və bunun yekunu olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı torpaqayırma haqqında hüquqmüəyyənedici sənədlərlə yanaşı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər olduğu halda həyata keçirilir. Yəni şəxsin hər hansı bir hüquqmüəyyənedici sənədinin olması özlüyündə hüququn qeydə alınması üçün kifayət deyil. Bunun üçün habelə həmin hüquqmüəyyənedici sənəddə göstərilən daşınmaz əmlak, onun yerini, ölçüsünü müəyyənləşdirməyə imkan verən sənədlər mövcud olmalı və şəxsin hüququ məhz hüquqmüəyyənedici sənədlərlə faktiki vəziyyətə uyğun əmlaka münasibətdə tanınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 4.1-ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Beləliklə, istinad olunan normalardan görünür ki, torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ilk əvvəl onun planı və ölçüsü təqdim edilməli, plan ölçünün təqdim edilməsi üçün onun tərtib edilməsi məqsədilə mərzçəkmə və inventarlaşdırma işləri həyata keçirilməlidir. İşdən görünür ki, iddiaçının 39 saylı bağ torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədə sahib olsa da həmin sənədlərlə təhvil verilmiş və faktiki yerləşməsi hüquqi vəziyyətinə uyğun bağ sahəsinə sahib deyil. Başqa sözlə, iddiaçı tərəfindən naturada cavabdehə təqdim edilmiş, mərzləşdirilmiş bağ sahəsinin sənəd üzrə tələb olunan 39 saylı bağ sahəsi olduğu öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqanın vəzifəsi torpağın naturada yerini taparaq şəxsə təhvil vermək deyil, torpaqayırma barədə hüquqmüəyyənedici sənədlər əsasında torpaqayıran qurum tərəfindən naturada təhvil verilmiş, qanuni istifadədə olan torpaq sahəsinə hüquqların qeydiyyatını aparmaqdır. Hazırkı iş üzrə iddiaçı nə qədər ki, mərhuma ayrıldığını iddia etdiyi 39 saylı bağ torpaq sahəsini naturada cavabdehə təqdim etməmiş, onun mərzləşdirilməsi və inventarlaşdırılmasını aparmamışdır, belə bir halda cavabdehin aid olmayan bağ sahəsinin 39 saylı bağ sahəsi kimi qeydiyyatının aparılaraq çıxarışın verilməsindən imtinası iddiaçının hüquq və azadlıqlarının pozulması kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 14-cü maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (maddə 14.1). İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (maddə 14.2). İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür (maddə 14.3). İstinad olunan normanın mənasından aydın olur ki, məhkəmədə iddia qaldıran iddiaçı ən azından ilkin olaraq onun hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilənin olmasını sübuta yetirməyə borcludur. Yalnz belə bir müdaxilənin mövcudluğunu təsdiq edən sübutlar təqdim edildikdən sonra məhkəmə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğuna qiymət verə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edildikdən sonra həmin torpaq sahəsi ilə bağlı hüquqlarını təsdiq edən yeni sübutlara (39 saylı bağ torpaq sahəsini naturada mərzləşdirdikdən sonra) əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluğa dair arayışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-5684/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5684/2025
31.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver