Məhkəmə qərarları › İş №2-1(112)-5688/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5688/2024

04.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5688/2024 04.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 4 mart 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanının 2.7-ci bəndinə uyğun olaraq yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədi ilə torpaq sahəsinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması ilə bağlı həmin Fərmanın 3.1-ci bəndinə əsasən aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarlarla bağlı məlumatların yerli icra hakimiyyəti başçısının və inzibati ərazi dairəsi üzrə nümayəndənin müvafiq qərarlarının sürətləri, torpaq sahəsinin ayrıldığı şəxsin adı, soyadı, atasının adı, torpaq sahəsinin ölçüsü və ünvanı göstərilməklə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə təqdim olunduqdan sonra ərizəyə qanunamüvafiq qaydada baxılacaqdır. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1998-ci ilin mart ayında Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivi ərazisində yaşayış evi tikintisi üçün ona torpaq sahəsi ayrılmışdır. 1998-ci ildə həmin torpaq sahəsində yaşayış evi inşa edib. Həmin vaxtdan bu günədək bu evdə yaşayır. Torpağa çıxarış almaq üçün cavabdehə müraciət edib. Lakin müraciətinə müsbət cavab verilməyib. Bu səbəbdən o, mülkiyyət hüquqlarından istiladə edə bilmir. Eyn zamanda çıxarış olmadığı üçün Sabunçu rayon Polis İdarəsində yaşadığı ünvana qeydiyyata almırlar. Hal-hazırda qeydiyyatsizdır. ASAN xidmət, Banklar, Təbib və sair idarələr ona xidmət göstərməkdən imtina edirlər. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarından görünür ki, iddiaçı istifadəsində olan torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. İddiaçı eyni tələblə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iddia tələbini əsassız, cavabdehin imtinasını isə əsaslı hesab edir. İddiaçı hüquqmüəyyənedici sənəd kimi Maştağa Qəsəbəsi üzrə Nümayəndəliyin Aparatının xx.xx.1998-ci il tarixli, 03 № li qərara istinad edir. İddiaçının Bakı İnzibati Məhkəməsində eyni cavabdehə qarşı eyni tələblə bağlı iddiası olmuş (İş № 2-1(112)-7175/2023, hakim M.Qarayeva), həmin iş üzrə müvafiq qurumlara sorğular verilmiş, lakin iddiaçı iddiasını geri götürmüşdür. Eləcə də, iddiaçı tərəfindən cavabdehə qarşı torpaq sahəsinə ünvan verilməsi ilə bağlı iddiası olmuş (İş № 2-1(112)-12642/2023, hakim B.Cəlalov), həmin iş üzrə müvafiq qurumlara sorğular verilmiş, lakin iddiaçı iddiasını geri götürmüşdür. Ona görə də, prosessual qənaət baxımından hazırkı iş üzrə də, həmin işlər üzrə verilmiş sorğularla bağlı məhkəməyə təqdim edilmiş sənədlərə istinad edilir. Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli eyni məzmunlu məktublarda bildirilmişdir ki, “Sabunçu RİH başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 03 saylı, xx.xx.1998-ci il tarixli qərarı verilərkən Maştağa qəsəbə üzrə Nümayəndəliyin səlahiyyətli olubolmaması, nümayəndəliyə torpaq ayrılması ilə bağlı səlahiyyət verilib-verilməməsi ilə bağlı məlumatların təqdim edilməsi barədə Sabunçu rayon İcra Hakimiyyətinə sorğunuza baxıldı. Sorğuda qeyd edilən məsələlərlə bağlı Sabunçu RİH-də məlumat yoxdur. Sorğuda qeyd edilən sənədlər Sabunçu RİH-də olmadığından həmin sənədlərin təqdim edilməsi mümkün deyil”. Maştağa Qəsəbə inzibati Ərazi Dairə üzrə Nümayəndəlikdən məhkəməyə təqdim edilmiş, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli eyni məzmunlu məktublarda bildirilmişdir ki, “məktubda qeyd edilmiş Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 3 №-li, 17 mart 1998-ci il tarixli qərarından çıxarışa əsasən Maştağa qəsəbəsi, Savalan y/m, fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmış beşinci kvartal 26B saylı 1200,0 kv.m torpaq sahəsinə aid qeydiyyat qəsəbə nümayəndəliyində tapılmamışdır və həmçinin bu səpkidə olan hər hansı bir sənəd, torpaq sahəsinin yerləşmə sxemi arxivləşdirilməmişdir”. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialından məhkəməyə təqdim edilmiş, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli məktublarda bildirilmişdir ki, “Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bununla əlaqədar Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinə müraciət etməyiniz tövsiyə olunur”. 2-1(112)-7175/2023 nömrəli inzibati iş üzrə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya etirazda bildirilmişdir ki, ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022ci il tarixli Fərmanının 2.7-ci bəndinə uyğun olaraq yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədi ilə torpaq sahəsinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınma üçün əsas kimi müəyyən edilmişdir. Belə ki, təqdim edilmiş Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin aparatının qərarından çıxarışda yerli icra hakimiyyəti başçısının qərarına istinad olunmamışdır. Bundan əlavə, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi Savalan yaşayış massivinə ayrılmış ayrıc aktından 94 metr kənarda yerləşir. Həmçinin təqdim edilmiş yerləşmə cizgisində istinadlar, məsafələr və perimetrik ölçülər göstərilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Təqdim edilən sənədlərdən göründüyü kimi, iddiaçının iddia tələbinin faktiki əsası kimi istinad etdiyi sənədin mötəbərliliyi şübhə doğurur. Həmin sənədin verilməsinə dair səlahiyyətli orqanlarda hər hansı bir məlumat yoxdur. Bundan başqa iddia tələbinin faktiki əsası kimi istinad etdiyi sənəd üzrə torpaq sahəsində mülkiyyət hüququnun qeydə alınması barədə tələbin qanuni əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0. və 8.0.8ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təşkil edir. Həmin normalara görə, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Siyahının 2.7-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat üçün əsas hesab olunur. Göründüyü kimi Fərmanda inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən torpaq sahəsinin ayrılması səlahiyyəti, yerli icra hakimiyyəti başçısının qərarının verilməsi ilə şərtləndirilmişdir. Hazırkı işdə isə Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən X1 belə bir səlahiyyətin verilməsinə dair qərarının olması müəyyən edilmir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında və məhkməyə təqdim etdiyi vəsatətində eyni ərazidən vətəndaşlara çıxarış verildiyini, həmin çıxarışlarla bağlı sorğu verilməsini, eyni zamanda Bakı İnzibati Məhkəməsinin iddia tələbinin təmin edilməsinə dair qərarının olduğunu qeyd edərək bərabərlik prisipinə istinad edilməsini xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, bərabərlik prinsipinin tətbiqi iddiaçının hüquqmüəyyənedici sənədlərə malik olması halında yoxlama predmeti ola bilər. Torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənəd olmadığı təqdirdə bərabərlik və ya hüququn digər prinsiplərinin tətbiqi də istisna edilir. Göründüyü kimi, iddiaçı faktiki olaraq sahiblik və istifadə etdiyini iddia etdiyi torpaq sahəsinin mülkiyyət hüququnun qeydə alınması ilə bağlı qanunvericilikdə göstərilən hər hansı hüquqmüəyyənedici sənədlərə malik deyil. Torpaq sahəsinə faktiki sahiblik isə, mülkiyyət hüququnun qeydə alınması üçün əsas deyildir. Belə olan halda cavabdehin imtinası əsaslı olmuşdur. 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının sahibliyində olduğunu iddia etdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd təqdim edilmədiyindən, cavabdehin imtinası əsaslı və qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə uyğundur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar