Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5689/2023 21.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızı, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilərək şəhadətnamə verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək Ukrayna Milli Statistika, Mühasibat uçotu və Audit Akademiyası tərəfindən İddiaçı verilmiş 09 iyul 2021-ci il tarixli B21 № 203600 saylı diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2016-cı il tarixdə Ukraynanın Kiyev şəhərində yerləşən Milli Statistika, Mühasibat uçotu və Audit Akademiyasına daxil olmuşdur. 2021-ci il tarixdə Ukrayna Milli statistika, Mühasibat uçotu və Audit Akademiyasının tam kursunu bitirərək Maliyyə, bank işi və sığorta ixtisası üzrə bakalavr dərəcəsi almışdır. İddiaçı Ukraynanın Kiyev şəhərində yerləşən Milli Statistika, Mühasibat uçotu və Audit Akademiyası tərəfindən verilmiş ali təhsil haqqında diplomunu Azərbaycan Respublikasında tanınması (nostrifikasiyası) üçün müvafiq zəruri sənədləri müəyyən edilmiş qaydada cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) təqdim etmişdir. Müəyyən müddətdən sonra cavabdeh tərəfindən onlayn qaydada müsahibəyə dəvət edilmiş və verilmiş sualları cavablamışdır. Lakin sonradan cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) üzrə elektron ərizə sistemindən onlayn qaydada daxil edilmiş 23 dekabr 2022-ci il tarixli NA00005960 saylı “Xarici dövlətlərin ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin (nostrifıkasiyasının) müəyyən edilməsi barədə” qərarla ali təhsil ixtisasının tanınmasından imtina edilmişdir. İmtinanın səbəbi kimi tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı qeyd edilmişdir. Həmçinin imtina barədə qərarda qeyd olunmuşdur ki, qərardan razı olmadığı təqdirdə 30 gün müddətində inzibati və ya məhkəmə qaydasında şikayət verilə bilər. İddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır.
3. Belə ki, hazırda Azərbaycan Respublikasında tanınmasını tələb etdiyi ali təhsil haqqında diploma əlavə edilmiş ******* saylı 09 iyul 2021-ci il tarixli diploma əlavədən müəyyən edilir ki, aldığı ixtisas üzrə ali təhsil müəssisəsi tərəfindən müəyyən edilmiş proqram fənnləri üzrə tam tədrisi müvəffəqiyyətlə başa çatdırmışdır. Ümumvətəndaş pasportunda (xarici pasportda) Ukraynaya giriş-çıxış möhürlərindən də göründüyü kimi (surətləri əlavə olunur) Milli Statistika, Mühasibat uçotu və Audit Akademiyasında əyani təhsil aldığı 4 (dörd) il müddətində qaydalara uyğun olaraq hər il kurs semestr dövründə dərslərdə iştirak etmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmişdir.
4. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı adına Ukrayna Milli statistika, Mühasibat uçotu və Audit Akademiyası tərəfindən 09 iyul 2021-ci il tarixdə verilmiş Dİ№ 203600 ******* seriyalı diplom üzrə aldığı ixtisasının ekvivalentliyinin müəyyən olunması məqsədilə ekspertiza apararaq ekspert qrupu tərəfindən rəyin verilməsi üçün 1 (bir) ay müddət təyin edilmiş və qeyd edilən müddətdə cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxs aparılmış inzibati icraatın nəticəsi barədə məhkəməyə məlumat verilməsi tələb edilmişdir.
5. Cavabdeh orqan xx.xx.2023-cü il tarixdə məhkəməyə yazılı məlumat verərək bildirmişdir ki, məhkəmənin qərardadın icra edilərək İddiaçı Ukrayna Milli Statistika, Mühasibat uçotu və Audit Akademiyası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, B21 203600 nömrəli diplom üzrə əldə etdiyi kvalifikasiya tanınması barədə qərar qəbul edilmiş, tanınma haqqında elektron şəhadətnamə ərizəçinin şəxsi kabineti vasitəsilə ona təqdim edilmişdir.
6. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
7. İnzibati Prosessual Məcəllədən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
8. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin qurum olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən iddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.
9. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva