Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-569/2021 21.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Babayeva (Rəhimova) Səadət Rəhim qızı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin 18.12.2019-cu il tarixli **********76 saylı məktubunun qanunsuz sayılması, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə Bakı şəhəri X5 İcraiyyə Komitəsinin 09.10.1989-cu il tarixli 11/387 nömrəli qərarı və Azərbaycan Neft və Kimya institutunun rektorluğunun Həmkarlar İttifaqı Komitəsi ilə birgə keçirdiyi iclasının 13.01.1998-ci il tarixli 03 saylı protokolu ilə ona ayrılmış "Gülüstan 2" bağçılıq yoldaşlıq təsərrüfatının ərazisindəki sahəsi 500 kv.m olan 06 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri X5 İcraiyyə Komitəsinin 09.10.1989-cu il tarixli 11/387 nömrəli qərarına əsasən M.Əzizbəyov adına Azərbaycan Neft və X4 qəsəbəsinin şimal qərb hissəsində əvvəllər ayrılmış bağçılıq yoldaşlıqlarının massivində əlavə daha 50 üzvlük ərazinin ayrılması qərara alınmış və Azərbaycan Neft və Kimya institutunun rektorluğunun Həmkarlar İttifaqı Komitəsi ilə birgə keçirdiyi iclasının 13.01.1998-ci il tarixli 03 saylı protokolu ilə ona ayrılmış torpaq sahəsində yerləşən "Gülüstan 2" bağ sahəsindəki 06 saylı (500 kv.m) sahə ona ayrılmışdır. 26.11.2019-cu il tarixdə cavabdeh quruma ona ayrılmış bağ sahəsi üzərində hüquqlarının qeydiyyata alınması üçün ərizə və ona əlavə edilmiş müvafiq sənədlərlə müraciət etsə də, cavabdeh qurum özünün 18.12.2019-cu il tarixli **********76 saylı məktubu ilə müraciətə aidiyyəti olmayan, mahiyyəti aydın olmayan imtina məktubu vermişdir. Cavabdehin həmin məktubu əsassız olduğundan, qanunsuz sayılmaqla, cavabdehin üzərinə ona ayrılmış bağ sahəsi üzərində mülkiyyət hüuquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair çıxarış verilməsi öhdəliyi qoyulmalıdır. Cavabdeh qurumdan Azərbaycan Neft və Kimya institutunun rektorluğunun Həmkarlar İttifaqı Komitəsi ilə birgə keçirdiyi iclasının 13.01.1998-ci il tarixli 03 saylı protokolu ilə ona "Gülüstan 2" bağ sahəsindəki ayrılmış 06 saylı (500 kv.m) bağ sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasını istəsə də, cavabdeh qurum nədənsə ona guya göstərdiyi bağ sahəsinin "Gülüstan 1" bağçılıq yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşdiyini bildirmişdir. Əgər o, göstərdiyi bağ sahəsi "Gülüstan 1" və ya "Gülüstan 2" bağçılıq yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşirsə, cavabdeh qurum arxiv sənədlərin saxlayıcısı kimi həmin bağçılıq yoldaşlıq təsərrüfatlarının ayrıc aktına əsasən bağ sahəsinin yerləşdiyi ərazini göstərə bilərdi. Cavabdeh qurum guya Bakı ŞİHB-nın 13.07.1992-ci il tarixli 941 saylı sərəncamının icrası ilə bağlı tərtib edilmiş və Bağlar İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 03.09.2005-ci il tarixli akta əsasən, M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna 09.10.1989-cu il tarixli 11/387 nömrəli qərarla verilmiş bağ sahələrinə dair kitabçaları və orderlərin ləğv etdiyini bildirsə də, bunu təsdiq edən hər hansı sübutu cavab məktubuna əlavə etməmiş və nəzərə almamışdır ki, "Gülüstan 1" və "Gülüstan 2" başçılıq yoldaşlıq təsərrüfatları M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun nəzdində olduqlarından, Bağlar İdarəsinin rəisinin həmin qurum tərəfindən verilmiş bağçılıq sənədlərini ləğv etmək səlahiyyəti olmamışdır. Cavabdeh qurum iddiaçıya ayrılmış bağ sahəsinin digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyini bildirsə də, bu barədə ona məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Ərizə məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, məhkəmənin 10.09.2020-ci il tarixli qərardadı ilə Babayeva (Rəhimova) Səadət Rəhim qızı inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Cavabdeh inzibati orqan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə daxil olmamışdır. Məhkəmənin 10.09.2020-ci il tarixli qərardadı ilə iş üzrə Məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 may 2021-ci il tarixli məlumatı ilə məhkəmənin 10.09.2020-ci il tarixli qərardadı icra edilmədən 2-1(112)-569/21 saylı inzibati iş məhkəməyə geri qaytarılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş üçüncü şəxs müvafiq olaraq məhkəmə iclasına gəlmədiyindən və məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia ərizəsində qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini, iddia ərizəsinə əlavəni və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; iddiaçıya məxsus Bakı şəhəri Yasamal rayon polis idarəsi tərəfindən 15.05.2006-cı il tarixdə verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1954-cü ildə Ermənistan Amasiya rayonunda doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı şəhər X5 İcraiyyə Komitəsinin “Kollektiv bağların layihələndirilməsi üçün icazə haqqında” 09.10.1989-cu il tarixli 11/387 №li qərarının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, qeyd olunan qərarla M.Əzizbəyov adına Azərbaycan Neft və X6 rayonu Nardaran qəsəbəsinin şimal-qərbində bağ yoldaşlığı massivi üçün ayrılmış olan ərazidən cəmiyyəti daha 50 üzvü üçün əlavə sahə ayrılması qərara alınmışdır (bənd 1.7). Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqının Komitəsi ilə birgə keçirdiyi iclasının 03 saylı 13 yanvar 1989-cu il tarixli protokolundan çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, “Gülüstan-2” bağ sahəsində 6 saylı torpaq sahəsinin (500 kv.m) İddiaçı hesab olunması və ona Bağçılıq Yoldaşlıq üzvlük vəsiqəsinin verilməsi qərara alınmışdır. Azərbaycan Dövlət Neft Akademiyası “Gülüstan” Bağçılıq Yoldaşlığı tərəfindən 13 yanvar 1998-ci ildə İddiaçı adına verilmiş 6 №li bağçının üzvlük kitabçasından görünür ki, o, Bağçılıq cəmiyyəti üzvlərinin 13 yanvar 1998-ci il tarixli 03 saylı Protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş, Sabunçu rayonu Ləiş bağlar sahəsi Nardaran qəsəbəsində Bağçılıq cəmiyyəti bağından sahəsi 500 kv.m olan 6 №-li bağ sahəsi 13.01.1998-ci il tarixdə qeydə alınmış qərarına əsasən daimi istifadə etmək üçün sonuncuya verilmişdir. İddiaçının hazırki tələblə bağlı inzibati orqana etdiyi müraciətə cavab olaraq, DƏDRX Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********76 №li 18.12.2019-cu il tarixli imtina məktubunda göstərilmişdir ki, göstərilən bağ sahəsi “Gülüstan-1" bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşir və digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Bakı ŞİHB-nın 13.07.1992-ci il tarixli, 941 saylı sərəncamının icrası ilə bağlı tərtib edilmiş və Bağlar idarəsinin rəisi tərəfindən təsdiq edilmiş 03.09.2005-ci il tarixli Akta əsasən Azərbaycan Dövlət Neft Akademiyasına 09.10.1989-cu il tarixdə 11/387 saylı qərarla verilmiş bağ sahələrinə dair kitabçaları və orderləri ləğv edilmişdir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********87 saylı 31.05.2020-ci il tarixli məktubu ilə bildirilmişdir ki, “Gülüstan-1” bağçılıq yoldaşlıq birliyi nəzdində Sabunçu rayonu, Ləhiş qəsəbəsi ərazisində yerləşən 6 nömrəli bağ sahəsinin X3 ayrılmasına dair üzvlük kitabçası verilmişdir. Həmin üzvlük kitabçasına əsasən 6 nömrəli torpaq sahəsi 25.05.2016-ci il tarixdə Babayeva (Rəhimova) Səadət Rəhim qızının adına dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Bakı şəhər İcra hakimiyyəti başçısının 941 nömrəli 13.07.2005-ci il tarixli sərəncamının və 03.09.2005-ci il tarixli aktın arxiv qovluğunda yalnız surəti mövcuddur. Məktuba əlavə olunmuş sənədlərdən görünür ki, Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqının Komitəsi ilə birgə keçirdiyi iclasının 03 saylı 10 mart 1989-cu il tarixli protokolundan çıxarışa əsasən “Gülüstan-1” bağ sahəsində 6 saylı torpaq sahəsinin (500 kv.m) X2 adına hesab olunması və ona Bağçılıq Yoldaşlıq üzvlük vəsiqəsinin verilməsi qərara alınmışdır. Azərbaycan Dövlət Neft Akademiyası “Gülüstan” Bağçılıq Yoldaşlığı tərəfindən 25 sentyabr 1990-cı ildə X2 adına verilmiş 6 №li bağçının üzvlük kitabçasından görünür ki, o, 10 mart 1989-cu il tarixdə bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş, Sabunçu rayonu Nardaran qəsəbəsi Ləiş bağlar massivində Bağçılıq cəmiyyəti bağından sahəsi 500 kv.m olan 6 №-li bağ sahəsi 10.03.1989-cu il tarixdə qeydə alınmış qərarına əsasən daimi istifadə etmək üçün sonuncuya verilmişdir. DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №li çıxarışın surətindən müəyyən olunur ki, torpaq sahəsi 0,05 ha olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 6 saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə ********** qeydiyyat nömrəsi ilə 25.05.2016-cı il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 18.11.2020-ci il tarixli **********16 saylı məktubunda qeyd olunmuşdur ki, Bakı ŞlHB-nın 13.07.1992-ci il tarixli, 941 saylı sərəncamının icrası ilə bağlı tərtib edilmiş və Bağlar idarəsinin rəisi tərəfindən təsdiq edilmiş 03.09.2005-ci il tarixli Akta əsasən Azərbaycan Dövlət Neft Akademiyasına 09.10.1989-cu il tarixdə 11/387 saylı qərarla verilmiş bağ sahələrinə dair kitabçaları və orderləri ləğv edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 05.07.2021-ci il tarixli **********93 saylı məktubuna əlavə olunmuş mütəxəsis rəyində qeyd olunmuşdur ki, İdarənin arxiv əsaslarındakı “Gülüstan-2” bağçılıq-yoldaşlığının üzvlərinin siyahısında İddiaçı adı var, bağ sahələrinin bölgüsünə dair sxematik xəritə isə aşkar olunmamışdır (Ayrıc aktının və arxiv qovluğunda mövcud olan Sabunçu RlH-nin məktubunun surətləri əlavə olunur). Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 13.07.1992-ci il tarixli, 941 saylı sərəncamının icrası ilə bağlı tərtib edilmiş və Bağlar idarəsinin rəisi tərəfindən təsdiq edilmiş 03.09.2005-ci il tarixli Akta əsasən Azərbaycan Dövlət Neft Akademiyasına 09.10.1989-cu il tarixdə 11/387 saylı qərarla verilmiş bağ sahələrinə dair kitabçaları və orderləri ləğv edilmişdir. Mübahisələndirilən iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinə baxış keçirilib, naturada koordinarları müəyyən edilməklə ölçülmüşdür. İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivindəki 6 saylı bağ kimi iddia etdiyi sahə ( **********79 və **********78 reyestr nömrələri ilə) digər fiziki şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir. İddia tələbindən məlum olur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən Bakı şəhəri X5 İcraiyyə Komitəsinin 09.10.1989-cu il tarixli 11/387 nömrəli qərarı və Azərbaycan Neft və Kimya institutunun rektorluğunun Həmkarlar İttifaqı Komitəsi ilə birgə keçirdiyi iclasının 13.01.1998-ci il tarixli 03 saylı protokolu ilə ona ayrılmış "Gülüstan 2" bağçılıq yoldaşlıq təsərrüfatının ərazisindəki sahəsi 500 kv.m olan 06 saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair çıxarışın verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, hazırki iş üzrə İddiaçı, Bakı şəhəri X5 İcraiyyə Komitəsinin 09.10.1989-cu il tarixli 11/387 nömrəli qərarı və Azərbaycan Neft və Kimya institutunun rektorluğunun Həmkarlar İttifaqı Komitəsi ilə birgə keçirdiyi iclasının 13.01.1998-ci il tarixli 03 saylı protokolu ilə ona ayrılmış "Gülüstan 2" bağçılıq yoldaşlıq təsərrüfatının ərazisindəki sahəsi 500 kv.m olan 06 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair çıxarışın verilməsinə dair iddia ilə məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqa malik deyil. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 13.07.1992-ci il tarixli, 941 saylı sərəncamının icrası ilə bağlı tərtib edilmiş və Bağlar idarəsinin rəisi tərəfindən təsdiq edilmiş 03.09.2005-ci il tarixli Akta əsasən Azərbaycan Dövlət Neft Akademiyasına 09.10.1989-cu il tarixdə 11/387 saylı qərarla verilmiş (o cümlədən iddiaçıya verilmiş) bağ sahələrinə dair kitabçaları və orderləri ləğv edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Beləliklə də, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, iddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Babayeva (Rəhimova) Səadət Rəhim qızı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-569/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-569/2021
21.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver